Ehmedi Tebrizi - Wikipedia
Əhmədi Təbrizi (Təbriz – XIV əsr, Təbriz) — XV əsr Azərbaycan şairi.[1][2] Əhmədi Təbrizi XV əsr Ağqoyunlu dövrünün şairlərindəndir.
Əhmədi Təbrizi | |
---|---|
Doğum yeri | Təbriz |
Vəfat tarixi | XV əsr |
Vəfat yeri | Təbriz |
Vətəndaşlığı | Ağqoyunlu dövləti |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | şair |
Fəaliyyət illəri | XV əsr |
Əsərlərinin dili | Azərbaycan dili |
Janr | lirika |
Əhmədi Təbrizi türk ədəbiyyatı tarixində yaxın dövrə qədər varlığı məchul olan şairlərdən biri idi. Onun tanınması “Əsrarnamə” və “Yusif və Züleyxa” əsərlərinin aşkar edilməsi ilə olmuşdur. Əsərlərini Təbrizdə yazdığını şəxsən bildirdiyi üçün filoloq Professor Gönül Ayan şairi digər Əhmədilərdən fərqləndirmək məqsədilə onu “Təbrizli Əhmədi” adlandırmışdır. Sənət tarixçisi Nihat Əzəmət isə onu “Osmanlı Araşdırmaları VII-VIII, İstanbul 1988” adlı jurnalda çap edilən məqaləsində “Ağqoyunlu Əhmədi” adlandırır.Hər iki əsərini Sufi Xəlil adı ilə tanınan Ağqoyunlu Xəlilullaha təqdim etmişdir.
Həyatı
redaktəƏdmədi Təbrizinin doğum və ölüm tarixi bizə məlum deyil. Filologiya elmləri doktoru, professor Möhsün Nağısoylu Əhmədi antroponiminin məüllifin əsl adı yox təxəllüsü olduğunu vurğulayır və qeyd edir ki, Şərqdə şəxs adı kimi Əhməd xüsusi ismi geniş yayılmış, Əhmədi isə daha çox soyad kimi işlənmişdir. Ədəbiyyatşünas alim Məmmədağa Sultanov qeydlərində şairin adını bütöv şəkildə Əhmədi Təbrizi kimi qeyd edir.[3] Əsərlərini Təbrizdə yazdığını şəxsən bildirdiyi üçün filoloq Professor Gönül Ayan şairi digər Əhmədilərdən fərqləndirmək məqsədilə onu “Təbrizli Əhmədi” adlandırmışdır. Sənət tarixçisi Nihat Əzəmət isə onu “Osmanlı Araşdırmaları VII-VIII, İstanbul 1988” adlı jurnalda çap edilən məqaləsində “Ağqoyunlu Əhmədi” adlandırır.[4]
Orta əsrlərin başqa mütərcim və şairləri kimi Əhmədi Təbrizi haqqında da təzkirə və başqa qaynaqlarda kifayət qədər məlumat yoxdur. Buna baxmayarq Əhmədi Təbrizinin Yusif Züleyxa əsərini aşağıdakı beytlərdən Sultan Yaqub dövründə yazdığı məlumdur.[5]
Xoş nizamda idi aləm sər-tə-sər
Növbət-i Yaqub Xan-idi məgər
Onun idi səltənət ta cədd-i Rum
Taxt-ı Bağdad-ı İrakan ilə Küm
Mülk-i ermən taht-ı Gürcistan-ilə
Xəzinə verirdi ona xoş can-ilə
Fars-ilə həm taxtı Azərbaycan
Oxunur xütbədə Yaqub can
Mülk-i Abğaz-ilə Şirvanı məgər
Xeyl almlşdı cəng-ilə ol şir-i nər
Səltənət taxtında tutmuşdu qərar
Vermişdi hər yana bir ixtiyar
Mülk-i Azərbaycana ol məgər
Qoymuş idi bir əmiri mötəbər
Akademik Həmid Araslının “Əsrarnamə” tərcüməsi haqqındakı qeydlərində Əhmədinin Ağqoyunlu hökmdarı Sultan Xəlilin hakimiyyəti dövründə də yaşaması və tərcüməsini ona ithaf etməsi göstərilir. Alim bu fikrinə sübut olaraq “Əsrarnamə” əsərinin sonundakı aşağıdakı beytləri qeyd edir:[6]
Ol Xəlilullah, əmiri-mötəbər,
Düşməni-Nəmrudi Şəddad, ey püsər,
Şahi-dövran, ol mübariz, şirdil,
Həqq qatında olmasın hərgiz xəcil.
