Anitkabir - Wikipedia
Anıtqəbir (hərfi təcümədə "xatirə qəbir") — Türkiyə Qurtuluş Savaşının öndəri, Türkiyə Respublikasının banisi və ilk Prezidenti Mustafa Kamal Atatürkün mavzoleyidir. Ankarada yerləşən mavzoley 1941-ci ildə Türkiyə Hökumətinin keçirdiyi layihə müsabiqəsi nəticəsində 48 layihə arasından seçilmiş memarlar Emin Onat və Əhməd Orxan Ardanın birgə layihəsi əsasında tilmişdir.
Anıtqəbir | |
---|---|
Anıtkabir | |
39°55′30″ şm. e. 32°50′13″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Şəhər | Çankaya, Ankara |
Yerləşir | Çanqaya, Ankara |
Aidiyyatı | Mustafa Kamal Atatürk |
Memar | Emin Xalid Onat və Əhməd Orxan Arda |
Tikilmə tarixi | 9 oktyabr 1944 – 1 sentyabr 1953 |
Hündürlüyü | 17 m |
Uzunluğu | 57.35 m (188.2 ft) |
Eni | 41.65 m (136.6 ft) |
Sahəsi | 750.000 m2 |
Material | beton, travertin və mərmər |
Rəsmi sayt |
anitkabir.tsk.tr anitkabir.tsk.tr/index_e… |
Vikianbarda əlaqəli mediafayllar |
Mavzoleydə həmçinin 1973-cü ildə vəfat etmiş Türkiyənin ikinci prezidenti İsmət İnönü dəfn edilmişdir. Onun məzarı Atatürkün türbəsi ilə üzbəüz, Mərasim meydanının digər tərəfində yerləşir.
Mavzoley 1966–1987 və 1997–2009-cu illərdə müxtəlif Türkiyə banknotları üzərində təsvir edilmişdir.[1]
Tarixi
redaktəAnıttəpə
redaktəAnıtqəbirin tikilməsindən öncə orada müşahidə məntəqəsi yerləşdiyinə görə hazırda abidənin yerləşdiyi Anıttəpənin adı Rasattəpə (Müşahidə təpəsi) idi. Dəniz səviyyəsindən 906 metr hündürlükdə yerləşən bu təpədə e.ə. XII əsrdə Anadoluda mövcud olmuş Frigiya dövləti dövrünə aid qəbirlər var idi. Ərazidə Anıtqəbirin inşa edilməsinə qərar verilməsindən sonra arxeoloji tədqiqat işlərinə başlanılmış və qəbirlər başqa əraziyə köçürülmüşdür. Qəbirlərdən aşkarlanmış artefaktlar isə Anadolu Sivilizasiyaları Muzeyinə təqdim edilmişdir.
Layihə müsabiqəsi
redaktəAnıtqəbir layihəsi üçün yer müəyyən edildikdən sonra, inşa ediləcək layihənin seçilməsi üçün müsabiqə elan edilməsi qərarına gəlindi. Əvvəlcə layihə yarışmasına yalnız Avropa memarlarının təklifləri qəbul edilsə də, mediyanın reaksiyasından sonra, yarışma türk memarları üçün də açıq elan edilərək beynəlxalq müsabiqə elan edilmişdir.[2] Təklif edilən layihələrin dəyərləndirilməsi üçün hökumət tərəfindən prof. Pol Bonatz, prof. İvan Tenqhom, prof. Karoli Vikinger, prof. Arif Hikmət Holtay, memar Muammər Çavuşoğlu və memar Muhlis Serteldən ibarət münsiflər heyəti yaradılmışdı. Müsabiqəyə 27 xarici, 20 türk memarı qatılmış və sonda onlardan üçünün layihəsinə mükafat verilməsinə qərar verilmişdir. Bunlardan biri Tannenberq memorialının da müəllifi olan memar İohann Krüger, digəri Arnoldo Foşini, üçüncüsü isə İstanbul Texniki Universitetinin Memarlıq Fakultəsinin müəllimlərindən olan prof. Emin Xalid Onat və Əhməd Orxan Arda tərəfindən hazırlanmış layihələr idi. Hökumət türk memarlarının layihəsinin həyata keçirilməsinə qərar verir. Bu qərar belə izah edilirdi: "Müsabiqədə qalib gələn hər üç layihə bir çox baxımdan eyni dəyərə malikdir. Lakin, onların arasında iki türk tərəfindən hazırlanmış layihə bu beynəlxalq mövzunu daha müvəffəq şəkildə əks etdirmişdir. Bundan başqa, münsiflər heyətinin məlumatında bildirildiyi kimi, bu layihənin əraziyə uyğunluğu digər layihələrdən daha üstündür."[2]
Layihə və inşaat
redaktəAnıtqəbirin yerinin seçilməsi üçün yaradılmış komissiya 1 mart 1941-ci il tarixində beynəlxalq layihə yarışması haqqında elan verdi. Yarışmaya Türkiyə, Almaniya, İtaliya, Avstriya, İsveçrə, Fransa və Çexoslovakiyadan ümumilikdə 47 layihə göndırilmişdi. Onlardan üçü mükafata layiq görülsə də, o dövrün Türkiyə hakimiyyəti Milli mövzunu daha yaxşı ifadə etməsi və əraziyə daha çox uyğun olmasını əsas gətirərək türk memarlar Emin Onat və Əhməd Orxan Ardanın müəllifi olduğu layihəni gerçəkləşdirməyə qərar verir. 9 oktyabr 1944-cü ildə inşaat işlərinə start verildi. 9 il davam edən inşaat prosesindən sonra 1953-cü ildə Anıtqəbirin inşası tamamlandı.
