Ebdulhuseyn Babayev - Wikipedia
Əbdülhüseyn Kərbəlayı Mikayıl oğlu Babayev (1877, Bakı – 1961, Bakı) — Azərbaycan xarratı, şəbəkə ustası, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1957).
Əbdülhüseyn Babayev | |
---|---|
Doğum tarixi | 1877 |
Doğum yeri | |
Vəfat tarixi | 1961 |
Vəfat yeri | |
Fəaliyyəti | xarrat[d], şəbəkə ustası |
Mükafatları |
|
Həyat və yaradıcılığı
redaktəƏbdülhüseyn Babayev 1877-ci ildə Bakıda anadan olmuşdur.[1] O, oxuduğu mollaxananı tərk edərək arababənd atası Kərbəlayı Mikayılın yanında 10 il usta şagirdi işlədikdən sonra qapı-pəncərə və xonça-bağdatı düzəltməyi, şüşəbənd bağlamağı öyrənmişdir. Sonralar on ilə yaxın müddət ərzində o, "Qafqaz və Merkuri" gəmiçilik şirkətində işləmiş, burada yüzlərlə gəmi təkəri bağlamışdır.[2]
Gənc yaşlarında rəhil kəsməyi öyrənən usta Əbdülhüseyn ən sadə quruluşlu bir qüllə rəhildən mürəkkəb quruluşlu altı və səkkiz qüllə rəhilə qədər kəsməyi bacarırdı. O, mıxsız və yapışqansız düzəltdiyi rəhillərdə yenilik yaratmağa çalışır, bəzən iki rəhili bir-birinin içində kəsir, bəzən səkkiz və daha çox hissədən ibarət bir neçə formaya salına bilən rəhil düzəldirdi. Onun hazırladığı rəhillər Azərbaycan muzeylərində nümayiş etdirilir.[2]
Əbdülhüseyn Babayevin yaradıcılığında "Cəfəri", "Xab-bidar", "Səkkiz qüllə", "On altı qüllə" adlı mürəkkəb şəbəkələr mühüm yer tutmuşdur. O, Azərbaycan Ədəbiyyatı Muzeyi, Azərbaycan Tarixi Muzeyi, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (Moskva, 1939) Azərbaycan SSR pavilyonu üçün şəbəkə kompozisiyaları hazırlamışdır.[1] Usta Əbdülhüseyn şəbəkə ornamentlərini əzbərdən çəkir, düzəltdiyi arakəsmələrdə, qapı və pəncərə şəbəkələrində, habelə mebel bəzəklərində müxtəlif naxışlar tətbiq edir, çox zaman eyni bir şəbəkə kompozisiyasına cürbəcür ornament ünsürləri daxil edirdi.[2]
Əbdülhüseyn Babayev bir neçə il Azərbaycan Dövlət Rəssamlıq Məktəbində şəbəkə emalatxanasına rəhbərlik etmişdir.[3] Onun şagirdlərindən Ağasəf Cəfərov, Mirzəağa Qafarov, Amil Salamov bu sənəti öyrənmiş və müxtəlif şəbəkə kompozisiyaları yaratmışlar.[2]
Əbdülhüseyn Babayev müharibə illərindəki fəaliyyətinə görə "Qafqazın müdafiəsinə görə", "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalları ilə təltif edilmiş[2] və ona xalq tətbiqi incəsənəti sahəsindəki xidmətlərinə görə 5 yanvar 1957-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı verilmişdir.[4]
Əbdülhüseyn Babayev 1961-ci ildə Bakıda vəfat etmişdir.[3] SSRİ xalq rəssamı Mikayıl Abdullayev 1961-ci ildə şəbəkə ustasına həsr etdiyi "Yüz yaşlı usta Əbdülhüseyn Babayev" portretini tamamlamış və bu əsər müxtəlif ölkələrdə nümayiş etdirilmiş, Tretyakov qalereyasında saxlanılmışdır.[5]
İstinadlar
redaktə- ↑ 1 2 Babayev Əbdülhüseyn Mikayıl oğlu // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 583. ISBN 978-9952-441-05-5.
- ↑ 1 2 3 4 5 Нәҹәфов, М. Маһир шәбәкә устасы // Коммунист. № 6 (10342). 8 январ 1957. С. 4.
- ↑ 1 2 Бабајев Әбдүлһүсејн Микајыл оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 519.
- ↑ Ә. М. Бабаевә Азәрбайҹан ССР әмәкдар инҹәсәнәт хадими фәхри ады верилмәси һаггында Азәрбайҹан ССР Али Совети Рәясәт Һей'әтинин Фәрманы // Коммунист. № 5 (10341). 6 январ 1957. С. 1.
- ↑ Нәҹәфов, М. Микајыл Абдуллајев. Бакы: Јазычы. 1983. С. 31–32.
Xarici keçidlər
redaktə- Rafael Hüseynov. Tanımaq və anmaq borcu // 525-ci qəzet. 2 oktyabr 2023.