Azerbaycan Xalq Cumhuriyyeti Dagistan Ittifaqi - Wikipedia
Dağıstanın Azərbaycan Xalq Cümhuriyyətinə birləşməsi — Dağıstanın Azərbaycanla birləşmək uğrunda mübarizəsi.[1]
Zəmin
redaktə1919-cu il aprelin əvvəlində Denikinin Könüllü ordusu Terek vilayətinin işğalını əsasən başa çatdırdı. Bundan sonra Dağıstanda Dağlılar Respublikasından ayrılıb Azərbaycana birləşmək ideyası sürətlə yayılmağa başladı. Dağıstanın ictimai xadimləri Azərbaycan Xalq Cümhuriyyətinin Dağlılar Respublikasındakı diplomatik nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevə müraciətlər edərək, bu haqda Azərbaycan hökumətinin prinsipial razılıq verməsini xahiş etdilər. Haqverdiyevin aprelin 15-də xarici işlər naziri Məmməd Yusif Cəfərova göndərdiyi məlumatda bildirilirdi ki, Dağıstanın 10 dairəsindən 4-ü açıq şəkildə Azərbaycana birləşmək tərəfdarıdır, qalanları isə gizlicə bunu arzu edirlər. Dağıstanlı zabitlər, o cümlədən Dağlı Respublikasında hərbi nazirin müavini olmuş general H.M.Xəlilov da bu mövqedən çıxış edirdilər.
Könüllü ordunun cənuba doğru irəliləməsi ilə əlaqədar Dağıstanda Azərbaycanla birləşmək tərəfdarları sürətlə artırdı. Kürə, Qaytaq, Tabasaran, Avar və Dərbənd bölgələrini təmsil edən nümayəndələr tarixən, həm də iqtisadi cəhətdən Azərbaycanla sıx bağlı olduqlarını bildirir və siyasi ittifaq yaradılmasını zəruri sayırdılar. Aprelin 29-da Dağıstanın Azərbaycana birləşdirilməsi məsələsi Dağlılar Respublikası parlamenti üzvlərinin, zabitlərinin, ruhanilərinin və ziyalılarının birgə iclasında müzakirə edildi. Zabitlər Könüllü orduya qarşı mübarizənin davam etdirilməsini və hərbi əməliyyatlar başa çatdıqdan sonra Dağıstanla Azərbaycanın federasiya və ya konfederasiya formasında birləşməsini təklif etdilər. Dağıstan deputatlarının lideri M.Q.Dibirov, nüfuzlu din xadimi Şeyx Uzun Hacı da bu təklifə tərəfdar çıxdılar.
Mayın 5-də Bakıdakı müttəfiq qoşunlarının komandanı general U.Tomson da Fətəli xan Xoyski ilə görüşəndə Dağıstanın iqtisadi, topoqrafik və digər cəhətlərdən Azərbaycanla bağlı olduğuna görə, onun Cümhuriyyətə birləşdirilməsini labüd saymışdı.[1]
Denikin işğalı
redaktəMüttəfiqlərin bu görüşləri, xüsusən də Dağıstanın öz taleyini Azərbaycanla bağlamaq üçün addımlar atması Denikinin bölgədə fəallaşmasına, təxribatçılıq fəaliyyətini gücləndirməsinə səbəb oldu. Əhalinin rəğbətini qazanmaq üçün Dağıstana yerli özünüidarəçilik veriləcəyi vəd edildi, Könüllü ordunun bölgədə başlıca vəzifəsinin bolşeviklərə qarşı mübarizə aparmaq olduğu bildirildi. Yüksək rütbəli dağlı zabitlərinin Şimali Qafqazın müsəlman bölgələrinin idarəsinə cəlb edilməsi isə zabit heyətinin mövqeyində dəyişiklik yaratdı.
Belə bir şəraitdə mayın 12-də P.Kotsevin başçılıq etdiyi Dağlılar Respublikası hökuməti istefa verdi. Parlament zabitlərin təzyiqi ilə yeni hökumətin təşkilini general H.M.Xəlilova tapşırdı. Xəlilov Denikinin nümayəndəsi ilə danışıqlara girdi və Dağlılar Respublikası hökumətini buraxdı. Mayın sonunda Dağıstan Könüllü ordu tərəfindən müqavimətsiz tutuldu.[1]
Gedişat və nəticə
redaktəƏbdürrəhim bəy Haqverdiyev iyunun 7-də Dağıstanda baş verən hadisələr haqqında Azərbaycan hökumətinə göndərdiyi məlumatda Denikinin bölgədə cəmi 1 mindən çox hərbi qüvvəyə malik olduğunu bildirir və yerli əhalinin arzusunu nəzərə alıb, Port-Petrovskda (indiki Mahaçqala) qədərki ərazini Azərbaycana birləşdirmək üçün hərəkətə keçməyə çağırırdı. Britaniya hökumətinin iyunun 11-də bəyan etdiyi demarkasiya xəttinə görə də Könüllü ordu Port-Petrovskdan 5 mil cənubda dayanmalı idi.
Azərbaycan hökuməti Dərbəndi və demarkasiya xəttinə qədərki Dağıstan ərazisini denikinçilərdən təmizləmək üçün dərhal diplomatik və hərbi hazırlığa başladı. Lakin Denikin ordusu Cənubi Dağıstanı tərk etməkdən qəti boyun qaçırdığı üçün avqustun 4-də Britaniya hökuməti demarkasiya xəttini Dağıstanın cənub sərhədinə çəkərək, bölgəni bütünlüklə Könüllü ordunun təsir dairəsinə aid etdi.
Azərbaycan hökuməti yaranmış vəziyyəti nəzərə alaraq, Dağıstanın birləşdirilməsi ilə bağlı hazırlığı dayandırmalı oldu.[1]