Ismayil Haqqi Oktay - Wikipedia
İsmayıl Haqqı Paşa və ya İsmayıl Haqqı Oktay (29 oktyabr 1881[1][2], Afina, Yunanıstan Krallığı – 11 oktyabr 1977, İstanbul, Türkiyə) — son Osmanlı sədrəzəmi Əhməd Tofiq Paşanın oğlu, Osmanlı hərbçisi, diplomatı və filatelisti.
İsmayıl Haqqı Oktay | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 oktyabr 1881[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 11 oktyabr 1977 (95 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Əhməd Tofiq Paşa |
Anası | Elizabet Tschumi |
Həyat yoldaşları |
Ülviyə Sultan (1916-1922) Fərxundə Oktay (1925-1977) |
Uşağı | |
Hərbi xidmət | |
Rütbəsi | Kaymakam |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİlk illəri
redaktə29 oktyabr 1881-ci ildə Afinada dünyaya gəldi. Atası o əsnada Osmanlı imperiyasının Afina səfiri olan Əhməd Tofiq Paşa[3], anası isə onun isveç əsilli xanım Elizabet Tschumidir[4]. Cütlüyün 4 övladından ən böyüyü olan İsmayıl Haqqı bəyin ilk uşaqlıq illəri Afinada keçdi. Afinadakı yunan əsilli dayəsindən yunanca, atasının Berlin səfirliyi dövründə isə (1881-1895) təhsil aldığı məktəblərdə alman və fransız dillərini öyrəndi. Beləliklə, hələ 14 yaşında ikən 3 əcnəbi dil bilən intellektual bir gənc olmuşdu.
Atası Əhməd Tofiq Paşanın 1895-ci ildə İstanbula çağırılaraq Xariciyyə Nəzarətinə təyin edilməsi ilə digər ailə üzvləri kimi İsmayıl Haqqı bəyin də həyatı tamamilə dəyişdi. İlk dəfə İstanbula gələn İsmayıl Haqqı bəy, kiçik qardaşı Əli Ülvi bəylə birlikdə xüsusi müəllimlərdən bir ilə yaxın türkcə, ərəbcə və farsca dərsləri aldı. Ardından 1896-cı ildə Qalatasaray litseyinə daxil oldu. Ardından hərbi məktəbə daxil olan İsmayıl Haqqı bəy burada Sultan Əbdülhəmidin yavərlik sinifinə seçildi və 4 il sonra məzun oldu. Qısa zamanda rütbəsi yüksələn İsmayıl Haqqı bəy 20 yanvar 1899-cu ildə leytenant, 20 yanvar 1901-ci ildə kapitan, 2 yanvar 1902-ci ildə qolağası, 19 oktyabr 1903-cü ildə mayor, 3 oktyabr 1904-cü ildə kaymakam və 26 oktyabr 1907-ci ildə miralay rütbəsinə təyin olundu.[5] Hərb məktəbindən məzun olduqdan sonrakı 6 il boyunca hər hansı bir hərbi vəzifəyə təyin olunmayan İsmayıl Haqqı bəy bu illər ərzində bir çox mühüm açılışlara, Almaniya və İspaniyadakı bəzi monarxial tədbirlərə göndərildi və çox sayıda nişanla təltif olundu. Ancaq İkinci Məşrutiyyətin elan edilməsinin ardından 25 iyul 1908-ci ildə qəbul edilən qərarla rütbəsi aşağı salınaraq baş leytenant təyin olundu.
