Atabey Parki Hadisesi - Wikipedia
Atabəy parkı hadisəsi (farsca:واقعه باغ اتابک)— əsasən Cənubi Azərbaycandan olan 300 üsyançının ölümünə səbəb olan münaqişə nəzərdə tutulur. 8 avqust 1910-cu ildə baş vermişdir.
Atabəy parkı hadisəsi | |||
---|---|---|---|
İranda etnik və siyasi münaqişə | |||
| |||
Tarix | 8 avqust 1910 | ||
Yeri | Atabəy parkı, Tehran | ||
Səbəbi | İran mərkəzi hökumətinin Səttar xan və yoldaşlarını silahsızlandırma istəyi | ||
Nəticəsi | Səttar xan və yoldaşları məğlub edildilər | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Məşrutə inqilabında oynadığı rol
redaktəSəttar xan Bakıdakı cənubi azərbaycanlıların yaratdığı İctimaiyyun-Amiyyun və ya Sosial Demokrat Partiyası ilə yaxın əlaqələri var idi.[1] Onun məşhurlaşmasının səbəbi Təbrizin Əmirxiz məhəlləsində məşrutə tərəfdarı şəxslərə rəhbərlik edərək üsyan başlatması olmuşdur. 1907-ci ildən etibarən o, üsyançıların rəhbərinə çevrilmişdir. Qacar şahı Məhəmmədəli şah Qacar Məclisi bombardman etdikdən sonra minlərlə ordu ilə məclisin qapadılmasına etiraz edən Təbrizə hücum etdi. Buna cavab olaraq, 1908-ci ilin iyununda Səttar xannı rəhbərliyi altlnda Ali Hərbi Şura yaradıldı. Səttar xan bu şuranın rəhbəri, Bağır xan onun köməkçisi təyin edildi. Əli Müsyö, Hacı Əli və Seyid Haşim bu şuranın üzvü olan digər məşhur şəxslər idilər.
1909-cu ilin aprelində Təbriz üsyançıları royalistləri şəhərdən qovmaq üçün öz qüvvələrinin xeyli hissəsini qurban verdilər. Lakin istəklərinə nail ola bildilər. Səttar xan və Bağır xanın bu döyüşlər zamanı etdiklərini nəzərə alaraq xalq onlara Sərdar-e Milli (Milli General) və Salar-e Milli (Milli Lider) ləqəbləri verdi. Bu, daha sonra Milli Məclisin əmri ilə də təstiqləndi.[2]
Üsyançıların Təbrizdəki qələbəsi bütün imperiya boyunca digər məşrutə tərəfdarlarına təsir etdi. Səttar xanın adına Tehranda, Rəştdə, Qəzvində, İsfahanda və digər şəhərlərdə komitələr yaradıldı. Səttar xanın sürətlə yayılan adı Bəxtiyari tayfa liderlərini də məşrutə tərəfdarları tərəfinə keçməyə məcbur etdi.[3]
Təbrizə hücum edən şah qoşunları məğlub edildikdən və şəhərə rus qoşunu girdikdən sonra Səttar xan və Bağır xan Osmanlı səfirliyində sığınacaq tapdılar. Lakin şah taxtdan endirildikdən sonra Səttar xan və Bağır xan Osmanlı konsulluğundan çıxdılar və Məclis tərəfindən Səttar xan Ərdəbil hakimi təyin edildi. İki ay Ərdəbil hakimi olduqdan sonra Səttar xan vəzifədən istefa verərək Təbrizə geri döndü. Təbrizin yeni təyin edilmiş hakimi Müxbir əl-Səltənə və rus konsulu onun şəhərdə olmasını istəmirdilər. Onların istəyi də Səttar xanla Bağır xanın Təbrizdən Tehrana göndərilməsində mühüm rol oynadı.[2]
Hadisədən əvvəl
