Azerbaycan Teatr Memarligi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Azərbaycanda Teatr Memarlığı- XIX əsrin birinci yarısının sonlarında tamaşa binaları artıq Azərbaycan şəhərlərinin srukturuna daxil idi. Peşəkar teatr deyəndə və onun fəaliyyəti barədə düşünəndə sözsüz ki, ilk növbədə sənət ocağının yerləşdiyi bina barədə fikirlər oyanır. Elm sübut edib ki, teatr tamaşasının təlqin etdiyi bədii-estetik zövqün kökündə tamaşa oynanılan binanın texniki imkanları və texnologiyası da mühüm yer tutur. Teatr binasının arxitektura özəllikləri müxtəlif şəkillərdə səhnə sənətinin gözəllik estetikasını istiqamətləndirir, onun özünəməxsusluğunun bədii səciyyələrini müəyyənləşdirir.
Azərbaycan Teatr sənəti
redaktə1873-cü ildə başda görkəmli maarifçi Həsən bəy Zərdabi olmaqla bir qrup azərbaycanlı ziyalıların dahi Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyasına səhnə həyatı verməsi ilə milli teatr tariximizin ilk səhifəsi yazıldı. Şərqdə ilk peşəkar teatrın məhz Azərbaycanda – bizim ölkədə yaranması mədəniyyət tariximizin əhəmiyyətli hadisəsidir. Əslində, tam haqla demək olar ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da teatr öz kökləri etibarilə çox qədimdir. Xalqın əmək fəaliyyəti ilə əlaqədar olan qədim ayinlər, mərasimlər, oyunlar, rəqslər, dərvişlərin, kəndirbazların meydanlardakı çıxışları, eləcə də, sinkretik (oxumaq, çalmaq, oynamaq) aşıq sənəti hərəkət, xor və dialoq kimi bir sıra teatr ünsürlərinə malik olmuşdur. Zaman keçdikcə bu ünsürlər müəyyən həyat məzmunu ifadə edərək, müstəqil şəkilə düşməyə və teatr tamaşalarının yaranması üçün əsas təşkil etməyə başlamışdır. Belə ki, milli teatr düşüncəsi və teatr sənəti xalqın mövcud tarixi ilə birbaşa bağlı olub, onunla bərabər yetkinlik taleyi yaşamışdır.
İlk Oyun yerləri
redaktəXalq tamaşaları hər bir zaman xalqların həyatında mühüm rol oynamışdır. Min illər boyu əsatir şənlikləri, el-oba oyunları, mərasim tamaşaları açıq havada, şəhər meyadanında, kənd içində, bazarda, karvansarada, zəmi kənarında, camaatın gur olduğu yerlərdə, hovuz üstündə, saray həyətində, ocaq başında, gül-çiçəkli yaylaqda və bu kimi yerlərdə göstərilib. Məhz ilk növbədə buna görə həmin oyun-göstərmələr meydan teatrı kimi ümumiləşdirilib. Kütləvi oyun yerləri xalq arasında müxtəlif deyimlərlə adlandırılıb. Onlardan dildə-ağızda daha çox işlədilənlərinin qısaca şərhini verməklə, oyun məkanlarının adları barədə müəyyən təsəvvürə gəlmək olar.
- Alan. Bu, müəyyən xalq oyunları üçün düzəldilən məkandır. Formaca yarımdairə və qövsvari olub. Ətrafına çoxlu tamaşaçı toplanmasına imkan vardı.
- Balaxan. Qədim elarası danışıq dilində "yuxarı otaq" mənasında işlənib. Açıq havada taxtadan və ya hamar yonulmuş ağac tirlərindən müvəqqəti qurulur və səhnə funksiyasını daşıyırdı. Bəzən arakəsməli çadırabənzər görkəmdə olurdu.
- Qaldırım. Süjetli qaravəlli tamaşalarının oynanılması üçün səkiyəbənzər, tamaşaçılar duran səviyyədən azacıq hündür yer. Bu, çəmən ola bilərdi və ya torpaq atılıb tez vaxtda hasilə gətirilirdi.
- Əndam. Sözün hərfi mənada anlamı görkəmli, iri mənasındadır. Ərəbcə bədən, boy, qədd-qamət, boy-buxun, biçimli adam deməkdir. Qədim dövrlərdə gəzərgi yox, bir məkanda çıxarılan oyunlar, göstərilən tamaşalar üçün seçilmiş böyük həyətin hündür yerinə, yaxud müvəqqəti qurulmuş, adamın dizi bərabəri meydançaya əndam deyilib.
- Gaj. Mənası görünən səhnə deməkdir. Məişətdə işlənən, qurşaqboyu hündürlüklü ağacdan düzəltmə taxt məzhəkə oyunlarında gətirilib meydançaya qoyulurdu və ona gaj deyilirdi. Asktyor-oyunçular onun üstündə tamaşa göstərirdilər. Geniş səkiyə taxta düzüb, oyun çıxarılan yerə də bu ad verilib.
- Mərəkə. Ərəb sözüdür, çoxlu mənaları var. Dilimizdə izdiham, qələbəlik, qalmaqal, vurhəşir, cəncəl anlamlarında da deyilir. Meydan oyunçuları arasında çox geniş mənada işlədilib.
Tək və cüt oyunçuların, həmçinin dərvişlərin, naqqalların, məsxərəbazların, məzhəkəçilərin, hətta canbaz və kəndirbazların kütləvi tamaşalar göstərdiyi yerdir. Mərəkə yeri seçiləndə, adətən, uzun illər orada tamaşalar oynanılırdı. Mərəkə yerlərində tamaşaçılara şirniyyat, sərinləşdirici içkilər satanlar da olurdular. Burada daha çox tamaşaçı toplaşa bilirdi.
- Nümayişgah. "Nümayiş"- göstərmək, baxılan, görünən, "gah" isə yer, ev mənasındadır. Həmin mənadan götürülən bu deyim açıq teatr oynalınan məkan anlamında eşlədilib.
- Nəzərgah. Tamaşaxana, səhnə, oyun göstərilən mydan mənasını ifadə edən bu sözün işlənməsi İran Azərbaycanının yaşayış məkanları üçün daha xarakterikdir.
- Oynağlıq. Açıq oyun meydançalarına verilən ümumi adlardan biridir. Bu sözün oyaq, oynaqməkan deyimləri də var.
- Səhnəçə. Tamaşaçısı az olan, kiçiksüjetli, daha çox tək ifaçının göstərəcəyi oyun üçün iri mülkün həyəti, bazarın bir küncü, iki küçənin kəsişdiyi yer seçilirdi. Həmin yerlərə səhnəçə, yəni kiçik, yığcam, xudmani tamaşa yeri deyilirdi.
- Hovuzüstü. Saray həyətində, memarlıq qurumu dairəvi və ya dördkünc olan karvansaranın ortasında, şəhər bağında hündürlüyü yarım və ya bir metr olan hövuzun üstünə qalın taxtalar atılırdı. Sıx düzülən taxtaların üstünə xalça-palaz döşənirdi. Onun üstündə qısa məzmunlu, ancaq əyləncə xarakterli, sadə və gülməli tamaşalar göstərilirdi. Yayın istisində hovuzun suyu oyunçu-aktyorlara sərinlik gətiiridi.