31 mart hadisəsinin ardından sədrəzəmliyə yüksələn atası Əhməd Tofiq Paşa dövrün çalxantılı siyasi mühitinin təsiriylə qısa zaman sonra vəzifədən alındı və London səfiri təyin olunaraq paytaxtdan uzaqlaşdırıldı. Bu çalxantılı zamanda həm hərbi karyerasını davam etdirmək, həm də İstanbuldakı siyasi mühitdən uzaqlaşdırmaq məqsədilə atası tərəfindən 1910-cu ilin sonlarında Almaniyaya göndərildi və burada Berlin Hərb Akademiyasında təhsil almağa başladı. Alman dilinin ana dili olmasına baxmayaraq, bu dövr olduqca çətin keçdi. Təhsiliylə yanaşı Alman imperatorunun tabeliyindəki xüsusi alayda da xidmət edən İsmayıl Haqqı bəy tutduğu rütbəylə müqayisədə xeyli mükafat və nişana layiq görülmüşdü. Bu isə alman hərbçiləri arasında narazılığa səbəb olmuşdu. Nəhayət, Balkan yarımadasında baş verən siyasi və hərbi iğtişaşları bəhanə edən İsmayıl Haqqı bəy 5 oktyabr 1912-ci ildə İstanbula qayıtdı.[6]
Balkan Müharibəsi illəri
redaktəİstanbula döndükdən sonra Yanya vilayətindəki birliklərdə yavərliyə təyin olunan İsmayıl Haqqı bəy, Əsad Paşa rəhbərliyindəki ordunun tərkibində 5 ay boyunca bir çox döyüşlərdə iştirak etdi.[7] Bu ordu yunanlar qarşısında ağır məğlubiyyətə uğramasa da, sərt hava şəraiti, təchizat yetərsizliyi, alban əsgərlərinin ordudan qaçmaları və mərkəzdən dəstək verilməməsi səbəbiylə yetərli müqaviməti də göstərə bilmədi. Yunan birliklərinə rəhbərlik edən Şahzadə Konstantinin Yanya birliklərinin təslim olması üzrə verdiyi təklifin 30 yanvar 1913-cü ildə geri çevrilməsi ilə tərəflər arasındakı mübarizə daha da alovlandı.[8] 4 mart 1913-cü ildə aldığı tapşırıq əsasında yola çıxan İsmayıl Haqqı bəy yolda ikən Yanya qalasının yunanlar tərəfindən işğalı xəbərini aldı (6 mart 1913). Əmrindəki kiçik birliklə İstanbula gələn İsmayıl Haqqı bəy şifrəli raportu sədrəzəm Mahmud Paşaya çatdırdı.
Birinci Dünya Müharibəsi illəri
redaktəAvstriya-Macarıstan imperiyasının vəliəhdi Frans Ferdinandın Sarayevoda sui-qəsd nəticəsində öldürülməsiylə başlayan və 4 il boyunca Avropanın bir çox dövlətlərində tüğyan edən Birinci Dünya Müharibəsi Osmanlı imperiyasından da yan keçmədi.[9] O illərdə müttəfiqi olan Almaniya imperiyasının yanında müharibəyə daxil olan Osmanlı imperiyası bu səbəblə 2 avqust 1914-cü ildə ümumi səfərbərlik etdi. Eyni gün Almaniya ilə bağlanan gizli sazişə əsasən, bir çox mühüm alman zabiti və hərbçisi Osmanlı torpaqlarına göndərildi. Bu səbəblə, alman dili bilən hərbçilər ön plana çıxdı. Bunlardan biri olan İsmayıl Haqqı bəy bu istiqamətdə göstərdiyi xidmətlər səbəbilə 4 iyun 1915-ci ildə Alman imperatoru tərəfindən Dəmir Səlib nişanıyla təltif edildi.
Bir müddət müharibənin İraq cəbhəsinə göndərilən İsmayıl Haqqı bəy burada göstərdiyi xidmətlər səbəbilə 16 dekabr 1915-ci ildə Müharibə Gümüş Mükafat medalı, 20 dekabr 1915-ci ildə Hərb medalı və 26 mart 1916-cı ildə dördüncü dərəcəli Qırmızı Qartal Nişan Qılıncı ilə təltif edildi.
Vəliəhd Vahidəddin Əfəndinin böyük qızı Ülviyə Sultanla evlənməsi müzakirə edilən İsmayıl Haqqı bəy 1916-cı ilin aprelində cəbhədən İstanbula çağırıldı və 5 ay boyunca hansısa vəzifəyə tyəin olunmadı. Toy mərasimi 19 avqust 1916-cı ildə baş tutan cütlüyün nigahı dövrün şeyxülislamı Ürgüplü Mustafa Əfəndi tərəfindən bağlandı və mərasimin ardından cütlük Beşiktaş sarayında yaşamağa başladı. Çox keçmədən 1916-cı ilin sentyabrında bolqar cəbhəsinə göndərilən İsmayıl Haqqı bəy bu vəzifədə ikən yaralandı və Sofiya hərbi hospitalında bir müddət müalicə aldıqdan sonra İstanbula qayıtdı.
