Alkinous - Wikipedia
Alkinous (yun. Ἀλκίνους; m. II-ci yüzilliyi) — Orta platonizmin tanınmış nümayəndələrdən biri. O, müəllimlərin istifadə etdiyi "Platon fəlsəfəsinin dərsliyi" (yun. Ἀλκινόου Διδασκαλικὸς τῶν Πλάτωνος δογμάτων) adlı kitabın müəllifi idi. Bu kitab günümüzə qədər platonizmin ən dəyərli qaynaqlardan biri hesab olunur. Burada məntiq, fizika və əxlaq sahələri üzrə fəsillər vardır və onlar orta platonizm haqqında kifayət qədər dolğun təsəvvür yaradır. Kitab 36 fəsildən ibarətdir.
Alkinous | |
---|---|
Fəaliyyəti | filosof |
İlk olaraq Alkinous filosofun özəlliklərindən söhbət açır və qeyd edir ki, ən başlıcası onun fəlsəfəyə təbiət tərəfindən verilmiş vergisi olmalıdır. Onun vasitəsi ilə o dünyanın dəyişkən və axıcı olan şeyləri haqqında deyil, düşüncə ilə qavranılan biliklərə yiyələnməlidir[1]. Bundan başqa filosof ədalətli olmalı, həqiqəti sevməli, müstəqil mülahizələr irəli sürə bilməli, yalana yol verməməli, xırdaçılıqdan uzaq, ləyaqətli və təvazökar olmalı, həm də onun yaxşı qavrama qabiliyyəti və yaddaşı olmalı, mənəvi sıxıntılara düşdükdə sakitliyini itirməməlidir. Bütün bu keyfiyyətlər tərbiyə və savadla birlikdə, filosofu ərdəmə və düşüncəli həyata sahib olmağa gətirib çıxarmalıdır. Təcrübi həyata qatılmağa isə filosof məcbur olunur. Çünki ,o hiss edir ki, bununla o düzənsizliyi və qarışıqlığı ortadan qaldıra bilər[2].
Filosof üç şeylə məşğul olur: o düşünərək mahiyyətə varır, xeyir verir və nəzəri cəhətdən cümlələrin mənalarını incələyir. Mahiyyəti bilmək nəzəriyyə, davranışın necə olması təcrübə, cümlələrin mənalarını bilmək isə dialektika adlanır. Beləliklə, fəlsəfə nəzəri, təcrübi və dialektik hissələrə bölünür. Nəzəri ilahiyyat, fizika və riyaziyyatı; təcrübi xasiyyətin tərbiyə edilməsi, məişət və dövlət quruculuğunu; dialektik hissə isə hər şeyi təyin etmə, induksiya və sillogizmi əhatə edir[3].
Dialektika nitqin mahiyyətini bilməkdir. Hər bir insanda çevrədəki şeylər haqqında hökm verən onun düşüncəsi (mülahizə yeritməyin mənbəyi) və təfəkkürüdür ki, onlar da təbiət tərəfindən verilib. Onların vasitəsi ilə həqiqət yanlışlıqdan ayrılır. Təfəkkürün də iki tərəfi vardır: birincisi dərk edilmir, ancaq həqiqidir və bu Tanrıya aiddir; ikincisi şeyləri seçəndir və o həm də insanda vardır. İnsanda olan təfəkkür də ikilidir: bəzi şeyləri insan ağılla, bəzilərini isə duyğularla qavrayır. Ağılla dərk edilən elmi bilikdir. Duyğularla dərk edilən isə yaddaşla birləşərək rəy yaradır. Düşüncə bacarığı və duyğular düşüncə ilə qavranılan və rəyin əsasını təşkil edir. Duyğu bədəndə ruhun elə bir durumudur ki, o bədənə edilmiş hər bir təsirə reaksiya verir. Bu təsir zaman keçdikcə aradan qalxmazsa yaddaşa çevrilir.[4]
Daha sonra Alkinous düşüncəni, duyğu ilə qavranılanı və yaddaşı Platon və Aristotelin təlimi əsasında təhlil etmişdir. Belə ki, Platon fəlsəfəsində hər şeyin mahiyyəti kimi dəyərləndirilən dialektika Aristotelin sillogizmlər haqqında təlimi ilə birlikdə araşdırılmışdır.
Nəzəri fəlsəfəni açıqlayan Alkinous riyaziyyatdan başlayır. Riyaziyyat dialektikadan fərqli olaraq ilk başlanğıclarla bağlı deyil, ancaq bu elm rəydən üstündür, çünki sağlam düşüncə sahəsinə aiddir[5].
Dünyanın yaranması problemi üzrə Alkinous Platonun "Timeusuna" uyğun olaraq əzəldən olan və yaradılmamış üç başlanğıc haqqında söhbət açır. Bunlar maddə, "qəlib" (ya da ideya) və "Atadır" (ya da səbəbdir). Maddəni qəliblər əsasında formalaşdıran səbəb vardır. İdeya (qəlib) hər bir təbii şeyin nümunəsi, Tanrının (Atanın, səbəbin) düşündükləri, bizim tərəfimizdən ilk dərk ediləndir. Çünki, hər bir şeyi yaradan sənətkar ilk olaraq onun obrazını (qəlibini) özü-özündə yaradır, sonra ona uyğun o şeyi ortaya qoyur[6]. Deməli, bu qəliblər (ideyalar) Tanrıdadır və ona görə onunla eyniləşir. Tanrı Aristotelin "İlk mühərrikidir" və eyni zamanda Platonun yaradıcı tanrısı Demiurqosdur. O ilk Əqldir, hərəkətsizdir və hər şeyin səbəbidir.