- Çavıstan. Kənd oyun-tamaşalarının göstəriləcəyi gün çox vaxt əvvəlcədən bəlli ounurdu. Oyunun təşkilatçıları dikdir yerlərdən torpaq qazıb ortaya tökürdülər. Sonra onu hamarlayırdılar. Səki və ya səhnə kimi görünən yer çavıstan adlanırdı.
- Həngə. Bu, ən müxtəlif oyun və tamaşaların göstərildiyi yerə verilən addır. Bəzi ərazilərdə həmin yerə həndaməxana da deyirlər. Sözün mənası həngamə, yəni məzəli oyun çıxarılan yerdir.
- Şelaxana. Daha çox musiqili oyunlar göstərilən yerə deyilib. Müəyyən mənada tamaşaxana, seyrxana sözlərinin təhrif olunmuş şəklidir.
Sadalanan bu tamaşa yerlərinin bir qismində, nisbətən iri sahəsində ifaçıların paltar dəyişməsi, qrim edib oyuna hazırlaşması, səhnə sözünü qurtarıb kənara çəkilən və növbəti çıxışını gözləyən aktyorun dayanması üçün camaatla səhnənin arxa hissəsi arasında pərdə çəkilirdi. Yaxud da araya vərni, şəddə, sumax, bir sözlə, yüngül olan xovsuz xalça tutulurdu. "Kulis", "şirma" mənasını verən həmin örtüyə çatma pərdə adı verilmişdi.
Teatr Memarlığı
redaktəPeşəkar teatr deyəndə və onun fəaliyyəti barədə düşünəndə isə sözsüz ki, ilk növbədə sənət ocağının yerləşdiyi bina barədə də fikirlər oyanır. Elm sübut edib ki, teatr tamaşasının təlqin etdiyi bədii-estetik zövqün kökündə tamaşa oynanılan binanın texniki imkanları və texnologiyası da mühüm yer tutur. Teatr binasının arxitektura özəllikləri müxtəlif şəkillərdə səhnə sənətinin gözəllik estetikasını istiqamətləndirir, onun özünəməxsusluğunun bədii səciyyələrini müəyyənləşdirir. Dünya teatrının müxtəlif inkişaf dövrlərində formalaşan bədii zövqlərə uyğun olaraq teatr tamaşalarının oynanılması üçün tikilən binaların memarlığında da böyük və əsaslı dəyişikliklər aparılmışdır.
Azərbaycan Rusiyaya birləşdirildikdən sonra yaranan ictimai-iqtisadi və siyasi şərait sayəsində və kapitalist münasibətlərinin digər müsəlman Şərq ölkələrindən tez inkişaf eməsi üzündən, Azərbaycan memarlığı XIX əsrin sonu –XX əsrin əvvəllərində yalnız Azərbaycan memarlıq tarixində deyil, Yaxın və Orta Şərqin memarlığında da xüsusi yer tutur.
XIX əsrin ikinci yarısından şəhərlərin iqtisadi rifahının artması mədəni həyatın canlanmasına, Avropanın teatr və sirk sənətinə marağın güclənməsinə səbəb olur. Azərbaycanın tamaşa qurmaları tikililərin müxtəlif memarlıq məziyyətlərinə baxmayaraq, şəhərlərin planlaşdırma və tikilişinə tamamilə yeni məzmun gətirdilər və şübhəsiz, onların bədii görünüşünü özünə görə maraqlı və monumental tikililərlə zənginləşdirdilər.
Şuşa Teatrı
redaktəAzərbaycanda ilk həvəskar teatr tamaşası 1848-ci ildə Şuşada qoyulmuşdur. Şuşanın iqtisadi cəhətdən əlverişli güzəranı burada tamaşa binalarının, teatrın, sirkin yaranmasına səbəb oldu. Sırf bu məqsədlər üçün buna uyğun müxtəlif iri binalardan istifadə edilirdi. Şuşa teatrı özəl binada yerləşirdi. Müasirlərin fikrincə, o "gözəl dekorasiyalara, zövqlə işlənmiş lojalara malik idi və çoxsaylı tamaşaçı cəlb edirdi". Həmçinin Şuşada Lambergerin sirk tamaşalarının göstərildyi sirkin mövcudluğundan da xəbər verilirdi.
Şamaxı Teatrı
redaktəBeləliklə, yeni memarlıq mövzusu – tamaşa qurumları mövzusu – olan tamaşa binaları artıq XIX əsrin birinci yarısının sonlarında Azərbaycan şəhərlərinin strukturuna daxil idi. Baxmayaraq ki, tamaşa qurmaları şəhərlərin həcm-fəza kompazisiyasında tam iştirak etmirdilər, lakin öz yeniliyi və xarakteri ilə öz varlıqlarını ifadə edirdilər.
Quberniya mərkəzi olan Şamaxı öz mədəni səviyyəsi ilə bir çox Qafqaz şəhərinin arasında seçilirdi. Burada 1857-ci ildən əhalinin artan marağına səbəb olan həvəskar tamaşalar qoyulurdu və bu hal yerli teatr həvəskarlarını 1858-ci ildə şəhərdə teatr təşkil etmək fikrinə gətirdi. Belə bir məsul qurma üçün Şamaxıda yer tapmaq çətin idi. Özəl binalar uyğun gəlmirdi, dövlət binası isə yox idi. Yeni teatr binasının inşasına vəsait də olmadı. Ancaq çıxış yolu tapıldı. Şəhərin mərkəzi rayonlarının birində "Duz mağazası"nın köhnə, boş iri daş binası təşəbbüskarların diqqətini cəlb etdi. Ölçülərinə və şəhərin planlaşdırma strukturunda yerləşməsinə görə "duz mağazası"nın binası bu məqsəd üçün daha münasib idi. Qafqaz namestnikindən dövlət binasının istifadəsi üçün razılıq alındıqdan və Şamaxı sakini Ağa bəy Zeynal bəy oğlunun rekonstruksiya üçün 1500 rubl vəsait ayırmasından sonra tikinti işlərinin aparılması üçün binanın yenidənqurma layihəsi tərtib olunmalı idi.
Lakin quberniya memarı italyan L.Kambiaco bu vaxt Şamaxıda olmadığı üçün teatrın təşkilatçıları onun gedişindən sonra şəhər memarı olan müavini Qasım bəy Hacıbababəyova müraciət etdilər. Lakin teatr binasının layihəsi, onun planlaşdırılması, bu tip binalara dair tələblər Zaqafqaziya şəhərləri üçün, özəlliklə Şamaxı üçün yeni memarlıq mövzusu idi. Memar Qasım bəy Avropa teatr binalarının spesifikasını bilməsə də, istedadlı bir insan kimi, işin mahiyyətini dərk edərək, şəhər teatrının çox özəl bir layihəsini tərtib etdi. Peşəkar teatrın xeyli sonralar yaranmasına baxmayaraq, Şamaxı teatrı Azərbaycanda ilk tamaşa binası olmuşdur. Teatrın açılışı 17 aprel 1858–ci ildə oldu və təntənəli şəkildə qeyd olundu.