Həmid Araslı ehtimal şəklində qeyd edir ki, Əhmədi saraya yaxın şairlərdən olub. Əhmədi əsərlərində Xəlilullahdan Nəmrudun düşməni kimi bəhs edir və onu haqq-ədalət tərəfdarı kimi dəyərləndirərək camaatın ona duaçı olduğunu dilə gətirir.[6]
Gönül Ayan onu da qeyd edir ki, Əhmədi Təbrizi hər iki əsərini də Ağqoyunlu əmirəlümərası İbn Bektaş Hacı Xəlilullaha təqdim etmişdir. Xəlilullah Uzun Həsən və oğlu Sultan Yaqubun dövründə yaşamış, Mosullu-türkman qoluna mənsub vəzifə sahibi bir şəxsdir. O, Sultan Yaqubun ölümündən sonra oğlu Baysunqurun taxta çıxmasında sonra baş verən Süleyman bəy Biçənli ilə döyüşdə ölmüşdür. Ağqoyunlu tarixində Sufi Xəlil adı ilə tanınır.[7]
Əhmədi Təbrizinin həm fars həm dillərini bilməsi "Yusif və Züelyxa" əsərində axıcı bir dil istifadə etməsindən anlaşılır.[8]
Yaradıcılığı
redaktəƏhmədi Təbrizi qeydlərində vurğulamışdır ki, Allah heç bir ayəni yox, yalnız kafirlərin Məhəmməd peyğəmbərlə bağlı kitabçalarını pisləmişdir. Əhmədinin fikrincə, şeirləri ilahi sirlərə həsr olunduğu üçün ondan nümunə götürüləcək və heyran olacaqlar.[6]
Yusif və Züleyxa
redaktəGünümüzə gəlib çıxmış iki əsəri – məşhur “Əsrarnamə” və “Yusif və Züleyxa” məsnəviləri ilə tanınmış Əhmədi Təbrizinin “Yusif və Züleyxa” məsnəvisinin Türkiyədə, Mərmərə Universitetinin Fənn-Ədəbiyyat fakültəsi kitabxanasında saxlanılan yeganə əlyazma nüsxəsində əsərin 4035 beytdən ibarət olması göstərilsə də, həmin əlyazma cəmi 2990 beytdən ibarətdir.[9] Məsnəvinin Təbriz şəhərində əlli yeddi gündə tamamlanması məlumdur, lakin yazılma tarixi məlum deyil.
Hazırda cəmi bir nüsxəsi olan Yusif və Züleyxa məsnəvisi 102 vərəq və 2986 beytdən ibarətdir. Hər səhifədə iki sütunda 15 sətir var. Qalın kağıza zədələnmiş nəsxlə yazılıb. Səhifə ölçüləri 235x125 -dir(180x120). Əldə olan nüsxədə cəmi 101 vərəq var. Əsərin cildi qəhvəyi dəridir. Dəri qara şamlı parça ilə örtülmüşdür. Əsərdə köçürmə tarixi və nüsxəni çıxaranın adı göstərilmir. Lakin istifadə olunan kağız və mürəkkəbin xüsusiyyətlərini nəzərə alaraq onun XV əsrin sonlarında köçürüldüyünü söyləmək olar. Əsərdə çoxlu qrammatik və orfoqrafik səhvlər var. Fəsil başlıqları fars dilində qırmızı mürəkkəblə yazılmışdır.[10]
Əsər bu beytlərlə başlanır:
İbtida qıl sözi bismillah ilə,
Duruş ey dil dünü gün Allah ilə
Şair klassik ədəbi ənənələrə uyğun olaraq Tövhid, Nət və Peyğəmbərin dörd səhabəsinin mədhini verir. Daha sonra “Səbəbi-nəzmi-kitab” başlıqlı bölümdə şair ilk öncə Ağqoyunlu hökmdarı Sultan Yaqubdan (1478-1490) bəhs edir. Sonra baharın gözəl çağını tərif edən Əhmədi İbn Bəktaş kimi tanınan, Sultan Yaqub sarayının əmirül-ümərası olmuş və “atabəy” təyin edilmiş Xəlilullahın tərifini verir və “Ağazi-qisseyi-Yusif əleyhisəlam” başlıqlı hissəni başlayaraq, əsərin nəzm səbəbindən bəhs edir:[10]
Gəldük uş nəzmin bəyanına yenə
Bu hekayət tərcümanına yenə
Şair Xəlilullahın gecə-gündüz peyğəmbərlərin qissəsini oxutduğunu, onlar arasında Yusif qissəsinin də olduğunu yazır. Bir gün Xəlilullah Rumeli tərəfə səfərə yollanır və şairi də özilə aparır. Bir gün onu yanına çağırıb, Yusif qissəsini nəzmə çəkməsini xahiş edir:[11]
Lütfilə bir neçə sözlər söylədi,
Qisseyi-Yusifdən ağaz eylədi.
