1994 Azerbaycanda Dovlet Cevrilisine Cehd - Wikipedia
1994-cü il Azərbaycanda hərbi çevrilişə cəhd – 1994-cü il oktyabrın 2-də Azərbaycanda Baş nazir Surət Hüseynovun rəhbərliyi ilə baş vermiş qiyam cəhdidir. Bu, Surət Hüseynovun artıq ikinci qiyamı idi.
1994 Azərbaycanda hərbi çevrilişə cəhd | |||
---|---|---|---|
| |||
Tarix | 2–5 oktyabr 1994 | ||
Yeri | Azərbaycan | ||
Nəticəsi |
Qiyam yatırıldı Surət Hüseynov vəzifədən kənarlaşdırıldı |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
Səbəbləri
redaktəBirinci dəfə 1993-cü il iyunun 4-də Gəncədə qiyama başlayan polkovnik, 709-cu hərbi hissənin komandiri, Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, "Yun" zavodunun direktoru və nəhayət, Milli Qəhrəman Surət Hüseynov Elçibəy hakimiyyətinin süqutuna səbəb olmuşdu. Surət Hüseynov ilk dəfə 1993-cü ildə, Elçibəy komandasının neft müqavilələri bağlamaq üçün iyunun 30-da Böyük Britaniyaya səfəri ərəfəsində qiyam qaldırmışdı. Bu dəfə də S.Hüseynov növbəti dəfə Heydər Əliyevin başçılığı ilə 20 sentyabr 1994-cü ildə imzalanan neft kontraktları – "Əsrin Müqaviləsi"ndən dərhal sonra qiyama başladı. Heydər Əliyev də 1999-cu ildə Washington Post qəzetinə verdiyi müsahibədə bu qiyamın Azərbaycanın neft lahiyələrinə mane olmaq üçün Rusiya tərəfindən təşkil edildiyini deyib.
1994-cü ildə Qarabağ müharibəsinin dayandırılması üçün Bişkek protokolu imzalandıqdan sonra Heydər Əliyev ilə Surət Hüseynov, həmçinin Cavadov qardaşları arasında müharibənin dayandırılması, neft müqavilələri və iqtisadiyyatın idarəolunması barəsində ziddiyyətlər getdikcə dərinləşməyə başladı. 1994-cü ilin yayı H.Əliyev və S.Hüseynov arasında açıq qarşıdurmalarla keçir. Surət Hüseynov Əliyevin getdikcə Qərbpərəst mövqeyindən, Qərb şirkətləri ilə neft müqavilələri imzalamasından və Əliyevin yaxınlarının və uzun müddətdir ortağı olan spiker Rəsul Quliyevin əsas rol oynadığı özəlləşdirmədən narazılığını gizlətmir.[2] Xarici neft şirkətləri, BVF və Dünya Bankı fəal hərbi əməliyyatlar gedən ölkələrə investisiya yatırmadıqları üçün onlar neft müqaviləsinin imzalanması üçün Qarabağda atəşkəs imzalanmasını istəyirdilər. Atəşkəslə bağlı H. Əliyevə hakimiyyətdaxili müxalifət yarandı. Bu müxalifətin aparıcı fiqurları Şəmsi Rəhimov və Afiyəddin Cəlilov idi. BVF-n investisiya şərtlərindən biri enerji daşıyıcılarına və əsas qida məhsullarına daxili bazarda qiymətlərin azad buraxılması (liberallaşdırılması) idi. 1994-cü ilin avqustunda S. Hüseynov Respublika qəzetində Nazirlər Kabinetinin alternativ iqtisadi siyasət paketini açıqlamış və qiymətlərin liberallaşdırılmasına qarşı çıxmışdı. Buna etiraz edən H. Əliyev o zaman televiziya vasitəsilə çıxış edərək, "Baş nazirə Prezidentə müxalif olmaq yaramaz" dedi. Bu zamandan etibarən Prezidentlə Baş nazir arasındakı gərginlik getdikcə artmağa başladı.[1] Bundan başqa S.Hüseynov xarici neft şirkətlərinə Azərbaycanın neft yataqlarında 10%-dən artıq pay verilməsinə etiraz etsə də, H.Əliyev xarici şirkətlərə daha çox pay verilməsinə razılıq vermişdi.[3]