Teatr binasının yaranması şəhərin mədəni həyatında böyük hadisəyə çevrildi. O şəhərin tikilişinin həcm-fəza strukturunda əhəmiyyətli rol oynadı, şəhərin mərkəzi rayonunun planlaşdırılma strukturuna təsir etdi və buranın tamaşa günlərində canlanma dərəcəsinə görə Cümə məscidinin qarşısındakı ticarət meydanını üstələyən Teatr meydanının təşəkkülünə səbəb oldu. Hakimiyyətin təmsilçiləri ilə təntənəli görüşlər də burada keçirilirdi. Əvvəlki "duz mağazası"nın köklü rekonstruksiyasından sonra teatr binasının istər xarici görünüşünə, istərsə də daxili interyerinə görə memarlıq baxımından cəlbedici göstəriciləri vardı.
Səhnənin rahat görnüşünü təmin edən geniş maili zalın 100 yerlik parteri vardı, yan tərəflərin hərəsində yeddi loja, səhnə ilə üz-üzə isə qapalı tip üç loja yerləşirdi ki, bunlar da varlı azərbaycan qadınları üçün nəzərdə tutulmuşdu. Lojaların üstündəki gözəl rayok qübbə tipli tavanla örtülən teatr zalının tutumunu artırırdı. İşlərin çətin şəraitdə aparılmasına baxmayaraq, zal çox effektli görünür, yaxşı işıqlanırdı və tamaşaçı üçün rahat idi.
100 yerlik parterdən savayı tamaşa zalında lojaların altında müvafiq aralıqla 120 əlavə yer quraşdırılmışdı. Tamaşa zalı boyunca yerləşdirilən lojalar 70 yer tuturdu, yəni dörd yer lojadan, səhnə ilə üz-üzə yerləşən rayok isə 90 yerə malik idi. Beləliklə, Şamaxının şəhər teatırı orta hesabla 400 yerlik nəzərdə tutulmuşdu ki, bu da Zaqafqaziyanın 25000 əhalisi olan quberniya mərkəzi üçün sanballı rəqəm idi.
Səhnə ilə birlikdə tamaşa zalından savayı foye, dəhlizlər, lojaya və rayoka aparan pilləkənlər kimi elementlərin xarakteristikasını müəyyən etmək, artist otaqlarını nəzərə almaq lazım idi. Teatr tamaşalarının uğuru, tamaşaçıların böyük axını hansısa dərəcədə zalın rahatlığı, interyeri, tamaşaçıların antrakt zamanı rahat gəzişə biləcəyi geniş foye və dəhlizlərlə təmin olunurdu. Teatrın memarlıq baxımından işlənməsi yerli memarlıq ənənələrinə əsaslanırdı. Şamaxı teatrı 1859-cu ilin mayında baş verən zəlzələdə varlığına son qoyanadək xeyli müddət mədəni mərkəz kimi çıxış etmişdir.
Bakıda Teatr binalarının inşası
redaktəAzərbaycanda teatr binalarının inşası tarixində yeni mərhələ şəhərin və Bakı quberniyasının inzibati və ictimai həyatının cəmləndiyi keçmiş qəza şəhəri olan Bakıda teatr binasının inşasından başladı. İlk vaxtlar quberniya idarələrini və digər təşkilatları Bakıya köçürən zaman bu şəhər geniş quberniyanın mərkəzi qismində oynamalı olduğu rola hazır deyildi. Bakıda yerli əhalinin teatr binasına olan ehtiyacı qubernator tərəfindən də qəbul edilirdi. "Bakınınyüksək cəmiyyətindən" xanımların təşəbbüsü ilə memar Qasım bəy tərəfindən XIX əsrin 60-cı illərində tikilmiş ikimərtəbəli özəl binada (indiki Nizami adına Muzeyin binası) yerləşən Bakı Kübar Cəmiyyətinin zalında hər qış həvəskar tamaşalar oynanırdı. Geniş sahədə yerləşən zalın bir tərəfdən estradası vardı və o rəqs gecələrində qadınlara qonaq otağı kimi xidmət edirdi, tamaşa günlərində isə — bütün teatr atributlarına malik improvizasiya səhnəsinə çevrildi. Əgər belə bir yerləşgə həvəskar tamaşaların tələblərinə uyğun gəlsə də, peşəkar teatrın yaradılması üçün xüsusi bina və yaxud bu məqsədlər üçün məxsusi rekonstruksiya olunmuş Şamaxıdakı kimi bina lazım idi.
Bakıda teatr işi zəif inkişaf edirdi, peşəkar teatr üçün daimi bina yox idi. Tezliklə şəhərdə iki “teatr” deyilən bina yarandı, lakin heç biri səhnə tamaşaarı üçün qətiyyən uyğun deyildi.
Tağıyev Teatrı
redaktəTeatr tamaşaları xüsusən də 1873-cü ildə Azərbaycan milli peşəkar teatrı yaranandan sonra ildən-ilə yerli əhali arasında populyarlıq qazanırdı. Bu şəraitdə məşhur Bakı milyonçusu H.Z.Tağıyevin ağlına Bakıya "əsl teatr binası" bəxş etmək ideyası gəlmişdi. 1882-ci ildə o, təsdiq edilməsi üçün idarəyə öz şəxsi ərazisində Qorçakovskaya və Merkuryevskaya küçələrinin tinində tikiləcək binanın layihəsini təqdim etmişdi. Sahə şəhərin mərkəzində yerləşirdi və məkan baxımından varlılar yaşayan mərkəzi məhəllələrdən bir az kənarda yerləşən Teatr meydanını üstələyirdi.
Burada buğda anbarı kimi istifadə olan iri bina yerləşirdi: bu geniş məkanı onun sahibi köklü sürətdə rekonstruksiya edərək teatr üçün uyğunlaşdırmaq qərarına gəlmişdi. Bu sifarişi alan memar binanın öz funksional təyinatına uyğun olması üçün böyük planlaşdırma və konstruktor işləri görməli idi. Layihə 35 vərəq üzərində hazırlandı. Binanın ucaldılmasına mühəndis-texnoloq Ferdinand Lemkul nəzarət edirdi. XIX əsrin sonlarında tikilən Tağıyev teatrı Bakıda bu qəbildən yeganə kapital bina olaraq, öz fəaliyyəti dövründə dəfələrlə rekonstruksiyay məruz qalmış, yanmış və yenidən bərpa edilmişdir. Və hər dəfə onun memarlıq-planlaşdırma kompozisiyası, interyer bəzəkləri və fasad dekorunun keyfiyyəti yaxşılaşdırılmışdır. Təəssüf ki, arxivlərdə nə ilkin, nə də sonrakı çertyojlar qalmışdır. 1883-cü ilin sonlarında teatr Lemkulun nəzarəti altında inşa edildi və 23 noyabrda binanın təhvil-təslimi üzrə xüsusi komissiya planlaşdırma, konstruktiv və yanğından mühafizə kimi çoxsaylı qüsurların qeyd edildiyi akt tərtib etdi. Aktda əsasən birinci mərtəbə ilə zalın yuxarı yarusları arasında, məhdud sayda pilləkən və qapılar səbəbindən lojalar qalereyası ilə kifayət qədər əlaqənin olmadığı qeyd edilirdi.
