Sahin Geray Kalqay - Wikipedia
Şahin Gəray (krımtat. Şahin Geray)(1585, Noqay Orda – 1641, Rodos, Osmanlı imperiyası) — Krım xanı II Səadət Gərayın oğlu, Krım nurəddini və kalqayı.[1][2]
Şahin Gəray | |
---|---|
9 may 1624 – 21 iyun 1628 | |
Əvvəlki | Dövlət Gəray |
Sonrakı | Dövlət Gəray |
1608 – 1609 | |
Əvvəlki | Səfər Gəray |
Sonrakı | Dövlət Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1585 |
Doğum yeri | |
Vəfat tarixi | 1641 |
Vəfat yeri | |
Atası | II Səadət Gəray |
Ailəsi | Gəraylar |
Dini | sünni islam |
Həyatı
redaktəDoğum tarixi dəqiq bilinməsə də, 1585-ci ildə doğulduğu ehtimal olunur. Taxtdan endirildikdən sonra ölkədən qaçan Krım xanı II Səadət Gərayın oğlu olaraq ehtimal ki, Noqay ordasında dünyaya gəldi. Atasının 1587-ci ildə müəmmalı şəkildə ölümünün ardından qardaşları Dövlət və Mehmedlə birlikdə anasının himayəsində Bağçasaraya qayıtdı. Ancaq böyük qardaşı Dövlət Gərayın Şirin tayfasıyla birlikdə saray çevrilişinə cəhd etməsi və bu cəhdin aşkara çıxmasıyla hər şey dəyişdi. Dövlət Gəray və müttəfiqləri ələ keçirilərək öldürüldü. Kiçik qardaşları Mehmed Gəray İstanbula, Şahin Gəray isə çərkəz diyarına qaçaraq xilas oldular.
1607-ci ildə II Qazi Gərayın ölümünün ardından oğlu Toxtamış Gəray Osmanlı sultanının razılığını almadan saray əyanlarının köməyilə özünü xan elan etdi. Buna cavab olaraq Osmanlı sultanı I Əhməd onun hakimiyyətini tanımadı və İstanbulda girov saxlanılan Səlamət Gərayı 1608-ci ildə yeni Krım xanı, Mehmed Gərayı kalqay, Şahin Gərayı isə nurəddin təyin etdi. Ancaq ertəsi il Mehmed Gəray və Şahin Gəray qardaşları xana qarşı yeni bir çevriliş etmək niyyətinə düşdülər və bu cəhdləri uğursuzluqla nəticələndi. Krımdan qaçaraq çərkəz diyarına sığınan qardaşlar burada çərkəz və noqay tayfalarından dəstək toplamağa başladılar.
1610-cu ildə I Səlamət Gərayın vəfatının ardından qardaşlar Bağçasaraya hücum edib hakimiyyəti ələ keçirməyə cəhd etsələr də, bu uğursuzluqla nəticələndi. İstanbulun dəstəyini qazanan kalqay Canıbəy Gəray taxta çıxarıldı. Ölkədən qaçan qardaşlar Bucaq ordasına sığındılar. Daha sonra böyük qardaşı Mehmed Gəray İstanbula gedərək əfv dilədi və bağışlanaraq Yeddiqüllə zindanlarında qapalı həyata məhkum edildi. Şahin Gəray isə Bucaq ordasında qaldı. 1614-cü ildə Canıbəy Gəray onu ələ keçirmək məqsədilə Bucaq ordasına ordu göndərdi. Bu səbəblə öncə Şimali Qafqaza, daha sonra isə Səfəvi şahı Şah Abbasa sığınan Şahin Gəray 10 il burada yaşadı. Bu müddət ərzində Osmanlılara qarşı davam edən müharibələrdə iştirak edən Şahin Gəray qardaşının 1623-cü ilin mayında taxta çıxmasıyla Krım qayıtdı. 9 may 1624-cü ildə Qəzvindən gətirdiyi 2 min nəfərlik mühafizəçi birliyiylə Krıma gələn Şahin Gəray kalqay elan olundu. Ancaq Səfəvilərə sığındığı müddət boyunca etdikləri səbəbiylə yerli əyanlar tərəfindən dəstəklənməyən Şahin Gəray bir müddət onlarla mübarizə apardı. Bir çox tatar əsilzadəsi öldürüldü və ya sürgün edildi. Digər yandan qardaşı Mehmed Gəray Osmanlı sultanının tabeliyindən çıxmaq niyyətində idi və davam edən Səfəvi-Osmanlı müharibəsinə hərbi birlik göndərməkdən imtina etdi.
