Indoneziya Tarixi - Wikipedia
İndoneziya tarixi — İndoneziya Respublikasının tarixi.
Erkən dövr
redaktəCənub-Şərqi Asiyada yerləşən İndoneziya ərazisində Böyük Zond adaları, Kalimantan, Sumatra, Sulavesi, Yava və Madura, Kiçik Zond adaları, Bali Lombok, Sumbava, Filores, Timor, Moluk adaları, həmçinin Yeni Qvineya adaları müasir insan tipini o cümlədən pitekantrop, yavantrop, sonralar vadyak adamının formalaşdığı mərkəzlərindəndir. Bu ölkədə aşağı, yuxarı Paleolit və Mezolit dövrlərinə aid abidələr aşkar edilmişdir. Bu ölkənin ərazisində üç mindən artıq ada vardır ki, bu nəhəng adalar yaşayış məsgənləridir. İndoneziyada II–V əsrlərdə məhsuldar qüvvələrin inkişafı nəticəsində ilk sinifli cəmiyyət təşəkkül tapmışdır ki, bunun da nəticəsində Tarum, Kalinq, Malayya, Şirivicayya kimi erkən dövlətlər meydana gəlmişdi.
Orta əsrlər
redaktəXIII əsrin sonunda Yavada yaranan Maccapaxit imperiyası 1295–1520-ci illərdə ölkə ərazisindəki xırda dövlətləri də özünə birləşdirdi. XIV əsrdə Hindistan və Malakkadan müsəlman missionerləri, o cümlədən miqrasiya etmiş müsəlmanlar İndoneziyada islamı yaymağa nail olmuşdular. Bu hadisə ölkə daxilində siyasi ziddiyyətləri daha da qabartdı və siyasi pərakəndəliklə nəticələndi. Bundan istifadə edən gəlmələr, yəni kütləvi miqrasiyalar nəticəsində sonradan İndoneziyanın xırda dövlətlərə parçalanmasına səbəb oldu. XVI əsrdə müsəlmanların xırda dövlətlərinin yaradılması və bu xırda dövlətlər arasında fasiləsiz müharibələr avropalıların İndoneziyaya gəlmələrinə və müstəmləkəçilik siyasəti yeritmələrinə şərait yaratdı. Beləliklə, XVI əsrdə avropalılar, xüsusilə hollandlar, portuqaliyalılar İndoneziyaya gəlməklə özlərinin ilk koloniyalarını yaratdılar. Ən başlıcası isə XVIII əsrin ortalarından başlayaraq hollandlar Yavanı, XIX–XX əsrlərdə isə avropalılar, İndoneziyanın bütün ərazisini tamamilə işğal etdilər. Müasir İndoneziyanın sahəsi 1 milyon 904 min kv. Kilometrdir. XIX əsrin əvvəllərində ölkənin təxminən 5 milyon əhalisi var idi ki, bunun da çox hissəsi Yavada toplaşmışdı, amma avropalıların bura gəlişindən sonra vəziyyət tamamilə dəyişdi. Odur ki, Asiya və Avstraliyanı birləşdirən yollar ayrıcında yerləşən İndoneziya hələ XVI əsrin əvvəllərində avropalıların müstəmləkəçilik təcavüzünün hədəfi olmuşdu. Avropalıları İndoneziyaya cəlb edən Avropada yüksək qiymətə gedən bolbol ədviyyat və digər zinət əşyaları idi. Hələ XV əsrin sonunda İndoneziyaya birinci portuqaliyalılar, sonra ingilislər, ispanlar və nəhayət, öz rəqiblərini sıxışdırıb çıxaran hollandlar gəlmişdilər. Hollandlar ilk koloniyalarını yaratdıqdan sonra 1602-ci ildə yaradılmış Hollandiya Ost-Hind kompaniyası vasitəsilə Yavanın xeyli hissəsini, Moluk adalarını və bir sıra başqa yerləri zorla və xaincəsinə özünə tabe edə bilmişdi. Ən şiddətli inhisara malik olan bu kompaniya ixracat üçün bitkiləri (leveransiya) zorla əkdirib bütün məhsulu özünə götürmək, icbari əmək sistemi tətbiq etmək (xerendinst) və hər il müəyyən məhsullar tədarük etmək (kontinqentlər) yolu ilə çox böyük mənfəət götürürdü. Nəticədə arasıkəsilməyən qarətlər nəticəsində bu regionlar müflisləşdi, bir çox vilayətlər boş qaldı, bir çox yerlər tam səfalətli vəziyyətə düşdü. Marks "Kapital" əsərində yazırdı ki, "XVII əsrin nümunəvi kapitalist ölkəsi olan Hollandiyanın müstəmləkə təsərrüfatının tarixini misilsiz xəyanət, aldatmaq, qətl və əclaflıqlar mənzərəsi təşkil edir".