redaktəSəttar xanın rəhbərlik etdiyi inqilabçıların Təbrizdə qələbə qazanması Məhəmmədəli şah Qacar və Böyük Britaniya ilə Rusiya imperiyasının narahatlığına səbəb olmuşdu. Səttar xan və Bağır xanı rahatlıqlə ortadan qaldıra bilmək üçün onları Təbrizdən, yəni əsas dayaqlarının olduğu yerdən çıxarmaq lazım idi. 16 mart 1910-cu il tarixli və Böyük Britaniya Xarici İşlər Naziri tərəfindən İrandakı səfir Corc Börliyə göndərilmiş məktubda Səttar və Bağır xanları təcili olaraq Təbrizdən çıxarılmasına nail olmaq əmr edilirdi. Bundan sonra Milli Məclis onlardan Tehrana gəlməyi istədi və onlar da qəbul etdilər. Təbrizdən 300 nəfərlik yoldaşları ilə Tehrana yollnan[4] Səttar xan Bağır xan 3 aprel 1910-cu ildə şəhərə çatdılar və şəhər əhalisi tərəfindən qurtarıcı, qəhrəman kimi qarşılandılar.[5] Bu iki məşrutə qəhrəmanı bütün yol boyu beləcə qəhrəmanlar kimi qarşılanmışdılar - Təbrizdən böyük xalq coşqusu ilə və musiqilərlə yola salınmış, Qəzvində onları məclisin üzvləri qarşılamış, minlərlə insan Tehrandan da kənara çıxaraq Mehrabad yaxınlığında onları gözləmişdi.[2]
Üsyançılar Təbrizə dönməsi gözlənilən Səttar xan və Bağır xanla vidalaşmaq üçün Tehranda yerləşən Atabəy parkına toplaşmışdılar. Hökumətin məqsədi Səttar xan və Bağır xanın gəlişini qeyd etmək bəhanəsi ilə Azərbaycana nəzarət etmək və Təbrizdəki mücahidləri tərksilah etmək idi. Səttar xan yoldaşlarının qalması üçün Atabəy bağı (hal-hazırda Rusiya səfirliyinin binasıdır) ayrıldı, Bağır xan və yoldaşları üçün isə Eşrat Abadın verilməsi nəzərdə tutulmuşdu.[6]
Paytaxtın özündə hər iki şəxs Gülüstan sarayında şah və hökumət üzvləri tərəfindən rəsmi qarşılandı. Bir neçə gün yeni hökumətin fəxri qonaqları oldular. Bundan bir neçə gün sonra Səttar xan və Bağır xanı məşrutə inqilabı zamanı formalaşan fraksiyalar öz tərəflərinə çəkməyə çalışdılar. Həmçinin Tehranın qarışıq siyasi mühitini də yetəri qədər bilməyən və bunun siyasi olaraq öhdəsindən gələ bilməyən Səttar və Bağır xanlar çətin vəziyyətə düşdülər. Bu zaman paytaxtda vəziyyət getdikcə daha da pisləşirdi.[2]
Bəzi şəxslər bu pisləşmənin səbəbi kimi ətrafda qeyri-qanuni xeyli silahlı şəxsin olduğu ilə əsaslandırmaqda idilər. parlament azərbaycanlı mücahidləri, mülki döyüşçüləri, Səttar xanın özünü tərkisilah etmək barədə qərar qəbul etdi. Bu qərara bəhanə olaraq Seyid Abdullah Behbahani və Mirzə Əli Məhəmməd xan Tərbiyətin sui-qəsdləri göstərilirdi.[7] Plana qarşı çıxan başqa bir mücahid hökumətdən qorxaraq Səttar xana və onun yoldaşlarına qoşuldu. O dövrki müharibə və daxili işlər naziri Əliqulu xan Bəxtiyari Səttar xana məktub göndərmişdi:[8]
Məclisdə içdiyiniz anda sadiq olun və tərksilahın ağır nəticələrindən qaçın.