Tikinti prosesi dörd mərhələdə həyata keçirilmişdi. Aslanlı yolun istinad divarları və torpaq səviyyəsində işləri əhatə edən birinci mərhələ 9 oktyabr 1944-cü ildə başlanmış və 1945-ci ildə tamamlanmışdır. Mavzoley və mərasim meydanı ətrafındakı köməkçi binaların tikintisini əhatə edən ikinci mərhələdə tikinti işləri 29 sentyabr 1945-ci ildə başlanmış və 8 avqust 1950-ci ildə tamamlanmışdır. Bu mərhələdə daşyonma və dəmir-beton tikinti sisteminə görə təməl təzyiqinin azaldılması üçün abidə kütləsinin təməl layihəsinin hazırlanması qərarlaşdırılmışdır. 1947-ci ilin sonuna kimi mavzoleyin təməl qazıntı işləri və izolyasiyası tamamlanmış, istənilən çökmənin qarşısının alınması üçün 11 metr hündürlükdə dəmir-beton təməl sisteminin dəmir montajı işləri tamamlanma mərhələsinə gətirilmişdir. Həmçinin giriş qüllələri ilə yol düzəninin önəmli bir hissəsi, yaşıllaşdırma və suvarma sisteminin bir hissəsi tamamlanmışdır.
Üçüncü mərhələdə abidəyə aparan yollar, aslanlı yol, mərasim meydanı, mavzoleyin üst döşəməsinin daş üzləməsi, pilləkənlərin inşası, sərdabə daşının yerləşdirilməsi və təsisat işləri həyata keçirilmişdir. Üçüncü mərhələ 1950-ci ildə tamamlanmışdır. Dördüncü mərhələdə şərəf zalının döşəməsi, sərdabə döşəməsi, şərəf zalı ətrafının daş profilləri ilə saçaq bəzəklərinin işlənməsi həyata keçirilmişdir. Bu mərhələ 20 noyabr 1950-ci ildən 1 sentyabr 1953-cü ilə kimi davam etdirilmişdir.
Memarlıq xüsusiyyətləri
redaktəAnıtqəbir layihəsində mavzoleyin kollonada üzərində yüksələn sərdabə hissəsinin inşası nəzərdə tutulmuşdu. 4 avqust 1951-ci ildə o dövr Türkiyə hökuməti layihənin memarlarına müraciət edərək, "Şərəf zalı"nın 28 metr hündürlüyünün azaldılması halında inşaat işlərinin tez yekunlaşdırılmasının mümkün olub-olmamasını soruşur. Memarlar layihədə dəyişiklik edərək "Şərəf zalı"nın daş örtük ilə yox, beton tavan ilə örtülməsinin mümkünlüyünü bildirirlər. Beləcə daş qurğunun verəcəyi ağırlıq və texniki problemlər də aradan qalxmış olardı.
Anıtqəbirin tikintisində beton hissələrin üzlənməsi üçün asan işlənən və müxtəlif rəng çalarları olan travertin, movzeleyin interyerlərinin işlənməsi üçün isə mərmər istifadə edilmişdir. Heykəl qrupları, şir heykəlləri və kollonadanın üzlənməsin istifadə edilmiş travertin Pınarbaşı, Kayseridən, qüllənin interyerində istifadə edilmiş ağ travertinlər isə Poladlı və Malıköydən gətirilmişdir. Boğazköprü, Kayseridən gətirilmiş qara və qırmızı travertinlər mərasim meydanı və qüllələrin zəmin döşəmələrində, Karabük, Əskipazardan gətirilmiş sarı travertinlər isə zəfər qabartmaları, "Şərəf zalı"nın eksteryeri və mərasim meydanını əhatələyən sütunların üzlənməsində istifadə edilmişdir.
Şərəf zalının zəminində istifadə edilmiş krem, qırmızı və qara mərmərlər Çanaqqala, Hatay və Adanadan, zalın yan interyer divarlarında istifadə olunmuş mərmərlər Afyonqarahisardan, yaşıl mərmərlər isə Biləcikdən gətirilmişdir.
40 ton ağırlıqda olan sarkofaq daşı Osmaniyədən, sarkofaqın yan divarlarını üzləyən ağ mərmərlər isə Afyonqarahisardan gətirilmişdir. Ümumilikdə Anıtqəbirin memarlığı 1940–1950-ci illər Türkiyə memarlığının "İkinci Milli Memarlıq Hərəkatı" adlandırılan dövrünün xüsusiyyətlərini əks etdirir. Bu dövrdə daha çox monumental xüsusiyyət daşıyan, simmetrikliyə əhəmiyyət verən, kəsmə daş materialların istifadə edildiyi binalar yaradılmışdır. Anıtqəbir də bu xüsusiyyətləri özündə birləşdirir. İlkin layihədə mavzoleyin ikimərtəbəli olması planlaşdırılsa da, sonradan iqtisadi problemlər səbəbiylə ikinci mərtəbənin inşasından imtina edilmişdir. Dövrün memarlıq üslubu ilə yanaşı, Anıtqəbirdə Səlcuqlu və Osmanlı memarlıqlarının da bəzi xüsusiyyətləri əks etdirilmişdir. Məsələn, fasadlarda, divarların dam ilə birləşdiyi yerlərdə, qüllələri dörd yandan əhatə edən və Səlcuqlu memarlığında mişar dişi adlandırılan bordurlar vardır. Həmçinin Anıtqəbirin bəzi yerlərində (Mehmetcik qülləsi, Muzey müdruyyəti binası) istifadə edilmiş çərxifələk və rozet adlandırılan daş işləmələrinə Səlcuqlu və Osmanlı memarlığında da rast gəlinir.