Yeni dövr
redaktəXVIII əsr
redaktəXVIII əsrin axırlarında İndoneziyanın xeyli hissəsi müstəmləkə ərazisi idi. Ölkədə feodal münasibətləri hökm sürürdü. Arxipelaqın bir çox hissələrində hələ də ibtidai-icma quruluşu qalmaqda idi. Yavada Bataviya2 ətrafında və Bataviyanın cənubunda olan yerlər, Preanger regentliyi deyilən yerlər bilavasitə kompaniyanın idarəsi altında idi. Qalan ərazidə hollandlar yerli zadəganlar vasitəsilə fəaliyyət göstərərək, feodal istehsal üsulunu və feodal silsiləsini mühafizə edib saxlayırdılar. Ən şiddətli istismarın mövcud olması və kapitalizmdən əvvəlki münasibətlərin mühafizə edilib saxlanılması, ölkənin məhsuldar qüvvələrinin inkişafını ləngidirdi. Kompaniyanın iki yüz illik ağalığının yekunu bundan ibarət idi.
kompaniya XVIII əsrin axırlarında iqtisadi böhran vəziyyətinə düşmüşdü. Bunun başlıca səbəbləri – İngiltərə-Hollandiya rəqabəti, bu rəqabətin XVII və XVIII əsrlərdə Hollandiya üçün doğurduğu müvəffəqiyyətsiz müharibələr, İndoneziyada baş verən üsyanlar, qaçaqçılıq ticarətinin güclənməsi nəticəsində inhisarın güclənməsi, kompaniya məmurları içərisində satqınlıq və rüşvətxorluğun artması ilə nəticələnmişdi. 1799-cu il dekabrın 31-də Hollandiya kompaniyasının səlahiyyət müddəti sona çatdı. Kompaniya ləğv edildi, onun bütün əmlakı və bütün borcları isə Niderland hökumətinə keçdi. Niderland hökuməti 134 milyon quldenə satın alaraq bütöv bir müstəmləkə ərazisinə sahib oldu, lakin ölkənin daxili vəziyyəti heç də yaxşılaşmadı. Köləlik və istismar ləğv edilmədi. Ona görə ki, müstəmləkəçilik aparatı "bir istismarçıdan digər istismarçının əlinə keçmişdi". İndoneziya uğrunda İngiltərə-Niderland rəqabətinin gərgin dövründə beynəlxalq vəziyyət dəyişdi, yəni Niderland 1795-ci ildən etibarən Fransanın vassalı olaraq ondan asılı vəziyyətə düşdü, xarici siyasəti də Fransa hökuməti tərəfindən müəyyən edilməyə başladı. Şərqdə, birinci növbədə isə Hindistanda İngiltərə burjuaziyasına qarşı mübarizə üçün İndoneziyanın bir hərbi meydan kimi əhəmiyyətini başa düşən Napoleon 1807-ci ildə Dandelsi İndoneziyaya general-qubernator təyin etdi və bir vəzifə olaraq ona tapşırdı ki, İngiltərənin təcavüzkarlığına qarşı ilk növbədə Yavanın müdafiəsini təşkil etsin. Yava feodallarının müstəqilliyini tamamilə məhv etməyə çalışan Dandels regentlərin Bataviya hökumətindən maaş alan adi məmurlara çevrildiyini elan etdi. Yavanın müdafiəsini təşkil etmək üçün ən başlıcası ordu, pul, hərbi tikintilər lazım idi. Dandels qızğın fəallıqla yollar çəkdirir, istehkamlar və sahil batareyaları yaradırdı. Bir il ərzində Yavanın qərbindən şərqinə yol çəkildi. Bu tikintilərdə işləmək üçün on minlərlə kəndli zorla səfərbər edilmişdi ki, bunlardan minlərlə adam aclıq və xəstəliklərdən məhv olmuşdu. Bundan başqa, Dandels yerli feodallardan orduya əsgər verməyi tələb etdi və onların qarşısında yeni şərtlər qoydu.
