Edebi Proses - Wikipedia
Ədəbi proses — ədəbiyyatın istər bir dövrdə, istərsə də, xalqın, ölkənin cəmiyyətin tarixi boyunca mövcudluğu, yaşarlığı və təkamülü. Hər bir tarixi dövrdə ədəbi proses sosial, ideoloji və estetik baxımdan müxtəlif səpkili və səviyyəli bütün ədəbi-bədii nümunələri (nəsr, şeir, dramaturgiya, ədəbi tənqid və ədəbiyyatşünaslıq) ehtiva edir. Bir çox hallarda, bədii əsərlər, müxtəlif səbəblər üzündən, yarandıqları vaxtdan, yaxud ilk nəşrindən xeyli sonra ədəbi proses nəticəsinə çevrilir (məs., Mirzə Fətəli Axundzadənin “Kəmalüddövlə məktubları” ilk dəfə 1924-cü ildə, Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povesti isə 1936-cı ildə çap edilmişdir).
Bədii ədəbiyyatın və incəsənətin növləri, həmçinin ideoloji və linqvistik hadisələrlə qarşılıqlı əlaqə və təsiri ədəbi prosesin mühüm cəhətlərindəndir. Dövrün ədəbi “özünüdərk”i (ədəbi yaradıcılıq proqram və manifestləri), həmçinin müxtəlif estetik cərəyanlar (məsələn, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında “mollanəsrəddinçilər”lə “füyuzatçılar”) arasında mübarizə, qarşılıqlı beynəlmiləl ədəbi əlaqələr ədəbi prosesin ayrılmaz tərkib hissələrindəndir.
“Ədəbi proses” termini XX əsrin 20-30-cu illərində meydana gəlmiş, 60-cı illərdən geniş işlənməyə başlamışdır. Ədəbi prosesin küll halında, bütün bədii, ideya-estetik təzahürləri ilə dərindən təhlil edilib öyrənilməsi, ümumiləşdirilməsi ədəbiyyatın inkişaf meyillərini, perspektivlərini aydınlaşdırmaq baxımından müstəsna əhəmiyyətə malikdir. Azərbaycanda ədəbi prosesin sistemli şəkildə intensiv öyrənilməsinə 60-70-ci illərdən başlanılmışdır. Müasir Azərbaycan ədəbi prosesinin xüsusiyyətləri sırasına mənəvi-əxlaqi problematikaya marağın güclənməsi, insan konsepsiyasının inkişafı, tarixiliyin qüvvətlənməsi, janr-üslub sayəsində yeni axtarışlar və s. daxildir. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda bu sahədə müəyyən işlər görülür. İnstitutda son illərin ədəbi prosesinə aid məqalə topluları, illik ədəbi icmallar, monoqrafik tədqiqatlar nəşr edilmişdir.
Ədəbiyyat
redaktə- Nəbiyev B. Tənqid və ədəbi proses. 1976.
- Hüseynov A. Nəsr və zaman. Bakı. 1980.
- Hüseynov A. Sənət meyarı. Bakı. 1986.
- Qarayev Y. Ədəbi üfüqlər. Bakı. 1985.
- Salmanov Ş. Poeziya və tənqid. Bakı. 1987.