Asiqliq - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Azərbaycan xalqının fəlsəfi mədəniyyətinin intensiv inkişafının daha da artdığı Hacıbəyovdən sonrakı dövrdə peşəkar bəstəkarlıq yaradıcılığında musiqi təfəkkürünün formalaşmasını nəzərdən keçirərkən və tədqiq edərkən baş verən təzahürün həlledici mənbələrinin rolunun təhlilinə diqqət yetirəcəyik. Yəni – aşıq sənəti, kamil muğam qatları və müasir bəstəkarlıq yaradıcılığının yeni üslub xüsusiyyətləri kimi musiqi mədəniyyəti mənbələrindən Ü. Hacıbəyov yaradıcılığı əsasında uğurla və çox həssaslıqla istifadə nəzərdə tutulur.
Xalq yaradıcılığında mövcud olan aşıq sənəti üçün yeni keyfiyyət xüsusiyyətləri xasdır ki, bunlar da milli irs kimi Azərbaycanda peşəkar bəstəkarlıq yaradıcılığının əvəzolunmaz və çox mühüm mənbəsi hesab edilir. Bu irs sitat xarakterli deyildir, çox taktla və yerində intonasiya, metroritm, səciyyəvi səslənmələr, obrazlı tərkib hissələrdən istifadə edir. Bu da təbiidir, belə ki, aşıq sənəti Azərbaycan cəmiyyətinin mənəvi aləminin ruhunda və qanındadır.
Xalqın tarixi dəyəri və mənəvi inkişaf səviyyəsi həmin xalqa mənsub yaradıcı şəxslərin yaradıcılıq fəaliyyət nəticələri ilə müəyyən olunur. Təbii ki, Azərbaycan xalqının yaradıcılıq istiqamətlərindən bir də çoxəsrlik aşıq musiqisində təzahür olunur. Bu, xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Bu incəsənət növündə poeziya, musiqi, rəqs, ifaçılıq sintezi özünü göstərir.
Aşıq musiqisi, aşıq insanın mənəvi dəyərlərini, əməllərini tərənnüm edir və bundan ilham alır. Aşıq sənətinin əsas mövzuları – məhəbbət və təbiət gözəlliyi, insan və onun əməlləridir. Özü də bu yaradıcılıq prosesi sintez, yəni teatrlaşdırılmış şəkildə improvizator aşıq tərəfindən sazda ifa kimi tərənnüm olunur. Əlbəttə, son zamanlarda aşığı Azərbaycan xalq çalğı aləti olan balaban ifaçıları da müşayiət edir.
Aşıq sənəti X–XII əsrlərdə yeni ictimai səslənmə təzahürü kimi formalaşaraq mənəvi-tərbiyəvi vasitəyə çevrilmiş və cəmiyyətin sosial-iqtisadi və kulturoloji sahələrində azəhəmiyyətli rol oynamamışdır. O, Azərbaycan estetik fikir ənənələrini qoruyub saxlayaraq, poetik və fəlsəfi fikrin dahi, bənzərsiz mütəfəkkir Nizami Gəncəvi kimi nəhənginin irsini təbliğ edərək sadə xalq arasında musiqi təfəkkürü fəlsəfi mədəniyyətinin carçısına çevrilir. Aşıq sənəti indi də bütün xalqın musiqi-yaradıcılıq düşüncəsində öz ictimai əhəmiyyətini saxlamaqdadır. Onun mənbələrindən indiki peşəkar bəstəçilər də dəyərlənir və öz yaradıcılıqlarında ondan çox uğur və dəqiqliklə istifadə edirlər.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Azad Nəbiyevin "Azərbaycan aşıq məktəbləri" (Bakı, 2004) əsəri aşıq sənətinin tədqiqi sahəsində fundamental, elmi-nəzəri bir tədqiqatdır. Bu əsər, demək olar ki, Azərbaycanda mövcud olan bütün bölgələri və aşıq məktəblərini, onların səciyyəvi xüsusiyyət və fərqlərini əhatə edir. Muəllif Anadolu, Şirvan, Zaqatala, Təbriz, Göyçay, Qarabağ aşıq məktəblərini, onların mühitini, yaradıcılıq prosesi üslub və metodlarını qeyd edir. Bununla belə tədqiqatçı A. Nəbiyev də belə bir qənaətə gəlir ki, təşəkkül tapmış bölgə aşıq məktəblərindəki aşıq sənəti bədii təsir gücü ilə daim xalq yaradıcılığı mənbəsi olmaqla bərabər, insanın həyatı kimi sonsuz problemlərlə də qarşılaşır. Faktiki olaraq alim belə bir fikrə gəlir ki, aşıq sənəti nəinki xalqın istəklərini tərənnüm edir, həm də xalq yaradıcılığı bulağı olmaqla xalqın spesifik mədəniyyətinin formalaşmasına çox güclü təsir göstərir və mədəniyyət yaradıcıları üçün ilham mənbəyi kimi çıxış edir.
