Alesia Savasi - Wikipedia
Alesia savaşı və ya mühasirəsi — e.ə. 52-ci ildə Qay Yuli Sezarın başçılıq etdiyi Roma ordusu ilə Versinqetorikin rəhbərliyi alyındakı Qalliya ordularının toqquşmasıdır. Bu hadisədən sonra Qalliya torpaqları bütün azadlıqlarını ititrərək Romanın əyalətinə çevrildi. Alesia savaşı həmçinin Yuli Sezarın hərbi dühasının ən böyük nümunnələrindən hesab olunur və dünya hərb tarixinə mühasirə döyüşünün nadir nümunələrindən biri kimi düşüb.
Alesia savaşı | |
---|---|
Tarix | sentyabr e.ə. 52 |
Yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bir çox tarixçi bu savaşın müasir Fransa ərazisindəki Alise-Sainte-Reine şəhəri yaxınlığında baş tutduğunu desə də, Yuli Sezarın şəxsi qeydlərində təsvir etdiyi ərazilər bu bölgəylə uyğun gəlmir, bu səbəbdən də döyüşün yeri barədə müxtəlif fikirlər səsləndirirlir.[1]
Döyüş zamanı qalliyalılar romalılardan 4 dəfə çox idi. Həmin dövrün tarixçiləri ilə yanaşı, Yuli Sezarın "Qalliya müharibəsi ilə bağlı qeydlər" ( it. Commentarii de Bello Gallico) əsərində də Alesia savaşı ətraflı təsvir edilib. Bu döyüşdən sonra Roma Respublikası müasir Fransa və Belçika ərazilərini tam nəzarəti altına aldı. Roma Senatı bu qələbə münasibətilə Sezarı 20 günlük şükranla təltif etdi.[2]
Savaşdan əvvəlki vəziyyət
redaktəRoma ənənələrinə görə 2 illik konsulluq müddətini tamamlayan şəxslər Roma vilayətlrində 1 il müddətinə prokonsulluq etmək hüququ qazanırdılar. E.ə. 58-ci ildə Qay Yuli Sezar Romanın 3 vilayətində - Cisalpine Qalliya, Transalpine Qalliya və İlliriyada prokonsulluq etmək hüququ qazanmışdı, üstəlik bu vəzifədə misli görünməmiş şəkildə 5 il müddətində qala bilmişdi. E.ə 54-cü ildə I Triumviratın dağılması və Romada Gənc Katonun ona qarşı güclü müxaliftinin yaranması ilə Sezarın siyasi mövqeyi xeyli zəifləmişdi. Bununla belə, Qalliya savaşlarında qazandığı uğurlar həm Romanın, həm də Sezarın sərvətini xeyli artırmışdı.
Bu uğurlra baxmayaraq, Sezar Qalliya ərazisindəki üsyanları yatırmaq üçün tez-tez səfərlər təşkil etməli olurdu.
E.ə 54-53cü illər aralığındakı qışda Karnutlar Sezar tərəfindən təyin edilmiş, Roma tərəfdarı karalları, Tasqetiusu öldürdülər. Sezar onlara qarşı bir legion göndərdi.[3] Ardınca isə əvvəllər Sezar tərəfindən məğlub edilmiş Eburonlar Ambiorikin başçılığı ilə üsyan qaldırdılar. Onlar, Kvintis Titurius Sabinusun başçılığı altındakı XIV legionu məğlub edərək bölgədə nəzarəti ələ aldılar. Bu hadisə Roma ordusunun qalliyalılara qarşı tarixdə məlum olan ilk məğlubiyyəti idi.[4] Bundan sonra, Qalliyanın müxtəlif tayfalarında da Roma işöalına qarşı üsyan əhval-ruhiyyəsi artdı. Eburonlar, Atuatukların, Nervilərin və bir sıra başqa kiçik tayfaların dəstəyini qazanaraq Kvintis Siseronun düşərgəsini mühasirəyə aldılar. Sisero Qalliyalıların hücumuna qarşı müqavimət göstərməkdə çətinlik çəkirdi, çünki Qalliyalılar artıq romanlılar mühasirə taktikalarını və texniki bacarıqlarını mənimsəmişdilər.[5] Bu səbəbdən də o, dəstək üçün Sezara xəbər göndərdi. Sezar Samarobrivaya iki legion göndərdi və qalliyalıları məğlub etdi. Ardınca isə Samarobrivanı öz qərarghına çevirərək üsyançılarla mübarizəyə başladı. Roma sərkərdəsi Titus Labienus həmin dövrdə Treverilərin üsyanını yatırtmış və liderlərini öldürmüşdü. Bununla belə şimalda Senonların üsyanıbaşlamışdı. Heduylar və Remlər isə Romaya sadiq tayfalar idi.[6]
Sezar iki yeni legion yığdı və Pompeydə bir yeni legion da aldı. Bununla da onun Qalliyadakı legionlaırnın sayı ona çatdı. Sezar Nervilərin üzərinə sürətli hücumə keçərək onların torpaqlarını tutdu və çoxlu qənimət əldə etdi. Ardınca isə Heduyların və Remlərin vasitəçiliyi ilə digər tayfalarla sülh bağlandı və onlara Roma tərəfdarı olan rəhbərlər təyin edildi. Yalnız Akko adlı Qalliya şahzadəsi əsir götürülərək edam edildi. Eburonlar isə tamamilə qılıncdan keçirildi. Germaniya meşələrinə qaçan Ambiorikin ələ keçirilməsi üçün buradan topladığı muzdlu ordunu və yerli tayfaları vəzifələndirdi, öz legionlaırnı isə Qalliya tayfalarına nəzarət etmək üçün onların ərazilərində yerləşdirərək şimali İtaliyaya qayıtdı.
