Apikompleksler - Wikipedia
Sporlular və ya Apikomplekslər (lat. Apicomplexa) — İbtidailərin (lat. Alveolata) qrupuna daxil olan tipi.
Sporlular | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Aləm: Yarımaləm: İnfraaləm: Tipüstü: Tip: Sporlular |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Bu tipin əsas əlaməti qeyri-cinsi çoxalma, cinsi çoxalma və spor əmələgətirmənin növbələşməsidir. Bu tipə daxil olan ibtidailərin hamısı parazit həyat keçirirlər. Əksər halda insan və heyvanlarda ağır xəstəliklər törədir. Tip 2 sinfə bölünür: koksidikimilər və qreqarinlər.
Ümumi xarakteristikası
redaktəYeni təsnifata əsasən,bu tipin nümayəndələri Conoidasida, Aconoidasida və Blastocystea kimi 3 sinifdə qruplaşdırılmışdır. Bu tipə aid olan orqanizmlərin quruluşu çox sadədir. Onlarda həzm və ifrazat orqanları yoxdur. Qidalanma, nəfəsalma və ifrazat bütün bədən səthi vasitəsilə həyata keçir. Tipin bütün nümayəndələri hüceyrədaxili parazitlərdir. Hazırda 20.000-ə qədər növü məlumdur. Onların arasında ən geniş yayılmış növlər malyariya (Plasmodium falciparum, P. vivax, P. ovale, P. malariae) və toksoplazmoz (Toxoplasma gondii) törədən parazitlərdir. Toksoplazmoz mərkəzi sinir sisteminin inkişafının anadangəlmə anomaliyaları, ölüdoğuşlar, uşaqsalma kimi hallara səbəb olur. Bu xəstəlik heyvandarlığa böyük ziyan vurur.
Toksoplazmoz – zooantroponoz xəstəlik olub heyvanlarda xroniki (simptomsuz) keçir, abort, həyat qabiliyyəti olmayan, müxtəlif anomaliyalı (limfatik, endokrin sistemin, görmə orqanlarının pozulması və s.) döllərin doğulması ilə müşayiət olur. Törədici sahibin bağırsaq hüceyrələrində parazitlik edir. Parazitlər müxtəlif orqanlarda çoxalaraq nekroz və iltihablar yaradır. Bu zaman nekroz baş beyin, qaraciyər, dalaq və s. orqanlara nüfuz edir. Parazitlər sahibin hüceyrələrini doldurur, sahib hüceyrənin nüvəsi parçalanır. Sahin hüceyrəsinin membranının dağılması nəticəsində toksoplazmlar xaricə çıxaraq növbəti hüxeyrələrə daxil olur. Müxtəlif orqan və toxumalarda çoxalan toksoplazmların ifraz etdiyi toksinlər ətrafdakı hüceyrələrə öldürücü təsir edərək onları dağıdır. Nəticədə sahibin hüceyrələrinin kütləvi məhvi onun xəstəliyini kəskinləşdirir və müxtəlif orqanların degenerasiyasına, daha sonra isə funksiyalarının pozulmasına səbəb olur.[2]
Toxoplasma gondii aralıq sahibin (bir sıra heyvanlar və insan) orqanizmində trofozoit-endozoit formasında parazitlik edir. Trofozoitlərin xarici görünüşü əyri formalı olub qövs və ya portağal dilimlərinə bənzəyir, lakin oval və yumru formalara da rast gəlinir. Toksoplazmın ölçüləri adətən 4–8 x 2–4 mkm tərtibində olur.
Çoxalması
redaktəApikomplekslər üçün mürəkkəb inkişaf sikli xarakterikdir. Malyariya plazmodilərinin həyat sikli cinsi və qeyri-cinsi çoxalmanın növbələşməsindən ibarətdir. İnsan orqanizmində plazmodilər qeyri-cinsi yolla çoxalır, nəticədə merozoitlər, hamontlar və şizontlar kimi aralıq mərhələlər əmələ gəlir. Şizontlar eritrositlərin içində çoxalaraq onları məhv edir. Bu səbəbdən də malyariya xəstəliyi zamanı hərarət yüksəlir, titrətmə yaranır. Şizontun qeyri-cinsi çoxalması P. falciparum, P. vivax, P. ovale üçün 48 saat, P. malariae üçün 72 saat təşkil edir.
