Aygun Poema - Wikipedia
Aygün — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1951-ci ildə yazdığı poema. Şairin yazdığı mənzum romanı Azərbaycan poeziyasında xüsusi yer tutan epik ruhlu bir əsərdir. Əsərdə hadisələr əsasən təzəcə ailə qurmuş iki gəncin münasibəti və taleyi ətrafında cərəyan edir. Ailə və məhəbbət problemlərinə həsr olunmuş əsərin əsas qəhrəmanı Aygündür. Şair onun timsalında öz azərbaycanlı qadın idealını ümumiləşdirmişdir. Əsərdə şair Azərbaycan qadınlarının ağır taleyini canlandırmış, qadının təkbaşına çətinlikləri adlayaraq, öz gücünə nail olduğu uğuru göstərmişdir.
Aygün | |
---|---|
"Aygün" poemasının əsasında çəkilmiş tammetrajlı bədii televiziya filmi, 1960-cı il | |
Janr | poema |
Müəllif | Səməd Vurğun |
Orijinal dili | Azərbaycan |
Yazılma ili | 1951 |
Nəşr ili | 1951 |
Süjet
redaktəSəməd Vurğun Azərbaycan qadınlığının xüsusi xarakterinə, müqayisəyə gəlməz sədaqətinə və namusuna, təmənnasız möhnətkeşliyinə romantik şəkildə inanırdı. Şair Azərbaycan qadınlarını sədaqətli və ismətli, romantik bir ucalıq daşıyıcısı kimi görmək istəyirdi. Ədib bu görüşlərini "Aygün" romanında daha dərindən ifadə etmişdir. O inanırdı ki, Azərbaycan qadını istehsalatda, mədəniyyətdə fəal çalışsa da, bu onun milli əxlaqi simasında dəyişikliklər yaratmayacaq və yaratmamalıdır. Aygün məhz bu cür bir qadındır. Romanın əvvəlində o, ərinə və ailəsinə görə öz sənətini, bəstəkarlıq təhsilini yarıda qoyub aqronom olan əri ilə kəndə gedir.[1]
Lakin onların ailəsi həyatın sınaqlarına dözə bilmir: Aygün öz qızını tək böyütməli olur. Bakıya qayıdıb bəstəkarlıq təhsilini davam etdirir, ölkənin tanınmış bir bəstəkarı kimi yetişir. Lakin o, ilk sevgisinə sadiqdir, yenidən ailə qurmaq üçün bütün təklifləri rədd edir. Roman Aygünün Əmirxanla yenidən birləşəcəyi ehtimalı ilə bitir. Şair sevimli qəhrəmanı olan Aygünü romantik cizgilərlə səciyyələndirir. Aygün romantik sədaqət rəmzidir, şairin qadın idealıdır.[1]
Ekranlaşdırılması
redaktəPoemanın əsasında eyni adlı "Aygün" tammetrajlı bədii televiziya filmi çəkilmişdir. Film rejissor Kamil Rüstəmbəyov tərəfindən 1960-cı ildə ekranlaşdırılmışdır. Film Bakı Televiziya Studiyasında istehsal edilmişdir.[2] Filmdə əsas rolları Nəcibə Məlikova, Həsənağa Salayev və Rəna Topçubaşova ifa ediblər.[3]
İstinadlar
redaktə- ↑ 1 2 "Səməd Vurğun (1906–1956), Həyatı və fəaliyyəti". 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-08.
- ↑ Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh. 47–48
- ↑ Azəri, L. İlk Azərbaycan bədii televiziya filmi "Aygün" – kino-poema: [Kamil Rüstəmbəyovun quruluş verdiyi eyniadlı film haqqında] //Mədəniyyət.- 2016.- 20 yanvar.- S.12.
Ədəbiyyat
redaktə- Bəhramoğlu, R; Əhmədov, T. ""Aygün" ekranda" [S. Vurğunun həmin adlı poemasının ekrana çəkilməsi haqqında] //Ədəbiyyat və incəsənət.- 1959.- 14 fevral.
- İsmayıl Şıxlı. ""Aygün" ekranda" //Ədəbiyyat və incəsənət.- 1961.- 7 yanvar.
- Babayev, N. "Tamaşaçı razı qalır" //Kommunist.- 1961.- 11 may.
- Süleymanova, Z. "Tamaşaçılar arasında" //Azərbaycan gəncləri.- 1961.- 12 may.
- Nizami, N. "Aygün" //Nuxa fəhləsi.- 1961.- 14 may.