Istifadeci Baskervill Vikimaniya2017 - Wikipedia
Vikimaniya Vikimedia Fondunun hər il təşkil etdiyi beynəlxalq konfransdır. Konfrans elmi xarakter daşımaqla yanaşı, viki iştirakçılarının görüşməsinə və fikir mübadiləsi aparmasına şərait yaradır. İlk dəfə 2005-ci ilin 5-7 avqust tarixlərində Almaniyanın Frankfurt şəhərində təşkil edilib və Azərbaycandan olan vikipediyaçılar 2010-cu ildən etibarən sözügedən konfransda iştirak etməyə başlayıblar. Azvikinin təcrübəli idarəçilərdən olan Sortilegus və Wertuose dəfələrlə vikicəmiyyəti Vikimaniyalarda təmsil ediblər və orada öyrəndikləri bilik və bacarıqları bizim lokal icmamıza tətbiq etməyə çalışıblar. Hər yay təşkil edilən Vikimaniya, 2017-ci ilin avqust ayında Kanadanın Kvebek əyalətnin Monreal şəhərində yerləşən Şeraton oteldə təşkil olunmuşdu.
Vikimedia Fondunun daha öncədən elan etdiyi təqaüd proqramına müraciət etmişdim və seçilməyə ümüdüm olmadığı halda son gündə öyrəndim ki, tam təqaüd alan iştirakçılardan biri mənəm və Azərbaycandan yerli icmanı təmsil etmək şansı qazanan yeganə istifadəçiyəm. Şimali Amerika qitəsi mənim üçün heç bir zaman yad olmayıb. 2014-cü ildə Work and Travel USA proqramı ilə 4 ay ABŞ-da yaşayanda hiss etmişdim ki, yolum bu tərəflərə bir daha düşəcək. Sadəcə mötəbər tədbirdə Azərbaycanı təmsil etmək, tək olmaq və daha öncədən belə bir təcrübənin olmamağı məni bir az həyəcanlandırır və bir o qədərdə narahat edirdi.
Tədbir ilə bağlı ünvanladığım sualları cənab idarəçilərimiz Sortilegus və Wertuose aramla və səbirlə cavablandırdılar və öz keçmiş təcrübələrini mənimlə bölüşdülər. İdarəçilərimizin məsləhətlərinə və dəstəklərinə görə onlara bir də buradan təşəkkür etmək istəyirəm. Bir balaca tədbir haqqında məlumat verim. 9-13 avqust tarixlərində otelin 3 mərtəbəsinin əhatə edən zal və auditoriyada 100 dən çox təqdimat və müzakirələr keçirildi. Öncədən hazırladığım xüsusi çıxışım olmadığından bir tək açılış tədbirindən tribunadan iştirakçıları salamladım və Azərbaycandan gəldiyimi bildirdim.
I hissə
redaktəI gün Türkcə Vikipediyadan olan 2 idarəçi və bir fəal istifadəçi ilə söhbətləşdik. Türkiyədə vikipediyanın bloklanması, Tr-Az viki arasında baş tuta biləcək mümkün tərəfdaşlıq və digər məsələlər barədə müzakirələr apardıq. Qalisiya və Katalan vikipediyalarından olan fəal idarəçilərə III mərtəbədə kiçik toplantımız oldu. Qərarlaşdırdıq ki, Qalisiyaca vikipediya ilə qarşıqlı mövzulu ay lahiyəsi keçirdək. Belə ki, onlarda Azərbaycanla bağlı 40, bizdə isə onlarla bağlı 40 məqalə yaradılacaq və qaliblər simvolikdə olsa mükafatlandırılacaq. Həmin günün axşamı isə türk dilli vikipediyaçılarının gözəl və səmimi bir görüşü keçdi. Həmin görüşdən olan fotonu öz facebook profilimdə də paylaşmışam və bir çox fotonu commons media anbarınada yükləmişəm. Başqırd, tatar, türk, cənubi azərbaycanlı və bəndəniz olaraq görüşdə 7 nəfər iştirak edirdi. Söhbətimiz o qədər maraqlı alındı ki, müzakirənin davamını otelin qarşısında yerləşən Dorchester Square parkında davam etdirdik.
19-cu mərtəbədə eyni otağı bölüşdüyüm Gürcücə Vikipediyanın idarəçisi və bürokratı MIKHEIL tədbir boyunca yanımda oldu və onunlada uzun-uzun müzakirələr, zarafatlar və səmimi söhbətlər etdik. Tədbirin əsas məqamlarından biri də suriyalı proqamçı gənc Bazel Hartabilin tez-tez xatırlanması idi. Bazel öz ölkəsində Azad proqram təminatı və azad internet şəbəkəsinin genişlənməsi istiqamətində fəaliyyət göstərən gənc proqamçı kimi fəaliyyət göstərdiyi zamanda həbs olunmuş və daha sonralar isə ölüm xəbəri təsdiqlənmişdir.