1994-cü ildə bağlanan "Əsrin Müqaviləsi"nin danışıqları məxfilik şəraitində aparılmış və Rusiya KQB-si bundan vaxtında xəbər tuta bilməmişdi. Sabiq dövlət müşaviri Vəfa Quluzadə qiyamın niyə neft kontraktlarından əvvəl deyil, sonraya təsadüf etməsini bununla əsaslandırırdı. Həmin müqavilənin imzalanmasından sonra Azərbaycanda bir neçə fövqəladə hadisə baş verir. Sentyabrın 21-dən 22-nə keçən gecə dövləti cinayətlərdə təqsirləndirilən 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırılır. Bunlar 1993-cü ilin iyununda Azərbaycanda Talış-Muğan Muxtar Respublikasının yaradılmasına çağırış edən, əvvəllər müdafiə nazirinin müavini olmuş Əlikram Hümbətov, həmçinin keçmiş müdafiə naziri Rəhim Qazıyev, Baba Nəzərli və Arif Paşayev idi. H.Əliyev televiziyada çıxışında bu hadisəni bir gün əvvəl Qərb konsorsiumu ilə müqavilənin imzalanması ilə əlaqələndirir.[2] O vaxt Dövlət Təhlükəsizliyi Naziri olan Nəriman İmranov və bu nazirliyin bir neçə əməkdaşı bu qaçışa imkan yaratmaq ittihamı ilə həbs olundu.[4] Sentyabrın 29-da axşam vaxtı evinin astanasında Milli Məclisin sədr müavini Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov qətlə yetirilir. Onların öldürülməsinə görə məsuliyyət Mahir Cavadovun üzərinə qoyulur.[5] Sentyabrın 30-da baş prokurorun xidməti avtomobili partladılır.[6]
4 Oktyabr hadisələri ilə əlaqədar Milli Məclisin qərarında S.Hüseynovun baş nazir olduğu müddətdə öz nadanlığı, süstlüyü, səriştəsizliyi ilə seçilməsi və bu qüsurları aradan qaldırmaq istəməməsi, idarəçilik vərdişlərinə yiyələnməməsi səbəbindən nəinki üzərinə düşən dövlət vəzifələrini yerinə yetirməyə cəhd göstərmir, həm də qanunsuz silahlı dəstələr saxlayır, onları maliyyələşdirir, qanuna zidd hərəkətlərə təhrik etdirirdi. Rövşən Cavadov qardaşı, Bakı şəhəri Xətai rayonunun sabiq prokuroru Mahir Cavadovla birlikdə tabeliyində olan xüsusi təyinatlı polis dəstəsinin (XTPD) şəxsi heyətini, döyüş texnikasını və bazasını nəzarətində saxlayıb onlardan qeyri-qanuni surətdə istifadə edib, tamahkar niyyətlərini həyata keçirməkdə vasitəyə çevirirdilər.[7]
Qiyamın başlanması və yatırılması
redaktəSurət Hüseynovun qanunsuz yaratdığı Gəncədə yerləşən silahlı dəstələr, onun göstərişi əsasında oktyabrın 2-də silahlı basqın yolu ilə Gəncə şəhərində icra hakimiyyətini, hüquq mühafizə orqanlarını, dövlət əhəmiyyətli obyektləri ələ keçirdilər və bunu digər rayonlarda davam etdirməyə çalışdılar. Həmin vaxt Amerikada səfərdə olan Heydər Əliyev səfərini yarımçıq qoyaraq dərhal Bakıya qayıtdı. Rövşən Cavadovun qardaşı Mahir Cavadov və onun nəzarətində olan 8 nəfər silahlı şəxs isə Respublika Prokurorluğunun inzibati binasına basqın edir. Burada OMON-un komandiri Elçin Əmiraslanov və onun 5 nəfərlik silahlı dəstəsi də ona qoşulur. Baş Prokuror Əli Ömərov qiyamçılar tərəfindən əsir alınaraq döyülür, lakin Rövşən Cavadovun məsələyə qarışmasından sonra azad edilir.[8] M.Cavadovun əsas tələbi Afiyəddin Cəlilov və Şəmsi Rəhimovun ölümündə təqsirli bilinən şəxslərin azad edilməsi və ölkə rəhbərliyinin istefaya getməsi olur.[5] Bu zaman paytaxtda iki hərbi hissənin əsgərləri artilleriya qurğularını Prezident sarayı, Ali Sovet və Müdafiə Nazirliyi binalarına tuşlayıb əmrə müntəzir dayanmışdılar.[9]