İstanbulda 21 noyabr 1916-cı ildə Ümumi Qərargahın birinci şöbəsində xidmətə başlayan İsmayıl Haqqı bəy qısa müddət sonra, ilk dəfə Birinci Dünya Müharibəsində istifadə olunacaq kimyəvi silahlarla bağlı araşdırma səbəbilə Berlinə göndərildi. Təxminən 4 aylıq araşdırmanın sonunda 12 mart 1917-ci ildə qayıdan İsmayıl Haqqı bəy 8 may 1917-ci ildə birinci orduya təyin edildi və 23 sentyabr 1917-ci ildə ikinci dərəcəli Osmanlı nişanıyla təltif olundu. 8 oktyabr 1917-ci ildə son vəzifə yeri olan Fələstinə göndərilən İsmayıl haqqı bəy 21 yanvar 1918-ci ildə qaynatası olan vəliəhd Vahidəddin Əfəndinin yavərliyinə təyin olunaraq İstanbula çağırıldı. Bu vəzifədə ikən bir çox rəsmi mərasimdə iştirak edən İsmayıl Haqqı bəy müxtəlif dövlət nişanı və mükafatı ilə təltif edildi. Qaynatasının taxta çıxmasının ardından 14 iyul 1918-ci ildə padşah yavərliyinə yüksəldi. Həmin ayın sonlarında yenidən mayor rütbəsinə yüksələn İsmayıl Haqqı bəy Osmanlı imperiyasındakı taxt dəyişikliyi səbəbilə xarici dövlətlərə göndərilən heyətə üzv təyin edildi və Almaniya, Avstriya-Macarıstan və Bolqarıstan üzrə 3 aylıq səyahətin ardından sentyabrın sonlarında İstanbula qayıtdı.
Milli Mübarizə Hərəkatı illəri
redaktəOsmanlı imperiyası, müttəfiqləriylə birlikdə məğlub olduğu Birinci Dünya Müharibəsinin ardından 30 oktyabr 1918-ci ildə Mudros sülhünü imzaladı. Ancaq bu sülhün imzalanması ilə müharibənin izləri silinməyərək daha da dərinləşdi. Britaniya, Fransa və İtaliya birlikləri Osmanlı imperiyasını işğal etdi. Britaniyanın təhrikiylə ayaqlanan yunanların 15 may 1919-cu ildə İzmiri işğal etməsi və ardından Mustafa Kamal Paşanın ordu müfəttişi ünvanıyla Samsuna getməsi Milli hərəkatın tək mərkəzdən idarə edilməsi ilə nəticələndi. İstiqlaliyyət müharibəsi adlanan və 3 ildən çox davam edən bu hərəkat boyunca İsmayıl Haqqı bəy, 1922-ci ilin əvvəllərinə qədər Osmanlı sarayında Sultan Vahidəddinin xidmətində fəaliyyət göstərdi. Buna baxmayaraq Milli Mübarizə tərəfdarı olduğunu gizlətməyən və bu istiqamətdə mühüm addımlar atan İsmayıl Haqqı bəy sarayla Ankaradakı Milli Mübarizə tərəfdarları arasında vasitəçi rolu oynadı.[10] Bir tərəfdən də Sultan Vahidəddinin birinci yavəri və kürəkəni olan İsmayıl Haqqı bəyin bu davranışı saray əyanları və İstanbul hökuməti tərəfindən xoş qarşılanmırdı. Ən qısa zamanda Ankara gedərək Milli Mübarizəyə qatılmaq istəyən İsmayıl Haqqı bəyin qarşısındakı tək əngəl bu deyildi. Digər yandan atası Əhməd Tofiq Paşa da buna qarşı çıxırdı. Bu səbəblə, Ankaraya getdikdən yalnız bir neçə gün sonra ailəsinə məktub yazaraq bu barədə məlumat verdi. Onu düşündürən bir digər məsələ isə Osmanlı sultanının yavəri və kürəkəni olan birinin Ankarada necə qarşılanacağı idi. Belə ki, daha əvvəl Sultan Vahidəddinin digər kürəkəni və özü də Osmanlı sülaləsinə mənsub olan Ömər Fərrux Əfəndinin Ankaraya gedərək Milli Mübarizəyə qatılma istəyi Mustafa Kamal Paşa tərəfindən geri çevrilmişdi.