Enver Sixlinski Cografiyaci - Wikipedia
Ənvər Mamay Şıxlinski (3 aprel 1911, Qazaxbəyli, Qazax qəzası – 1992, Bakı) — iqlimşünas alim, coğrafiya elmləri doktoru (1971), professor (1972), Əməkdar elm xadimi (1991), Azərbaycan EA-nın müxbir üzvü (1972).[1]
Ənvər Şıxlinski | |||
---|---|---|---|
Doğum tarixi | |||
Doğum yeri | Qazaxbəyli kəndi, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası | ||
Vəfat tarixi | |||
Vəfat yeri | Bakı | ||
Dəfn yeri | II Fəxri Xiyaban | ||
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ→ Azərbaycan |
||
Uşağı | Ziya Şıxlinski | ||
Atası | Mamay bəy Şıxlinski | ||
Fəaliyyəti | professor | ||
Elmi dərəcəsi | |||
Mükafatları |
|
Həyatı
redaktəŞıxlinski Ənvər Mamay oğlu 1911-ci il aprelin 13-də Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. 1932-ci ildə Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. 1933-cü ildə Leninqrad şəhərində (Sankt-Peterburq) Baş Geofizika Rəsədxanası nəzdində mütəxəssis-iqlimşünaslar hazırlayan ali kurslarda təhsil alıb.[1]
Əmək fəaliyyəti
redaktəƏnvər Şıxlinski əmək fəaliyyətinə Azərbaycan Hidrometeoroloji Xidmət İdarəsində mütəxəssis-iqlimşünas və iqlim şöbəsinin rəisi vəzifələrində çalışmaqla başlayıb. O, 1932–1941-ci illərdə Azərbaycan Hidrometeoroloji Xidmət İdarəsində mütəxəssis-iqlimşünas və iqlim şöbəsinin rəisi vəzifələrində çalışıb. 1941–1945-ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısı olub.[2]
Ənvər Şıxlinski Coğrafiya İnstitutu yarandığı gündən orada müxtəlif vəzifələrdə çalışıb. 1948–1950-ci illərdə Coğrafiya İnstitutunun direktoru olub. 1954–1987-ci illərdə Azərbaycan EA Coğrafiya İnstitutunda baş elmi işçi, iqlimşünaslıq şöbəsinin rəhbəri, 1959–1962-ci illərdə elmi işlər üzrə direktor müavini vəzifəsini icra edib.[2]
Pedaqoji fəaliyyəti
redaktəƏnvər Şıxlinski 1950–1954-cü illərdə Bakı Dövlət Universitetində müəllim, Azərbaycan Dövlət Pedaqoji Universitetində kafedra müdiri və Coğrafiya fakültəsinin dekanı olub. Azərbaycanda iqlimşünaslığın əsasını qoyan alimlərdən biri olub. Ənvər Şıxlınski Azərbaycan və qonşu ərazilərin timsalında dağlıq ölkələrin iqliminə, həmçinin fiziki coğrafiyasına və landşaftının geofizikasına dair mühüm elmi tədqiqatlar aparıb.[2]
Elmi fəaliyyəti
redaktəƏnvər Şıxlinski 1947-ci ildə coğrafiya üzrə fəlsəfə doktoru, 1971-ci ildə coğrafiya üzrə elmlər doktoru elmi dərəcələrini, 1972-ci ildə isə professor elmi adını alaraq, elə həmin il Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.[1]
Alimin əsas elmi maraq dairəsi ümumi iqlimşünaslıq, Azərbaycan iqliminin təsnifatı, dağlıq ölkələrin radiasiya və istilik balansı, iqlimin modelləşdirilməsinin tədqiqi, dağlıq ölkələrdə iqlim xəritələrinin tərtibi metodikasının işlənilməsi olub. Azərbaycanın, Dağıstanın və Xəzər dənizinin iqliminə dair ilk məlumat kitabçaları məhz Ə.Şıxlinskinin iştirakı və rəhbərliyi ilə çap olunub.
Alimin "Azərbaycan SSR-in iqlim təsviri" (S.K.Kopelioviçlə birlikdə, 1937), "Azərbaycan SSR-in atmosfer yağıntıları" (1949), "Azərbaycanın iqlimi" (1968), "Azərbaycan SSR-in istilik balansı" (1969), "Azərbaycan SSR atlası" (1963, Azərbaycan və rus dillərində), "Azərbaycan SSR-in istilik balansı atlası" (1978, Azərbaycan və rus dillərində), "Azərbaycan SSR-in iqlim xəritəsi" (1977, Azərbaycan və rus dillərində), əsərlərinin müəllifidir. Onun "Azərbaycan SSR-in istilik balansı atlası "(1978) keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS-in) gümüş medalına layiq görülüb.[1][3] "Azərbaycan SSR-in atmosfer yağıntıları» (1949), keçmiş SSRİ-nin mütəxəssis coğrafiyaçıları tərəfindən yüksək qiymətləndirilib.[2]
Ənvər Şıxlinski Azərbaycan Respublikasının fiziki-coğrafi rayonlaşdırılmasını vermiş (V.Q.Zavriyevlə birlikdə) və bunu "Azərbaycan SSR-in coğrafiya atlası"nda (1949) çap etdirmişdir. O, həmçinin "Sovet Azərbaycanı" (1958) fundamental əsərinin elmi rəhbəri, redaktoru və əsas müəlliflərindən biri olub. Azərbaycanın irimiqyaslı iqlim xəritəsi (1961, 1977, 1991) və torpaqşünaslarla birgə tərtib etdiyi eyni miqyaslı torpaq-iqlim xəritəsi (1955, 1970) onun nailiyyətləri sırasındadır.[3] Alimin rəhbərliyi ilə 1954–1992-ci illərdə iqlimşünaslıq sahəsində 25 elmlər namizədi hazırlanıb.[2]
Vəfatı
redaktəƏnvər Şıxlinski 1992-ci ildə Bakıda vəfat edib.[1]
Mükafatları
redaktəƏnvər Şıxlinskiyə 1991-ci ildə "Azərbaycanın Əməkdar elm" xadimi fəxri adı verilib. 1970-ci ildə elm və texnika sahəsində Azərbaycan Dövlət mükafatına layiq görülüb. 1983-cü ildə keçmiş SSRİ-nin Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalını, 2 dəfə isə Ümumittifaq Coğrafiya cəmiyyətinin "Coğrafiya elmləri sahəsində görkəmli əsərlərinə görə" diplomunu alıb. Böyük Vətən müharibəsindəki xidmətlərinə görə ikinci dərəcəli Vətən müharibəsi ordeninə və medallara layiq görülüb. Alimin elm sahəsindəki xidmətləri Qırmızı Əmək Bayrağı ordeni və bir sıra medallarla qiymətləndirilib.[2]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 "Şıxlinski Ənvər Mamay oğlu". science.gov.az. 2024-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-26.
- ↑ 1 2 3 4 5 6 "COĞRAFİYA İNSTİTUTU". igaz.az. 2024-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-26.
- ↑ 1 2 "MEK-də coğrafiyaşünas alim Ənvər Şıxlinskinin 755 adda kitabdan ibarət kolleksiyası mühafizə olunur". azertag.az. 26.09.2024. İstifadə tarixi: 23.11.2022.