Artist otaqları da həmçinin nahamar şəkildə həll olunmuşdu ki, bu da son zamanlar tez-tez müşahidə edilən, səhnədə baş verən yanğınlar zamanı böyük təhlükə yaradırdı. Aktda qeyd olunurdu ki, açıq taxta çatqılı səhnə qutusunun ikiköbərli dam örtüyü də yanğına həssasdır. Teatr binasının məhz bu hissəsi yanğına daha çox məruz qalır. Və komissiya bu böyük qüsuru aradan qaldırmağı tələb etmişdi. Yeni teatr binasının bütün qüsurları onun nəticəsi idi ki, tamaşa binaları inşasının spesifikasını və texnologiyasını bilməyən memar burada planlaşdırma, konstruktiv və arxitektur xassəli çətinliklərlə üzləşmişdi.
Hər halda, bu qurma necə olmuş olsa da, XIX əsrin sonlarında Bakının ehtiyac duyduğu teatr binası şəhərə hədiyyə olundu. Teatrda yaruslar və parterlə birgə təqribən 578 yer var idi. Foye və digər yerləşgələri bir kənara qoysaq, tamaşa zalının müvafiq memarlıq interyerinin olmadığı yerli mətbuatın tənqid predmetinə çevrilmişdi.
Mahiyyət etibarilə tamaşa qurması olan teatr, heç bir cəhətdən cəlbedici deyildi, zaman keçdikcə, ictimai həyat və şəhər inkişaf etdikcə bina ziyarətçilərə daha miskin və səliqəsiz təsir bağışlayırdı. Fasadların və interyerinin dəyişdirilməsi ilə onun köklü rekonstruksiyası tələb olunurdu. Sadə tavanı təzələmək, yerlərin artırılması üçün lojaların ikinci sırasını (benuar) düzəltmək, zalın teatr binaına xas olmayan sərt düz künclərini axarlı cizgilərlə bir təhər yumuşaltmaq, ümumilikdə isə, tamaşaçıda müsbət emosiyalar yartmaq məqsədilə zalı memarlıq nöqteyi-nəzərindən yeniləmək lazım idi. Bütün bunlara qazla və yaxud elektriklə işıqlanma əlavə edilməli idi ki, bunu teatr yalnız 1890-cı ildə ala bilmişdi. Lakin Tağıyev teatrın populyarlıqdan məhrum olduğunu və ildən-ilə teatr binası kimi onun aksiyalarının düşdüyünü gördükdə o, öz tikilisindən birdəfəlik qurtulmaq istədi.
Tağıyev Teatrı binasının uçulma məsələsi çıxdıqda və bunun nəticəsində şəhərin teatr binasından məhrum olma ehtimalı yaranada Bakının işgüzar adamları gəlir mənbəyi nöqtəyi-nəzərindən teatra maraq oyandı. Onlardan biri Bakıda Teatr meydanında "Nümunəvi teatr binasının inşası üzrə ortaqlıq" adlı səhmadar cəmiyyət yaratdı.
"Nümunəvi teatrın inşası üzrə Ortaqlıq" Cəmiyyətinin təsisçiləri 6 otyabr 1897-ci il tarixində Şəhər Dumasına Teatr meydanında sahə ayrılması haqda müraciət etdilər. Burada üçmərtəbəli teatr binasının "ən möhkəm daşdan, həm də Avropadakı nümunəvi teatr binalarının planı üzrə fasadın üzü əsas küçəyə istiqamətləndirilərək" tikilməsi nəzərdə tutulurdu. Təsisçilərin niyyətincə, teatrın işıqlandırılması texnikanın ən son nailiyyətlərindən yaralanaraq həyata keçiriləcəkdi.
Yeni teatrın tikintisi haqqında gedən söz-söhbətlər Tağıyevi öz teatrını yeniləmə işi ilə ciddi məşğul olmağa vadar etdi. Teatrın rekonstruksiya layihəsinin tərtibi və bütün memarlıq-tikinti işlərinə nəzarət 1898-ci ildə mülki mühəndis P.İ.Koqnovitskiyə tapşırdı. Teatrın memarlıq-planlaşdırma strukturuna əhəmiyyətli dəyişiklik etmək istəməyən Koqnovitski, balaca düzəliş işləri ilə kifayətləndi ki, bu da faktik olaraq tamaşaçı zalını əvvəlki kimi azifadəli və cazibəsiz saxlayaraq nə onun ümumi həllini, nə də Merkuryevskaya küçəsində baş giriş tərəfdən fasadın memarlığını yaxşılaşdırdı. Koqnovitski tərəfindən tərtib edilmiş layihə teatrın sahibinin şəhərə Bakının gələcək teatrları ilə raqabət edə biləcək doğrudan da çox dəbdəbə ilə işlənmiş bir teatr binası hədiyyə etmək məqsədinə heç cür cavab vermirdi.
Tağıyevin dəvəti ilə Koqnovitski ilə birgə teatrın rekonstruksiyasında istedadlı memar Qoslovski də iştirak edirdi və öz yaradıcılıq fantaziyasına sadiq qalaraq, əla layihə yaratmışdı. Tikintinin ilk günlərindən işlər iki növbə ilə çox uğurlu gedirdi. Qoslavskinin rəhbərliyi altında tikilən teatr istər ümumilikdə, istərsə də detallarda effektli icra edilmiş və gözəl işlənmiş əsl teatr binası olmalı idi. Teatrın layihələşdirilməsi və tikintisi üzrə çox böyük işlər görülmüşdür. Teatrın əsas mərkəzi hissəsi və tamaşaçı zalı fəza, kompazisiya və dekor cəhətdən köklü sürətdə dəyişdirilmişdi. Tamaşaçı zalında yerlərin sayı 1200-ə çatdırılmış, yəni demək olar iki dəfə artırılmış və zal daha tutumlu olmuşdu. Buna artıq mövcud olan loja yarusları və parter arasında yeni loja yarusunun qubernator lojası ilə bir səviyyədə qurulması sayəsində nail olunmuşdu.
Tamaşaçı zalında yeni yarusun yaradılması zal boyu yan dəhlizlərin və vestibüldə iki pilləkənin qurulmasını tələb etdi. Tamaşaçı zalında yerlərin çoxalması əsasən zala tərəf 3 metr çıxarılmış və səhnə ilə üzbəüz çuqun sütunlar üzərində qurulmuş iki balkon yarusu sayəsində mümkün olmuşdu. Birinci yarusun balonunun mərkəzində teatr sahibinin lojası yerləşmişdi. Yuxarı yarusun balkonu liter lojalarının sökülməsi və qalereyanın yenilənməsi sayəsində daha tutumlu olmuşdu. Daha yaxşı görünüş üçün tamaşaçı zalı xeyli maili qurulmuşdur ki, bu da parterdəki tamaşaçıları böyük narahatlıqdan qurtarmışdı.