Nəhayət III Mehmed Gərayın Osmanlı əleyhdarlığı və Krımda tayfalararası mübarizəni qızışdırması nəticəsində Canıbəy Gəray 1628-ci ildə yenidən xan təyin edildi. Mehmed Gəray və qardaşı Şahin Gəray isə buna etiraz edərək ordu toplamağa başladılar. Mehmed Gəray Bağçasarayda qalaraq paytaxtı qorudu. Şahin Gəray isə topladığı birliklə 26 fevral 1628-ci ildə Bucaq ordasına hücum etdi və mərkəz Akkirman qalasını işğal etdi. 23 apreldə baş tutan Babadağ müharibəsində 30 min nəfərlik Osmanlı-Krım birlikləri tərəfindən məğlub edilən Şahin Gəray Bağçasaraya qaçdı. Onun ardından Krıma gələn birləşmiş ordular 3 həftə Bağçasarayı mühasirədə saxladı. Kazak dəstələrinin yardıma gəlməsinə baxmayaraq mühasirə davam etdi. 21 iyun 1628-ci ildə sultan fərmanıyla bölgəyə gələn Canıbəy Gəray digər tatar əyanlarının ona tabe olmasıyla hakimiyyəti ələ aldı. 9 iyulda Bağçasaraya daxil olan Canıbəy Gəray ikinci dəfə taxta çıxdı. Mehmed Gəray və Şahin Gəray isə kazak dəstələrinə qoşularaq qərbə qaçdı.
Həmin ilin noyabrında və 1629-cu ilin aprelində Krıma qarşı hücumlar tərtibləyən qardaşlar məğlub olub geri qayıtdılar. Son səfər əsnasında qardaşı Mehmed Gəray öz adamları tərəfindən öldürüldü. Yaralanan Şahin Gəray isə yaxın adamlarının yardımıyla Noqay ordasına, çərkəz diyarına, ardından isə Qumuq diyarına qaçırıldı. Ancaq onu izləyən Krım ordusundan xilas ola bilmədi və yenidən Səfəvilərə sığınmağa məcbur oldu. Səfəvi şahı Şah Səfi onu mərasimlə qarşıladı və onu vliayətlərdən birində vəzifələndirdi. Ancaq 1632-ci ildə vilayət valisini öldürərək qarət edən Şahin Gəray yenidən Şimali Qafqaza qaçdı. Ancaq burada heç bir tayfa onu öz mülklərinə buraxmadı. Bir müddət bölgədə dolanaraq dəstəkçi toplamağa çalışsa da, bu cəhdləri nəticə vermədi. Ardından Osmanlı sultanı IV Murada məktub yazaraq canının bağışlanmasını istədi. Nəhayət 1633-cü ilin avqustunda İstanbula gələn Şahin Gərayın canı bağışlandı və Rodos adasına sürgün olundu. Buna baxmayaraq 1641-ci ildə Sultan İbrahimin əmriylə burada boğularaq edam edildi. Cənazəsi Murad Rəis məscidinin həyətinə dəfn olundu.
İstinadlar
redaktəMənbə
redaktə- Kırım Hanlığı’nda Kalgaylık ve Nureddinlik Üzerine Bir İnceleme. Furkan Cem Tosun. Yüksek Lisans Tezi. İzmir 2022
- Von Hammer Purgstall, Kırım Hanlığı Tarihi, İnsan Yayınlar, 3. Baskı, 2020