Dandels icbari əmək sistemini genişləndirdi, icbari surətdə əkdirilən qəhvə bitkisi sahələrini çoxaltdı. Pul əldə etmək üçün Dandels Yavada xaricilərə torpaq satmağa başladı, həm də torpaq kəndlilərlə birlikdə satılırdı. Təhkimli kəndlilər üzərində torpaq sahiblərinə geniş hüquqlar, o cümlədən döymək və cəzalandırmaq ixtiyarı da verildi. Dandelsin tədbirləri çoxlu iğtişaşlara səbəb oldu. Bantam (Qərbi Yava) kəndliləri silahlı üsyan qaldırdılar, amma üsyan yatırıldı və sultanlığın sahil rayonları Niderland torpaqlarına bitişdirildi, lakin başqa yerlərdə də üsyanlar yetişməkdə idi və bunlar hollandları tamamilə ölkədən süpürüb atmaq əzmində idilər. Bütün bu tədbirlərə baxmayaraq Dandels Yavanın mühafizə vəziyyətini möhkəmlədə bilmədi. Dandelsin soyğunçuluq fəaliyyəti İndoneziya kəndlilərində daha da güclü nifrət və qəzəbin oyanmasına səbəb oldu, hətta zadəganları da özünə qarşı qaldırdı. Ümumi narazılıq o qədər güclü idi ki, bunun nəticəsində 1810-cu ilin yazında Dandels geri çağırıldı. O, ölkəni gizli olaraq tərk etdi.
XIX əsr
redaktəİndoneziya İngiltərənin hökmranlığı altında
redaktə"Napoleon işğallarına" qarşı müharibə elan edən İngiltərə burjuaziyası müstəmləkə bazarlarını ələ keçirmək və tam ticarət hegemonluğu qazanmaq istəyirdi. İngilislər çoxdan bəri Yavanı işğal etməyə çalışırdılar. Hələ 1810-cu ildən arxipelaqın böyük bir hissəsi ingilislərin əlinə keçmişdi. 1811-ci ilin avqustunda İngiltərənin 12 min nəfərlik hərbi silahlı dəstəsi Bataviyanı işğal etdi. Semaranq yanındakı həlledici vuruşmada hollandlar qəti surətdə məğlub edildilər. Yerli cammat hollandlara qarşı o qədər nifrət edirdi ki, bir sıra məntəqələrdə yerli feodallar ingilis ordularının gəlib çıxmasını gözləmədən hollandları ölkədən qovdu. Palembanqda (Cənubi Sumatrada) hollandların xeyli hərbi qüvvəsi məhv edildi. Sentyabrın 18-də təslim haqqında sənəd imzalandı. Nəticədə İndoneziya, başqa bir Avropa müstəmləkəçisinin, yəni İngiltərənin əlinə keçdi. İngiltərədə böyük nüfuz sahibi olan, Asiya qitəsində yeni müstəmləkələrin əldə edilməsində görkəmli mütəxəssis kimi tanınan və müstəmləkəçilik üzrə mahir mütəxəssis hesab edilən Refflz əhalinin 60 faizinin yaşadığı Yavaya qubernator təyin edildi. Refflz İndoneziyanı öz malları üçün satış bazarı və xammal mənbəyinə çevirməyə çalışan adam idi ki, bu da İngiltərə ticarət və sənaye burjuaziyasının geniş dairələrinin mənafeyinə tamamilə uyğun siyasət idi. Refflz general-qubernator təyin edildikdən sonra İngiltərənin hakimiyyəti altında olan yerlərdə feodalların hüquqlarını daha da məhdudlaşdırdı. Nəsli rəhbərlər vasitəsilə idarə etmək əvəzinə, keçmiş regentlərdən təyin olunan və hökumətdən maaş alan məmurlar vasitəsilə idarə sistemi yaradıldı. Refflzin bu idarəçilik sistemi mahiyyətcə ondan ibarət