Okestrin yeri də yeni tərzdə həllini tapdı. O tamaşaçı zalından bir az aşağıda yerləşdirilmişdi, rezonans üçün isə döşəmənin altından əks qübbə quraşdırılmışdı. Zalın maili olması ilə əlaqədar, təbii ki, səhnə də bir az aşağı enmişdi. Zalın ümumi strukturunda aparılan bütün bu dəyişiklik onun istismar və kompazisiya keyfiyyətlərini xeyli yaxşılaşdırdı: genişlənmiş parter, iki yarus lojalar, yuxarı və aşağı balkonlar əmələ gəldi. Zalın forması lavari cizgi aldı və bunun sayəsində lojalardan səhnəyə çox yaxşı görünüş açıldı. Əvvəlki cazibəsiz tamaşaçı zalının yerinə səhnədən renessans stilində yapma detallarla zənginləşdirilmiş və noxudu qızılıya çalan rəngə boyanmış parterə, lojalara və balkona tamamilə başqa, daha effektli görünüş açılırdı. Mavi məxmərlə işlənmiş loja və baryerlər tamaşaçı zalının rəng çalarlarını tamamlamışdı ki,
Qoslavskinin istedadına hörmət edən Tağıyev də memardan məhz bunu istəmişdi. Teatrın köklü rekonstruksiyası zamanı yalnız tamaşaçı zalı deyil, həm də əsas qrupun baş vestibül, foye, bufet və s. kimi digər yerşəlgələri də yenilənmiş və təmir olunmuşdu. Vestibüldən tamaşaçılar bufetin bahalı divar kağızları ilə işlənmiş geniş zalına və teatrın ikinci yarusunda quraşdırılan foyeyə gedən pilləkənlərə çıxırdılar.
Bu qrupa daxil zalların kompozisiya özəyi olan foye memarların xüsusilə diqqət mərkəzində idi. Şərq stilində yerinə yetirilmiş və müvafiq rənglərə boyanmış zəngin arxitektur işləmə elə bil ki, tamaşaçını təmtəraqla bəzədilmiş tamaşaçı zalına girişə hazırlayırdı. Foye üçün məxsusi olaraq, zəngin işlənmiş interyerin ümumi memarlıq həllinə daxil olan şərq stilində terrakota sobaları sifariş olunmuşdu. Kaşı sobalar teatrın bütün zallarında və dəhlizlərində quraşdırılmışdı. Dəhlizlərdə və sanitar qruplarda divarların və döşəmələrin üzlənməsində istifadə olunan üzləmə tikinti materialları, tometa və kaşı plitələr burada müasir tikinti texnikasının mütərəqqi materialları kimi tətbiq edilmişdi. Fasadların memarlığı şərq üslubunda icra edilmişdi; əsas fasad öz təyinatına uyğun şəkildə, ancaq ciddiliklə, sadə formalarda işlənmişdir. Cərgəvi tikilən dar küçə teatrın əsas fasadının daha təmtəraqlı işlənməsinə, teatr qurmasının obrazını daha qabarıq şəkildə vurğulamağa imkan vermirdi. Birinci mərtəbənin girişlərinin düzbucaqlı açırımları və ikinci mərtəbənin pəncərələrinin nalşəkilli açırımı fasadların memarlıq dekorunun əsas elementləri idi. Divar səthinin hörgü zamanı açıq və tünd rənglərin növbələşdirilməsi üsulu sayəsində effektli işlənməsi olmasaydı, giriş və pəncərələr üzrərində dekorativ elementlər və detallar, profillənmiş qurşaqlar kimi plastik vasitələrin yoxluğu teatrın ön fasadının memarlğını kasadlaşdırırdı.
Tağıyev Teatrının binası həm də texniki cəhətdən təkmilləşdirilmiş, elektrik işıqlandırma çəkilmişdi. Fəaliyyətdə olan istilik və ventilyasiya sistemi publika və artistlər üçün bütün yerləşgələrdə rahat atmosfer yaradırdı. Zalların zəngin yapma bəzəkləri, tamaşaçı zalının dekorunda istifadə edilən rənglərin effektli harmoniyası, loja yaruslarının nalvari yerləşməsi – bütün bunlar ümumilikdə teatra yaraşıq verirdi. Ancaq 1909-cu ildə teatr yandı. Onu yenidən tikmək lazım gəlirdi. Əvvəlki ikimərtəbəli teatr binasının yerinə üçmərtəbəli, əlavə 600 nəfərlik daha tutumlu bina tikildi. Əsas fasadın eni də genişləndirilmiş, divarların hündürlüyü isə 6,75 metr artırılmışdı. Bu kimi dəyişiklik qalereyanın tavanını qaldırmağa, balkon cərgələrinin sayını iki dəfə artırmağa (dörd cərgə yerinə səkkiz cərgə oldu) imkan verdi. Artıq tamaşaçı zalının yan oturacaqlar yerinə parteri-parterin künclərində liter lojaları, birinci yarusun lojaları və amfiteatrı, balkon və qalereyası var idi. Mərkəzi lojanın yanlarına hər iki tərəfdən dörd loja əlavə olunmuşdu. Aşağı lojalardan biri qubernator lojası üçün, uç liter loja isə tamaşaçılar üçün ayrıldı. Mərkəzi loja ilə qonşu olan iki loja teatr sahibinin ailəsi üçün nəzərdə tutulurdu. Beləliklə, səhnə ilə üzbəüz olan əsas lojalar teatrın sahibinə, şəhər rəisinə və rubernatora aid idi. Tamaşaçı zalı qarşısındakı yerləşgələrin planlaşdırması da dəyişdirilmişdi. Kassa birinci avanzalın yuxarı hissəsində isə teatrın sağ və sol hissələrinin lojalarını və amfiteatrını birləşdirən balkon quraşdırılmışdı. Çay bufeti ikinci mərtəbədə, ümumi bufet isə teatr binasının sahəsini xeyli genişləndirən əlavə tikilmiş binada yerləşirdi. Sözügedən bu əlavə binanın ikinci mərtəbəsində həm də xüsusi geniş zal- foye yerləşirdi. Beləliklə, şərq stilində düzəldilmiş əvvəlki foye çay bufetinə, teatrın yeni hissəsinin foyesi isə köhnə planlaşdırmaya nisbətən, şübhəsiz, xeyli yaxşılaşdırılan daxili planlaşdırmada mühüm yer tutdu.
Tamaşaçı zalında yeni lojaların, balkon cərgələrinin əmələ gəlməsi ilə müvafiq olaraq səhnə də dəyişikliyə uğramışdı. Səhnə xeyli genişlənmişdi ki, bu da ümumilikdə zalın interyerinin həllində əlverişli şəkildə əksini taparaq, ona təntənəli və yaraşıqlı görünüş verirdi. Suflyor budkası yoxa çıxmış və öz yerini Peterburqda Mariinski Teatrının konstruksiyası əsasında yaradılmış xüsusi qurğuya vermişdi. Bu qurğu səhnə uzunu boyu onunla elə birləşdirilmişdi ki, tamaşaçı onun varlığını hiss edə bilməzdi. Səhnənin ön pərdəsinin hündürlüyü 7,82 metr, 12,09 metr idi. Bu ölçülər tamaşaçı zalının miqyasından, böyük qrup artistlərin iştirakı ilə teatr və konsert tamaşaları üçün səhnə hissəsinin imkanlarından xəbər verirdi.