[11] Nəhayət, Əkrəm Baydarın vasitəçiliyi ilə 1922-ci ilin əvvəlində Ankaradan aldığı dəvətlə İstanbuldan ayrıldı.[12][13]
25 yanvar 1922-ci ildə səhər saatlarında İstanbuldan ayrılan İsmayıl Haqqı bəy saxta vəsiqəylə öncə İzmitə yollandı. İki gün burda qaldıqdan sonra Adapazarı istiqamətində hərəkət edərək 6 fevralda Ankaraya gəldi. İlk öncə passiv vəzifəyə təyin edilsə də, öz etirazı nəticəsində 22 fevralda qərb cəbhəsinə təyin olundu.[14] Buna baxmayaraq, həm Sultan Vahidəddinin kürəkəni, həm də sədrəzəmin oğlu olması səbəbilə bir müddət etimad göstərilmədi. Mustafa Kamal Paşayla görüşən və vəziyyətini yenidən izah edən İsmayıl Haqqı bəy, nəhayət 22 apreldə ilk hərbi vəzifəsinə təyin olundu.
Milli Mübarizə illərində atası Əhməd Tofiq Paşayla məktublaşan İsmayıl Haqqı bəy bu yolla İstanbuldakı hadisələrdən də xəbərdar oldu. Digər tərəfdən Sultan Vahidəddin onun İstanbuldan gizlicə qaçaraq Milli Mübarizə hərəkatına qatılmasını bağışlamadı və qızı Ülviyə Sultanı 19 sentyabr 1922-ci ildə zorla boşandırdı. Buna baxmayaraq, Milli Mübarizə Hərəkatının son günlərinə qədər fəaliyyətini davam etdirən İsmayıl Haqqı bəy 13 yanvar 1923-cü ildə polkovnik-leytenant rütbəsinə təyin edildi.[15]
Milli Mübarizə Hərəkatının başa çatmasının ardından 29 noyabr 1925-ci ildə öz istəyilə hərbi fəaliyyətini sonlandırdı və təqaüdə ayrıldı. Ardından 19 dekabr 1925-ci ildə vaxtilə özü kimi Sultan Əbdülhəmidin yavərlərindən olan Əli Qırat Paşanın ən kiçik qızı Fərxundə xanımla (1897 - 22 oktyabr 1991) evləndi. Bu xanım eyni zamanda gələcəkdə Türkiyə Cümhuriyyəti baş naziri olan Bülent Ecevitin anasının xalası idi.
Türkiyə Cümhuriyyəti illəri
redaktəTəqaüddə olduğu halda 1927-ci ildə Türkiyənin Bekçikadakı Antverpen konsulluğuna təyin olundu. İki illik fəaliyyətinin ardından 23 iyun 1928-ci ildə Ankaraya çağırıldı. Antverpendə yürütdüyü siyasi, iqtisadi və sosial siyasət səbəbilə 5 iyul 1928-ci ildə Türkiyə hökuməti tərəfindən mükafatlandırıldı. Ardından 7 sentyabr 1929-cu ildə Mərkəzi Mətbuat Şöbəsinin Tərcümə bürosuna müdür təyin olundu və 4 illik fəaliyyəti boyunca xarici mətbuatda Türkiyə haqqında əcnəbi dillərdə nəşr olunan yazıların tərcüməsi və nəşriyyatı ilə məşğul oldu.