İlk öncə danışıqlar aparıldı. Parlamentin qərarından narazı olan mücahidlərin hamısı Atabəy parkında yaşayan Səttar xanın ətrafına toplaşmışdı. Gəlinən ilkin razılaşmaya görə, silahlarını təhvil verəcək olan mücahidlər bunun müqabilində yüksək məbləğdə pul əldə edəcəkdilər. Eyni zamanda, Səttar xan və Bağır xanın tabeliyindəki dəstələr hökumət ordusuna inteqrasiya ediləcəkdi. Lakin bu razılaşma uzun sürmədi, bir sıra iranlının və xarici diplomatik orqan üzvlərinin vasitəçilik etmə cəhdlərinə baxmayaraq, 8 avqust 1910-cu ildə toqquşma meydana çıxdı. Son təslim olma təklifini Səttar xan və tərəfdarları qəbul etmədilər.[2]
Hadisə
redaktəHökumət tərəfindən məşrutə inqilabının qəhrəmanlarından biri olan, eyni zamanda da erməni sol-millətçi təşkilatı Daşnaksütyunun üzvü olmuş, Osmanlıya qarşı üsyanlarda iştirak etmiş Yeprem xanı 300 nəfərlik dəstənin komandanı təyin etdi.[9][10] Yeprem xan, həmçinin əvvəllər Səttar xanın Təbrizdəki köməkçisi olmuşdu. Hökumət dəstəsi Atabək parkını mühasirəyə alaraq Səttar xana bir neçə dəfə xəbər göndərdi. Təslim olma təklifləri rədd edildikdən sonra onlar toplardan və 60 pulemyotdan istifadə edərək 4 saat içərisində 300 üsyançını qətlə yetirdilər. Səttar xan damın üstünə çıxaraq xilas olmağa çalışdı, lakin Thiri sarayının koridorunda ayağından bıçaqlandı və yerindən tərpənə bilmədi. Bundan qısa müddət sonra hökumət adamları onu ələ keçirdilər və Nəcəfqulu xan Bəxtiyarinin (Samsam Səltənə) evinə gətirdilər. Burada o və yoldaşları məcburi olaraq silahsızlandırıldı.[11]
Nəticə
redaktəSəttar xana hadisənin olduğu gündən etibarən Təbrizə getmək qadağan edildi və o, Tehranda qalmağa məcbur edildi. Səttar xan 1914-cü ilin 16 noyabrında, 48 yaşında ikən hadisə zamanı aldığı yara nəticəsində vəfat etdi.[12] O, Tehran yaxınlığındakı Rey şəhərindəki Şah Əbdüləzim türbəsində dəfn edilmişdir. Ölümündən sonra ona çoxlu dastanlar, şeirlər həsr edilmişdir.[5]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Shaffer, 2003. səh. 41
- ↑ 1 2 3 4 5 Pistor-Hatam, 2009
- ↑ Khazeni, 2009. səh. 172
- ↑ Abrahamian, 1982. səh. 107
- ↑ 1 2 Iran Chamber Society. "Sattar Khan". www.iranchamber.com. 2011. 2023-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 dekabr 2023.
- ↑ "مرگ ستارخان قره داغی، سردار مشروطه (Məşrutə sərdarı Səttar xan Qaradağinin ölümü)". donya-e-eqtesad.com. 2019. 2023-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 dekabr 2023.
- ↑ خبرگزاری فارس (Fars Xəbər Agentliyi). "روایتی از واقعه پارک اتابک (Atabək parkı hadisəsindən süjet)". www.farsnews.com. İstifadə tarixi: 4 dekabr 2023.[ölü keçid]
- ↑ پایگاه خبری. "نگاهی به زندگی و مرگ ستارخان سردار ملی (Səttar Xan Sərdar Mellinin həyat və ölümünə bir baxış)". www.bistonoh.ir. 2 yanvar 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 dekabr 2023.
- ↑ Arkun, 1995
- ↑ Arkun, 1994
- ↑ "چگونگی مرگ ستارخان سردار ملی (Səttar xanın ölümün necə oldu?)". kaffeketab.ir. 31 oktyabr 2015. 2023-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 dekabr 2023.
- ↑ "جنگ جهانی، مرگ غریبانه ستارخان (Dünya müharibəsi, Səttar xanın qəribə ölümü)". vista.ir. 2019. 2023-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 dekabr 2023.
Mənbə
redaktə- ARAM ARKUN. DAŠNAK. Encyclopædia Iranica. 1994.
- ARAM ARKUN. EPʿREM KHAN. Encyclopædia Iranica. 1995.
- Brenda Shaffer. Borders and Brethren: Iran and the Challenge of Azerbaijani Identity. MIT Press. 2003.
- Arash Khazeni. Tribes & empire on the margins of nineteenth-century Iran. University of Washington Press. 2009.
- Ervand Abrahamian. Iran Between Two Revolutions. Princeton University Press. 1982. ISBN 0-691-10134-5.