Üçüncü mərtəbənin artırmasının fasadının həlli zamanı memar ikimərtəbəli fasadın üslub xüsusiyyətlərini qoruyub saxlamağa çalışmışdır. Lakin ümumi kompozisiya, fasad detallarının kobud şəkildə modelləşdirilməsi və işlənməsi yerli memarlıq ənənələri hissindən məhrumluqdan ziyan çəkirdi, baxmayaraq ki, müəllif işin əvvəlində bu əsas prinsipləri izləmək istəmişdi. Mahiyyət edibarilə, bu nə tektonik, nə də dekorativ şəkildə işlənmişdi, sadəcə teatr dasadının ifadəsiz hissəsinə çevrilmiş oldu.
1 fevral 1918-ci ildə Tağıyev teatrı yenidən yandı. Binanın yalnız daş və dəmir – beton karkası qalmışdı. Teatr bir də Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra, 1921–1922-ci illərdə bərpa olundu. Teatrın layihəsini Bakının baş memarı, mülki mühəndis Zivər bəy Əhmədbəyov tertib etmişdi.
Mayılovlar Teatrı
redaktəXIX əsr – XX əsrin əvvəllərində Bakıda yaşayış çox baha idi. Biletləri yüksək qiymətə olan mövcud teatr hamı üçün deyildi. Xalq evlərinin tikintisinə ehtiyac yaranmışdı. Rusiya imperiyasının bir çox şəhərlərinin timasında Bakı şəhər idarəsi Bakıda Xalq Evi tikməyə qərar vermişdi. Bu məqsədlə 20 yanvar 1901-ci il tarixində sahə memarı mülki mühəndis Q.M.Termikelova qısa müddət ərzində tikintinin ümumi dəyərlərinin hesablanması ilə Xalq Evinin eskiz layihəsini hazırlamaq tapşırıldı. Ancaq şəhər idarəsi Xalq Evini məlum səbəblərdən, yəni vəsait çatışmazlığından tikdirə bilmədi. Lakin Neft Sənayeçiləri Qurultayının Şurası öz vəsaiti hesabına Sabunçu və Balaxanı kəndlərində ciddi order memarlığı formasında xalq evləri tikdirdilər.
1910-cu ildə Mayılov qardaşları Bakıda öz ərazilərində böyük, müasir işıqlanırması olan yeni bir teatr binası tikmək qərarına gəldilər.
Rusiyanın kapitalizm dövründə teatr binalarının inşası tarixində Mayılov teatrı xüsusi yer tutur. O zamanın tikinti texnikasının səviyyəsini nəzərə alsaq, bu bina rekord müddətdə tikilmişdi. 1800 yerdən ibarət teatr binası 10 aydan az zaman ərzində inşa edilmişdi. “Kaspi” qəzetinin yazdığına görə teatrın renessans üslubunda layihəsni mülki mühəndis N.Q.Bayev tərtib emişdir.
Mayılovlar teatrı binanın ərazisinin mərkəzində yerləşdirilməsi və dar yerlərdə binanın ətrafında 9,6 metr enində boş yerin qoyulması ilə 1620 tamaşaçı üçün layihələşdirilmişdir. Teatr binasına əsas giriş Torqovaya küçəsindən idi və elə buradan da bilavasitə keçiddən lojalara aparan iki pilləkən quraşdırılmışdır. Kifayət sayda ehtiyat çıxışları yanğın zamanı tamaşaçıların teatr binasından tam evakuasiyasını təmin etməli idi.
Konstruktiv cəhətdən teatr binasında ənənəvi daş konstruksiyalarla yanaşı istər örtüklərdə, istərsə də binanın aparıcı divarlarında dəmir-betondan geniş istifadə edilmişdir. Tamaşaçı zalının aşırımlarını və səhnəni Bayev dəmir-beton qapanaqla örtməyə risk etmədi. Onlar zal üzərində dəmir tağ çatqılar, səhnə üzərində isə taxta çatqılar üzərində dəmir örtüklü konstruksiya təşkil edirdilər. Teatr, səhnə tərəfdən yerləşdirilmiş zirzəmilərlə, tamaşaçı zalında ikiyaruslu, foyedə isə üçyaruslu düşünülmüşdür. Birinci yarusda 776 yerdən ibarət parter yerləşirdi ki, buraya tamaşaçılar bilavasitə foyenin ümumi eni 4,98 metr olan dörd qapısından və hər birinin eni 1,42 metr olan yan dəhlizlərin dörd qapısından daxil olurdular. Hesablamalar göstərirdi ki, qapının hər metrinə 776:15=52 (tamaşaçı) düşür, yol verilən optimal norma isə 1 metr üçün 75 tamaşaçıdır. Zalın ikinci yarusunda yanlardan altı nəfərlik 28 loja yerləşirdi. Liter lojalar şəhər rəisi üçün ayrılmışdır. Yan dəhlizlərdən giriş və çıxışları, küçə ilə rahat əlaqəsi olan iki pilləkən bilavasitə lojalara aparırdı.
Səhnə ilə üzbəüz Bayev ikinci yarusun davamı kimi lojaları yox, amfiteatr və qalereyanı yerləşdiridi ki, bu da ona teatrda yerlərin sayını artırmaq imkanı verdi. 406 yerdən ibarət amfiteatra birinci yarusun foyesindən ümumi eni 4,27 metr təşkil edən iki pilləkən (pilləkənin 1 metrinə 406:6 təqribən bərabərdir 68 tamaşaçı – bu norma daxilindədir) vasitəsilə daxil olunurdu. Bu pilləkənlərin küçəyə bilavasitə çıxış vardı ki, bu da amfiteatrda oturan tamaşaçılara ehtiyac olduqda, teatrın qalan hissəsindən keçməyərək teatrın binasını asanlıqla tərk etmək imkanı verirdi. Həmin qayda 328 yerdən ibarət qalareya üçün də tətbiq olunmuşdur – buraya giriş bilavasitə küçədən pilləkənlərlə idi. Səhnənin altında zirzəmidə artistlər üçün foye, statistlər üçün iki otaq, bərbərxana və dörd artist otağı yerləşdirilmişdir. Teatrın birinci yarusunda kassalar yerləşən vestibül, 473,4 kvadrat metr ölçüdə geniş foye, 3,2 metr enində yan dəhlizlər, sanitariya qovuşaqları, artist otaqları, 776 yerlik parter, 227,6 metr sahəsi olan səhnə və 63,7 kvadrat metrlik səhnə baryeri var idi. İkinci yarusda lojalar, amfiteatr və qaleryalar, eləcə də amfiteatr üçün foye və bufet yerləşirdi. Amfiteatr foyesi üzərində, üçüncü yarusda, foye, qalereya və sanitariya qovşaqları vardı. Binanın memarlıq həlli, ümuni kompozisiyası və həcm quruluşu əhəmiyyətli teatr binası kimi onun məzmununu ifadə edir. Modern və ona xas stilizasiya fasadın və interyerin dekorativ işlənməsini müəyyənləşdirir. Mayılov teatrı Bakı arxitekturasında sönməyə başlayan, yalnız çox maraqlı Avropa stilinin son sədası idi.