Macarıstan baş naziri Qyula Qombosun 20 oktyabr 1933-cü ildə baş tutan və beş gün davam edən Türkiyə səfəri boyunca mehmandar olaraq xidmət edən İsmayıl Haqqı bəy bu vəzifəsinin ardından Moskva səfirliyində müdür təyin olundu. Bu vəzifədə ikən uzun illərdir sürgün həyatı yaşayan və ən son 5 yaşında ikən gördüyü qızı Hümeyra xanım Sultanı gizli yollarla Moskvaya gətirdi. Ancaq keçmiş xanımı Ülviyə Sultan o əsnada Misirdə idi və qızının Qahirə-Moskva istiqamətində tez-tez hərəkət etməsi o dönəmki kəşfiyyatın gözündən qaçmadı. Nəticədə çox keçmədən Hümeyra xanım Sultan Moskvadan deportasiya edildi. İsmayıl Haqqı bəy isə 19 noyabr 1934-cü ildə Türkiyənin Bolqarıstandakı Plovdiv konsulluğuna təyin edildi.[16] O əsnada qüvvəyə minən Soyadı qanunu ilə Oktay soyadını aldı. Bu vəzifədə ikən atası Əhməd Tofiq Paşanın 8 oktyabr 1936-cı ildə vəfatı xəbərini aldı və bundan 7 ay sonra Ankaraya çağırıldı. Ardından 24 sentyabr 1938-ci ildə Türkiyənin İtaliyadakı Bari konsulluğuna təyin edildi.
Bu vəzifədə ikən siyasi fəaliyyəti ilə yanaşı bəzi şəxsi problemləriylə də məşğul oldu. Qızının Türkiyə vətəndaşlığına qəbul edilməsi yolunda yeni prezident və keçmiş döyüş yoldaşı İsmət İnönüyə dəfələrlə müraciət etsə də, bu müraciətləri bir nəticə vermədi. Nəhayət, TBMM-nin 5 iyul 1939-cu ildə qəbul etdiyi 3662 saylı qanunla qızının Türkiyə Cümhuriyyəti vətəndaşı olmasını təmin etdi.
Baridəki fəaliyyətinin ardından 28 iyun 1940-cı ildə geri çağırılan İsamyıl Haqqı Oktay çox keçmədən 17 sentyabr 1940-cı ildə İraqdakı Bəsrə konsulluğuna, daha sonra isə 20 avqust 1943-cü ildə Avstriyadakı Vyana konsulluğuna təyin olundu. Ancaq davam edən İkinci Dünya Müharibəsi səbəbilə, digər diplomatlarla birlikdə 20 sentyabr 1944-cü ildə öncə Polşaya, 25 aprel 1945-ci ildə isə Türkiyəyə qayıtdı.
İsmayıl Haqqı Oktayın son diplomatik vəzifəsi isə 29 mart 1946-cı ildə təyin edildiyi Yunanıstandakı Pirey konsulluğu oldu. Burada bir illik fəaliyyətinin ardından 13 iyul 1947-ci ildə təqaüdə ayrılan İsmayıl Haqqı Oktay 11 oktyabr 1977-cii ildə İstanbulda vəfat etdi. Cənazəsi Ədirnəqapı şəhidliyinə dəfn olundu.
Ailəsi
redaktəİlk evliliyi Sultan Vahidəddinin böyük qızı Ülviyə Sultanla 19 avqust 1916-cı ildə baş tutdu və bu nigahdan bir qızı dünyaya gəldi. Ancaq onun Milli Mübarizə Hərəkatına qatılmasının ardından, Sultan Vahidəddinin əmriylə cütlük 19 sentyabr 1922-ci ildə boşandı.
İkinci evliliyi isə 19 dekabr 1925-ci ildə özündən 16 yaş kiçik Fərxundə xanımla (1897 - 22 oktyabr 1991) baş tutdu. Fərxundə xanım, vaxtilə Sultan Əbdlühəmidin yavəri olan Əli Qırat Paşanın ən kiçik qızı idi. Eyni zamanda gələcəkdə Türkiyə Cümhuriyyəti baş naziri olan Bülent Ecevitin anası Nazlı xanımın da xalası idi.[17] Ancaq cütlüyün bu nigahdan övladı olmamışdır.
İstinadlar
redaktə- ↑ 1 2 İsmail Hakkı Okday // Faceted Application of Subject Terminology.
- ↑ 1 2 İsmail Hakki Tevfik Okday // CONOR.BG.