Tikiildiyi dövrün ən gözəl memarlıq nümunələrindən biri sayılan Anıtqəbir 750.000 m² ərazini əhatə etməklə, Sülh Parkı və Abidə bloku adlı iki hissəyə ayrılır.
Qabartmalar
redaktəSakarya müharibəsi mövzulu qabartmanın sağında bir gənc, iki at, bir qadın və bir kişi təsvir olunub. Bunlar savaşın ilk dövründə düşmən hücumları qarşısında evlərini tərk edərək qaçqın halına düşmüş insanlardır. Sağdakı gənc arxaya dönmüş, sol əlini qaldırıb yumruğunu sıxaraq düşmənlərə "Bir gün dönəcək və sizdən qisasımızı alacağıq" deyir.
Bu üçlü qrupun önündə palçığa batmış bir araba, çabalayan atlar, təkəri döndürməyə çalışan bir kişi və iki qadın ilə ayaq üstə durmuş bir igid və ona qılınc təqdim edən diz çökmüş bir qadın vardır. Bu qrup fiqurlar Sakarya müharibəsi başlamamışdan əvvəlki dövrü təmsil edir. Bu qrupun solunda yerdə oturmuş iki qadın və bir uşaq, düşmən istilası altında Türk ordusunu gözləyən xalqı simvolizə edir. Bu xalqın üzərindən uçaraq Başkomandir Mustafa Kamala çələng təqdim edən bir zəfər mələyi vardır.
Kompozisiyanın sonunda yerdə oturan qadın "Ana Vətən"i, diz çökmüş gənc Sakarya müharibəsində qalib gəlmiş Türkiyə ordusunu, ağac budağı isə zəfəri simvolizə edir. Qabartmanın müəllifi İlhan Komandır.
Dumlupınar döyüşü təsvirli qabartmanın solunda yer alan və bir kəndli qadın, bir oğlan uşağı və bir atdan ibarət qrup millət olaraq savaşa hazırlıq dövrünü təmsil edir. Sonrakı hissədə Atatürk bir əlini irəli uzatmış və "Ordular, ilk hədəfiniz Ağdənizdir, irəli!" deyərək Türkiyə Ordusuna hədəfi göstərməkdədir.
Öndəki mələk Atatürkün əmrini borusu ilə uzaq üfüqlərə ötürür. Bundan sonrakı hissədə Atatürkün əmrini yerinə yetirən Türkiyə ordusunun fədakarlıqlarını və qəhrəmanlıqlarını təmsil edən qabartma yer alır. Öndə isə Türkiyə bayrağı ilə Türkiyə ordusunu çağıran zəfər mələyi yer alır. Qabartmanın müəllifi Zühtü Müridoğludur.
-
Dumlupınar döyüşü təsvirli qabartma
-
Sakarya müharibəsi mövzulu qabartma
Mavzoley ərazisi
redaktəSülh parkı
redaktəAtatürkün "Vətəndə sülh, cahanda sülh" (türk. Yurtta Sulh, Cihanda Sulh) deyimindən ilhamlanaraq tikilən Anıtqəbir müxtəlif ölkələrdən və Türkiyənin müxtəlif bölgələrindən gətirilmiş tinglərdən yaradılmış yaşıl ərazinin mərkəzində yüksəlməkdədir. Buna görə də Anıtqəbiri əhatə edən parka Sülh parkı adı verilmişdir. Parkın salınması zamanı Əfqanıstan, ABŞ, Almaniya, Avstriya, Belçika, Çin, Danimarka, Finlandiya, Fransa, Hindistan, İraq, Böyük Britaniya, İspaniya, İsrail, İsveç, İtaliya, Yaponiya, Kanada, Kipr, Misir, Norveç, Portuqaliya, Yuqoslaviya və Yunanıstandan müxtəlif ağaclar və tinglər gətirilmişdir. Hazırda Sülh parkında 104 müxtəlif ölkədən 48.500 müxtəlif dekorativ ağac vardır.
Abidə bloku
redaktəÜmumilikdə 120.000 m² ərazini əhatə edən Abidə bloku üç hissədən ibarətdir: Aslanlı yol, Mərasim meydanı və Mavzoley. Anıtqəbirə Tandoğan qapısından (Anadolu meydanı tərəf) girildiyi zaman, Sülh parkı içərisindən keçən yolla Aslanlı yol başındakı 26 pilləkənli nərdivana çatılır. Nərdivanın yuxarısında isə İstiqlal və Azadlıq qüllələri yerləşir.
Anıtqəbir kompleksinə simmetrik uyğunluq gözlənilərək inşa edilmiş on qüllə daxildir. Bu qüllələrə türk millətinin və Türkiyə Respublikasının yaradılmasında böyük təsiri olmuş qavrayışların adı verilmişdir. Qüllələr plan və inşaat xüsusiyyəti baxımından bir-birinə oxşardır. Yerə yaxın 12 x14 x7,20 m ölçülü düzbucaqlı plan üzrə inşa edilmiş qüllələrin üzəri piramida formalı damlarla örtülmüşdür. Damların üzərində qədim türk çadırlarında olduğu kimi tunc nizə ucluqları vardır. Qədim türk xalça naxışlarından alınmış naxışlar freska texnikası ilə işlənmişdir.