Teatrın fasadının simmetrik kompozisiyası mərkəzi hissədə xeyli irəli çıxan dörd dirəkli portik-eyvan və cinahları qoruyan iki bütöv qüllə ilə vurğulanmışdır. Arxasında parter və amfiteatr foyelərinin yerləşdiyi yuxarı mərtəbənin eyvana baxan böyük açırımı ümumi şüşələnmə tələb edirdi, ancaq açırımın şaquli dirəklər vasitəsilə ənənəvi hissələnmə üsulu məsələnin həllinin konstruktiv hissəsi üzərində üstünlük təşkil edirdi. Optimal aşırmalarda dəmir-beton bəndlərinin istifadəsi aralıq dirəklərini istisna edirdi. Fasadın ümumi həllində şaquli xətt divar səthindəki cinahların ritmi sayəsində dominat mövqe tuturdu ki, bu da teatrın memarlıq traktovkasının xarakterini müəyyən etmişdir. Şəhərin yaşayış evlərinin tikintisində tətbiq edilən və fasad kompozisiyasını tamamlayan yalançı günbəzli qüllələr tikilinin siluetinə memarlıq kütlələrinin dinamikasını daxil etdilər və qeyri-adi bədii effekt yaratdılar.
Divar fasadının memarlıq elementləri ilə zənginləşmiş detalları fonunda teatrın inşası prosesində yaradılmış poetik-eyvan öz ciddi sadəliyi ilə seçilir. İşıq və kölgə oyunu, şübhəsiz, fasadın kompozisiya strukturunu canlandırır və onun zahiri görünüşünün estetik tərəfini açıb göstərməyə kömək edir. Tağ açırımlarının iri formaları, fasadın əsas hissələrinin proporsional hissələnməsi, relyef detallarının ahəngdar palitrası teatrın özünəməxsus ifadəli monumental kompozisiyasını yaradır. Foyenin və tamaşaçı zalının yapmalarla zənginləşdirilmiş interyeri istər ümumi kompozisiya cəhətindən, istərsə də detalların işlənmə xarakterinə görə güclü təsir bağışlayır.
İctimai Məclisin qış və yay klubları
redaktəBakıda, xüsusi binalar olan Tağıyev və Mayılov teatrları ilə yanaşı teatr zalları üçün uyğunlaşdırılmış bir sıra yerləşgələr istifadəyə verilmişdir. Buna misal üçün Olqinskaya küçəsində həkim Qarabəyovun evində "Ekspress", Petrovskaya meydanında Qarşılıqlı Kredit Cəmiyyətinin binasında “Odeon”, Birja meydanında “Rekord”, Marinsk parkının yaxınlığında “Ampir” və Dəmiryol teatrını göstərmək olar.
Bu yerləşgələrlə yanaşı adətən şəhərin ümumi tikililəri arasında öz memarlıq həllinə görə fərqlənən binalarda konsertlərin, tamaşaların keçirildiyi digər zallar da vardı. Bu kimi binalar sırasına A.Kandinovun layihəsi əsasında 1887-ci ildə tikilən M.Nağıyevin gəlirverən evinin bir hissəsini tutan və Krasnovodskaya küçəsi, 12-də yerləşən (indiki Zabitlər evi) İctimai Məclisinin qış klubu aiddir.
İctimai Məclisin binasının memarlığında tikilinin funksional məzmununa və memarın ustalığına cavab verən formalarda İtaliya renessansının üsul və elementlərindən istifadə olunmuşdur. Fasad kompozisiyasının əsas hissələrinin məhz bu stildə ümumi ardıcıllığında (iki yuxarı mərtəbəni zalın pallada üsulu pəncərələri və detalların plastik işlənməsi ilə birləşdirən relyefli pilyastrların yerləşdirilməsi) qıraq hissələrin artıq dərəcədə açılması və onun əsas formalarının akademik işlənməsi sayəsində bir quruluq duyulurdu.
1880-ci illər Bakı üçün memarlığın klassik istiqamətin himayəsində foralaşma illəri idi. İctimai Məclis binasının yay yerləşgəsi (indiki M.Maqomayev adına Filarmoniya binası) məhz bu kimi tikililərə aiddir. 1910–1912-ci illərdə mülki mühəndis Q.M.Termikelovun layihəsi üzrə şəhərin ən yaxşı, əlverişli sahəsində — Nikolayevskaya və Sadovaya küçələrinin tinində inşa edilmiş, Bakı amfiteatrının ikinci terrasının yüksək işarətində yer alan bu bina tək tikili üçün sahənin ayrıldığı Qubernator bağı ilə deyil, həm də XX əsrin əvvəllərində formalaşan ətraf peyzajla çox gözəl ahəng yaradırdı.
1912-ci ilin sonlarında şəhər tikililəri artıq yeni bir bina ilə — İctimai Məclisin pallada arxitekturası formalarında memar tərəfindən zövqlə və böyük ustalıqla icra olunmuş yay klubu binası ilə zənginləşdi.
Termikelovun seçdiyi pallada ruhlu italyan renessansı tikilinin obrazlı həllinə daha çox uyğun idi. Binanın memarlıq-planlaşdırma ideyası və tikinti üçün sahənin yerləşdiyi məkan, əlverişli relyef və məkanın iqlim özəllikləri bunu öncədən müəyyənləşdirirdi.
İctimai Məclis layihəsində Termikelov çox mənzərəli və ifadəli kompozisiya yaratdı. İşıq və kölgənin həcm kütlələrinin plastik ifadə vasitəsi kimi istifadə olunduğu terrasların, eyvanların çoxluğu ilə bina bir az renesans çağının italyan villalarını xatırladırdı.
Bucaq sahə binanın kompozisiyasında simmetriyanı qoruyaraq planlaşdırma həllinin seçimini müəyyənləşdirdi. Plan aydın və sadə şəkildə, lüzumsuz dəhlizlərsiz və keçidlərsiz hazırlanmışdı. Bütün kapital divarlar qarşılıqlı olaraq əlaqələndirilmiş və vahid konstruktiv sxem təşkil etmişdi. Planda ellipsvari formada olan zal klubun digər yerləşgələri ilə birləşərək memarlıq-planlaşma kompozisiyasının mərkəzi idi. Konstruktiv rakursdan binanın əsas həcmi ilə bağlı olmayan və əlavə tikili təsiri bağışlayan giriş Nikolayevskaya küçəsi tərəfindən vestibülü olan dəyirmi taxta pavilyon şəklində qurulmuşdur.
Binanın ümumi strukturunda qış zalı ilə yanaşı İctimai məclisin çoxplanlı həcm-fəza kompozisiyasının vacib elementi kimi çıxış edən musiqi yerinə malik yay zalı da var idi. Binanın həcm-fəza həllində ərazinin relyefi böyük rol oynayırdı və memar arxitektur kütlələrə estetik ifadəlilik vermək üçün bundan ustalıqla istifadə etmişdir. O binanın bütün arxitektonikasını dənizə, mənzərəli Bakı buxtasına baxan terraslar üzərində qurmuşdur.