Qiyam başladıqdan az sonra Azərbaycanın şimal sərhədlərində, Dağıstan ərazisində Rusiya qoşunlarının cəmləşməsi xəbərləri yayılmağa başlandı. Heydər Əliyev qiyamla və Rusiya qoşunlarının Azərbaycana mümkün müdaxiləsi ilə bağlı xalqa müraciət etdi.[10] Oktyabrın 4-də Bakıda fövqəladə vəziyyət elan edildi[11]. Oktyabrın 4–5-də minlərlə insan Prezident Aparatının qarşısına toplandı və hakimiyyətə dəstək nümayiş etdirdi. H. Əliyev Baş nazir Sürət Hüseynov və daxili işlər nazirinin müavini Rövşən Cavadovu çevrilişdə ittiham edir. Lakin R.Cavadov Prezident Aparatına gəlir və onunla danışıqlardan sonra H.Əliyev tonunu dəyişir. "XTPD üzvləri səhv ediblər və indi günahlarını etiraf edərək tövbə edirlər" dedi. R.Cavadovun vəzifədən kənarlaşdırılması ilə bağlı fərman, eləcə də prokurorla baş verən hadisə unudulur. Döyüləndən sonra sağalan baş prokuror Əli Ömərov "sağlamlıq səbəblərinə görə" işdən çıxarılır.[2]
Polkovnik-leytenant Nazim Bayramov 2013-cü ildə verdiyi müsahibədə o vaxtkı hadisələrin gedişatını ətraflı şəkildə belə təsvir edir:
Oktyabrın 2-si gecədən OMON 8 km bazasında cəmləşib həbs olunan yoldaşlarının azad olunmasını tələb edirdi. H.Əliyev ölkənin başqa iri şəhər və rayonlarında OMON bölmələrinin və Rövşən Cavadova dəstək ola biləcək qüvvələrin qiyam qaldırmasından ehtiyatlanaraq və sabitliyi qorumaq üçün 3 oktyabrda Sürət Hüseynovdan Gəncəyə bir-iki nüfuzlu şəxs göndərməsini xahiş etdi. Sürət Hüseynov məsələ ilə bağlı keçirilən ilk dövlət müşavirəsində və sonrakı müzakirələrdə OMON-u və Rövşən Cavadovu Qarabağ döyüşçüləri kimi müdafiə edib, onlara qarşı silah işlətməyə imkan verməyəcəyini qəti bildirmişdi. Sürət Hüseynov H.Əliyevdən OMON-a qarşı məsələni silah işlətmədən, dinc yolla həll olunacağına vəd alandan sonra Gəncəyə İnterpolun Azərbaycan şöbəsinin rəisi polkovnik İlqar Səfixanovu və hərbçi polkovnik Vahid Tacibovu göndərmək qərarına gəlir. Bu haqda H.Əliyevi də məlumatlandırır. İlqar Səfixanov Rövşən Cavadovla dost olduqlarından, Gəncəyə getməmiş, OMON-un bazasına gedib və Rövşəndən onun gedən proseslər haqqında fikirini öyrənib. Rövşən İlqara deyib ki, Heydər Əliyevi hakimiyyətdən yıxana kimi gedəcək və bu yolda "öldü var döndü yoxdur". İlqar Səfixanov Rövşənə bildirir ki, onu Sürət Hüseynov Gəncəyə sabitliyi qorumaq üçün göndərib, lakin əgər Rövşənin H.Əliyevə qarşı getmək fikri qətidirsə, o, öz Gəncədəki nüfuzundan istifadə edərək, şəhərdəki narazı qüvvələri OMON-a dəstək üçün qaldıra bilər. Rövşən fikrində qəti olduğunu İlqar Səfixanovu inandırmaq üçün sona qədər gedəcəyinə Qurana əl basaraq and içir. İlqar Səfixanov Rövşənin yanından Gəncəyə yola düşür, yolda Yevlaxı qaldırır, sonra Gəncəni qaldırır. İlqar Səfixanovun rəhbərliyi ilə Gəncədəki OMON bölməsi və onlara dəstək verən Sürət Hüseynovun qohumu Kəramət Kərimovun başına yığışmış bir dəstə adam bir neçə dövlət binalarını zəbt edirlər, Gəncənin icra hakimiyyətinin başçısını tuturlar. Bu zaman, yəni 4 oktyabr axşam saatlarında yaranmış vəziyətlə bağlı H.Əliyev Prezident Apparatının qarşısında mitinq çağırışı edir. O, özünün və Rəsul Quliyevin mitinqə gedəcəyini bildirir, Sürət Hüseynova isə iş otağında qalıb bölgələrlə əlaqə saxlamağı tapşırır. Eyni zamanda H.