Ebdurrehman Abdi Pasa - Wikipedia
Əbdürrəhman Abdi Paşa (təq. 1616 – 2 sentyabr 1686, Buda) — Sultan İbrahim və IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi, Osmanlıların son Budin bəylərbəyi.
Əbdürrəhman Abdi Paşa | |
---|---|
Əvvəlki | Cəbəci Əhməd Paşa |
Sonrakı | Bosniyalı Osman Paşa |
Əvvəlki | Mələk İbrahim Paşa |
Sonrakı | - |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | Budin əyaləti, Osmanlı imperiyası |
Fəaliyyəti | zabit, siyasətçi |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəDoğum tarixi haqqında məlumat yoxdur. Əslən alban olub, yeniçəri ocağında təlim-tərbiyə edildikdən sonra, o əsnada davam edən Krit müharibəsinə ocaq kəndxudası olaraq qatıldı. Müharibə əsnasında 1669-cu ilin mayında yeniçəri ağası təyin edildi. Kandiyə qalasının (indiki İraklion) mühasirəsində və 1672-ci ildə başlayan Lehistan səfəri əsnasında Kamaniçe (indiki Kamenets-Podolski) və Bucaş bölgəsinin ələ keçirilməsində göstərdiyi şücaət səbəbilə vəzir rütbəsi aldı, ardından 1674-cü ilin iyununda Bağdad bəylərbəyi oldu. Daha sonra 11 may 1676-cı ildə Misir bəylərbəyi olan Abdi Paşa 1681-ci ilin iyununda vəzifədən alındı və Bosniya bəylərbəyliyinə təyin olundu. 1682-ci ildə əlavə olaraq Kamaniçe qalasının mühafizəsi ilə vəzifələndirildi. 1684-cü ilin noyabrında Budin bəylərbəyi oldu. 1685-ci ildə Hələb bəylərbəyliyi ilə Macarıstan sərdarlığına təyin edildi.
Budin əyalətindəki idarəçilik illərində az bir qüvvəylə 1686-cı ildə 90 minlik xaçlı ordusuna qarşı qalanı müdafiə etdi. 3 aylıq mühasirə müddətində xaçlı ordusunun ard-arda tərtiblədiyi 18 hücumu geri çevirərək düşmənin təslim olma təklifini rədd etdi. Mühasirə əsnasında cəbhəxanada baş verən partlayışla 1500 əsgərin ölümü və qalanın ətrafındakı yüksəkliklərin itirilməsi müdafiəni daha da çətinləşdirdi. Nəhayət özü də əsgərlərlə birlikdə ön cəbhəyə keçdi və 2 sentyabr 1686-cı ildə baş tutan son hücumda şəhid oldu.
Kandiyə qalasının Osmanlılar tərəfindən fəth edilməsiylə şəhərdə yenidən qurma işləri başlamışdır. Müharibənin son illərində bölgəyə gələn Övliya Çələbi səyahətnaməsində Kandiyədə o əsnada yeniçəri ağası olan Abdi Paşanın adına məscid, çeşmə, Bektaşi təkkəsi və bazar yerinin olduğunu qeyd edir. 17 fevral 1810-cu ildə baş verən zəlzələdə məscid zərər görmüş və minarəsi dağılmışdır. Bundan başqa 1666-cı ildə Peklin şəhərində Peklin məscidini inşa etdirmişdir.
Mənbə
redaktə- Özcan, Abdülkadir (2015). "Macarların Kahraman Düşmanı Son Budin Valisi Abdurrahman Abdi Paşa". FSM İlmî Araştırmalar İnsan ve Toplum Bilimleri Dergisi, 5. DergiPark. ss. 442-453
- Yerasimos, Marianna (2012). Evliya Çelebi Yunanistan'da-Bir Allame-i Cihan Stefanos Yerasimos (1942-2005) I.Cilt (Editör:Edhem Eldem, Aksel Tibet, Ersu Pekin, Çağatay Anadol)