Altuntepe - Wikipedia
Altuntəpə ― Türkmənistanın cənubunda Miana kəndi yaxınlığında Eneolit və Tunc dövrlərinə aid arxeoloji abidə.[1]
1965–1975-ci illərdə V.M.Massonun rəhbərlik etdiyi ekspedisiya Altuntəpəni tətqiq etmişdir. Aşağı təbəqələrdən e.ə. V–IV minilliklərdə yaşamış oturaq əkinçi maldarlara aid yaşayış məskəninin qalıqları; möhrəpalçıq evlər, naxışlı keramika məmulatı, gildən düzəldilmiş insan və heyvan fiqurları, daş qablar, mis məmulat və s. aşkar edilmişdir. Altuntəpə e.ə. III minilliyin əvvəllərində ərazisi təqribən 46 hektara çatan iri yaşayış məskəninə çevrilmişdi. Altuntəpədə sənətkarlıq sahələri intensiv inkişaf etmişdi. Dulus çarxında hazırlanan keramika məmulatı ikiyaruslu xüsusi kürədə bişirilirdi. Arsenli və qurğuşunlu tuncdan hazırlanmış əşyalar, o cümlədən qablar geniş yayılmışdı.
E.ə. III minilliyin sonu — II minilliyin əvvəllərində Altuntəpə mürəkkəb daxili quruluşa malik şəhərtipli yaşayış məskəninə çevrilmişdi (sənətkarlıq və zadəgan məhəllələri, zikkurat tipində pilləli qülləsi olan monumental ibadət mərkəzi,[2] bəzək əşyaları, o cümlədən qızıldan hazırlanmış öküz və canavar başı tapılmış kahinlər sərdabəsi). Ev tiplərinə və kollektiv sərdabələrdə qoyulmuş dəfn əşyalarına görə əhali üç qrupa — zadəganlar, tacirlər və sənətkarlara bölünürdü.
Altuntəpə mədəniyyəti üçün mürəkkəb formalı zərif gil qablar, dəvə qoşulmuş araba modelləri, tunc və gümüş məmulat (xəncərlər, kərkilər, güzgülər, o cümlədən müxtəlif zoomorf möhürlər və s.) səciyyəvidir. Altuntəpənin Mesopotamiya (memarlıq və torevtikadakı təsir) və Harappa mədəniyyəti (fil sümüyündən hazırlanmış gətirilmə əşyalar, heroqlif yazılı möhür) ilə əlaqəsi nəzərə çarpır. E.ə. II minilliyin ortalarında Altuntəpə tənəzzülə uğramış və tamamilə tərk edilmişdir.
Xarici keçid
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 400. ISBN 978-9952-441-02-4.
- ↑ V. M. Masson and V. I. Sarianidi, Central Asia: Turkmenia before the Achaemenids (trans. Tringham, 1972); review: Charles C. Kolb, American Anthropologist (1973), 1945–1948