Asparagus - Wikipedia
Qulançar (lat. Asparagus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi.
Qulançar | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Qulançar |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Onlardan yalnız bir növü Asparaqus officinalis (Dərman qulançarı) mədəni halda geniş surətdə əkilib becərilir. Qulançar və ya Mərəçüyüd cinsi "Azərbaycan florası" -nda (1952, II cild səh. 193) Quşüzümü kimi getmişdir. Azərbaycanda apardığımız çoxillik tədqiqatlar nəticəsində məlum olmuşdur ki, bu bitkini Qazax-Gəncə bölgəsində və Abşeronda xalq arasında Qulançar, Qarabağda, Naxçıvan MR-nın rayonlarında və ona yaxın digər regionlarda yaşamış azərbaycanlılar isə bu bitkini "Mərəçüyüd", "Mərəçöyüd", "Mərəvçə" və s. adlandırırlar. Bütün bunları nəzərə alaraq 1973-cü ildən başlayaraq bitkinin iki adla adlandırılması qəbul edilmişdir.
AMEA MNB-da 1968-ci ildən aparılan tədqiqatlar bizə bunu deməyə imkan verir ki, Azərbaycan florasında əvvəllər tədqiq olunmuş 6 növ əvəzinə 9 növ müəyyən vardır. Bunlar "Qafqaz geofitlərinin konspekti" (1983) və "Qafqazın geofitləri" (2002) monoqrafiyasında öz əksini tapmışdır.
Bitki latın dilində "Asparaqus" adlanır. Bu söz fransızca formakope olub lüğəti mənası "dərman hazırlamaq" deməkdir. Yunan dilində isə "bərk", "bərk yapışan", yaxud "bərk cıran" mənası verir ki, bu ad ona cinsin bir çox növlərinin zoğlarında hər şeyə ilişən iti tikanlarına görə verilib.
Qulançar və ya Mərəçüyüd 4000 il bundan əvvəl qədim Misirdə, daha sonra isə qədim Romada məlum idi. Azərbaycanda Qulançar və Mərəçüyüdün 9 növünün yayılmasına baxmayaraq, onların bir neçə növü qidalılıq əhəmiyyətinə malik olub, xalq arasında yeyilir.
Dərman qulançarı Qafqaz xalqları arasında geniş istifadə olunur. Bitkiyə gürcü dilində – "kamamuri", rus dilində "sparja", qırğız dilində -"kumı-sakkızı" deyirlər. Bitki ilk vegetasiyaya başlayan vaxtdan 10-15 gün sonra zoğları inkişaf etməyə başlayır. Elə bu vaxt onun tər, yumşaq, cavan zoğları əksər rayonlarda əhali tərəfindən toplanır və yeyilir. Bundan əlavə onun budaqlarını duzlu suda pörtür, sonra bir balaca sıxıb suyunu çıxarır, yağ-soğanla qızardırlar. Dadına, ləzzətinə və qidalılığına görə çox qiymətlidır. Kökümsovu, kökləri, çiçəkləri, giləmeyvəsi və toxumu bir çox xəstəliklərin-böyrək, ürək, vərəm, və s. müalicəsində geniş istifadə edilir, qandayandırıcı, sidikqovucu xüsusiyyətlərinə malikdir.
Qidalılıq və dərman əhəmiyyətinə görə dərman, topayarpaq Qulançar və ya Mərəçüyüd ən geniş istifadə olunur. Bitki respublikamızda ən çox Naxçıvan MR-nın bütün rayonlarında, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında, Şuşa-Laçın,Gəncə-Qazax, Lənkəran-Astara, Quba–Xaçmaz, Şəki-Zaqatala və s. bölgələrdə ən çox quru, daşlı-çınqıllı yamaclarda, qaratikan kollarının ətrafında bitir. Ağdam, Füzuli, Cəbrayıl və s. rayonlarda yerli əhali Mərəçüyüdü "ağıllı" və "dəli" Mərəçüyüd kimi tanıyır və onları asanlıqla bir-birindən fərqləndirirlər.