Əliyev Süleyman Dəmirəllə əlaqə saxlayaraq, Rövşənə bu yoldan qayıtmaq üçün təsir etməyi xahiş edir və Demirəlin qarantiyası ilə Rövşən Cavadova, OMON bazanı tərk etsə və onu dəstəkləsə Prokurorluğa basqına görə cinayət işinin xətm olunacağına söz verir. 4-dən 5-nə keçən gecə Rövşən Cavadov Prezident Aparatının qarşısına gəlir və H.Əliyevin yanında dayanaraq, mitinqdə çıxış edir, H.Əliyevi dəstəklədiyini bildirir. Rövşən Cavadovun çıxışından dərhal sonra H.Əliyev çıxış edir və "Budur, Sürət Hüseynov dövlət çevrilişi edir. Mən onu tapa bilmirəm. Bilirsiniz ki, Gəncədə Sürət Hüseynova məxsus silahlı dəstələr var. Bizdə olan məlumatlara görə o, Gəncədədir və Bakıya silahlı yürüşə başlayıb". Sürət Hüseynov bu zaman özünün (Baş nazirin) iş otağından bu çıxışı televiziya ilə görür.[12]
Rövşən Cavadovun da gəlib mitinqdə çıxış etməsi, H.Əliyevi dəstəkləməsi qiyamçıları ruhdan saldı və onlar geri çəkildilər. Mahir Cavadovun dəstəsi, OMON-çuların Bakı şəhərinin 8 km qəsəbəsində yerləşən qərargahına (qardaşı Rövşən Cavadovun tabeliyində olan dəstələrin yerləşdiyi qərargah) gedir. Ali Sovetin sədri Rəsul Quliyev qiyamın məğlubiyyətini həm də onunla əlaqələndirirdi ki, qiyamın başçıları Surət Hüseynov və Mahir Cavadov bir-birləri ilə lazımi səviyyədə dil tapa bilmirdilər. Həmçinin Rəsul Quliyev Prezident Aparatının qarşısına yığışan və Heydər Əliyevi dəstəkləyən kütlənin bir neçə gün əvvəldən hazırlandığını iddia edib.[13] Qiyamla əlaqəli baş verən qarşıdurmalarda ümumilikdə 3 nəfər həyatını itirir, daha bir neçə nəfər isə yaralanır. Gəncə şəhərində qiyamdan sonra qiyamda iştirak edənlərin hamısının tapılması və fəaliyyəti pozulmuş dövlət orqanlarının normal rejimdə işə qaytarılması üçün oktyabrın 11-də 2 aylıq fövqəladə vəziyyət elan olunur.[14]
Nəticəsi
redaktəSürət Hüseynov qiyamdan sonra Milli Məclisdə çıxış edərək heç bir qiyamda çıxış etmədiyini, bunda əlinin olmadığını iddia edir. S.Hüseynov parlamentin iclasında özünə haqq qazandırmağa çalışaraq deyir: "Əgər çevriliş etmək istəsəydim, bunu Gəncədə yox, Bakıda həyata edərdim, çünki ofisim prezident aparatından cəmi yüz metr məsafədədir". Lakin spiker Rəsul Quliyev bu iddianı rədd edərək S.Hüseynovun çevriliş hazırladığı barədə onlarda hələ 2 ay əvvəl məlumat olduğunu deyir.[15] Sürət Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırıldı.[2] Cəmi bir həftə sonra parlament keçmiş baş nazirə qarşı cinayət işinin qaldırılması, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsinin tövsiyə olunması haqqında qərar qəbul etdi. Oktyabrın 30-da Sürət Hüseynovun əlindən "Azərbaycan Milli Qəhrəmanı" adı alındı. Həbs olunan Hüseynov az sonra naməlum şəxslər tərəfindən qaçırıldı. Tezliklə o, Rusiyada peyda oldu. 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. Sürət Hüseynov 2004-cü ilin martında Prezident İlham Əliyevin sərəncamı ilə əfv edildi.[16]
