Aparat Kesilmesi - Wikipedia
Aparat kəsilməsi (ing. Hardware interrupt) – “diqqət yetirilməsi haqqında xahiş”; kompüterin aparat vasitələri və ya proqram təminatı tərəfindən mikroprosessor üçün hazırlanıb verilən siqnal. Bəzən tələ (TRAP) də adlandırılan kəsilmə mikroprosessoru məcbur edir ki, yerinə yetirilən əməliyyatı durdursun, özünün cari durumunu yadda saxlasın və idarəetməni xüsusi prosedura – xüsusi komandalar yığınını yerinə yetirən kəsilmələr emalçısına (INTERRUPT HANDLER) versin. Kəsilmələrə çoxlu səbəblər ola bilər: bunlar qurğuların xidmət üçün sorğusu, verilənlərin emalındakı xətalar, mümkün olmayan əməllərin yerinə yetirilməsinə cəhd və (nadir hallarda) yaddaşla bağlı yaranan problemlər və ya sistemin bəzi çox vacib komponentlərinin sıradançıxma təhlükələri ola bilər. Mikroprosessor bir çox mənbədən kəsilmə haqqında sorğu aldıqda onların emal olunma ardıcıllığı “çözmə” səviyyələrinin iyerarxiyasına görə müəyyən olunur. Proqram kəsilmə mexanizmindən istifadə etməklə əməliyyat sisteminin funksiyalarına, məsələn, faylların açılması, oxunması və qapadılması funksiyalarına müraciət edə bilər. Digər tərəfdən, kəsilmə, mikroprosessor ilə kompüter sistemini əmələ gətirən başqa elementlər arasında rabitə vasitəsidir. Əgər daimi kəsilmə sorğuları axını hər hansı kritik vəzəyyətdə işi çətinləşdirir və ya əngəlləyirsə, onda proqram kəsilməni müvəqqəti olaraq bloklaya bilər ki, nəticədə lazım olan zaman müddətində mikroprosessor üzərində vahid nəzarətə nail ola bilsin.[1]
Aparat kəsilməsi ya klaviatura, disksürən və giriş-çıxış portları kimi xarici qurğular, ya da “daxildən” – mikroprosessor tərəfindən generasiya olunan kəsilmə növü. Qurğular xarici aparat kəsilmələri vasitəsilə kompüterin mikroprosessorunu onlara diqqət yetirməyə “çağırırlar”. Daxili aparat kəsilmələri mikroprosessor tərəfindən müəyyən hadisələrə nəzarət edilməsi üçün (məsələn, proqram sıfıra bölməyə cəhd etdikdə) generasiya olunur. Aparat kəsilmələri istənilən vaxt (məsələn, simvollar klaviaturadan alındıqda) və ya gözlənilən ardıcıllığa uyğun olaraq (kompüterin taymerindən gələn kəsilmələrdə olduğu kimi) baş verə bilər. Mikroprosessorun təcili sorğuları təcili olmayanlardan fərqləndirməsi üçün aparat kəsilmələrinə müxtəlif səviyyəli öncəliklər təyin olunur. Ən yüksək öncəlik maskalanmayan adlanan kəsilmənin olur; bu kəsilmə ciddi xəta (məsələn, yaddaşda nasazlıq) haqqında xəbər verir və dərhal xidmət göstərilməsini tələb edir.</ref name="0">
İstinadlar
redaktə- ↑ İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.