Ehmed Ibn Harun El Berdei El Berdici - Wikipedia
Əhməd ibn Harun əl-Bərdəi əl-Bərdici — 844-914-cü illərdə yaşamış Azərbaycanlı alim.
Haqqında
redaktəBərdənin 14 fərsəxliyində yerləşən Bərdic şəhərində anadan olmuş Əbubəkr Əhməd ibn Harun əl-Bərdici doğma yurdunda dövrünün zəruri biliklərinə yiyələndikdən sonra müxtəlif yerlərə - İran, İraq, Suriya, Misir, Əlcəzair, Hicaz və başqa ölkələrə səyahətlər etmiş, təhsilini artırmışdır. Mənbələrin verdiyi məlumata görə o, sakin olduğu yerlərdə həm öyrənir, həm də öyrədirmiş. Əhməd əl-Bərdici nüfuzlu müəllim sayılanda hələ iyirmi beş yaşı tamam deyilmiş. Bir tarixçi yazırdı ki, Əbu Əmr əl-Müstəmlinin xəttində oxudum ki, o, Əhməd ibn Harun əI-Bərdicini 255 (869)-ci ildə Zəhli məscidində dinləmişdir.
Əhməd əl-Bərdicinin yaradıcılığı dini ideologiyaya həsr olunmuşdur. Əbülhəsən əd-Darəqütni (918-995) onu "hədis dayaqlarından biri" sayıb, "inanılmış", "nüfuz sahibi" adlandırmışdır. Xətib əl-Bağdadi (1002-1071) və Əbu Səd əs-Səmani (1113-1167) onun haqqında "fəzilətli", "zəkalı" və "hafiz" (Quranı əzbər bilən) sözlərini işlətmişlər. İbn əl-İmad əl-Hənbəli (öl. 1078) yazırdı ki, Əhməd əl-Bərdici "axırıncı nüfuz sahiblərindən və dünya alimlərinin məşhurlarından idi". Başqa mənbələrdə isə o, "təkzibedilməz nüfuz sahibi", "müsəlman hüququnu dərindən bilən" alim kimi təqdim olunur.
Tarixi mənbələrdə Əhməd əl-Bərdicinin əsərlərindən üçü haqqında xüsusi məlumat verilir: "Mən rəvaan in-Nəbi (s) fi-1-kəbair" ("Böyük günah barədə Peyğəmbər əleyhissəlamın sözlərini nəql edənlər"), "Mərifət əl-müttəsil min əl-hədis və-l-mursəl və-l-məqtu va bəyan at-turuq as-sahiha" ("Hədis, mürsəl və məqtudan ayrılmamışın idrakı və düzgün yolların bəyanı") və "Təbəqat əl-əsma əl-müfrədə min əs-sahabə va-t-tabiin və əshab əl-hədis" ("Əshablar, ardıcıllar və hədis müəlliflərindən nadir adların təbəqələri"). Bunlardan axırıncı əsər daha məşhurdur. Burada 426 Peyğəmbər əshabının, ardıcılının, davamçının və hədis aliminin adı, onların mənsub olduqları yerlər göstərilir. Əhməd əl-Bərdici traktatın əvvəlində onun yeniliyinə işarə edərək yazır: "Mənim [araşdırdığım] nadir adlardır. Onlar Peyğəmbər əleyhissəlamın əshablarıdır. Alimlərdən heç birinin həmin adlardan hansınısa çəkmiş olduğunu bilmirik".
Bu əsər uzun müddət islam ideoloqlarının marağını doğurmuşdur. İbn Bukeyr əl-Bağdadi (938-998) ona şərh və kiçik əlavələr verməklə özünün "Nəqd təbəqat əl-əsma əl-müfrəda" ("Nadir adların təbəqələrinin tənqidi") traktatını qələmə almış, bir sıra hüquqşünas, ilahiyyatçı alimlər ilk mənbə kimi ondan geniş bəhrələnmişlər.
Mənbə
redaktə- Azərbaycan tarixi. Yeddi cilddə. II cild. Bakı,2007