Savaşın başlaması
redaktəSezarın sərt və mərhəmətsiz müdaxilələri Qalliyadakı etirazları səngitmədi. İlk olaraq yenə də Karnutlar Roma tərəfdarı rəhbərlərini öldürərək üsyan qaldırdı. Xəbər tezliklər bütün Qalliyaya yayıldı. Arvernlərin sərkərdəsi Versinqetorik öz tayfasını üsyan etmək üçün səslədi, lakin bu təklif qəbul edilmədi və onu paytaxt Qerqoviadan qovdular. Versinqetorik ətraf ərazilərdən ordu topladı və Qerqoviaya hücum edərək rəqiblərini məğulb edib özünü kral elan etdi. Bundan sonra Qalliyanın bir çox tayfası, Parisilər, Lemoviklər, Piktonlar, Andevaklar və digərləri onun ordusuna qatıldı. Həmçinin, kelt qəbilələrinin rəhbəri Lukterius da onlara dəstək verdi.
Sezar təcili olaraq üsyanı yatırmağa başladı. İlkin olaraq bir sıra Qalliya şəhərləri ələ keçirildi və qaçan Lukteriusun izinə düşdü. Bituriqlərin paytaxtı Avarikum şəhərini 27 gündən sonra ələ keçirib 40 min əhalini qılıncdan keçirdi. Bu dövrdə Versinqetorikin daha böyük ordusu olsa da o, açıq döyüşdən çəkinirdi. Sezar Titus Labienusu şimala, Senonların və Parisilərin üsyanını yatırtmağa göndərdi. Özü isə Arvernlərin paytaxtı Qerqoviaya hücum etdi. Lakin Versinqetorik Qerqoviayla əlaqə yaradan Allier çayı üzərindəki bütün körpüləri dağıtmağı əmr etdi. Sezar şəhərin çölündə döyüşmək istəsə də Versinqetorik bunu etmədi. Bu vaxt Romaya sadiq Heduylar da üstançıların tərəfinə keçdi. Sezar Labienusun ordusu ilə birləşərək əvvəl Bellovakları məğlub etdi, ardınca isə Heduyların torpaqlarına hücum etdi.
Bu vaxt Bibrakte şəhərində Qalliya tayfalarının ümumi məclisi toplandı və Versinqetoriki Birləşmiş Qalliya ordularının komandanı elan etdilər. Bu vaxt Sezar Linjonların torpaqlarına getdi, yeni əsgərlər yığdı və ordusunu german muzdlu süvariləri ilə gücləndirdi. Sezarın ordusu Dijonun şimal-qərbində Versinqetorkin hücumuna məruz qaldı, lakin bu hücumun qarşısı əks-hücumla alındı və Versinqetorik geri çəkilərək Alesia şəhərinə sığınmağa məcbur oldu.[7]
Alesia mühasirəsi və döyüşü
redaktəMühasirə
redaktəAlesia oppidum (yüksək ərazidə salınmış müdafiə məqsədli) adı verilən, yaşayış məntəqəsi idi. Versinqetorik 80 minlik ordu ilə burada idi və əhalini də nəzərə alaraq Sezar qərara aldı ki müdafiəçilərin əzmini onları aclığa məhkum edərək qırmaq olar. Bu məqsədlə də şəhərin ətrafına 16 kilometr uzunluğunda mühasirə səddi çəkməyi əmr etdi. Həmçinin şəhər ətrafına 6 metr genişliyəndə xəndəklər qazdırdı. Versinqetroik vəziyyətin ciddiliyini anlayaraq ətrafdakı Qalliya tayfalarına xəbər göndərərək köməyə gəlmələrini istədi. Bundan xəbərdar olan sezar orduya ikinci səddin inşasını əmr etdi. 21 kilometr uzunluğundakı bu sədd isə köməyə gələcək Qalliya ordusundan müdafiə məqsədli idi.[8]
Bu müddət ərzində Alesiada ərzaq qıtlığı başlamışdı, şura toplandı və xəstələrlə yaşlıları şəhərdən çıxarmaq qərarı aldı. Bir çox sakinlər romalıların əsir götürüb bəsləyəcəyi ümidilə arvadlarını və uşaqlarını da şəhərdən çıxardı. Lakin Sezar onlaır düşərgəyə almağı qadağan etdi və bu şəxslər aclığa və ölümə məhkum oldu.
