Irevan Xanliginin Bayraqlari - Wikipedia
İrəvan xanlığı bayraqları — İrəvan xanlığında istifadə olunmuş döyüş tuğları və bayraqlar. 1 oktyabr 1827-ci ildə İrəvan qalası rus qoşunları tərəfindən işğal edildiyi zaman İrəvan xanlığının 4 bayrağı rus qoşunlarının əlinə keçmişdi. Sonralar bu bayraqlar Tiflisdəki Qafqaz Hərb Tarixi Muzeyində saxlanılırdı. Qafqaz Hərb Tarixi muzeyinin bələdçi kitabındakı məlumat həmin bayraqların bu muzeyin fondlarında saxlanılmasından xəbər verirdi. 1924-cü ildə bu bayraqlardan yalnız ikisi Azərbaycan SSR Dövlət Muzeyinə (Azərbaycan Tarix Muzeyinə) verilmişdir. Bunlardan biri İrəvan xanlığının sərdarı Hüseyn xana məxsus 1 oktyabr 1827-ci ildə əldə edilən ştandart, digərləri isə ordu hissəsi bayraqlarıdır.
Sərdar Hüseyn xanın bayrağı
redaktəİrəvan sərdarına məxsus bayrağın qumaş hissəsinin ölçüləri 145 x 261 x 217 sm-dir. Tünd qırmızı mahud parçadan hazırlanmışdır. Bayrağın yuxarı enli hissəsində Şiri-Xurşid təsvirləri tikilmişdir. Sarıya çalan açıq qəhvəyi rəngli quramadan hazırlanmış şir yandan təsvir olunmuşdur. Şir quyruğunu belinə qatlanmış, sağ qabaq pəncəsini qaldırılmışdır. Şirin gözləri qara və sarı, dişləri, dili və caynaqları Sarı sapla tikilmişdir. Şirin arxasından yarımdairə formasında çıxan insan sifətli günəş sarı mahud parçadan quranmışdır. Günəşin burnu və qaşları qara, gözləri isə qara və sarı saplardan tikilmişdir. Mavi parçadan olan günəşin şüaları açıq qəhvəyi ipək saplarla bayrağın qumaşına tikilmişdir. Şir və günəşin təsvirindən yuxarıda, ona paralel olaraq, bir birinin yanında, açıq qəhvəyi mahud parçadan iki altıguşəli kartuş quranmışdır. Şirin quyruğu yanındakı kartuşda ərəb dilində "Mən şəriətə uyğun hərəkət edirəm", digərində isə "Kömək Allahdandır, yaxın qələbə" sözləri təkəlduz tikməsi ilə qara ipək saplarla tikilmişdir. Bayrağa müxtəlif rəngli (qəhvəyi, açıq qəhvəyi və qızılı) ipək saplardan saçaq salınmışdır. Bayraq qumaşını bayrağın sapına taxmaq üçün tikilmiş torbacıq yaşıl mahud parçadandır. Bayraq sapının yuxarı hissəsinə gümüşü saplardan toxunmuş uzun qotaz asılmışdır. Həmin bayraq 1825–1826-cı illərdə hazırlanmışdır.[1]
Alay bayrağı
redaktəİrəvan xanlığının digər bayrağının qumaş hissəsi 156 x 156 sm ölçüsündədir, zoğalı rəngli dördkünc ipək qanovuz parçadandır. Zamanın təsirindən bayraq bej rəngini almışdır. Muzeyə qəbul edilərkən tərtib edilən elmi pasportdakı qeydə əsasən həmin bayraq ağ rəngdə olmuş dördkünc qanovuz parça quranmış, ortasında üstündə təbii boyalarla Şiri-Xurşid təsvirləri çəkilmişdir. Yan tərəfdən təsvir edilən şir başını arxaya döndərmiş, qabaq sol pəncəsində qılınc tutmuş, quyruğunu belinə tərəf yuxarı qaldırmış şəkildə təqdim edilmişdir. Şirin arxasında doğan sarı rəngli Günəş və onun qızılı şuaları görünür. Şirin başı üstündə damcıvari sarı kartuşda "Əs-sultan ben əs-sultan şah Fəthəli Qacar, 1239" sözləri yazılmışdır. Bu 1239-cu il tarixi onun 1823–1824-cü ilə aid olduğunu bildirir. Bayraq qumaşının zoğalı hissəsində əmələ gəlmiş üçbucaqların hər birində yerləşdirilmiş yerliyi qara olan dörd kartuşun içərisində sarı rəngli hərflərlə aşağıdakı Quran ayələri yazılmışdır: aşağıda sağda – "Möminləri müjdələ", solda – "Kömək allahdandır və yaxın qələbə", yuxarıda sağda – "Həqiqətən biz sənə açıq-aşkar bir qələbə bəxş etdik", solda – "Mərhəmətli, rəhmli Allahın adı ilə" sözləri yazılmışdır. Bayrağın üz və astar üzlərindəki təsvirlər biri digərini təkrarlayır. Bayrağın, xüsusilə sağ tərəfdən parçası zədəlidir. Parçaya bayraq sapını taxmaq üçün tikilmiş torbacıq qırmızı mahud parçadandır. Qarağacdan düzəldilmiş uzunluğu 261 sm, kəsikdə diametri 3,8 sm olan bayraq sapı lakla örtülmüşdür. Sapın aşağı hissəsinə taxılan alt ucluğu dəmirdən konusvari formada düzəldilmişdir. Alt ucluğun uzunluğu 14,5 smdir. Burulmuş gümüşü iplərdən toxunmuş qotaz bayraq sapının başına salınmışdır.
İstinadlar
redaktə- ↑ "iravan.info — Sənətkarlıq və incəsənət". 2020-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-31.