- ↑ Orhan Koloğlu, Son Sadrazam Millî Mücadele Taraftarı Ahmet Tevfik Paşa, Doğan Kitap, İstanbul 2007, s.11-12
- ↑ Şefik Okday, Büyükbabam Son Sadrazam Ahmet Tevfik Paşa, Ata Ofset, İstanbul 1986, s.13
- ↑ Sinan Yıldırım, Asâkir-i Mansûre-i Muhammediyye Ordusu’ndan Günümüze Rütbe Terfi Sistemi, T.C. Harp Akademileri Stratejik Araştırmalar Enstitüsü, Strateji ve Stratejik Araştırmalar Ana Bilim Dalı Harp Tarihi ve Strateji Programı Yüksek Lisans Tezi, İstanbul 2016, s.56-61
- ↑ Balkan Harbi Kronolojisi, Genelkurmay Askerî Tarih ve Stratejik Etüt Başkanlığı Yayınları, Ankara 1999, s.9
- ↑ Balkan Savaşı’na Katılan Komutanların Yaşam Öyküleri, Genelkurmay Askerî Tarih ve Stratejik Etüt Başkanlığı Yayınları, Ankara 2004, s.63-66
- ↑ Balkan Harbi’nde Yanya Savunması ve Esat Paşa, Genelkurmay Basımevi, Ankara 1983, s.32
- ↑ Kemal Arı, Birinci Dünya Savaşı Kronolojisi, Genelkurmay Askeri Tarih ve Stratejik Etüt Başkanlığı Yayınları, Ankara 1997, s.18
- ↑ Falih Rıfkı Atay, Atatürk’ün Bana Anlattıkları, Yeni Gün Haber Ajansı Basın ve Yayıncılık AŞ, İstanbul 1998, s.140-142
- ↑ Ümit Özkan, Millî Mücadele’de Kırım Türkler (1919-1922), Gece Kitaplığı, Ankara 2022, s.138
- ↑ Ekrem Baydar, Mustafa Kemal’in Gizli Teşkilatı, Haz. Sami Karaören, Destek Yayınevi, İstanbul 2010
- ↑ Ekrem Baydar, Atatürk’ün Emniyet Müdürü, Haz. Orhan Erinç, Destek Yayınevi, İstanbul 2010
- ↑ Türk İstiklâl Harbi II. Cilt Batı Cephesi 6. Kısım 1. Kitap Büyük Taarruza Hazırlık ve Büyük Taarruz, Genelkurmay Basımevi, Ankara 1994, s.131-132
- ↑ Türk İstiklâl Harbi II. Cilt 6. Kısım 3. Kitap Büyük Taarruz’da Takip Harekâtı (31 Ağustos-18 Eylül 1922), Genelkurmay Basımevi, Ankara 995, s.77-78
- ↑ Yasemin Zahide Erol, “Şehbender Raporlarına Göre Osmanlı-Bulgaristan Ticari İlişkileri (1910-1914)”, Tarih Araştırmaları Dergisi, C 34, S 57, 2015, s.224-226.
- ↑ Libya’dan Üsküdar’a Bir Padişah Yaveri: Ali Kırat Paşa (1840-1903) ve Ailesi. Arxivləşdirilib 2024-06-01 at the Wayback Machine Orhan Murat Çolak. İstanbul 2007. ISBN 978-9944-5807-3-1
Mənbə
redaktə- Bir Asker ve Diplomat Olarak İsmail Hakkı Okday. Ümit Özkan. Atatürk Araştırma Merkezi Dergisi 2024.
- Bal, Rıdvan, Türk Kara Kuvvetlerinde Süvari Birlikleri (1920-1965), Ankara Üniversitesi Türk İnkılap Tarihi Enstitüsü, Ankara 2006
- Bostan Zeynep, Modern Osmanlı Hariciyesinin İnşası ve II. Abdülhamit Döneminde Diplomasi, İstanbul Üniversitesi Sosyal Bilimler Enstitüsü, Yayımlanmamış Doktora Tezi, İstanbul 2019
- Libya’dan Üsküdar’a Bir Padişah Yaveri: Ali Kırat Paşa (1840-1903) ve Ailesi. Orhan Murat Çolak. İstanbul 2007. ISBN 978-9944-5807-3-1