And Medeniyyeti - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
And mədəniyyəti — Cənubi Amerikada qədim mədəniyyət.
Tarixi
redaktəAnd mədəniyyətinə tarixi ədəbiyyatda İnka sivilizasiyası da deyilir. "İnka" -terminin mənşəyi "günəş" sözündən götürülmüşdü. Onların mədəniyyətinin tarixi 1200–1572-ci illəri əhatə edir. İnkaların ölkəsi materikin cənub-qərbindən başlayaraq cənuba doğru bir-neçə min kilometrə qədər uzanırdı. Özünün çiçəklənmə çağında həmin ərazidə 15–16 milyon adam yaşayırdı. Bu xalqın mənşəyi haqqındakı əfsanədə deyilir ki, Günəş Allahı İnti kədərlə yer üzərində insanların həyatını müşahidə edirdi: insanlar vəhşi heyvanlardan da əcaib formada yaşayırdı. Günəş Allahının onlara yazığı gəldiyindən öz övladlarını – oğlu Manko Kapaka və qızı Mama Oklonu yerə göndərir. Təmiz qızıldan onlara əsa verən İlahi Ata əsasının çətinlik çəkmədən yerə girdiyi ərazidə məskunlaşmağı əmr edir. Bu hadisə Kusko düzənliyində baş verdiyi üçün Günəş Allahının əmrinə görə burada salınan şəhərə Kasko adı verildi… Burada məskunlaşmış insanlara din və qanunlar verildi, təsərrüfatla məşğul olmaq öyrədildi. Manko Kapak dövlət yaratmaqla onun ilk İnka – yəni hakimi oldu, Mama Oklo isə onun arvadı oldu. Çətin təbii şərait (hava çatışmazlığı, aşağı atmosfer təzyiqi, torpaqların az məhsuldarlığı) və insanların durmadan sayının artması yaşamaq, ərazini genişləndirmək uğrunda mübarizəni zəruri etdi. Bu zaman inkalar yerli əhalini qəsb olunmuş torpaqlara yerləşdirdilər, onların ərazisinə isə, imperiyanın mərkəzi rayonlarından gələnləri məskunlaşdırdılar. Dövlət dili keçua elan edildi.
İnkalar öz dövlətlərini Tauantinsuyu – "Dörd torpaq hissə torpağı" adlandırdılar. Çünki dövlət, həqiqətən də 4 hissəyə – əyalətə bölünürdü. Əyalətlər də dairələrə bölünərək İnka məmuru tərəfindən idarə olunurdu. Dairəyə bir neçə kənd daxil idi. Bunların hər biri bir və ya bir neçə nəslə məxsus idi. İmperiyanın bütün torpaqları üç hissəyə bölünürdü: tayfaların torpaqları, "Günəşin torpaqları" (buradan gələn gəlir kahinlər və qurbanvermə mərasimlərinə xərclənirdi), dövlət və İnkaların torpaqları (dövlət apparatı, hərbçi, inşaatçılar və d. təminatı üçün).
Bu ölkədə aclıqdan ölən yox idi. İşləməyə qabiliyyəti olmayanları dövlət ən zəruri minimumlarla təmin edirdi. İnkaların təsərrüfatının əsasını heyvandarlıq və kənd təsərrüfatı təşkil edirdi. Onlar da Peruda yetişdirilən məhsulları istehsal edirdilər. Təbii şərait onları suvarma qurğuları – kanal, arx və s. tikməyə məcbur edirdi. Torpaq əl ilə, insanın boyu hündürlüyündə taxtalarla şumlanırdı.
Sənətkarlıq yaxşı təşkil olunmuşdu. Mahir dulusçular, silah hazırlayanlar, zərgərlər, toxucular Kuskoda yaşayıb-yaradırdılar. İnkaların təminatı ilə çalışaraq ictimai qulluqçular hesab olunurdular. İnkalar metallurgiya sahəsində də nailiyyətlər əldə etmişlər. Toxuculuq sənətlər içərisində xüsusi yer tuturdu. Bu ölkədə alver münasibətlərini, dövlət mübadiləsi əvəz edirdi. Müxtəlif iqlim zonalarından olanları müxtəlif məmulatlarla təmin edirdilər. Mübadilənin əsas forması kimi hər on gündən bir yarmarkalar təşkil olunurdu.