Qüllələrin interyeri onun adına aid kompozisiya və Atatürkün kəlamları ilə bəzədilmişdir.
Mavzoley
redaktəAnıtqəbirin ən mühüm hissəsi olan mavzoleyə aparan 42 pilləli pilləkənin ortasında "Xitab Kürsüsü" yerləşir. Həndəsi naxışlarla bəzədilmiş kürsünün ortasında Atatürkün "Hakimiyyət qeyd-şərtsiz millətindir" fikri yazılmışdır. Kürsünün müəllifi Kənan Yontuçdur.
72x52x17 ölçülərə malik olan mavzoley düzbucaqlı plan üzrə inşa edilmiş, ön və arxadan 8, yanlardan isə 14.40 m yüksəkliyində olan on dörd sütunla əhatələnmişdir. Mavzoleyin fasadında sol tərəfdə Atatürkün Türk gəncliyinə xitabı, sağda isə Respublika quruluşunun onuncu ildönümü münasibətilə söylədiyi Onuncu il nitqi yer alır. Hərflər daş qabartma üzərində qızılı zərlə yazılmışdır.
Şərəf zalı
redaktəŞərəf zalına bürünc qapılardan girilir. Girişin sağ tərəfində Atatürkün 29 oktyabr 1938-ci il tarixli Türkiyə ordusuna son mesajı, solda isə Atatürkün ölümündən sonra ikinci prezident İsmət İnönünün Atatürkün ölümü münasibətilə yazdığı və 21 noyabr 1938-ci ildə yayımlanmış təziyyə yer almışdır. Bu iki kitabə 19 may 1981-ci ildə, Atatürkün 100 illik yubileyi münasibətilə yazılmışdır.
Girişin tam qarşısında böyük pəncərənin yerləşdiyi nişin içində Atatürkün simvolik sərdabəsi yerləşir. Osmaniyə ilindən gətirilmiş sərdabə daşı tək parça qırmızı mərmər olub 40 ton ağırlığa malikdir. Sərdabə daşının yerləşdiyi hissə isə ağ Afyon mərməri ilə işlənmişdir. Zərəf zalının zəmini Adana və Hataydan, yan divarlar isə Afyonqarahisar və Biləcikdən gətirilən qırmızı, qara və boz mərmərlərlə üzlənmişdir.
Şərəf zalının 27 tirdən əmələ gəlmiş tavanı ilə yan qalereya tavanları mozaika ilə bəzədilmişdir. Şərəf zalının yüksəkliyi 17 m olub, yan divarlarında 12 ədəd bürünc məşəl yerləşdirilmişdir. Mavzoleyin üstü düz qurşun çatı ilə örtülmüşdür.
Məzar otağı
redaktəAtatürkün nəşi mavzoleyin zəmin qatında torpaqda qazılmış məzarda dəfn edilmişdir. Mavzoleyin birinci mərtəbəsi olan Şərəf zalındakı simvolik sərdabə daşının tam altında yerləşən məzar otağı Səlcuqlu və Osmanlı memarlıq stilində səkkizguşəli planda inşa edilməklə piramidal tavana malikdir. Tavan həndəsi naxışlarla bəzədilmişdir.
Zəmin və divarlar qara, ağ və qırmızı mərmərlərlə üzlənmişdir. Məzar otağının ortasında qiblə yönündə qırmızı mərmər sənduqə yerləşir. Mərmər sənduqənin çevrəsində Türkiyənin bütün illərindən, Şimali Kiprdən və Azərbaycandan gətirilmiş torpaqlar vazalarda düzülmüşdür.
İsmət İnönünün məzarı
redaktəSülh və Zəfər qüllələri arasında sütunların əmələ gətirdiyi yanları açıq qalereyanın ortasında 25 avqust 1973-cü ildə vəfat etmiş Atatürkün ən yaxın silahdaşı, Qurtuluş Savaşının Qərb cəbhəsinin komandiri və Türkiyə Respublikasının ikinci Prezidenti İsmət İnönünün simvolik sərdabəsi yerləşir. Məzar otağı isə qalereyanın alt mərtəbəsindədir. İsmət İnönü Anıtqəbirdə 28 dekabr 1973-cü ildə Nazirlər Kabinetinin qərarı ilə dəfn edilmişdir.
