Azerbaycan Enerji Meselelerini Tenzimleme Agentliyi - Wikipedia
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA və ya EMTA) — Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli, 1750 nömrəli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində yaradılmış publik hüquqi şəxsdir.[1] Agentlik Azərbaycan Republikasında Mərkəzi Bankdan sonra yaradılmış ikinci dövlət Tənzimləmə qurumu olmaqla yanaşı, Azərbaycanda elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirir.[2]
Enerji Məsələlərini Tənzimləmə Agentliyi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 22 dekabr 2017 |
Tabelik | Energetika Nazirliyi |
Ünvan | Bakı şəhəri, Heydər Əliyev prospekti 152 |
Rəhbərlik | |
Rəhbər | Samir Axundov |
|
|
Rəsmi saytı | aera.gov.az/az/ |
Həmin Fərmanın 1-ci bəndinə əsasən, Agentliyin "Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında" yaradıldığını nəzərə alaraq, həmin qurumlar ləğv edilməklə onların aktiv və passivləri Agentliyə ötürülmüşdür.[3]
Eyni Fərmanla Agentliyin Nizamnaməsi təsdiq olunmuşdur.
Agentliyin fəaliyyəti üçün Azərbaycan Respublikasının "Energetika haqqında" 1998-ci il (05.12.2023-cü il tarixlində qüvvədən düşüb), "Elektroenergetika haqqında" 1998-cı il (01.01.2024-cü il tarixindən qüvvədən düşüb), "Qaz təchizatı haqqında" 1998-ci il və "Elektrik və istilik stansiyaları haqqında" 1999-cu il (01.01.2024-cü il tarixindən qüvvədən düşüb) qanunlarına dəyişiklik edilərək Agentliyə müvafiq qurumlar tərəfindən haqq ödənilməsi üçün hüquqi baza yaradılmış, Energetika Nazirliyi tərəfindən həmin haqların ödənilməsi “Elektrik, istilik enerjisi və qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələrin Enerji Məsələlərini Tənzimləmə Agentliyinə ödədikləri haqqın məbləğinin hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında" Energetika Nazirliyi Kollegiyasının 5 mart 2018-ci il tarixli, 2 nömrəli Qərarı ilə müəyyən edilmiş, Agentliyin ştat cədvəli və xərclər smetası Energetika Nazirliyinin 1 mart 2018-ci il tarixli, 26 nömrəli Əmri ilə təsdiq edilmiş və Agentlik 2018-ci ilin aprel ayından funksional fəaliyyətə başlamışdır.
Nizamnaməsinə uyğun olaraq, Agentlik tərəfindən həyata keçirilən nəzarətin prosedurlarını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2018-ci il tarixli, 204 nömrəli Fərmanı ilə "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası" təsdiq edilmişdir. Agentliyin fəaliyyəti üçün tələb olunan hüquqi və institusional islahatların işlənib-hazırlanması və həyata keçirilməsi prosesi Azərbaycan Respublikası Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankının "Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək" layihəsi çərçivəsində müasir beynəlxalq standartlara və qabaqcıl dünya dövlətlərinin təcrübəsinə və mütərəqqi beynəlxalq təcrübəyə əsaslanılaraq aparılmışdır.[3]
Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli, 1750 nömrəli Fərmanının 5.4-cü bəndinin icrası qaydasında Agentliyin əmlakının dəyəri dəqiqləşdirilmiş və 22 may 2018-ci il tarixli, 88 nömrəli Fərmanla Agentliyin Nizamnamə fondu 1000 manatdan 7.914.367,3 manata qaldırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2018-ci il tarixli, 204 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası qaydasında Nazirlər Kabinetinin qərarları ilə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq təsdiq edilmiş (o vaxta qədər SSRİ-də qəbul olunmuş qanunvericilik qüvvədə olub) aşağıdakı qaydalarda Agentliyin texniki nəzarət istiqamətində səlahiyyətləri daha da dəqiqləşdilrilmişdir:
- elektrik qurğularının quraşdırılması qaydası
- elektrik və istilik qurğularının texniki istismar qaydası
- elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası;
- elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması qaydası;
- yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və uçotunun həyata keçirilməsi qaydası.
Agentliyin Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Mingəçevir, Şəki, Tovuz, Xaçmaz, Kürdəmir və İmişlidə yerləşən 11 filialı fəaliyyət göstərir.[3] Bu filiallar Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin şəhər regional idarələrinin bazasında təşkil olunub. Həmin filialları fəaliyyət əraziləri (əhatə dairəsi) energetika nazirinin 09 iyul 2020-ci il tarixli, F-79 nömrəli əmri ilə təsdiq olunmuş əsasnamələri ilə müəyyən edilir.
Agentliyin İdarə Heyəti İdarə Heyəti Agentliyə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi üç nəfərdən: energetika naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun iki müavinindən ibarətdir.[2]
İdarə Heyətinin sədri Samir Axundov,[4] sədr müavinləri isə Rövşən İsmayılov və Ramin Babayevdir.[5]
Nazirlilər Kabinetinin 15 fevral 2018-ci il tarixli, 49 nömrəli Qərarı ilə Agentliyin İdarə Heyətinin sədri Energetika Nazirliyinin Kollegiyasına daxil edilmişdir.
2018-ci ildən Agenlik Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) assosiativ üzvüdür.[6].
Beynəlxlaq forumlarda Agentlik ingilis dilində "Azerbaijan Energy Regulatory Agency" adından və həmin ada uyğun olaraq AERA akkronimindən istifadə edir.[7]
Həmin akkronimə 2019-cu ildə Agenlik tərəfindən əqli mülkiyyət hüququ əldə edilmişdir.
İstinadlar
redaktə- ↑ Enerji Məsələlərini Tənzimləmə Agentliyinin NİZAMNAMƏSİ Arxivləşdirilib 2021-11-10 at the Wayback Machine. 22 dekabr 2017. President.az.
- ↑ 1 2 "Azərbaycanda Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılıb" Arxivləşdirilib 2021-11-10 at the Wayback Machine. Apa.az
- ↑ 1 2 3 "Haqqımızda" Arxivləşdirilib 2022-07-02 at the Wayback Machine. Regulator.gov.az.
- ↑ "İdarə Heyətinin sədri" Arxivləşdirilib 2022-06-29 at the Wayback Machine. Aera.gov.az
- ↑ "İdarə Heyəti sədrinin müavinləri" Arxivləşdirilib 2022-07-19 at the Wayback Machine. Aera.gov.az
- ↑ "Member Profile. Azerbaijan Energy Regulatory Agency (AERA)" Arxivləşdirilib 2020-08-04 at the Wayback Machine. Erranet.org.
- ↑ "Azerbaijan Energy Regulatory Agency (AERA)". ERRA (ingilis). 2020-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-07.