Avtomatik Idareetme Sistemleri - Wikipedia
Avtomatik idarəetmə sistemləri və ya AİS (ASU) - (ing. Automatized management system) – ASU riyazi metodların, texniki vasitələrin və mürəkkəb obyekt və ya qarşıya qoyulmuş məqsədəuyğun olaraq prosesin rasional idarə edilməsini təmin edən təşkilati komplekslərin yığımıdır. Avtomatik idarəetmə sistemlərinə daxildir: informasiya, texniki və riyazi təminat daxil edilmiş əsas hissə və idarə etmənin konkret funksiyasını avtomatlaşdıran əlaqəli proqramlar aid edilən funksional hissə.
Avtomatik idarəetmə sistemi (AİS) – idarə olunan obyektin işləməsinə kömək edir və ya yaxşılaşdırır. Çox hallarda köməkçi AİS əməliyyatları da (işəsalma, dayandırma, nəzarət, sazlama və s. ) avtomatlaşdırılır. AİS əsasən hər hansı bir istehsalın və ya başqa kompleksin tərkibində işləyir. AİS-in idarə məqsədi, idarə konturu və siqnalların verilmə üsuluna görə səciyyələndirilir. İlkin olaraq AİS-in qarşısında duran məsələ idarə zamanı verilmiş parametrin müəyyən qanunauyğunluqla dəyişməsini təmin etməkdən ibarətdir. Bu sinifdən olan idarəemə sistemləri arasında avtomatik tənzimləmə sistemləri -ATS fərqlənirlər. ATS sistemləri idarə olunan parametrin qiymətinin sabit saxlanması, əvvəlcədən hazırlanmış proqramla idarəetmə sistemi, idarə proqramı əvvəlcədən məlum olmayan izləyici sistemlər kimi bölünürlər. Sonralar idarəetmə məqsədi keyfiyyət göstəriciləri ilə əlaqələndirilməyə başladı. Kefiyyət göstəricilərinin həddinə (kiçik və ya böyük) tələblər qoyulur. Bunun üçün adaptiv və özütənzimlənən sistemlər işlənmişdir. →Özütənzimlənən sistemlərdə idarə olunan parametrin qiyməti əldə olunana qədər prosesin giriş parametrləri dəyişdirilir. Ən çox yayılmışlar prosesdə əldə olunmuş çıxış informasiyalarının analizi əsasında öz alqoritmini yaxşılaşdıran →özüöyrənən sistemlərdir. Adaptiv AİS sistemləri atomatik ya da qeyri-atomatik axtarış şəraitində optimal rejimlərdə işləyə bilirlər. Prosesin gedişində yaranan həyacanlanmanın kompensasiyası idarə sisteminin konturundan asılı olaraq yerinə yetirilir. Açıq konturlarda idarə üçün prosesdən siqnal daxil olmur. İdarəetmə əvvəlcədən məlum proqrama uyğun icra olunur. Qapalı konturlarda isə prosesin çıxış parametrlərinə nəzarət nəticəsində əldə edilən siqnallarla işləyən əks əlaqə mövcuddur. Bu halda həyacanlanma əks əlaqəyə uyğun kompensasiya edilir. Eyni zamanda bir-biri ilə qarşılıqlı təsirdə olan çoxlu sayda parametrlərin idarə olunması çox əlaqəli idarə sistemlərinin köməyi ilə həyata keçirilir. Ən sadə avtomatik idarə sistemi şəkildə verilmişdir. Bu, 18 əsrdə ingilis mühəndisi Vattın ixtira etdiyi, mühərrikin dövrlər sayının tənzimlənməsi üçün tətbiq edilən mərkəzdənqaçma tənzimləyicisidir.
Mühərrikin (1) valının (5) dövrlər sayının sabit saxlanması üçün drosseldən (3) keçən buxarın həcmi aparıcı valla əlaqədə olan muftada (4) bərkidilmiş mərkəzdənqaçma tənzimləyicinin (2) köməyi ilə idarə edilir. Dövrlər sayı artdqıda tənzimləyicinin sürəti artır, nəticədə böyüyən mərkzədənqaçma qüvvəsi muftanı yuxarıya sürüşməyə məcbur edir. Bu da öz növbəsində linglə əlaqədə olan droselin bağlanmasına gətirib çıxarır və beləliklə sürət azalaraq lazım olan qiymətə çatır. Bu idarəetmə sisteminin şəkil 2-də verilmiş sxematik təsviri təbiətindən asılı olmayaraq bir çox idarəetmə sisitemləri üçün səciyyəvidir. Təsvir olunmuş sistem, qapalı bir konturlu, fasiləsiz işləyən, mexaniki təsiri avtomatik idarə edən sistemdir.
İstinadlar
redaktə- Rezo Əliyev. Maşınqayırma leksikonu. I hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 430 s.
- Rafiq Əliyev. Avtomatik idarəetmə. Bakı: Maarif, 1993, 622 s.