Azerbaycan Respublikasi Strateji Obyektlerin Muhafizesi Dovlet Agentliyi - Wikipedia
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və ya qısaca SOMDA — Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi şəxslərin, strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi və qorunması sahəsində səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı.
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 16 mart 2020 |
Əvvəlki qurum | Xüsusi Dövlət Mühafizə Xidməti |
Tabelik | Azərbaycan Prezidenti |
Baş qərargah | Bakı |
Ünvan | Bakı şəhəri |
Rəhbərlik | |
Rəis | İlqar Abbasov |
Birinci müavin | İsmayıl Hüseynov |
Müavin | İsfəndiyar Mehbalıyev |
|
|
Rəsmi saytı | somda.gov.az |
Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunu və digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, "Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamə" və fəaliyyətinə aid qanunvericiliyə əsasən qəbul edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları təşkil edir.
Tarixi
redaktəAzərbaycan Demokratik Respublikası Parlamentinin 1919-cu il fevralın 18-də keçirilmiş 15-ci iclasında Azərbaycan parlamentinin mühafizə dəstəsinin yaradılması haqqında Qanun qəbul edilib. Qanuna əsasən parlamentin ixtiyarında olan "Məclisi Məbusan Xassə Qoruyucu Bölüyü" yaradılmışdır.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xüsusi mühafizə xidməti bir çox dəyişikliklərə uğrasa da, zəruri qurum kimi inkişafını davam etdirmişdir. Belə ki, 1931–1935-ci illərdə Xalq Daxili İşlər Komissarlığının mühafizə şöbəsi (5-ci xüsusi diviziya), 1936–1972-ci illərdə Bakı şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsinin 2-ci Divizionu, 1972-ci ildən 1991-ci ilədək Azərbaycan SSR Daxili İşlər Nazirliyinin Partiya-sovet orqanlarını mühafizə şöbəsi adlanmışdır.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü il iyunun 15-də siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə xüsusi dövlət mühafizəsi sahəsində də yeni mərhələ başlamışdır. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən ümummilli lider Heydər Əliyev 1993-cü il avqustun 23-də Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsi ilə Azərbaycan Respublikasının Milli Qvardiyasının bazasında Azərbaycan Respublikasının Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin yaradılması haqqında Fərman imzalamışdır.
Azərbaycan Respublikasının Prezidentinin 06 may 2002-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti adlanmışdır.
Azərbaycan Respublikasının Prezidentinin 2008-ci il 21 avqust tarixli sərəncamı ilə 23 avqust – Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü elan olunub.[1]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il martın 16-da "Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Fərman imzalamışdır. Fərmana əsasən, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilərək onun əsasında üç dövlət orqanı — Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılmışdır.[2]
Azərbaycan Respublikasının Prezidentinin 15 iyul 2022-ci il tarixli Sərəncamı ilə İlqar Abbasov Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilmişdir.[3]
Azərbaycan Respublikasının Prezidentinin 2024-cü il 24 sentyabr tarixli sərəncamı ilə 16 mart – Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı günü elan olunub.[4]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-26.
- ↑ "Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-26.
- ↑ "İ.R.Abbasovun Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-26.
- ↑ "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2024-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-26.