Himmət edib dedi: Ey alinəzər,
Qissə nəzm olmaq gərək, bilgil xəbər
Xəlilullahın bu xahişi şairdə bu işin əncamına böyük bir şövq yaradır və o, səhəri gün Təbrizə gəlib, əlli yeddi gün içində əsəri tamamlayır:
Çün işarət qıldı ol eyni-nəfəs,
Canü dildən qodu bin dürlü həvəs.
Şövkətlə yüridi ol dəm şahi-cahan,
Əlvida edib, geri döndüm rəvan.
Guşeyi-Təbrizi qıldım ixtiyar,
Düşdüm onun şüğlünə leylü nəhar.
…Əlli yeddi gündə bu töhfə nizam,
Xətmə gəldi Təbriz içində təmam.
Burada şair onu da əlavə edir ki, Sultan Xəlilin əlində Yusif və Züleyxa haqqında daha bir əsər var idi. Lakin bu əsər çox zəif olduğundan ona yaraşmamışdı.[12]
Əhmədi Yusif qissəsinin başdan-başa ürək dağlayan, nalə və fəryadla dolu bir əhvalat olduğunu bildirir və əsərin daha bir nəzm səbəbini açıqlayır. Belə ki, şairin fikrincə, dərd əhlinin, möminlərin nalə və fəryadı Allah- təalaya xoş gəlir və O, bu ah-naləni duyantək öz bəndəsinin dadına yetişir. Möminlər də öz qüssələrinin dağılmasını, müşküllərinin həllini istərlərsə, bu “dilsuz” – ürək dağlayan Yusif qissəsini oxuyub göz yaşı tökər və beləliklə, Allahın inayəti və rəhminə nail olarlar:[13]
Qisseyi-dilsuzdur başdan başa,
Özgə söz yox daxi anda, ey şah.
Suz ilə ah eylədikcə dərdimənd,
Ol Xudavəndi-cəhan edər pəsənd.
Binəva qıldıqca hər dəm ahü zar,
Ona yari verər ol pərvərdigar.
Ahi-zar ilə qana boyanmış hər vərəq,
Pəs, şəha, bu qissədən algil səbəq.
Yaş ilə toludur bu kitab,
Naləvü fəryad içində bihesab
"Yusif və Züleyxa" məsnəvisinin yeganə nüsxəsi fraqmentli olduğu üçün hələ də çap olunmayıb. "Yusif və Züleyxa"nın Sultan Yaqub dövründə yazıldığını nəzərə alsaq, onun "Əsrarnamə”dən bir qədər əvvəl yazıldığını güman etmək olar. Çünki heç bir yerdə “Əsrarnamə” adı çəkilmir. Belə ki, o zaman ki, onun poetik ənənəsinə görə müəlliflər adətən özlərinin digər əsərləri haqqında da qeydlər aparırdılar.[14]
Əsrarnamə
redaktəTəbrizli Əhmədinin başqa bir əsəri “Əsrarnamə”dir. Bu əsər Şeyx Fəridəddin Əttarın öz təbirincə tərcüməsidir.[15] Əttarın “Əsrarnamə” əsərinin Əhmədi tərəfindən Azərbaycan türkcəsinə tərcüməsi barədə ilkin məlumata Bursalı Məhəmməd Tahirin "Osmanlı müəllifləri" adlı kitabında rast gəlinir. Kitabda məşhur türk şairi Gərmiyanlı Əhmədinin əsərləri haqqında məlumat verildikdən sonra bir cümlə də qeyd edilir , müəllifin bir də Şeyx Əttarın “Əsrarnamə”sini nəzmən tərcümə etmişdir.[15] Məlumatın yanlış olduğuna ilk diqqət çəkən türk alim Fuad Körpülü olmuşdur. Körpülü bildirir ki, onun kitabxanasında “Əsrarnamə” tərcüməsinin əlyazmasında əsərin hicri 880-ci ildə (miladi 1475) tamamlandığı göstərilib. Bu fakta əsasən alim hesab edir ki, əsər eyni təxəllüslü başqa Əhmədi adlı şəxsə aiddir. Həsibə Mazıoğlu yazır ki, “Əhmədi Əttarın “Əsrarnamə”sini türkcəyə tərcümə edib”. İ. Qutluğun yazdığına görə, İstanulun Süleymaniyyə kitabxanasındakı Saib Əfəndi bölümündə Əhmədi adlı bir şairin Əttardan etdiyi “Əsrarnamə” tərcüməsinin hicri 1183-cü ildə Lütfulla bin İsmayıl tərəfindən köçürülmüş əlyazması saxlanılır. 