Qüllələr
redaktəİstiqlal qülləsi
redaktəAslanlı yolun sağ tərəfində yerləşən istiqlal qülləsinin interyerini ayaq üzərində durmuş və iki əli ilə qılınc tutmuş bir gəncin yanında qaya üzərinə qonmuş qartal qabartması bəzəyir. Mifologiyada və Səlcuqlu incəsənətində qartal güc, istiqlal və müstəqillik simvolu kimi istifadə edilirdi. Qılınc tutmuş gənc isə istiqlalı qoruyan türk millətini təmsil edir. Qabartmanın müəllifi Zühtü Müridoğludur. Qüllə divarlarında Atatürkün istiqlalla bağlı aşağıdakı sözləri yer alır:
- Millətimizin ən qorxunc yox olma ilə məhv edildiyi görünərək, həbs edilməsinə qarşı övladını ayağa qalxmağa dəvət edən ataların səsi, qəlblərimizin içində yüksəldi və bizi son Qurtuluş Savaşına çağırdı. (1921)
- Həyat demək, çarpışmaq, savaşmaq deməkdir. Həyatda uğur, döyüşdə uğur qazanmaqla mümkündür. (1927)
- Biz həyat və müstəqillik istəyən bir xalqıq və yalnız buna görə həyatımızı heç hesab edə bilərik. (1921)
- İnsaf və mərhəmət gözləmək kimi bir prinspi yoxdur. Türk milləti, Türkiyənin gələcəkdəki övladları bunu bir an da olsa yaddan çıxarmamalıdırlar.(1927)
- Bu millət qeyri-müstəqil halda yaşamamışdır, yaşaya bilməz və yaşamayacaqdır, ya istiqlal ya ölüm! (1919)
Qüllənin içində Anıtqəbirin maketi və abidə haqqında məlumat pannoları vardır. Qüllənin qarşısında müxtəlif xalqların geyimində olan üç qadın heykəlindən ibarət "Qadın heykəl qrupu" yerlşir. Bu qadınların ikisi yerə kimi uzanan qalın bir çələng tutur. Buğda sümbüllərindən hazırlanmış çələng Türkiyənin bərəkətini təmsil edir. Soldakı qadın irəli uzatdığı əlindəki qabla Atatürkə Tanrıdan rəhmət diləməkdə, ortadakı qadın isə əlləri ilə üzünü tutaraq ağlamaqdadır. Bu qadın heykəlləri türk qadınının Atatürkün ölümünün dərin acısı içində olduğu bir vaxtda belə əzmli olduğunu göstərir. Heykəllərin müəllifi Hüseyn Anka Özkandır.
Müstəqillik qülləsi
redaktəAslanlı yolun sol tərəfində yerləşən Müstəqillik qülləsinin içindəki qabartmada əlində kağız tutmuş mələk fiquru ilə mələyin yanında şahə qalxmış at təsvir edilmişdir. Mələk fiquru müstəqilliyin müqəddəsliyini, əlindəki kağız "Müstəqillik bəyannaməsi"ni simvolizə edir. At fiquru isə hürriyyət və müstəqillik simvoludur. Qabartmanın müəllifi Zühtü Müridoğludur. Qüllənin divarlarında Atatürkün müstəqilliklə əlaqəli aşağıdakı sözləri əks olunub:
- Əsas türk xalqının hörmətli və şərəfli bir xalq kimi yaşamasıdır. Bunu isə yalnız tam müstəqilliyə nail olmaqla əldə etmək mümkündür. Hər nə qədər zənginlik və bolluq içərisində olmasından asılı olmayaraq, müstəqilliyi olmayan bir xalq mədəni insanlıq qarşısında xidmətçi mövqeyindən yuxarı qalxa bilməz. (1927)
- Məncə bir millətdə şərəf, qürur və insanlığın davamlı olaraq mövcud olması yalnız həmin millətin azadlıq və müstəqilliyinə sahib olması zamanı mümkündür.
- Müstəqillik, bərabərlik və ədalətin istinadı milli suverenlikdir.
- Bütün tarixi mövcudluğumuz ərzində azadlıq və müstəqilliyimizə simvol olmuş bir millətik.
Qüllənin içərisində Anıtqəbirin inşaat prosesini göstərən foto sərgisi və istifadə edilmiş daşların nümunələri təqdim edilir. Qüllənin qabağında üç kişi heykəlindən təşkil olunmuş "Kişi heykəl qrupu" vardır. Sağdakı heykəl başındakı dəbilqə və qalın geyimi ilə türk əsgərini, onun yanındakı əlində kitab olan fiqur türk gəncliyini və ziyalısını, bir az geridəki üçüncü fiqur isə ənənəvi geyimi ilə türk kəndlisini təmsil edir. Heykəllərin müəllifi Hüseyin Özkandır.
Mehmetcik qülləsi
redaktəAslanlı yolun qurtaracağında sağ tərəfdə Mehmetçik qülləsi yerləşir. Qüllənin fasadında yer almış qabartmada cəbhəyə yola düşən mehmetciyin evdən ayrılışı təsvir edilib. Kompozisiyanın əsas obrazı əlini əsgər oğlunun çiyninə qoyaraq, onu vətən uğrunda müharibəyə göndərən kədərli, lakin qürurlu ana təsviridir. Qabartmanın müəllifi Zühtü Müridoğludur. Qüllənin divarında Atatürkün mehmetcik və türk qadınları haqqında aşağıdakı kəlamları yer alıb:
- Qəhrəman türk əri Anadolu savaşlarının anlamını qavramış, yeni bir ölkə ilə savaşmışdır. (1921)
- Dünyanın heç bir yerində, heç bir xalqında Anadolu kənli qadınının üstündə qadın çalışmasından bəhs etmək imkanı yoxdur. (1923)
- Bu xalqın övladlarının fədakarlığı, qəhrəmanlığı üçün ölçü meyarı yoxdur.
Qüllənin içində 60 nəfərlik kinoteatr zalı vardır ki, burada da Atatürk və Anıtqəbirlə əlaqəli sənədli filmlər göstərilir.
