Asiyanin Faydali Qazintilari - Wikipedia
Asiya neft və kondensat, təbii yanar qaz, dəmir filizi, sürmə, qalay, volfram, qurğuşun, sink, uran və barit ehtiyatlarına görə dünyada qabaqcıl yer tutur: həmçinin kömür, molibden, kobalt, civə, gümüş, qızıl, tantal, beril, xrom, manqan, mis, fosfot filizləri, boksitlər, kalium duzları və s. faydalı qazıntılarla da zəngindir.
Asiyada Qərbi Sibir platformasının örtük suxurlarında dünyanın ən böyük qaz (Rusiya) və Fars körfəzi rayonunda (Səudiyyə Ərəbistanı, Küveyt, İraq və s.) Kaynozoy yaşlı kənar çökəklərdə neft yataqları mövcuddur. Neft və qaz Sibir və Turan platformalarında (Rusiya, Qazaxıstan, Türkmənistan), dağarası çökəkliklərda və mütəhərrik qurşaqlardakı kembriyəqədərki massivlərin örtüklərində (Rusiyanın Saxalin adası, Azərbaycan, Özbəkistan, Çinin şimal-şərq və qərb rayonları, Pakistan, Hindistan, Bruney) və Rusiya, Azərbaycan, Çin və Vyetnamın şelflərində hasil edilir.[1]. Daş kömürün zəngin yataqları Rusiyada Sibir platformasının Paleozoy çöküntülərində (Tunquska hövzəsi) və onu cənubdan əhatə edən qırışıqlıq sahələrində (Kuzbas, Minusa hövzəsi və s.) cəmlənmişdir. Mezozoy və Kaynozoy kömürləri Rusiyada (Sibir, Uzaq Şərq), Vyetnamda və Çinin bir sıra rayonlarında hasil olunur. Ən müxtəlif və zəngin filizləşmə materikin qədim fəal kənarları və adalar qövslərinin vulkanik-plutonik qurşaqları ilə assosiasiya təşkil edir. Bunu Rusiyada Zabaykalye və Şimal-Şərq) qalay, qızıl, uran,; Qazaxıstan və Rusiyada dəmir filizi, mis, polimetallar və qızıl; Özbəkistan, Qırğızıstan və Tacikistanda sürmə-civə və qızıl; Türkiyə, Azərbaycan, Gürcüstan, İran, Ermənistan və Monqolustanda mis-molibden, polimetallar; Asiyanın cənub-şərqində (Myanma, Tailand, Malayziya, İndoneziya) qalay-volfram yataqlarının timsalında görmək olar. Rusiya, Türkiyə, Vyetnam, Şərqi İndoneziyada xromit, nikel (aşınma qabığında), asbest yataqları mütəhərrik qurşaqların ofiolitləri ilə, Rusiyada iri qızıl və platin yataqları, Yaponiya, İndoneziya və Filippində mis, polimetal, qızıl və gümüş yataqları Kaynozoy yaşlı adalar qövsü və aktiv materik kənarları kompleksləri ilə əlaqədardır. Rusiyada misin və muskovitin, Hindistanda dəmir filizinin nadir yataqları qədim platformaların özülündə aşkar edilmişdir.
Asiyanın faydalı qazıntılar sırasında Ural iqtisadi rayonu da mühüm yer tutur.Ural iqtisadi rayonu müxtəlif faydalı qazıntılarla zəngindir. Bu faydalı qazıntılar müxtəlif və mürəkkəb quruluşa malik olan ağır sənaye istehsal kompleksinin yüksək səviyyədə inkişafının əsasını təşkil edir. Qara və əlvan metallurgiya [2], ağır maşınqayırma, ağac emalı, mineral ehtiyatlar və qaz hasilatı ümumrusiya əhəmiyyətinə malikdir. Ural iqtisadi rayonunun sənayesi üçün xüsusilə istehsalın yüksək səviyyədə təmərküzləşməsi, sənaye tullantılarından geniş istifadə edilməsi, əsas nəqliyyat xəttlərinin kəsişməsi səciyyəvidir.
Dəmir və nadir torpaq filizləri, apatit və və flüoritin zəngin yataqları Çin-Koreya platformasının Son Proterozoy yaşlı avlakogenlərinə uyğun gəlir. Sibir platforması (Rusiya) özülünün və örtüyünün Fanerozoyda dəfələrlə tektonik-maqmatik fəallaşması nəticəsində mis, nikel, kobalt, platin, qızıl (şimalda) və uranın (cənubda), kimberlit borularında almazın iri yataqları əmələ gəlmişdir.[3]. Rusiya və Türkmənistanda daşduz və kalium duzları, Monqolustan, Çin və Vyetnamda fosforitlərin mühüm ehtiyatı platformaların və kembriyəqədərki massivlərin örtüklərində cəmlənmişdir. Titan-maqnetit, ilmenit, rutil və monasitli müasir dənizsahili səpintilər Vyetnamda və Hindistanda aşkar edilmişdir; onlarda həmçinin zirkona və yaquta da rast gəlinir.
Mənbə
redaktə- Герасимов Я. И. Химическая термодинамика в цветной металлургии. Т. 1-7. / Я. И. Герасимов, А. Н. Крестовников, А. С. Шахов и др. — М.: Металлургиздат, 1960—1973.
- Павленко Н. И. История металлургии в России XVIII века. Заводы и заводовладельцы. М.: Издательство АН СССР, 1962. — 566 с.
İstinadlar
redaktə- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 109. ISBN 978-9952-441-05-5.
- ↑ "Металлургическая промышленность в России и необходимость модернизации". 2016-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-17.
- ↑ "Alimlər Sibirdə zəngin almaz yataqlarını aşkar etdilər". Лента.ру. 16 sentyabr 2012. 2022-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-18.