Qiyamdan sonra Heydər Əliyev hakimiyyətdə öz mövqelərini daha da möhkəmləndirdi. Qiyamdan sonra 4 oktyabr 1994-cü il hadisələri ilə bağlı həbslər başlayır, Azərbaycanın Qarabağ müharibəsini keçmiş bir çox zabit və bir neçə generalı, bütövlükdə 800-dən artıq adam müxtəlif ittihamlarla həbs olunur.[1] R.Cavadov daha sonra öz hərəkətləri ilə Baş nazir Surət Hüseynovun hazırladığı iddia edilən "əsl çevrilişin" qarşısını aldığını bildirdi. R.Cavadov nəinki vəzifəsini qorudu, həm də XTPD-nin irəli sürdüyü bir sıra tələblərin yerinə yetirilməsinə nail oldu.[17] Oktyabrın 5-də prezidentin fərmanı ilə 3-4 oktyabrda dövlət çevrilişi cəhdinin qarışısının alınmasında fədakarlıq və bacarıq göstərmiş hərbi komandirlər - Rövşən Əkbərov, Natiq Məmmədov və Elnur Nuriyev "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüblər. Bir qrup hərbi qulluqçu "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib.[18]
Reaksiyalar
redaktəNemət Pənahlı bu çevriliş cəhdində Sürət Hüseynovun əlinin olmadığını, əsas təşkilatçı Rövşən Cavadovun rəhbərliyi altındakı XTPD olduğunu və qiyamın da əsas məqsədinin prezident H.Əliyevi hakimiyyətdən uzaqlaşdıraraq onun yerinə Əbülfəz Elçibəyi gətirmək olduğunu iddia edib[19].
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 3 "4 İyun Gəncə Hadisələrinin Qisa Xronologiyasi". 2021-02-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-04.
- ↑ 1 2 3 4 Heydər Əliyev (Bir adam portreti və "rejimin portreti" üçün eskizlər) Arxivləşdirilib 2022-01-02 at the Wayback Machine Sənubər Şermatova
- ↑ "1994- cü il 4 oktyabr qiyamı!". Könül Rafiq Qizi (ingilis). 15 yanvar 2014. İstifadə tarixi: 7 dekabr 2024.
- ↑ "Azərbaycan. İşgəncələrin Cəzasız Qalması". 2021-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-26.
- ↑ 1 2 "Mahir Cavadov Facebook". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-04.
- ↑ Əli Həsənov 4 oktyabr 1994-cü il Surət Hüseynov qiyamından yazdı[ölü keçid]
- ↑ "Azərbaycan Respublikasında dövlət çevrilişi cəhdinin qarşısının alınması və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi tədbirləri haqqında". e-qanun.az (ingilis). İstifadə tarixi: 6 dekabr 2024.
- ↑ "Ən Yeni Tarix – 1994-cü il oktyabr hadisələri". 2021-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-28.
- ↑ Azərbaycan tarixi 1941-2002-ci illər. Bakı: Elm. səh. 267. ISBN 978-9952-448-48-1. (#accessdate_missing_url)
- ↑ "ƏSRİN MÜQAVİLƏSİ. Tarixi retrospektivdə problem". 2021-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-26.
- ↑ "Azərbaycan Respublikasında dövlət çevrilişi cəhdinin qarşısının alınması və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi tədbirləri haqqında". 2017-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-04.
- ↑ "1994-cü il 4 oktyabr qiyamı". 2021-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-28.
- ↑ "Rəsul Quliyev: "Hökumətdə olanların 90 faizi Cavadov qardaşlarından qorxurdu"". 2021-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-04.
- ↑ "Gəncə şəhərində fövqəladə vəziyyət elan olunması haqqında". e-qanun.az (ingilis). İstifadə tarixi: 6 dekabr 2024.
- ↑ 4 oktyabr hadisələri
- ↑ "Heydər Əliyev qiyamı belə yatırdı". 2021-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-04.
- ↑ Smirnov, Andrey. "Polislərin qiyamı alovlanmaqdadır". www.kommersant.ru (rus). 16 mart 1995. 2020-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2021.
- ↑ ""5 Oktyabr" tariximizdə". lib.az. İstifadə tarixi: 7 dekabr 2024.
- ↑ Surət Hüseynov Heydər Əliyevi öldürəcəkdi və... - Nemət Pənahlıdan SENSASİYA! - VIII GÜN #2