idi ki, yeni məmur komandası ilə istədiyi işi görə bilsin. Refflz Bantam və Çeriban sultanlıqlarını ləğv edib, bu yerləri ingilis torpaqları ilə birləşdirdi. Cokyakarta sultanı hakimiyyətdən devrildi və onun 750 min dollar qiymətində sərvəti qarət olundu. Cokyakarta və Surakarta sultanlıqlarının torpaqlarının bir hissəsi əllərindən alındı, hər iki sultan ordu saxlamaq hüququndan məhrum edildi. İngilislərin müttəfiqi olan və qalay alınmasını ingilislərə inhisara verməkdən boyun qaçırdığına görə Palembanq sultanı da cəzalandırıldı. Refflzin özünün təhrikilə burada "öldürülmüş hollandların intiqamını" almaq üçün təəsübkeşlik göstərərək 1811-ci ildə Palembanqa hərbi dəstə göndərildi. Sultan qaçdı, zəngin qalay yataqlarına malik olan Banka və Billiton adaları isə ingilislərin hakimiyyəti altına keçdi. 1811-ci ildə keçirilmiş hərbi əməliyyatı əslində əvvəlcədən planlaşdırılmışdı və Banka, Billiton adalarının işğalı əvvəlcədən planlaşdırılmışdı.
Refflzin ən mühüm tədbirlərindən biri də torpaq islahatı oldu. Bütün torpaqlar, Cokyakarta və Surakarta sultanlıqlarının ərazisi istisna olmaqla, Bataviya hökumətinin mülkiyyəti, yəni nəticə etibarilə İngiltərənin mülkiyyəti elan edildi. Torpaqlar kəndlilərə icarəyə verilirdi, bunun üçün kəndlilər məhsulun dəyərinin dörddə birindən yarısına qədəri həcmində pul rentası verməli idilər. Belə torpaq — vergi sistemi sonralar Hindistanda rəiyyətvari sistemi adı ilə tətbiq edildi. Dənizçiliyi və ticarəti inkişaf etdirmək məqsədilə Refflz xarici ticarət inhisarını ləğv etdi və İndoneziyanın limanlarını açdı, çünki İngiltərə öz sənaye və ticarət qüdrətinə arxayın idi və rəqabətdən qorxmurdu. Refflz plantasiyalar salmaq məqsədilə hökumət torpaqlarını xaricilərə də satırdı. Torpaqlarını hələlik mühafizə edib saxlamış olan sultanlar və onların tabeliyində olan feodallar pul əldə etmək məqsədilə özləri öz torpaqlarını plantasiya üçün satmağa məcbur edilirdilər. Bütün bu "islahatlar" əmtəə-pul münasibətlərinin inkişafına kömək etməli, ingilis kapitalının İndoneziyaya soxulmasını asanlaşdırmalı, əldə edilən mənfəəti artırmalı idi, lakin təbii olaraq ölkənin əsas istehsalçı qüvvəsi olan kəndlilərin vəziyyəti yaxşılaşmadı, əksinə, daha da ağırlaşdı. Torpaq islahatı nəticəsində ingilislər bütün icma torpaqlarını, meşələri və yeraltı sərvətləri quldurcasına mənimsədilər. Kəndliləri torpaq ehtiyatından məhrum edib, onları torpaqsızlığa və dilənçiliyə məhkum etdilər. Renta-vergini ödəməyə pulu olmayan kəndlilər sələmçilərə və ya öz kəndinin varlı təbəqələrinə müraciət etməli olurdular. Əvvəlki kimi kəndlilər yenə də regentlərin nəfinə müxtəlif mükəlləfiyyətlər daşımalı idilər. Bir sözlə İndoneziya kəndlisi istismarın bir formasından digər formasına yəni yadellilərin də istismarına düçar oldu.