Savaş
redaktəBu müddət ərzində Qalliya ordusu şəhərə çatmış və Roma sədlərindən bir mil aralıdakı təpədə düşərgə salmışdı. Növbəti gün isə onlar düşərgələrini şəhərin yaxınlığına daşıdılar. Sonra isə onlar romalıların çöl səddinə hücum etdilər. Eyni zamana şəhərdəki ordu da mühasirə səddinə hücum etdi. Lakin bu hücum uğursuz oldu. Növbəti hücum gecə təşkil edildi. Bu zaman Mark Antoni və Kaius Treboniusun Sezara dəstəyə gəlməsi xəbərləri gəldi. Səhərin ilk işıqları ilə birlikdə şəhərin çölündəki qaliyalıları mühasirəyə düşdüklərini düşünərək geri çəkildilər. Versinqetorikin başçılıı altındakı ordu isə roma xəndəklərini doldurmağa çox vaxt itirdi və bu hücum da uğursuz oldu.
Qalliyalılar romalıların çöl səddinin şimal hissəsində zəif nöqtə olduğunu təsbit etmişdilər. Roma ordusu bura iki legion yerləşdirmişdi. Qalliyalılar 60 min nəfərlik dəstəyə Versinqetorikin yaxın qohumu Verkassivellaunusu başçı təyin etdilər və gün batımından sonra onun buraya hücum edəcəyini qərara aldılar, Versinqetorik isə eyni vaxtda romalıların iç səddində zəif hesab etdiyi bir nöqtəyə hücum etdi. Sezar, Labienusu 6 süvari kohortu ilə birlikdə zəif nöqtənin köməyinə göndərdi.[9] Brutusu altı süvari kohortu, Kaius Fabiusu isə 7 süvari kohortu ilə daxili səddi qorumaöa göndərdi. Nəhayət özü başçılıq etiyi ordu ilə dəstəyə getdi və hücum dəf edildi.[10]Daha sonra Sezar Labienusun köməyinə getdi. Dörd kohort hazırlandı və süvarilərin bir hissəsi ilə istehkamı tərk edərək qalliyalılarn çöldəki qüvvələrinə hücum etmək əmri verildi. Labienusun ordusu məğlub olmaq ərəfəsində ikən Sezar cəld davranmaq üçün ordusuna nizələrini atıb qılıncları ilə hücuma keçmək əmri verdi. Bu zaman süvarilər cəld şəkildə hərəkət edə bildi və tezliklə qalliyalılar mühasirəyə alınaraq qılıncdan keçirildi, ordunun qalan hissəsi düşərgələrdə qaçmalı oldu. Sezar əsgərərinə dedi ki, bütün günün əməyinin müjkafatını almaq üçün düşmən ordusunu tamamilə məhv etmək lazımdı. Roma süvariləri qaçan qalliyalıların izinə düşü və onların çoxunu öldürdü.
Növbəti gün Versinqetorik Qalliya şurasını topladı və romalılarla razılığa gəlmək üçün özünün öldürülməsini və ya canlı olaraq Sezara təslim edilməsini təklif etdi. Sezar isə qalliyalıların silahlarını və bütün liderlərinin təslim edilməsini tələb etdi. Tayfa rəhbərləri gətirildi və Versinqetorik təslim oldu. Bütün əsirlər roma əsgərlərin döyüş qəniməti kimi verildi, Heduylar və Arvernlər isə göstərdikləri qəhrəmanlığa görə bağışlandı.[11]
Əhəmiyəti
redaktəPaul K. Davies yazır ki, Sezarın birləşmiş Qalliya ordusu üzərindəki qələbəsi Romanın Qalliya torpaqlarındakı 500 illik hakimiyyətinin təməlini qoydu.[12]
İstinadlar
redaktə- ↑ "Alésia Mandubiorum l'Hypothèse jurassienne" (French). July 20, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 9, 2011.
- ↑ Julius Caesar, Commentarii de Bello Gallico 7.90
- ↑ Julius Caesar, Commentaries on the Gallic Wars, 5.24–25
- ↑ Julius Caesar, Commentaries on the Gallic Wars, 5.28–37
- ↑ Julius Caesar, Commentaries on the Gallic Wars, 5.38–45
- ↑ Julius Caesar, Commentaries on the Gallic Wars, 5.54–56
- ↑ Julius Caesar, Commentaries on the Gallic Wars, 7.66–68
- ↑ Julius Caesar, Commentaries on the Gallic War, 7.70
- ↑ Julius Caesar, Commentaries of the Gallic Wars, Book VII.86
- ↑ Julius Caesar, Commentaries of the Gallic Wars, Book VII.87
- ↑ Julius Caesar, Commentaries of the Gallic Wars, Book VI.88
- ↑ Paul K. Davis, 100 Decisive Battles from Ancient Times to the Present: The World’s Major Battles and How They Shaped History (Oxford: Oxford University Press, 1999), 56.