Asurbeyovun Evi - Wikipedia
Aşurbəyovun evi — Teymur bəy Aşurbəyovun sifarişi ilə oğlu Bala bəy Aşurbəyova toy hədiyyəsi olaraq tikilmiş ev. Bina 1904-cü ildə tikilib və memarı İosif Qoslavskidir.[1][2] Bu bina Bakı şəhərinin baş memarı olmuş Qoslavskinin son işidir.[3] Bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[4]
Aşurbəyovun evi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Vidadi küçəsi |
Memar | İosif Qoslavski |
Sifarişçi | Teymur bəy Aşurbəyov |
Tikilmə tarixi | 1904 |
Kateqoriya | Bina |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəAşurbəyovun evi Qoqol, 28, Tserkovnıy küçəsinin tini, 148 və Kamenistaya, 189 küçələrində yerləşir. Bina 1904-cü ildə Teymur bəy Aşurbəyovun sifarişi ilə İ. Qoslavski tərəfindən tikilib. Şəhərin mərkəzi məhəllələrinin birində yerləşən bina üç mərtəbəlidir və kvadrat sahəyə malikdir. Qoqol və Kamenistaya küçələri tərəfə olan otaqlar ikisıralıdır. Tserkovnaya küçəsinə baxan kürsü və düzbucaq həyət sahəsində olan bütün tikili birsıralı və yığcamdır. Pilləkənlər qarşılıqlı perpendikulyar oxla yerləşiblər, giriş və arxa pilləkənlər əsas divarların strukturunda məsul pozisiya tuturlar. Qismən təcrid olunmuş dolayı qalereya mövcuddur. Binanın küncləri 45° kəsilib, otaqlar genişdir. Mərtəbələrdə balkon var, künclər isə açıq erker üslubludurlar.[1]
Binanın fasadında isə "T. A. A. "- Teymur bəy və Aslan bəy Aşurbəyovlar- adlı tuğra var idi. Bala bəy binanın o vaxtkı Tserkovnıy və Kamenistaya küçələri tərəfə açılan ön qapıların üzərində naxışlar etmək üçün Bakının məşhur nəqqaşını dəvət edir. Təəssüf ki, bu işləmələrin yalnız bir hissəsi – "Oazis" rəsmi – bugünkü günə gəlib çıxa bilib.
Tarixi
redaktəBinanı Teymur bəy Aşurbəyov öz oğlu Bala bəy Aşurbəyov üçün toy hədiyyəsi kimi tikdirib. Binanın birinci mərtəbəsində onların öz şirkətlərinin ofisi və gürcü şahzadəsi Dadianinin mənzili yerləşirdi. İkinci mərtəbədə isə Bala bəy öz ailəsi ilə birlikdə, üçüncü mərtəbədə isə Bala bəyin valideynləri qardaşı Əli bəy ilə birlikdə yaşayırdılar. [3]
1918-ci ildə baş vermiş Mart qırğınları zamanı ailə Sabunçuda gizlənməyə məcbur olur. Evi daşnaklardan qoruyan isə Aşurbəyovların qızlarının fransız baxıcısı madmazel Qreylo olur. Bu evdə doğulmuş tarixçi alim Sara Aşurbəylinin xatirələrinə görə fransız baxıcı evin qapısına Fransa bayrağı asıb və özünü də Fransa təbəəsi kimi göstərərk evin böyük bir qisminin dağıdılmasının qarşısını alıb, lakin evin digər hissəsində basqın edən daşnaklar Əli bəyin mənzilini tamamilə talayıb apara bilmədiklərini isə qırıblar. Bu qırğınlar zamanı evin dəbdəbəli 4 metrlik güzgüləri, gözəl fiqurlu oboyları və əsas qapının divar rəsmləri məhv olur. Aşurbəyovlar evə ancaq Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra qayıda bilirlər.[5]
1920-ci ildə aprel işğalından sonra Aşurbəyovların da evi müsadirə olunur. Bala bəy Aşurbəyov öz ailəsi ilə birlikdə İstanbula köçür və 1925-ci ilə qədər orda yaşayır. 1925-ci ildə təqiblərin bitdiyinə inanan o ailəsi ilə birlikdə geri Bakıya dönür. 1937-ci ildə isə Stalin repressiyasının qurbanı olaraq güllələnir.[3]
Şəkillər
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Şamil Fətullayev. Bakının memarlıq ensiklopediyası (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 247. ISBN 978-9952-32-020-6.
- ↑ Şamil Fətullayev. Bakı memarları XIX əsrin sonu - XX əsrin əvvəlində (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 204. ISBN 975 9952-32-046-6.
- ↑ 1 2 3 Olqa Bulanova. "Тайны Баку: Дом Ашурбековых / Bakının sirrləri: Aşurbəyovların evi" (rus. ). azerhistory.com. 14 may 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 may 2020.
- ↑ "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2 avqust 2001. 7 iyul 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 aprel 2022.
- ↑ Fuad Axundov. "Дом Ашурбекова (Баку, ул. Гоголя 28)" (rus. ). ourbaku.com. 13 may 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 may 2020.