Müdafiəyi-hüquq qülləsi
redaktəAslanlı yolun qurtaracağında sol tərəfdə Müdafiəyi-hüquq qülləsi yerləşir. Qüllənin fasadındakı qabartma Qurtuluş Savaşında milli birliyin təməli olmuş Müdafiəyi-hüquqa həsr edilmişdir. Qabartmada bir əlində qılınc tutaraq digər əlini ölkənin sərhədlərini keçməyə çalışan düşmənin qarşısına uzadaraq "Dur!" deyən kişi fiquru təsvir edilmişdir. İrəli uzadılmış əlin altındakı ulu ağac Türkiyəni, onu qoruyan kişi fiquru isə qurtuluş məqsədiylə birləşmiş milləti təmsil edir. Qabartmanın müəllifi Nüsrət Sumandır. Qüllənin divarlarında Atatürkün Müdafiəyi-hüquq mövzusunda söylədiyi aşağıdakı kəlamlar yer almışdır:
- Milli gücün təsirli v milli iradənin azad olması əsasdır. (1919)
- Xalq bundan sonra həyatına, müstəqilliyinə və bütün varlığına şəxsən özü sahib çıxacaqdır. (1923)
- Tarix, bir xalqın qanını, varlığını və haqqını heç bir zaman inkar edə bilməz. (1919)
- Türk xalqının qəlbindən, vicdanından doğan və onu ilhamlandıram ən əsaslı, ən aydın istək və iman bəlli olmuşdur: Qurtuluş. (1927)
Qüllənin içində Atatürk və Anıtqəbirlə əlaqəli kitablar və suvenirlər satılır.
Zəfər qülləsi
redaktəZəfər qülləsinin divarlarında Atatürkün ən vacib üç zəfərinin tarixi və zəfərlə əlaqəli sözləri əks etdirilmişdir. Qüllənin içində Atatürkün nəşini 19 noyabr 1938-ci ildə Dolmabağça sarayından götürərək Sarayburnunda donanmaya təslim edən topa maşını sərgilənir.
Sülh qülləsi
redaktəQüllənin interyerini Atatürkün "Yurdda sülh, cahanda sülh" deyimini ifadə edən qabartma bəzəyir. Bu qabartmada əkinçi kəndlilər və onların yanında dayanaraq əlində qılınc tutmuş əsgər təsvir olunub. Bu əsgər sülhün sağlam və etibarlı qaynağı olan Türkiyə ordusunu simvolizə edir. Yəni vətəndaşlar Türkiyə ordusunun təmin etdiyi sülh ortamında gündəlik həyatlarını yaşamaqdadırlar. Qabartmanın müəllifi Nüsrət Sumandır. Qüllə divarlarında Atatürkün sülhlə bağlı aşağıdakı deyimləri yer almışdır:
- Dünya vətəndaşları qısqanclıq, acgözlük və kindən uzaqlaşacaq şəkildə tərbiyə edilməlidir. (1935)
- Yurdda sülh, cahanda sülh.
- Millətin həyatı təhlükə ilə qarşı-qarşıya qalmadıqca savaş bir cinayətdir. (1923)
Qüllənin içində isə Atatürkün 1935–1938-ci illərdə istifadə etdiyi "Lincoln" markalı avtomobillər sərgilənməkdədir.
23 Aprel qülləsi
redaktəQüllənin interyerini 23 aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılışını təsvir edən qabartma bəzəyir. Bu qabartmada ayaq üstündə durmuş və əlində üzərində 23 aprel 1920 yazılmış kağız tutmuş qadın təsvir edilmişdir. Qadının digər əlində isə TBMM-in açılışını simvolizə edən açar vardır. Qabartmanın müəllifi Hakkı Atamuludur. Qüllə divarlarını Atatürkün aşağıdakı deyimləri bəzəyir:
- Bir tək qərar vardı: O da milli suverenliyə istinadən, heç bir şərtə bağlı olmayan müstəqil, yeni bir Türk dövləti qurmaqdır. (1919)
- Türkiyə dövlətinin tək və gerçək təmsilçisi yalnız və yalnız Türkiyə Böyük Millət Məclisidir.
- Bizim baxış mövqeyimiz qüvvətin, gücün, suverenliyin və idarənin birbaşa xalqa verilməsidir.
Qüllənin içində Atatürkün 1936–1938-ci illərdə istifadə etdiyi Cadillac markalı avtomobil sərgilənməkdədir.
Misaki-Milli qülləsi
redaktəMuzeyin girişindəki bu qüllənin interyerini bəzəyən qabartma xalqın tək vücud olaraq formalaşmasını simvolizə edir. Qabartmada bir qılınc qəbzəsi üzərinədə üst-üstə qoyulmuş dörd əl təsvir edilmişdir. Kompozisiya vətən xilas edilməsi üçün içilən türk andını ifadə edir. Qabartmanın müəllifi Nüsrət Sumandır. Qüllənin fasadında Atatürkün Misaki Milli haqqında aşağıdakı ifadələri yer almışdır:
- Qurtuluşumuzun əsas qaydası olan milli andı tarix səhifəsinə yazan millətin dəmir əlidir. (1923)
- Milli sərhədlərimiz içində azad və müstəqil yaşamaq istəyirik. (1921)
- Milli kimliyini tapa bilməyən millətlər başqa millətlərin ovudur. (1923)
Qüllənin içində Anıtqəbirdə keçirilən tədbirlər zamanı üzərində Anıtqəbir Xüsusi Dəftərinin yerləşdirildiyi kürsü yer almaqdadır. Eyni zamanda muzeyin girişi olan bu qüllədə Anıtqəbirdə keçirilmiş önəmli mərasimlər zamanı çəkilmiş şəkillər sərgilənir.