İmperiyanın başçısı və onun həyatının tənzimləyicisi Günəşin oğlu olan İntip Koridir (digər adı Sapa İnkadır, yəni Yeganə İnka). Belə hesab olunur ki, o torpağa Günəşin tapşırığını yerinə yetirmək üçün gəlmişdir. İnka imperiyanın mütləq hökmdarı idi. O, öz əlində bütün iqtisadi, siyasi, qanunverici, hərbi hakimiyyəti cəmləşdirirdi. Uzun bir müddət o həm də ali kahin hesab olunurdu. Onun bahalı geyimi, qızıl və gümüşdən olan qab-qacağı ikinci dəfə istifadə olunurdu. İnka qırmızı ağacdan olan taxt-tacda əyləşirdi. Hüzuruna gələnlər onun üzünü görə bilmirdilər, çünki o pərdə ilə örtülmüşdü. Onu qızıl və gümüşdən hazırlanmış xüsusi xərəkdə gəzdirirdilər. Öldükdən sonra İnkanın cəsədini balzamlayırdılar. Mumiyanı qızıl taxt-taca əyləşdirir, yanında isə, imperatorun qızıldan heykəlini qoyurdular. Hökumətin yuxarı pilləsini İnkanın qan qohumları təşkil edirdi. Bütün yüksək dövlət yerlərini onlar tuturdular. Aşağı kateqoriyaya isə tabe olan xalqların rəhbərləri, onların ailələri, öz güc və qabiliyyətinə görə buraya daxil olan müxtəlif rütbəli qulluqçular daxil idi. İnkalar cəmiyyətinin əsasını başçısı ata hesab edilən ailə təşkil edirdi. Ailələr manqalara bölünürdü: bir manqa 5 ailəni, iki manqa – 10 ailəni, üç manqa 50, dörd manqa 100 ailəni təşkil edirdi.
İnka imperiyasının hər biri 40000 adamdan ibarət olan dörd ordu birliyi mövcud idi. Bu ordu Kolumba qədərki Amerikada ən nəhəngi idi. Hərbi hazırlıq 10 yaşdan 18-ə qədər davam edirdi. Ordunun yüksək intizamı, tələbi var idi. Döyüş zamanı silahdan əlavə, psixoloji vasitələrdən də – qorxulu səslər, fleyta və təbillərin səsindən və s. istifadə olunurdu. İnka imperiyasında vətəndaşların on yaş kateqoriyası qanuniləşdirilmişdi. Kişilər üçün birinci üç qrup 9 yaşına qədər oğlanlar, dördüncü qrup 9 yaşdan 12-ə qədər (ovçuluq); beşinci 12 yaşdan 18-ə qədər (heyvanların ovlanması); altıncısı 18 yaşdan 25-ə qədər (hərbi və ya kuryer xidməti); yeddinci 25 yaşdan 50-ə qədər (ictimai işlərdə xidmət); səkkizinci 50 yaşdan 80-ə qədər (uşaqların tərbiyəsi); doqquzuncu 80 yaş və ondan sonrakı ("kar ağsaqqallar"), onuncu qrupu xəstələr təşkil edirdi. Qadınların yaş kateqoriya təsnifatı kişilərdən fərqlənsə də, eyni prinsiplərə xas idi.
Bir yaş kateqoriyasından digərinə keçid zamanı insanın adı dəyişdirilirdi. İnka cəmiyyətində təmizlik, səliqə-sahmana xüsusi diqqət yetirilirdi. Kişilər yetkinlik əlaməti kimi dizə qədər qısa yubkalar, qolsuz köynəklər, qadınlar isə, sadə uzun yun paltarlar geyinirdilər. Qadınlar paltarın ortasını zövqlə bəzədilmiş geniş kəmərlə bağlayırdılar. Ayaqqabalır lama yunundan hazırlanan səndəllər idi. Soyuq havada inkaların hamısı uzun və isti yağmurluqlar geyinirdilər. Tauantinsuy qanunları yazılmamış olsalar da onlar mülki və cinayət növlərinə bölünürdü. Allaha iftira, allahsızlıq, işsizlik, tənbəllik, yalançılıq, oğurluq, adamöldürmə ən ağır cinayətlər hesab olunurdu. Günahlarını tayfa rəhbərləri və yuxarı cəmiyyətin nümayəndələrindən olan hakimlər mühakimə edirdi. Qanunların əsasında dəqiq prinsiplər başlıca yer tuturdu. cəzalara qovulma, döyülmə, ən yüksək cəza isə, ölüm cəzası idi. Buraya asılma, dörd hissəyə bölünmə, daşla vurma və d. daxil idi.