"Ağıllı" Mərəçüyüdün zoğları tünd qırmızımtıl, "dəli" Mərəçüyüdünkü isə açıq-yaşıl, solğun-yaşıl rənglidir. Amma uzunmüddətli tədqiqatlar göstərdi ki, bir çox rayonlarda "dəli" Mərəçüyüd də yeyilir. Bitkinin təzə, tər budaq və zoğlarından konserv məhsulları da hazırlanır. Bu bitkidən hazırlanan göy soğanla qulançar və ya mərəçüyüd salatı, pomidor və kələmlə çox dadlı və qidalıdır. Qidalılıq dərəcəsinə görə qulançar və ya mərəçüyüd bir sıra tərəvəz bitkilərini əvəz edir. Onun cavan zoğlarının tərkibində müxtəlif mineral maddələr (kalium, natrium, manqan), fosfor turşusu, 60-80% azot birləşməri vardır.
Azərbaycan MEA Botanika İnstitutunun və Mərkəzi Nəbatat Bağının əməkdaşlarından – S.M.Aslanov, E.N.Novruzov, O.V.İbadlı, L.Ə.Şəmsizadənin apardığı tədqiqatlar əsasında Mərkəzi Nəbatat Bağının kolleksiya sahəsində becərilən Qulançar və ya Mərəçüyüd bitkisindən müxtəlif metodlar əsasında karotinoid maddəsi almışlar. Həmin tədqiqat işi "Müəlliflik şəhadətnaməsinə" layiq görülmüşdür. Tədqiqat işi nəticəsində qulançar və mərəçüyüdün tərkibində insan orqanizmi üçün daha çox xeyirli olan bir çox maddələr, o cümlədən karotinoid (85% Mq) aşkar olunmuşdur. Bu böyük göstərici olub bir çox bitkilərdən alınan karotinoidin miqdarından qat-qat çoxdur.
Botaniki təsviri
redaktəBu cins Qulançar və ya Mərəçüyüd – Asparaqaceae Juss. fəsiləsinə aiddir. Çiçəkləri bircinsli, ikievli olub, əsasən qoltuqda qınşəkilli yarpaqların (kladodi) qoltuğunda yerləşir. Çiçəkyanlığı düz olub, sərbəstdir. Yumurtalıq üçyuvalıdır. Meyvəsi giləmeyvədir. Gövdəsi çoxsaylı budaqlıdır. Budaqlar üzərində sap və ya iynəvarı nazik yarpaqlar (kladodilər) yerləşir. Çoxillik ot bitkisi olub qısa, ətli kökümsovlara malikdir. Qulançar və ya Mərəçüyüdün xalq arasında ən çox istifadə edilən növləri Topayarpaq Q. və ya M. -A. verticillatus L., Dərman Q. və ya M.-Asparaqus officinalis L. növüdür. Topayarpaq Qulançar və ya Məvəçüyüd çoxillik bitkidir. Yeraltı orqanı güçlü kökümsovlara malikdir. Gövdəsi çox hündür olub, becərmə şəraitindən asılı olaraq 1,5-2 metrə qədər olur. Gövdəsi çoxlu sayda budaqlarla zəngin olub, dırmaşandır. Yarpaqları şəkilini dəyişmiş formada olur ki, buna kladodi deyilir. Kladodilərin uzunluğu 2 sm olub gövdənin qoltuğunda dəstələrlə yerləşir. Sap və ya iynə formalıdır. Çiçəklər əksərən budaqların yuxarı hissələrində yerləşirlər. Meyvələri giləmeyvə olub, qırmızı və ya qırmızımtıl-qara rənglidir. Bu növün əkin materialları 1972-ci ildə Füzuli rayonunun Dövlətkarlı, Dilağarda kəndləri ətrafında yerləşən Yelli -dədikdən, Daş yellidən, Torpaq yellinin aşağı , orta yamaclarından, ən çox qaratikan kollarının ətrafından