Alkinous Əql və Ruh anlayışlarını fərqləndirirdi. Ona görə, Tanrı ilə eyniləşdirilən Əql əbədidir və yüksək dairələrə aiddir; o aktiv deyil, özü özündədir. Əqldə olan ideyaları gerçəkləşdirən isə Ruhdur. O bütün kainatı bürüyür və onun vasitəsi ilə Tanrı bu dünyada hər şeyi oluşdurur. "Timeusda" olduğu kimi, Tanrının Ruhu kiçik tanrılar dairəsinə enir və onlar təbiətdə olan şeyləri yaradır. O tanrılar göyün yeddi qatında yerləşir. Ümumiyyətlə, bütün kosmos, ulduzlar, planetlər canlıdırlar, dünyanın Ruhunu təşkil edirlər.[7]
Göyün yeddi qatının olması qədim zamanlarda yerin kainatın mərkəzində durması; günəşin, ayın və daha 5 planetlərin onun ətrafında fırlanması inancından yaranmışdır. Həmin inanca görə, onların tutduğu məkan və hərəkət etdiyi fəzalar göylərdir. Göylərin yeddi qatdan ibarət olması haqqında Yəhudilik, Xristianlıq və İslamda da rəvayətlər vardır. Göylərin yeddi qatdan ibarət olması haqqında Yəhudilik, Xristianlıq və İslamda da rəvayətlər vardır.
Aristoteldə olduğu kimi, Alkinous yerin dünyanın mərkəzində yerləşdiyini və başqa planet və ulduzların onun ətrafında fırlandığını iddia edirdi[8]. Yerin özü də bir tanrıdır. Planetlərarası məkan isə efirlə doludur. Qeyd edilməlidir ki, göyün yeddi qatının olması inancı qədim zamanlarda yerin kainatın mərkəzində durması, eləcə də günəşin, ayın və daha 5 planetlərin onun ətrafında fırlanması inancından yaranmışdır. Həmin inanca görə, onların tutduğu məkan və hərəkət etdiyi fəzalar göylərdir.
İnsanı tanrılar yer, od, su və havadan yaratmış, ona ruh vermişdirlər. Bu ruhun bir neçə hissəsi vardır[9]. Birincisi başda yerləşən düşünən hissədir. İkincisi duyan hissədir ki, o bir qədər aşağıdadır. Bir başqası nəfsi hissədir ki, o qarından aşağıda yerləşir. Ölməz olan yalnız düşünən hissədir ki, onu tanrılar birinci Tanrıdan alıb insanın baş tərəfinə yerləşdirmişdirlər[10]. Bunu edərkən, ona bədənlə birlikdə ölən "duyan" və "nəfsi" hissələrini də əlavə etmişdirlər. Bu hissələr bir-biri ilə çarpışır deyə, insan birmənalı varlıq deyildir.
Bu kontekstdə də Alkinous əxlaq problemlərini araşdırmış və stoaçılar kimi belə bir nəticəyə gəlmişdir ki, xoşbəxtliyin şərti ərdəmdir. Məqsəd isə ərdəmlə dolu həyat sürərək tanrılara bənzəməkdir.[11]
"Platon fəlsəfəsinin dərsliyi" kitanının müəllifliyi XX yüzilliyin ortalarına qədər başqa filosof Albinusa aid edirdilər. Sonra bunun səhv olduğu məlum oldu.
Mənbə
redaktə- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 205-209. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16..
Həmçinin bax:
redaktəİstinadlar
redaktə- ↑ Alcinous. The Handbook of Platonizm Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine / Translated by J. Dillon. Press, 2002, p. 3.
- ↑ Alcinous. The Handbook of Platonizm Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine / Translated by J. Dillon. Press, 2002, pp. 3-4.
- ↑ Alcinous. The Handbook of Platonizm Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine / Translated by J. Dillon. Press, 2002, pp. 4-5.
- ↑ Alcinous. The Handbook of Platonizm Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine / Translated by J. Dillon. Press, 2002, pp. 6-8.
- ↑ Alcinous. The Handbook of Platonizm Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine / Translated by J. Dillon. Press, 2002, pp. 13-14.
- ↑ Alcinous. The Handbook of Platonizm Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine / Translated by J. Dillon. Press, 2002, p. 16.
- ↑ Alcinous. The Handbook of Platonizm Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine / Translated by J. Dillon. Press, 2002, pp. 23-24.
- ↑ Alcinous. The Handbook of Platonizm Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine / Translated by J. Dillon. Press, 2002, p. 25.
- ↑ Alcinous. The Handbook of Platonizm Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine / Translated by J. Dillon. Press, 2002, p. 27.
- ↑ Alcinous. The Handbook of Platonizm Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine / Translated by J. Dillon. Press, 2002, p. 31.
- ↑ Alcinous. The Handbook of Platonizm Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine / Translated by J. Dillon. Press, 2002, p. 40.