İnqlab qülləsi
redaktəAtatürk və Qurtuluş Savaşı Muzeyinin davamı olan bu qüllədə Atatürkün geyindiyi paltarlar nümayiş olunur. Qüllənin interyerini bəzəyən qabartmada zəif bir əl sönməkdə olan kiçik məşəli tutur ki, bu məşəl də çökməkdə olan Osmanlı imperiyasını simvolizə edir. Güclü bir əlin göyə qaldırdığı ikinci məşəl isə Türkiyə Respublikasını və Atatürkün türk xalqını çağdaş mədəniyyət səviyyəsinə çatdırmaq üçün həyata keçirdiyi inqlabları simvolizə edir. Qabartmanın müəllifi Nüsrət Sumandır. Qüllənin divarlarında Atatürkün inqlabla bağlı aşağıdakı deyimləri yer almışdır:
- Bir xalqın qadınları və kişiləri eyni məqsədə doğru birgə irəliləməzsə, onun sivilləşməsinə texniki imkan və elmi ehtimal yoxdur.
- Biz ilhamlarımızı göydən və bilinməyən aləmdən deyil, birbaşa həyatdan alırıq.
Atatürkün geyimləri və ona verilmiş hədiyyələr də bu bölümdə yer alır.
Respublika qülləsi
redaktəBu qüllədə Anadolu Universitetinin keçmiş rektoru prof. Yılma Büyükşeren tərəfindən işlənmiş Atatürkün həyati ölçülərdə mum heykəli və iş masası sərgilənir. Qüllənin fasadında Atatürkün respublika ilə əlaqəli aşağıdakı ifadəsi yer alır:
- Ən böyük gücümüz, ən güvənilən dayağımız, milli sverenliyimizi qavramış və onu əməli olaraq xalqın əlində saxlaya biləcəyimizi həqiqətən isbat etmiş olduğumuzdur.
Qüllənin içində Atatürkün təhsil aldığı Manastır Əsgəri İdadisi, Sivas və Ərzurum konqreslərinin binaları, ilk TBMM binasının maketləri və o dövrlərə aid fotolar sərgilənir.
Digər tikililər
redaktəAslanlı yol
redaktəZiyarətçiləri Atatürkün mavzoleyinə aparan 262 metr uzunluğunda yolun iki tərəfində oturmuş vəziyyətdə 24 şir heykəli yerləşdirilmişdir ki, onların da hər biri 24 oğuz boyunu təmsil edir. Heykəllər cüt-cüt düzülmüşdür ki, bu da türk millətinin birlik və bərabərliyini göstərir. Atatürk türk və Anadolu tarixinə dəyər verdiyi üçün, şir heykəlləri qədim dövrdə Anadoluda ən güclü sivilizasiyalardan birini qurmuş Hetlərin sənətkarlıq üslubunda işlənmişdir və qüvvət və sükunəti təmsil edir. Yol travertin daşları ilə döşənmişdir. Yolun sonunda türk bayrağı və Çankaya görünür. Heykəllərin müəllifi Hüseyin Anka Özkandır.
Mərasim meydanı
redaktəAslanlı yolun sonunda yer alan Mərasim meydanı 129×84,25 m ölçüyə malikdir. 15.000 nəfərlik meydanın döşəməsi qara, qırmızı, sarı və ağ rəngli travertin daşlardan döşənmiş 373 xalça şəklində döşənmişdir.
Bayraq dirəyi
redaktəAnıtqəbirin Çankaya tərəfdəki 28 pilləli Mərasim meydanına giriş nərdivanlarının ortasında tək parçalı yüksək dirək üzərində Türkiyə bayrağı dalğalanır. Avropada xüsusi olaraq Anıtqəbir üçün hazırlanmış 33.53 m hündürlüyü olan bu dirək Avropadakı ən hündür tək parça polad bayraq dirəyidir. Dirəyin 4 metri yerin altında qalmışdır. Dirək türk əsilli ABŞ vətəndaşı Nəzmi Camalın fabrikində istehdal olunmuş və 1946-cı ildə Anıtqəbirə hədiyyə edilmişdir. Bayraq dirəyinin postamentində təsvir edilmiş məşəl türk mədəniyyətini, qılınc hücum gücünü, dəbilqə müdafiə gücünü, ağac budağı zəfəri, zeytun budağı sülhü simvolizə edir. Türkiyə bayrağı xalqın yurdunu müdafiə etmə, zəfər qazanma, sülhü qoruma və mədəniyyət qurma kimi yüksək dəyərləri üzərində dalğalanmaqdadır. Qabartmanın müəllifi Kənan Yontuncdur. Bayraq dirəyi 29 oktyabr 2013-cü il tarixində yenilənmişdir.
Anıtqəbir Atatürk və Qurtuluş Savaşı Muzeyi
redaktəAnıtqəbir Layihə Müsabiqəsinin şərtlərinə uyğun olaraq Misaki-Milli və İnqlab qüllələri arasındakı hissə muzey olaraq müəyyən edilmişdir. Bu məqsədlə 21 iyun 1960-cı ildə Anıtqəbir Atatürk Muzeyi açılmışdır. Burada Atatürkün istifadə etdiyi əşyalar, ona hədiyyə edilmiş əşyalar və onun geyimləri sərgilənir.