toplanmışdır. Təbii sahələrlə ən çox çiriş, qaratikan, qozqurab, yemlik, danaayağı və s. bitkilərlə birlikdə təsadüf edilir. Gövdəsi çoxlu hamar budaqlardan ibarət çoxillikdir. Gövdəsinin hündürlüyü 160 sm-dir. Kökümsovları dəstə şəklində olmaqla hər il təzələnir. Təzə kökümsovları ağımtıl rəngdə olur. Keçən ildən qalan köklər isə qaralmış və nisbətən yoğunlaşaraq ehtiyat qida maddəsinə çevirilir. Ehtiyat qida maddələri sərf olunub qurtardıqdan sonra köhnə köklər təbii gübrəyə çevrilir. Növün bu xüsusiyyəti onu 50-100 il yaşamasına imkan verir. İynəşəkilli yarpaqlar və yaxud kladodilər xeyli uzun, nazik yumşaq və sapşəkilli olub, uzunluğu 10–14 mm-dir. Topayarpaq Qulançar və ya Mərəçüyüd ilə təbii şəraitdə aparılan müşahidələr göstərdi ki, bitkidə vegetasiyaya fevralın əvvəllərində, qönçələmə aprelin başlanğıcında, çiçəkləmə isə maym ortalarında başlayır və 14-16 gün davam edir. Çiçəklər açıq–sarı rəngli, uzunluğu 3–7 mm-dir. Çiçəkləmə dövründə bitkidə 200-230-a qədər çiçək əmələ gəlir. Toxumları iyunun axırı və iyulun əvvəllərində yetişməyə başlayır. Giləmeyvələrin rəngi parlaq-qırmızı olub, içərisində 3-4 hamar, qara rəngli toxumlar əmələ gəlir. Bitkinin gövdəsi iynəşəkilli, yarpaqları, giləmeyvələri bəzək bağçılıqda çox qiymətlidir. Təbii şəraitdən toplanmış toxumları bioloji cəhətdən sağlam olub, 85% cücərti verir. Toxumlarının 1000 ədədinin quru çəkisi 12,3 qramdır.
Növləri
redaktə- Asparagus acutifolius
- Asparagus albus
- Qırıqküncvari qulançar (Asparagus angulofractus)
- Asparagus arborescens
- Asparagus asparagoides
- Qısayarpaqlı qulançar (Asparagus brachyphyllus)
- Bresler qulançarı (Asparagus breslerianus)
- Koxinxin qulançarı (Asparagus cochinchinensis (Lour.) Merr.)
- Daur qulançarı (Asparagus dauricus)
- Asparagus densiflorus
- Asparagus fallax
- Asparagus horridus
- Dərman qulançarı (Asparagus officinalis L.)
- Asparagus pastonianus
- İran qulançarı (Asparagus persicus)
- Asparagus plocamoides
- Çoxyarpaqlı qulançar (Asparagus polyphyllus)
- Asparagus racemosus
- Asparagus setaceus
- Asparagus sprengeri
- Asparagus umbellatus
- Dəstəvari qulançar (Asparagus verticillatus)
İstinadlar
redaktə- ↑ CHASE M. W., REVEAL J. L., FAY M. F., Reveal J. L., Fay M. F. A subfamilial classification for the expanded asparagalean families Amaryllidaceae, Asparagaceae and Xanthorrhoeaceae (ing.). // Botanical Journal of the Linnean Society / M. F. Fay Wiley-Blackwell, Linnean Society of London, OUP, 2009. Vol. 161, Iss. 2. P. 132–136. ISSN 0024-4074; 1095-8339 doi:10.1111/J.1095-8339.2009.00999.X
- ↑ Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 147. doi:10.5962/BHL.TITLE.746