69 vərəqlik həmin əlyazmanın sonunda əsərin hicri 884-cü ildə səfər ayının 12-də Təbriz şəhərində tamamlandığı qeyd olunmuşdur.[16] İ. Qutluq həmin əlyazmanı Əttarın “Əsrarnamə”si ilə tutuşduraraq belə qənaətə gəlmişdir ki, tərcümədə olan heç bir hekayət, heç bir beyt belə farsca orjinala uyğun gəlmir. Təədqiqatçı güman edir ki, Əhmədinin “Əsrarnamə”si ya Əttarın ona bəlli olmayan ikinci bir kitabının ya da sözü güdən şairə aid olmayan naməlum bir əsərin tərcüməsidir. Qutluq belə bir mülahizə yürüdür ki, “Əsrarnamə” yazıldığı dövrdə tərcümə sənətinə yüksək qiymət verildiyindən bəlkə də , Əhmədi öz qələminin məhsulu olan “Əsrarnamə”ni bilərəkdən tərcümə adlandırmışdır.[17]
Əsər 84 beytlik “müqəddimə” ilə başlayır. Tövhid, nətdən sonra otuz doqquz “Hekayə” ilə davam edir və “Xətimə” ilə bitir. Tövhid adlanan qisim Bilmillah sözü ilə başlanır, daha sonra 8 beyitlə Məhəmməd Peyğəmbərin tərifi ilə davam edir. 24 beytdə 4 xəlifənin tərifinə yer verilib.[18]
Əsərdə 39 hekayə var. Bu hekayələrin ən qısası 20, ən uzunu 64 beytdir. Hər hekayənin adı mövzusuna uyğun seçilib. Əsərin 1831,1832, 1833, 1834-cü beytlərində Əttarın eyni adlı əsərinin tərcüməsi olduğu qeyd edilir. Gönül Ayan qeyd edir ki, Təbrizli Əhmədinin Əsrarnaməsi Şeyx Əttarın əsəri ilə oxşarlıqları olsa da, hekayələrin uzunluqları fərqlidir. Əttarın əsərinin nüsxələrində 87-95 hekayə var. Bu hekayələr ümumilikdə 2880-3380 beyt təşkil edir. Əttarın Əsrarnaməsi Məfə’ilün /Məfə‘ilün /Fəilün ölçüsündə yazılmışdır. Əhməd Təbrizi isə əsərində Məfə’ilün /Məfə‘ilün /Fəilün və Fə’ilAtün / Fə’ilAtün / Fəilün qəlibindən istifadə edilmişdir.[7]
Hekayələrdən 3-ü Şeyx Əttarın əsərindən tərcümədir. Əhmədinin əsərində "Hekayəti Bəyazidi Pir-i Zadə" adlanan hekayə Əttarın əsərindəki qarşılığında şəxs adı verilməyib və 22 beytdir. Təbrizinin hekayəsi isə 15 beytdir. Bir digər hekayə "Hekayət-i Hakim-i Şəhr-i Hindu-i Çin Vasfı" adlanır. Əttarın 47 beyt yazdığı hekayəni Təbrizi 42 beyt tərcümə etmişdir. Sonuncu hekayə isə "Hekayət-i Divanə-i Pəhlivan" adlanır. Əttarın əsərində 38 beyt olan hekayə Təbrizinin əsərində 44 beyt tərcümə edilib. Əttarın əsərindəki bir çox şəxs adları da Təbrizinin əsəri ilə oxşarlıq təşkil edir.[19]
Əsrarnamə dil baxımından Əski Anadolu türkcəsinin xüsusiyyətlərinə malikdir. Təbrizdə yazıldığı üçün Azərbaycan türkcəsindədir.[20] Fars dilindən tərcümə edildiyi üçün fars dilinin təsiri və xüsusiyyətləri görünür. Danışılan əhvalatları nəzərə alsaq, əsər didaktik xüsusiyyətə malikdir.Əsər 1865 beytdən ibarətdir. Əsərin yerli və xarici kitabxanalarda çoxlu nüsxələri var.[20]
