Azerbaycan Pioner Teskilati - Wikipedia
Vladimir Lenin adına Azərbaycan Pioner Təşkilatı (Азәрбајҹан Пионер Тәшкилаты) — Azərbaycan SSR pionerlərinin kütləvi təşkilatı. Vladimir Lenin adına Ümumittifaq Pioner Təşkilatının[rus.] hissəsi. Azərbaycan Pioner Təşkilatına Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi rəhbərlik etmişdir. Ali orqanı Respublika Şurası olmuşdur. Azərbaycan Pioner Təşkilatı gənc nəsli kommunizm ideyaları, sovet vətənpərvərliyi və beynəlmiləlçilik ruhunda tərbiyə etmişdir.
Azərbaycan Pioner Təşkilatı | |
---|---|
Yaranma tarixi | 23 may 1923 |
Ləğvolma tarixi | 1991 |
Mərkəzi |
Tarixi
redaktəVladimir Lenin adına Azərbaycan Pioner Təşkilatı 23 may 1923-cü ildə yaradılmışdır. Azərbaycan ilk pioner dəstələri 1922-ci ildə Bakıda, Vladimir Lenin adına toxuculuq fabrikində, leytenant Şmidt adına zavodda, Sabunçu, Suraxanı, Bibiheybət rayonlarında və Gəncədə təşkil edilmişdir. 1924-cü ildə Azərbaycanda 22,817 pioner var idi. 1975-ci ildə onların sayı 826 minə çatmışdır.[1]
Azərbaycan Pioner Təşkilatı 1920-ci illərdə uşaqların məktəblərə cəlb olunmasında, mövhumata və cəhalətə qarşı mübarizə hərəkatında fəal iştirak etmişdir. 1930-cu illərdə qolçomaqların bir sinif kimi ləğv edilməsində, kolxoz quruculuğuna maneəçilik törədən sinfi düşmənlərin ifşa olunmasında, ibtidai icbari ümumtəhsilin həyata keçirilməsində Azərbaycan Pioner Təşkilatı böyük rol oynamışdır. İkinci Dünya müharibəsi illərində pionerlər məhsul yığmış, istehsalatda işləmiş, tank, təyyarə düzəltmək üçün müdafiə fonduna kömək etmiş, hərbi xəstəxanalarda yaralılara yardım göstərmişlər. Respublikanın bir çox pioneri, dəstə və drujinası Ali Baş Komandanlıqdan təşəkkür almışdır. Müharibədən sonrakı dövrlərdə Azərbaycan Pioner Təşkilatı daha da inkişaf etmiş, fəaliyyət dairəsi genişlənmişdir. Respublikada uşaq tərbiyə və istirahət ocaqlarının sayı xeyli artmışdır. 1975-ci ildə respublikada 370 şəhərdənkənar, şəhər tipli və kolxozlararası pioner düşərgəsi, 84 pioner sarayı və evi, 78 uşaq və gənclər idman məktəbi, uşaq dəmiryolu, 12 gənc təbiətçilər, 9 gənc texniklər stansiyası, 3 ekskursiya turist stansiyası, 13 uşaq parkı, gənc tamaşaçılar teatrı, "Vətən" uşaq kinoteatrı və s. faəliyyət göstərmişdir. "Azərbaycan pioneri" qəzeti, "Pioner" və "Göyərçin" jurnalları nəşr olunmuşdur. Azərbaycan Pioner Təşkilatı ümumittifaq yürüşünün bütün marşrutlarında iştirak etmiş, Üçüncü Reyx üzərində qələbənin 30 illiyi günlərində respublikanın drujinalarında 200-dən çox döyüş şöhrəti muzeyi, guşələri açmışdır. Qırmızı kəşfiyyatçılar yüzdən çox abidə, xatirə lövhəsi ucaltmışlar. Pionerlərin səyi ilə minlərlə naməlum döyüşçünün adı aşkar olunmuşdur. 1970-ci illərdə 200 mindən çox timurçu müharibə əlillərinə və onların ailələrinə hamilik etmişdir. Hər il 200 mindən çox pioner "Üfüqdə parıltı" hərbi-idman oyununda iştirak edirdi. Azərbaycanın pioner dəstə və drujinaları "BAM üçün pioner reysləri!" və "Vətənə milyon!" ümumittifaq əmək əməliyyatlarında iştirak etmiş, 1975-ci ildə 80 min tondan çox metal qırıntısı, 3 min tona qədər makulatura toplamışlar. Respuublikanın 76 pioneri sosializm yarışının qalibi kimi Zəfər bayrağının önünşə şəkil çəkdirməyə, 90 min pioneri isə Sovet İttifaqı Kommunist Partiyasının XXV Qurultayına Ümumittifaq Pioner Təşkilatının raportunu imzalamq fəxri hüququna layiq görülmüşdür.[1]
İstinadlar
redaktə- ↑ 1 2 Азәрбајҹан Пионер Тәшкилаты // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 166–167.