Plazmodilərincinsi yolla çoxalması isə ağcaqanadın orqanizmində baş verir. Burada hamontlar inkişaf edərək qametlərə çevrilir. Qametlər isə birləşərək diploid ziqot əmələ gətirir. Ziqotun ətrafında membran əmələ gəldikdən sonra, o sistaya çevrilir, daha dəqiq desək, oosistaya çevrilir. Sonra oosistalar meyoz bölünmə üsulu ilə bölünür və hər oosistanın içində haploid sporozoit formalaşır. Haploid sporozoitlər invaziv formadır, yəni ağcaqanad insanın dərisi üzərinə qonur, qanı sorur, qan sorarkən həmin invaziv formalar zədələnmiş nahiyəyə düşür və sikl yenidən başlanır. Toksoplazmozun törədicisi də mürəkkəb inkişaf sikli keçir. Siklin bir hissəsi pişiyin, digər hissəsi ayrı bir məməlinin, üçüncü hissəsi isə insan orqanizmində keçir.
İnsan həyatında rolu
redaktəApikompleksa tipinə aid orqanizmlər aşağıdaki xəstəlik törədiciləridir:
-Babeziosis (Babesia sp.);
-Malyariya (Plasmodium sp.);
-Kriptosporidiozis (Cryptosporidium parvum);
-Siklosporiazis (Cyclospora cayetanensis);
-İzosporiazis (Isospora belli);
-Taksoplazmoz (Toxoplasma gondi);
Xəzər dənizində Goussia, Eimerria cinslərinə aid 4 ixtioparazit apikompleksa növü təyin edilmişdir İbrahimov Ş., 2012.
Plasmodium cinsinə aid olan Plasmodium falciparum – insanlarda ağır infeksion xəstəlik olan malyariya törədir. Parazit insan orqanizminə Anopheles ağcaqanadlarının dişi fərdlərinin sancması ilə daxil olur. Xəstəlik yüksək hərarət, üşütmə, qaraciyər böyüməsi, anemiya ilə müşayiət olunur. Bu xəstəlik malyariya ağcaqanadının əlverişli ərazilərində — mülayim iqlim, bataqlıq və yağıntılı ərazilərdə daha geniş yayılmışdır.
İnsan bu xəstəliyə malyariya ağcaqanadının dişi fərdinin sancması (qan sorması) ilə yoluxur. Bu zaman törədicinin həyat siklinin bir mərhələsi (sporozoitlər) ağcaqanadın ağız suyu vasitəsilə qana və limfatik sistemə daxil oluaraq qaraciyərə (hepatosidlərə) nüfuz edir. Burada qeyri-cinsi çoxalma (toxuma şizoqoniyası) vasitəsilə bir ədəd sporozoit şizonta çevrilir, nəticədə 2 000 – 40 000 qaraciyər merozoiti yaranır. Nəticədə qara ciyərin hüceyrələri parçalanır, yaranmış merozitlər 1 – 6 həftə ərzində yenidən qana (eritrositlərə) daxil olaraq eritrositar şizoqoniya stadiyasına keçir. Parazit qan hüceyrətlərindəki hemoqlobini udaraq çoxalır, hər plazmodiumdan 8 – 24 merozit törənir. Parazit hemoqlobinin qlobin hissəsini udub, hem hissəsini qana buraxır. Sərbəst hem isə orqanizm üçün güclü zəhərdir. Məhz hemin qana düşməsi ağrılı malyariya qızdırmalarına səbəb olur. Malyariya xüsusən Afrika regionu üçün böyük fəlakət sayılır. Beynəlxalq Səhiyyə Təşkilatının məlumatlarına görə planetdə hər 30 saniyəərzində bi uşaq dünyasını dəyişir.[3]
Qeyd etmək lazımdır ki, Azərbaycanda XX əsrin əvvəllərindən etibarən malyariyanın 5 epidemiyası olmuşdur. Onlardan ən geniş epidemiya 31 – 39-cu illərə təsadüf edir. Bu dövrdə yoluxanların sayı 660 minə çatmışdır. İkinci irimiqyaslı epidemiya 1996-cı ilə təsadüf edir. Bu dövrdə xəstələnənlərin sayı 13 135 nəfə olmuşdur. Son dövrlərdə bu xəstəlik tək-tək hallardə əsasən Aran rayonlarında — Salyan, Saatlı, Lənkəran, Şəki və Qax ərazilərində qeyd edilmişdir.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Levine N. D. Taxonomy of the sporozoa (ing.). // J. Parasitol. Chicago [etc.]: American Society of Parasitologists, 1970. Vol. 56, Iss. Section II. P. 208–209. ISSN 0022-3395; 1937-2345
- ↑ http://biodiversity.az/54/61/70/71[ölü keçid]
- ↑ http://medportal.az/articles_7451/?lang=RU[ölü keçid]