Aşıq sənəti – Azərbaycanda xalq mühitində yaranmış şifahi xalq yaradıcılığı musiqi formasıdır və təsir gücü, məşhur olması və kamilliyi baxımından analoqu olmayan bir təzahürdür – bu, kiçik bir tamaşadır, burada musiqi improvizatoru, söz və şer sətirlərinin müəllifi, musiqi alətində – sazda ifaçı və rəqs edən bir simada – aşığın simasında özünü göstərir – bu təzahür nəinki dərin müdrikliyə, böyük bədii təsir gücünə malikdir, tarixi keçmişi və ifaçının müasiri olan adamların mənəvi dəyərlərini tərənnüm edir və xalq kütlələrinin estetik tələblərini ödəyir, həmçinin xalq yaradıcılığının müdriklik qatlarından irəli gələn musiqi təfəkkürü fəlsəfi mədəniyyətin hərəkətverici qüvvəsi olan bir formadır.
Bu bədii yaradıcılıq formasının kökləri xalqımızın dərin tarixinə, mövcudluq təcrübəsinə dayaqlanır və həyatın özündən zənginləşir. Aşıq musiqisinin mövzuları həyatın özü kimi çox rəngarəngdir – xalqın azadlıqsevərliyi, oğul və qızların qəhrəmanlığı, onların cəsur əməlləri, səciyyəvi milli xüsusiyyət kimi alicənablıq, düzgünlük və xeyirxahlıq mənəvi dəyərlər kimi.
Öz yaradıcılığında ən yaxşı şair, xanəndə, musiqiçi və aktyor xüsusiyyətlərini cəmləşdirən bir sıra aşığın adını qeyd edək – Qurbani, Tufarqanlı Abbas, Xəstə Qasım, Sarı aşıq, Aşıq Ələsgər…
Azərbaycanda aşıq sənətinin tarixini tədqiq etməyi qarşımıza məqsəd qoymuruq, çox mürəkkəb olan və xalq tərəfindən çox sevilən bu incəsənət janrının xalqın fəlsəfi mədəniyyətinin formalaşmasında rolunu və əhəmiyyətini qeyd etmək istəyirik. Azərbaycanda aşıq sənətinin dərin tarixi inkişaf mərhələlərindən söhbət açan bir sıra ədəbi mənbələr bizə məlumdur. Sənətşünaslıq elmi sahəsində professor Tariyel Məmmədovun "Azərbaycan aşıqlarının ənənəvi havaları" adlı doktorluq dissertasiyasını qeyd etmək olar. Bu tədqiqatda bilavasitə xanəndə-dastançı aşıqların dilindən dinlənilən əsərlərin musiqi-poetik dili, metroritmikası, forması araşdırılır.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Qara Namazov "Azərbaycan aşıq sənəti" adlı kitab yazmışdır ki, burada çoxəsrlik inkişaf dövrü keçmiş, məhəbbəti, insanın alicənab əməllərini, onun istək və arzularını tərənnüm edən aşıq sənətinin kökləri, mənbələri açıqlanır. "Əsli və Kərəm", "Qurbani", "Abbas və Gülgəz", "Aşıq Qərib", "Məsum və Diləfruz", "Əmrah", "Tahir və Zöhrə", "Koroğlu" kimi Azərbaycan aşıq dastanlarının adlarını çəkmək olar.
Parlaq, güclü təsirə malik xarakterik musiqi obrazı ilə birgə bədii sözün təsir gücü artıq bir çox əsrlərdir ki, nəinki romantik məhəbbət və əzab-əziyyət, eləcə də doğma torpağa, vətənpərvərliyə, xalq adət və ənənələrinə sədaqət zəminində xalqın həm musiqi təfəkkürünü, eləcə də fəlsəfi mədəniyyətin mənəvi sahəsini formalaşdırır. Aşıqlar çoxsimli sazda "Cəngi" qəhrəmanlıq obrazlarını xüsusilə parlaq yaradırlar. Aşıqların bədii yaradıcılıqlarında Azərbaycan xalqının estetik keçmişi və bu günü təkrarsız orijinallıqla, bədahətən improvizasiya ilə, saz və oxunun lirik səslənmə və teatrlaşdırılmış cəlbediciliklə xalq musiqi təfəkkürünün canına və qanına hopmuşdur.
Klassik Azərbaycan aşıq lirikası haqqında müasirimiz akademik Həmid Araslı çox dəqiq demişdir: "Orta əsrlərdə adamların insan şəxsiyyətinin azadlığı uğrunda apardıqları mübarizənin ilk pillələrində mənəvi azadlıq qəlb aləmində, məhəbbət aləmində azad idi: bərabərlik mövzusu eşq mövzusunda əks olunurdu".
Aşıq sənəti dünyada baş verən kataklizmlər, təzadlardan asılı olmayan bir vəziyyətdə mövcuddur. Onun xalq yaradıcılığından irəli gələn öz qanunauyğunluqları vardır ki, bu yaradıcılıq məişətdə yaşayır və təkmilləşərək daha mühüm həyatı problemlər, mövzu və musiqi ifası irəli sürərək yaşayacaqdır. Məsələn, Qazax aşığı Ədalət çox simli sazında çalarkən forma, məzmun və hətda səslənmə həcmi etibarilə elə bil simfonik əsər yaradır. İndi bir çox aşıqlar qəhrəmanlıq əməllərinə, məhəbbətə, lirik əhval-ruhiyyəyə səsləyən sözsüz musiqi ifa edirlər.