Əhmədinin Əsrarnamə adlı əsərinin üslub baxımından da diqqətəlayiq xüsusiyyətləri var. Əsərdə bəhs olunan dini və təsəvvüf kimi ciddi mövzular qısa, canlı və sadə cümlələrlə izah edilir. 39 hekayənin hamısında hekayə qəhrəmanı təqdim edilməklə mövzu təqdim edilir, hekayə qəhrəmanı hadisənin içinə daxil olur, hadisə bir neçə beytdə yaşanır və yekunlaşdırılır. Bu hekayələrdən götürüləcək dərslər şair tərəfindən "məsləhət" üslubu ilə verilmişdir. Qəhrəmanların təsviri və təqdimatı keçmiş zamanda verildiyi halda, hekayənin inkişaf hissəsində indiki zamandan istifadə olunur. Sonra yenidən keçmiş zamana qayıdır. Şikayət, məzəmmət və üsyan hallarında fikirlər arzu, xahiş əhval-ruhiyyəsi ilə ifadə olunur. Hekayədə əldə edilən “nəticələr” əmr əhval-ruhiyyəsində, moizə və nəsihət üslubunda ifadə olunur.[21]
Əsərin sonuncu hissəsi Xətimədir. Əsərin bu hissəsi 1788- 1865 beytlər arasında yerləşir. Təbrizli Əhmədi çbu qismə Şeyx Əttarın Allahın sirrini açmaq eşqinə olan heyranlığını ifadə etməklə başlayır. Onun sözlərinə görə, bu yol təhlükəlidir. İnsanın öz başı ilə oynaması kimi bir şeydir. Amma şair, "Dəryaya çoşğunluq rəhmət yelindən gəlir! Canımı yüz parçaya bölsələr də, bu sirri açacağam. Cahan əhli ondan murad alsın deyə nə qədər çalışsan da, bir-bir deyəcəyəm! " misraları ilə bu vəzifəni özünə öhdəlik götürür.[21]
İstinadlar
redaktə- ↑ ru:Краткая литературная энциклопедия. том 1, с. 372
- ↑ ru:История всемирной литературы, том 3, с. 570
- ↑ Nağısoylu, 2012. səh. 11
- ↑ Kayık, 2007. səh. 25
- ↑ Kayık, 2007. səh. 26
- ↑ 1 2 3 Nağısoylu, 2012. səh. 12
- ↑ 1 2 Ayan, 2007. səh. 100
- ↑ Kayık, 2007. səh. 28
- ↑ Kayık, 2007. səh. 30
- ↑ 1 2 Kayık, 2007. səh. 31
- ↑ Azamat, 1988. səh. 3554
- ↑ Azamat, 1988. səh. 355
- ↑ Kayık, 2007. səh. 32
- ↑ Nağısoylu, 2012. səh. 15
- ↑ 1 2 Nağısoylu, 2012. səh. 17
- ↑ Azamat, 1988. səh. 359
- ↑ Nağısoylu, 2012. səh. 18
- ↑ Azamat, 1988. səh. 360
- ↑ Ayan, 2007
- ↑ 1 2 Ayan, 2007. səh. 103
- ↑ 1 2 Ayan, 2007. səh. 104
Mənbə
redaktə- Nihat Azamat. Yeni Bir Ahmedi ve İki Eseri Yüsufu Zeliha, Esrarname Türcümesi. VII-VIII. İstanbul. Osmanlı Araştırmaları VII-VIII. 1988. 347–364.
- Möhsün Nağısoylu. Əhmədi Təbrizi və “Əsrarnamə” tərcüməsi (tekstoloji-filoloji araşdırma, mətnin transfoneliterasiyası) (PDF). Bakı: Nurlan. 2012. səh. 260.
- Gönül Ayan. Tebrizli Ahmedi ve Esrar-Name İsimli Mesnevisi (PDF). 2. Turkish Studies. 2007. 100–105.
- Salih Kayık. TEBRİZLİ AHMEDÎ YŪSUF U ZELÍHĀ (1B – 35B İNCELEME-METİN-DİZİN). İstanbul: T. C. MARMARA ÜNİVERSİTESİ TÜRKİYAT ARAŞTIRMALARI ENSTİTÜSÜ TÜRK DİLİ VE EDEBİYATI ANABİLİM DALI TÜRK DİLİ BİLİM DALI. 2007. səh. 288.