12 Cedvel Qanunlari - Wikipedia
12 cədvəl qanunları— E.ə 451–449-cu illərdə hazırlanmış və müasir dövrdə Avropa Hüququnun təməlini təşkil edən Roma hüququnun hüquqi əsası[1].
Haqqında
redaktəE.ə. V əsrdə ilk Roma məcəlləsi — "12 cədvəl qanunları" qəbul edildi. Əsrlər boyu bu qanunlar Romada hüququn əsas mənbəyi sayılmışdı. Qanunlar şəhər meydanında qoyulan 12 taxta lövhədə yazıldığından "12 cədvəl qanunları" adlandırılmışdır. Ona görə, heç bir vətəndaş "qanunları bilməmək bəhanəsi" ilə məsuliyyətdən yayına bilməzdi. Bir sıra məlumatlara görə, vətəndaşlar sırasına qoşulan yeniyetmədən qanunları əzbər bilmək də tələb olunurdu.
"12 cədvəl qanunları" adi hüquqların qələmə alınması idi. Buna daha çox plebeylər-sadə vətəndaşlar ehtiyac duyurdular. "12 cədvəl qanunları" bizim dövrümüzə gəlib çatmayıb. Bu qanunlar haqqında yalnız qədim müəlliflərin əsərləri vasitəsilə məlumatlar əldə edilmişdi. Həmin mənbələr arasında E.ə. II əsrdə yaşamış hüquqşünas Qayın Roma hüquq məktəbləri üçün yazdığı dərslik mühüm əhəmiyyətə malikdir.
"Şəhər", "şəhər icması" mənasını verən "sivitas" sözünə görə "Cədvəl qanunu" "sivil" adlandırılırdı. Yəni bu kateqoriya vətəndaşlara, şəhər icmasına məxsus qanunlar kimi başa düşülürdü.
Məqsədi
redaktəBu qanunların 2 məqsədi vardı:
- Siyasi məqsəd — ali zümrə və xalq arasında bərabərlik yaratmaq. Lakin, bu tam şəkildə icra edilə bilmədi (Ali zümrə ilə aşağı təbəqənin evlənməsini qadağan edən qanunlar vardı)
- Hüquqi məqsəd — keçmiş adət və ənənələri qanun toplusu şəklində təsbit etmək
Maddələri
redaktə"12 cədvəl qanunları"nın əsas fərqləndirici cəhəti şeylərin iki kateqoriyaya bölünməsi idi. Birinciyə əsas etibarilə torpaq, qullar, kənd təsərrüfatı işlərində istifadə olunan mal-qara; ikinciyə isə qalan şeylər daxil idi. Bu bölgünün praktik tərəfi onların mülkiyyətçisinin dəyişməsində — satılmasında, hədiyyə edilməsində özünü göstərirdi. Torpağın, qulların, kənd təsərrüfatı işlərində istifadə olunan mal-qaranın mülkiyyətçisinin dəyişməsi yalnız dəqiq müəyyən edilmiş normalar çərçivəsində mümkün ola bilərdi.
Borc əməliyyatları ilə bağlı "12 cədvəl qanunları" çox sərt qaydalar müəyyənləşdirmişdi. Əgər borc götürən vaxtında borcu ödəyə bilmirdisə, borc verənin onu evinin zirzəmisində qandallamaq hüququ var idi. O, üç dəfə bu vəziyyətdə şəhər meydanına çıxarılır və qohumlarından, tanışlarından yardım istəyirdi. Əgər ona kömək etməsəydilər, borclu edam olunurdu. Bir neçə nəfərə borclu qalanı isə hətta bir neçə hissəyə bölməyə də icazə verilirdi.
Ailə münasibətlərində ailə başçısı ev sahibinə qeyri-məhdud hüquqlar verirdi. Onun evində yaşayanların hamısı bir soyadı daşıyırdı. Ailənin mülkiyyəti kollektiv mülkiyyət hesab olunurdu, amma mülkiyyətlə əlaqədar yalnız ailə başçısı sərəncam verə bilərdi. Arvad da bütün ev sakinləri kimi ailə başçısından-ərindən asılı vəziyyətdə idi. "12 cədvəl qanunları" müəyyən məhdudiyyətlərlə vəsiyyətə görə mirasa da icazə verirdi. Bu qanunun cinayət-hüquq müddəaları sərtliyi ilə seçilirdi. Məsələn, evin yandırılmasında günahkar bilinən şəxs belə, ölüm cəzasına məhkum edilirdi. Axşam vaxtı, yaxud əlində silah yaxalanmış oğrunu da ölüm hökmü gözləyirdi. Gündüz vaxtı oğurluq üstündə yaxalanan cərimələnir və sonra ziyan çəkənin quluna çevrilirdi. "12 cədvəl qanunları"nda qəsdən adamöldürmə isə xatırladılmır. Ona görə ki, bu cinayətə görə nəzərdə tutulan cəza (Ölüm hökmü) şübhə doğurmadığından onu xüsusi qeyd etməyə ehtiyac olmayıb. Qulların cinayətlərinə məhkəmədə baxılırdı. Qulun heç bir təminatı və müdafiəsi ilə bağlı heç bir hüququ yox idi.
Mülkiyyətlə bağlı mübahisələrin həlli isə mürəkkəb prosedurları nəzərdə tuturdu. İddiaçının cavabdehi zor tətbiq etməklə məhkəməyə gətirmək hüququ var idi.
12 cədvəl qanunları aşağıdakılardır[2]:
Cədvəl 1 | Prosedur: məhkəmələr və məhkəmə prosesləri üçün |
Cədvəl 2 | Məhkəmə proseslərinin davamı və oğurluq |
Cədvəl 3 | Borc |
Cədvəl 4 | Atanın ailə üzərində hüquqları |
Cədvəl 5 | Qanuni himayədarlıq və miras |
Cədvəl 6 | Əldə etmə və sahiblik |
Cədvəl 7 | Torpaq hüququ və cinayətlər |
Cədvəl 8 | Fərqliliklər və xırdalıqlar |
Cədvəl 9 | İctimai hüquq |
Cədvəl 10 | Müqəddəs qanun |
Cədvəl 11 | Əlavələr 1 |
Cədvəl 12 | Əlavələr 2 |
İstinadlar
redaktə- ↑ Jolowicz, H.F. Historical Introduction to the Study of Roman Law. Cambridge. 1952. səh. 108.
- ↑ Coleman-Norton, P. R. (1960). The Twelve Tables. Princeton: Princeton University, Dept. of Classics.