Bundan başqa, muzeydə Atatürkün medal və nişanları, mənəvi övladları A. Afət İnan, Ruqiyyə Erkin, Səbihə Göyçənin muzeyə hədiyyə etdikləri Atatürkə aid əşyalar da sərgilənir. Türk ordusu Baş Qərargahı tərəfindən yenilənən və yeni bölümlər əlavə edilən muzey Atatürk və Qurtuluş Savaşı Muzeyi adını almış və 26 avqust 2002-ci ildə (Dumlupınar döyüşünün 80-ci ildönümü) yenidən ziyarətə açılmışdır. Yeni düzənləmədən sonra Atatürk mavzoleyinin altındakı 3000 kv 2-lik ərazi də muzeyə daxil edilmişdir. Prezidentlərin dəfni üçün ayrılmış, lakin istifadə edilməmiş hissə sərgi ərazisi kimi istifadə olunmuşdur. Yeni nölmələrin də əlavə edilməsindən sonra muzey təkcə Atatürkə aid əşyaların sərgiləndiyi deyil, həm də Çanaqqala döyüşü və Qurtuluş Savaşının canlandırıldığı bir muzey halına gətirilmişdir.
Anıtqəbir kitabxanası
redaktəKitabxana Atatürk və Qurtuluş Savaşı Muzeyinin tərkibində fəaliyyət göstərir. Atatürk, Milli mübarizə və inqlablar mövzulu türk və xarici dillərdə olan kitabların toplandığı ixtisas kitabxanası həftəiçi 09:00–12:30/13:30–17:00 arasında fəaliyyət göstərir. Kitabxanada 3113 cild kitab vardır.[3]
Ziyarətçilər
redaktə10 noyabr 2007-ci ildə Atatürkün ölümünün 69-cu ildönümü münasibətilə mavzoleyi 546,620 nəfər ziyarət etmiş, onlardan 2,420 nəfər xarici vətəndaşlar olmuş və bu göstərici gündəlik ziyarət sayında rekord rəqəm olmuşdur. 2007-ci ilin ilk on bir ayında Anıtqəbiri 11 milyondan çox insan ziyarət etmişdir ki, bu da ümumilikdə 2006-cı ilin ümumi ziyarətçi sayından çoxdur. 2006-cı ildə 8,150,000 nəfər, 2005-ci ildə isə 3,800,000 nəfər Anıtqəbiri ziyarət etmişdir.[4]
10 noyabr 2013-cü ildə Anıtqəbiri 1,089,615 nəfər ziyarət etmiş və bu yeni rekord göstərici olmuşdur. 29 oktyabr 2013-cü ildə Türkiyə Respublikasının əsasının qoyulması günündə 438,451 nəfər Anıtqəbiri ziyarət etmişdir. 10 noyabr 2012-ci ildə 413,568 nəfərin abidəni ziyarət etməsi elan edilmişdir.[5]
Türkiyənin 50 ən yaxşı mühəndislik əsərindən biri
redaktəTürkiyə Mülki Mühəndislər Palatasının yayımladığı Türkiyənin 50 mülki mühəndislik layihəsi siyahısında Anıtqəbir də yer almış və palatanın fəaliyyət göstərdiyi 50 il müddətində reallaşdırılmış ən mühüm layihələrdən biri olduğu qeyd edilmişdir.[6]
İstinadlar
redaktə- ↑ Mavzoley aşağıdakı Türkiyə banknotlarında təsvir olunmuşdur:
- 1966–1987-ci illər 20 Türkiyə lirəsi (6. Emission Group — İyirmi Türk Lirəsi — I. Seriya Arxivləşdirilib 2009-02-04 at the Wayback Machine, II. Seriya Arxivləşdirilib 2009-02-04 at the Wayback Machine, III. Seriya Arxivləşdirilib 2009-02-04 at the Wayback Machine & IV. Seriya Arxivləşdirilib 2009-02-04 at the Wayback Machine).
- 1997–2005-ci illər 5 milyonluq Türkiyə lirəsi (7. Emission Group — Beş Milyon Türk Lirəsi — I. Seriya Arxivləşdirilib 2008-11-22 at the Wayback Machine).
- 2005–2009-cu illər 5 Türkiyə lirəsi (8. Emission Group — Beş Yeni Türkiyə Lirəsi — I. Series Arxivləşdirilib 2009-02-24 at the Wayback Machine; Announcement on the Withdrawal of E8 New Turkish Lira Banknotes from Circulation Arxivləşdirilib 2009-04-22 at the Wayback Machine, 8 May 2007.).
- ↑ 1 2 Anıtkabir Proje Yarışması Arxivləşdirilib 2022-06-24 at the Wayback Machine, anıtkabir.org, 24 aprel 2011, İstifadə tarixi:18 mart 2016
- ↑ Önder, Mehmet (1999) (Türkçe). Türkiye Müzeleri. Ankara: Türkiye İş Bankası. s. 69. ISBN 975-458-044-8.
- ↑ "Milyonlar Ata'ya koştu". Hürriyet. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 mart 2016.
- ↑ "10 Kasım'da Anıtkabir'de ziyaret rekoru kırıldı". Radikal (Turkish). 11 November 2013. 24 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 mart 2016.
- ↑ ["Siyahı (türk.)". 2013-10-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-18. Siyahı (türk.)]
Xarici keçidlər
redaktə- Rəsmi veb saytı
- 360° virtual səyahət
- Anıtqəbir Ziyarətçilər Kitabı Arxivləşdirilib 2020-09-22 at the Wayback Machine (türk.)