İnam, etiqad da inkaların qoruyub saxladıqları əsas mənəvi ünsürlərdən biri idi. İnkaların dünyagörüşünə görə Kainatın ali Yaradıcısı Kon-Tiki Virakoçadır. Dünyanı yaradırkən Ali Yaradıcı olan Virakoça üç əsas ünsürdən – torpaq, su və oddan istifadə etmişdi. İnkalara görə Kosmos üç səviyyədən ibarətdir: ali təbəqə – səmadır. Buranın əsas sakinləri Günəş, onun arvadı, bacısı Aydır. İkinci təbəqə orta təbəqədir ki, burada heyvan və bitkilər, insanlar yaşayırlar. Üçüncü təbəqə ölülər və yeni yaradılacaqların məskənidir. Sonuncu iki təbəqə bir-birilə mağara, şaxta, bulaq vasitəsilə əlaqə saxlayaraq, yuxarı aləm ilə münasibət İnkanın vasitəsilə həyata keçirilir. Rəsmi dövlət ideologiyasını Günəş (İnti) ayini təşkil edirdi. Onun üçün hər gün qurban kimi ağ lamaların ocaqda yandırılması ayini keçirilirdi. Bundan başqa, imperatorun şərəfinə 10 yaşına qədər gözəl uşaqların qurban verməsi ayini də icra edilirdi. İkinci dərəcəli allahlara Qadınların himayədarı Mama Kilya, İldırım və fırtına allahı İlyapa və d. aid idi. Müqəddəs qüvvələr içərisində ruhlar əsas yer tuturdu. Onlar qaya, mağara, ağac, bulaq, daş və əcdadların mumiyalarında məskunlaşmışlar. Ruhlara dua oxunur, səcdəedilir, qurban kəsilirdi.
Bütün dini ənənə və mərasimlər kahinlərin ixtiyarında idi. Hər il ölkə boyu 4–5 yaşlı gözəl qızlar seçilərək monastırlara göndərilirdilər. Burada onlara musiqi, oxumaq, tikiş, yemək hazırlamaq öyrədilirdi.
İmperiyanın paytaxtı və rəmzi Kusko şəhəri idi. Bu şəhər daş və qızıldan tikilmiş nağılvari bir yer idi. Şəhərdə İnkanın iqamətgahı yerləşirdi. Ali hakimiyyət orqanları, ayin mərkəzləri, şəhər xidmətləri, məhz burada yerləşirdi. Kusko şəhəri ən vacib təsərrüfat və mədəni bir mərkəz idi. Ən zəruri tədris müssisələrində 4 il ərzində inkalılara bütün elmlər öyrədilirdi. Bu şəhərdə XVI əsrdə 200 min sakin, 25 ev mövcud idi. Evlər parlaq boyalarla rənglənir, mərmər və yaşma daşı ilə bəzədilirdi. Evlərin qapı və pəncərələri qızıl çərçivələrlə bəzədilirdi. Şəhərin su kanalı və kanalizasiyası da mövcud idi. Kusko şəhərinin yerləşdiyi düzənlik hər tərəfdən dağlarla əhatə olunsa da, cənub-şərqdə giriş üçün yer mövcud idi. Kuskonun mərkəzində "Şənlik meydanı" yerləşirdi. Meydan bəşər tarixində ən böyük (uzunluğu 350 addım) qızıl zəncirlə sərhədlənmişdi. Yaxın küçələr müqəddəs yer və məbədlərlə əhatələnmişdi. Bunlardan ən başlıcası Günəş məbədi idi. Məbədin divarları qızıl lövhələrlə bəzədilmişdi. Divarların içərisində xalçalarla örtülmüş qızıl taxtlarda vəfat etmiş imperiya hakimlərinin mumiyaları yerləşdirilmişdi. Yaxınlıqdakı məbədlərdən biri də gümüş ilə üzlənmiş Ay məbədi idi. Məbədin mehrabında İnkanın həyat yoldaşının musiyası mühafizə olunurdu. Bina kompleksinin digər tərəfində İldırım, Şimşək və Göy qurşağının müqəddəs yerləri – pirləri də yerləşirdi. Ondan bir qədər aralıda isə, Kuskonun yarıtəbii, yarısüni olan fantastik bağı yerləşirdi. Kuskoda bir çox maraqlı şeylər mövcuddur. Onlardan biri Cənubi Amerikanın