Konfrans sırasında izlədiyim Biz vikipediyanı nə üçün oxuyuruq ? / Why We Read Wikipedia təqdimatı da diqqətimi artıqlaması ilə çəkdi. Həmin konfrasnda öyrəndim ki, dünyada saniyə ərzində 6.000-dən çox vikipediya səhifəsi oxunur və bu rəqəm hər il artmaqda davam edir. Oxucuların hansı tipli məqalələri oxumağa üstünlük verməkləri, məlumatların axtarışa verilməsi və tapılmasında rastlanan çətinliklər və mövzu ilə bağlı digər məsələlər təqdim olundu və müzakirələr aparıldı.
II hissə
redaktəYeni vikipediyaların yaradılması hər zaman maraq mövzularımdan olub. Yeni vikipediyaların yaradılması üçün vikimedianın inkubator lahiyəsindən istifadə olunur və özüm də bir müddət həmin lahiyədə Azərbaycanda danışılan müxtəlif kiçik dillərin vikipediyalarının açılması üçün cəhdlər göstərmişəm. Bu baxımından Monrealda keçirilən tədbir zamanı What is the smallest community that can support a Wikipedia? / Vikipediyanı dəstəkləyə biləcək ən kiçik icma hansıdır ? adlı seminarda iştirak etmək çox maraqlı oldu. Həmin seminarda Asturiyaca Vikipediyada aktiv şəkildə fəaliyyət göstərən Vsuarezp adlı idarəçi ilə də tanış oldum. 2007-ci ilin məlumatına görə Asturiya dilini ana dili kimi istifadə edənlərin sayı 110 min nəfərdir. 110 min insan tərəfindən istifadə edilməsinə baxmayaraq, həmin dilin vikipediyasında 50 mindən çox məqalə mövcuddur. Vsuarezp barmaqla sayıla biləcək vikipediyaçı ilə belə bir nəticəni necə əldə etdiklərini və dilin daşıyıcıları arasında vikipediyanın necə populyarlaşdırdıqlarından danışdı. Onu deyə bilərəm ki, azsaylı daşıyıcıları olan dillərin öz dillərində vikipediyalarının olması böyük bir nemətdir. Başqa bir nümunə də Veps dilini göstərə bilərəm. Rusiya Federasiyasında danışılan fin mənşəli üç dildən biri olan vepscədə bu gün cəmisi 5.800 insan danışsada, vepsçə vikipediyada 5.600-dən çox məqalə mövcuddur.
Sonuncu gündə A Medieval pope skeleton dancing with Taylor Swift in an Iraqi telecom commercial / İraq rekamında Teylor Sviftlə rəqs edən Papa skeleti adlı seminarda iştirak etdim. Vikimedia Fondunun koordinasiya işlərini görən qrupun təqdimatında dünya insanlarının vikipediya bərədə nə dərəcədə məlumatlı olub, olmamaqları maraqlı bir şəkildə izah olundu. Hindistan, Çin və dünyanın bir çox böyük çoğrafiyalarında milyonlarla insan vikipediya adlı saytın olmasından xəbərsizdir. Burada ən böyük əngəllərdən biri də, internet şəbəkəsinin bir çox inkişaf etməmiş ölkələrdə məhdud formada inkişaf etməsidir. Bir çox ölkələrdə vikipediyanın kütləviləşdirilməsi və sayta daxil olmanın asanlaşdırılması üçün müxtəlif lahiyələr icra edilir. Mənə görə bu lahiyələrdən ən önəmlisi Wikipedia Zero lahiyəsidir. Bunu bir zamanlar Bakcellin istifadəsinə şərait yaratdığı 0 facebookla müqayisə edə bilərik. Wikipedia Zero ilə heç bir internet bağlantısı olmadan dünyanın 299 vikipediyasında olan istənilən məqaləni rahatlıqla oxumaq mümkündür. 2012-ci ildən yaradılan lahiyəyə, bu günə qədər dünyanın 52 ölkəsindən, 68 mobil operator qoşulub və 309 milyondan çox oxucu internetə daxil olmadan vikipediyadan faydalanıb. Bu sadəcə möhtəşəmdir !
Seminarda onu da öyrənmiş oldum ki, İraq mərkəzli Asiacell mobil operatoru vikipediyaya daxil olanlardan hər hansısa rüsum və ya MB haqqı tutmur. Yəni balansınızda internet olmasa belə 3G xidmətini aktivləşdirib rahat şəkildə vikipediyanı oxumağınız mümkündür. Mövzu ilə bağlı çəkilmiş və fondun rəsmi youtube kanalında yerləşdirilmiş reklam videosuna buradan baxa bilərsiniz. Vikimaniya 2017 haqqında uzun-uzadı çox danışa bilərəm, ancaq daha çox məlumat verib, yazını oxuyanların gözlərini və beyinlərini yormaq istəmirəm. Öz iştirakımı müsbət qiymətləndirir və gələcək iştiraklar üçün atılmış uğurlu bir addım olaraq görürəm. Tədbirlə bağlı AMEA Mərkəzi Elmi Kitabxanasının rəsmi saytında verdiyim müsahibəni buradan oxuya bilərsiniz. Müsahibənin audio versiyasını dinləmək istəyənlərin bu linkə daxil olmaqlarını rica edəcəm.
-
Tədbirlərdən vaxt tapdıqca Monreal şəhərinin gözəlliklərindən də zövq almağa çalışırdım.