Cənub tərəfdən baxanda bina klassik orderlərdən istifadə olunmaqla incəlik və nəcibliklə işlənən təntənəli çoxyaruslu kompozisiya təsiri bağışlayır. Binanın əsas həcmi arxitektur kütlələrin artmasının ritmik əsaslarında, yəni yan cinahlardan mərkəzə doğru tikilmişdir. Bütün həcm-fəza stukturunu dekorativ fənərli günbəz və cinahlardan qoruyan minarə tipli düz bürclər başa çatdırmışdır.
Qurmanın çox gözəl verilmiş silueti istedadlı ustadın əl işindən xəbər verir. Bütövlükdə binanın və onun ayrı-ayrı hissələrinin proporsiyaları, detalların ustalıqla işlənməsi və onların son renessans stilində nəcibliklə yerinə yetirilməsi yaddaşlarda İntibah dövrünün Palladio, Serlio və digər ustalarının arxitektur obrazlarını canlandırır. Qüllələrə və onların mənzərəli siluetlərinə heyran olmamaq mümkün deyildir. Doğrudur, onlar bir az dekorativdir, ancaq binanın kompozisiyasına o qədər ekspressiya və dinamika qatırlar ki, şəksiz onun memarlıq ifadəliliyinin əhəmiyyətli elementləri kimi çıxış edirlər.
Termikelov dekorativ işləmələrinin fasad mövzusunun inkişafını davam etdirən qış konsert zalının interyerini də çox maraqlı şəkildə həll edir. Bu binada memarlığın daxili və xarici məzmun vəhdətini pozan eklektikaya yer yoxdur. Yalnız ən yaxşı mənada arxitektur təfəkkürün məntiqinə tabe olan İtaliya renessansının stilizasiyası vardır ki, bunun da arxasından proporsiyaların saflığı, formaların gözəlliyi və vəhdətin harmoniyası açılır.
Bu binanın inşası ilə şəhər ətraf peyzaja çox uyğunlaşan renessans arxitekturasının gözəl bir tikilisini əldə etmiş oldu. Bu bina bizim günlərdə də şəhər tikilişləri arasında öz memarlıq bənzərsizliyində qalmaqdadır.
Digər şəhərlərdə teatr binaları
redaktəXIX əsrin sonlarına doğru teatr, kinoteatr və konsert zallarının binaları Azərbaycanın digər şəhərlərində də görünməyə başladı. Bakıda Tağıyev teatrı binasının tikintisi başa çatdıqdan sonra teatr üçün xüsusi bina 1891-ci ildə Şuşada quruldu. İlk vaxtlar burada həvəskar tamaşalar qoyulurdu. Bəlli olduğu kimi, şuşalılar geniş özəl evin bu məqsədlər üçün uyğunlaşdırıldığı teatrla hələ 1848-ci ildən tanış idilər. Yeni teatr binasının inşası isə şuşalıların teatra olan marağını artırmaqla yanaşı, həm də şəhərin mənzərəli görünüşünü yeni ictimai qurma ilə zənginləşdirərək onun memarlıq quruluşunda mühüm rol oynadı.
Yelizavetpol quberniyasının mərkəzi olan Gəncə və yaxud Yelizavetpol da ictimai qurmaların inşasında geri qalmaq istəmirdi. XIX əsrin sonları XX əsrin əvvəllərində Forrerin Gəncə-çayın kənarındakı üçmərtəbəli özəl binası klub halına gətirilərək istifadəyə verilir. Ancaq məzmununa uyğun olaraq onun yalnız daxili planı dəyişir. Lakin Bakı klubunda olduğu kimi, banketlərin, teatr tamaşalarının keçirilə biləcəyi bəzəksiz yan otaqları olan daxili dəhliz klub binasının əsas məqsədlərinə cavab vermirdi. Naxçıvan şəhərində ilk tamaşa Hacı Nəcəf Zeynalovun evinin böyük salonunda göstərilib. Azərbaycanca tamaşalar İrəvanda müxtəlif varlıların evlərində, Tiflisdə kazyonnı teatrda, Arsruni teatr binasında, Zubalov adına "Xalq evi"ndə, "Zadəganlar klubu"nda, Aşqabadda Dobrojenskinin sirkində, Təbrizdə adi binada oynanılıb. Azərbaycanın böyük şəhərlərində iyirminci əsrin əvvəllərində xüsusi "Cəmiyyət yığncağı" binaları tikilmişdi və el arasında, mətbuatda "Obşestvennoye sobraniye" adlanan həmin mədəniyyət mərkəzləri tamaşalar oynamaq üçün ən münasib yerlər idi. İrəvanda və Tiflisdə Dövlət Azərbaycan Dram Teatrı fəaliyyət göstərməyə başlayanda da həmin kollektivlərin texniki baxımdan səmərəli binaları olmamışdır. Dövlət teatrı hər iki şəhərdə yöndəmsiz, darısqal, səhnəsi kiçik klublarda yerləşmişdir. Gəncə Dövlət Dram Teatrı üçün bina 1936-cı ildə tikilib. Əslində köhnə bina yenidən qurulub. Bir qədər sonra Naxçıvanda müasir memarlıq üslubunda səhnə ocağı hasilə gətirilib. Hər iki bina indiyə qədər fəaliyyətdədir və texniki imkanları o dövrün primitiv tələblərinə uyğun olaraq qalmaqdadır. 1938–1949-cu illər arasında Lənkəranda, Ağdamda, Ağdaşda, Göyçayda, Qubada, Şamaxıda, Qaryagində (indiki Füzuli rayonu), Şuşada, Şəmkirdə, Ordubadda, Bərdədə, Qazaxda, Zaqatalada, Salyanda, Sabirabadda Dövlət teatrları fəaliyyət göstərmişlər. Lakin onların heç biri üçün məxsusi teatr binası tikilməmişdir. Onlar kilsədə, məsciddə, klublarda yerləşdirilmişlər və təbiidir ki, bütün bunlar kollektivin səmərəli fəaliyyətinin estetik hüsnünə mənfi təsir bağışlamışdır. Dövlət statusu ilə hazırda Sumqayıtda, Şəkidə, Lənkəranda, Mingəçevirdə, Qazaxda, Füzulidə (müvəqqəti Horadizdə məskunlaşıb), Qusarda fəaliyyət göstərən dram, Salyandakı, Gəncədəki, Naxçıvandakı, Qaxdakı Kukla teatrı kollektivləri qeyri-teatral binalarda çalışırlar. Hazırda didərgin həyatı yaşayan Ağdam və Şuşa teatrlarının da müasir binaları yoxdur.
Mənbə
redaktə- Azərbaycan Teatr Antalogiyası I cild
- Şamil Fətullayev-Fiqarov, XIX əsr-XX əsrin əvvəllərində Azərbaycanda şəhərsalma və memarlıq.
- C. Ç. Cəfərov, Azərbaycan Teatrı