möcüzəsi hesab edilən Maçu-Pikçu qalası (1500-cü il) hesab edilirdi. Maçu-Pikçudakı bütün binalar müxtəlif hündürlüklərdə yerləşirdi. Ona görə də qalanın 100 mərtəbəsi vardı. Onunla bir yerdə Günəş məbədi, "Üç pəncərə" məbədi və ali kahin sarayı yerləşirdi. Bura şəhərin birinci hissəsini təşkil edirdi. İkinci hissə isə, Şah kvartalı, Şahzadə sarayı, İnkanın sarayından ibarət idi. Şəhər-qalanın üçüncü hissəsini sıravi sakinlərin yaşayış evləri yerlən kvartal təşkil edirdi. Tauantinsuyunun bütün yaşayış məntəqələrini bir-birilə çox ağıllı sistem əsasında düşünülmüş və salınmış yollar təşkil edirdi. Əsas iki yol mövcud idi. Bunlardan biri ekvatorun yaxınlığından (müasir Ekvador), imperiyasının şimalında başlanan Maule çayında qurtaran yoldur. Bu yolun uzunluğunun ümumi məsafəsi 5250 km idi. İkinci yol, şimal sahili (Tumbes) cənubla birləşdirilirdi. Hər iki yol dağ yüksəklikləri, bataqlıq, cəngəllik, çaylarından keçib uzanırdı. Bu inkaların ən böyük mədəni nailiyyətlərindən idi. İnka mədəniyyətində kipu adlanan yazı növü mühüm hadisə idi. Kipu poçt vasitəsilə düyünlərlə ötürülən informasiya idi. Düyünlərin sayı hadisələrin məzmun və mədəniyyətindən xəbər verirdi. Yoğun düyün və ona bağlanmış kiçik düyünlərin sayı kəmiyyət göstəricilərini ifadə edirdi. İplərin rəngi rəmzi səciyyə kəsb edirdi. Ağ rəngli ip gümüş və dünyanı, sarı ip qızılı, qara ip xəstəlik və zamanı, qırmızı ip ordunu və s. ifadə etdirirdi. Müasir günə qədər gəlib-çatmış kipunun uzunluğu 165 sm., enini 6 sm. təşkil edir. İnkaların özünəxas ədəbiyyat, musiqi və rəqsləri də var idi. Bu xalqın dini və kübar himn, əfsanə, əsatir, ballada, dua, kiçik həcmli epik əsərləri, şer, təmsil və s. mövcud idi. Dünya dramaturgiyasının incilərindən biri kimi şerlərdə təcəssüm tapan "Apu-Olyantay" adlı dramı idi. Bu dram əsəri indi də Latın Amerikasının teatrlarında tamaşaya qoyulur. İnkalar həm də mahir musiqiçilər idi. Onların qammasında yalnız beş səs – do, re, fa, sol, lya mövcud idi. Bu səslər altında inkalar mahnı oxuyur, rəqs edirdilər. Rəqsin bir-neçə növü – hərbi kişi, çoban, xalq və s. rəqsləri mövcud idi. İnkaların özünəxas elmi bilikləri də vardı. Riyaziyyat, astronomiya, mühəndis, tibb sahələri üzrə biliklər mühüm yer tuturdu. Riyaziyyat əsas elm sahəsi sayılırdı. O, statistikanın inkişafına təkan vermişdi. Riyaziyyat el-mi astronomiyada da tətbiq olunurdu. Perunun butun ərazilərində qurulan rəsədxanalarda günəşin vəziyyəti müşahidə edilir, Günəş, Ay, Venera, Saturn, Mars, Merkuri, bürclərin sırası izlənilir, əldə edilən biliklər qeydə alınırdı. Bütün bu irəliləyişlərə baxmayaraq nəhəng Günəş hakimiyyəti sivilizasiyası avropalıların Amerikanı qəsb etməsindən sonra süquta uğradı. Beləliklə, Kolumba qədər Cənubi Amerika mədəniyyəti üç əsas mərhələni keçmişdi: hindu tayfalarının yaratdığı ibtidai mədəniyyət; nisbətən yüksək səviyyəli, ilk sinifli cəmiyyətə qədərki mədəniyyət; nəhayət yüksək inkişafı olan sinifli cəmiyyətin mədəniyyəti.