Hollandların İndoneziyaya qayıtması
redaktəNapoleon imperiyasının süqutu nəticəsində Niderland krallığı müstəqil krallıq kimi yenidən bərpa edildi. Niderlandın arxipelaqda olan müstəmləkələrinin niderlandlara qaytarılması haqqında 1814-cü ilin avqustunda İngiltərə ilə müqavilə imzalandı, lakin ingilislər Hind okeanından Sakit okeana gedən yollar üzərində nəzarəti öz əllərində saxlamağa çalışaraq hollandların İndoneziyaya qayıtmasına var qüvvə ilə mane olurdular. Benkulenə qubernator təyin edilən Refflz Sumatranı Niderlandın əlindən almaq üçün bir neçə təşəbbüs göstərdi. O, bu işdə müvəffəqiyyətsizliyə uğradıqdan sonra Cohor sultanından Sinqapur adasını satın almağa müvəffəq oldu və 1819-cu il yanvarın 29-da burada Britaniya bayrağı qaldırıldı. Sinqapur Cənub-Şərqi Asiyada ingilis müstəmləkəçiliyinin ən mühüm strateji dayağına çevrildi. İngilislər Sinqapuru ələ keçirməklə gəmiçiliyi inkişaf etdirmək, Cənub Şərqi Asiyada digər Avropa dövlətlərinə qarşı hegemonluğu ələ almaq məqsədi güdürdü. İndoneziyada müstəmləkəçilik rəqabəti İngiltərə ilə Hollandiya arasında 1819-cu ildən 1824-cü ilə qədər çox ziddiyyətli mərhələlərdən keçməli oldu. Nəhayət razılaşdılar və İngiltərə-Hollandiya ixtilafı 1824-cü il martın 17-də bağlanan London müqaviləsilə nəticələndi. İngiltərə Sumatra adasına iddialarından əl çəkdi, Benkuleni və Biliton adasını hollandlara qaytardı (Banka adası Niderlanda 1814-cü ildə qaytarılmışdı). Əvəzində hollandlar Hindistandakı son torpaqlarından məhrum edildi, Malakka üzərindəki hər cür hüquqlarından əl çəkdilər, Sumatranın şimal qurtaracağında yerləşən Açe sultanlığının müstəqilliyini, habelə burada İngiltərənin xüsusi mənafeyini tanımağa məcbur oldular. İndoneziyada İngiltərəHollandiya alış-verişi əslində müstəmləkə ərazilərinin dəyişdirilməsi idi. Hollandiya burjuaziyası İndoneziyanı daha şiddətli istismar etmək hesabına öz vəziyyətini yaxşılaşdırmaq qərarına gəldi. Yəni Holland kapitalistləri var-dövlətini, sərvətini daha da artırmaq üçün həqiqi simalarını gizlədərək mövqelərini dəyişdilər, lakin Ost-Hind kompaniyasının tətbiq etdiyi köhnə üsullara qayıtmaq artıq mümkün deyildi. İngilislərin gətirdiyi əsas yenilik torpaq rentası saxlanıldı, lakin hollandlar renta toplayan zaman bunun əvəzini məhsulla da alırdılar ki, bu zaman pulu məhsula, məhsulu isə hesablayıb pula çevirdikdə müxtəlif maliyyə fırıldaqları üçün geniş imkanlar yaranırdı. Həmçinin köhnə ellik zəmanət sistemi də yenidən bərpa edildi ki, buna görə də vergilərin ödənilməsinə bütün icma cavabdeh oldu. Dünya bazarında qəhvə qiymətlərinin artması ilə əlaqədar olaraq, hollandlar icbari yolla qəhvə bitkisi yetişdirilməsini genişləndirdilər. İltizam sistemi kəndlilər üçün əsil bir bəla idi. Bu haqda xalq arasında belə bir məsəl formalaşmışdı: "iltizamçılar, qucağında uşaq, yol gedən analardan da yol rüsumu alırdılar ki, "yük" daşıyır". Hökumətin bütün vergi və mükəlləfiyyətlərinin ağırlığını öz üzərində daşıyan kəndlilər Dandels və Refflzin hakimiyyəti dövründə müflisləşmiş feodalların qəzəbli zülmünə məruz qalmışdılar. Arxipelaqın müxtəlif hissələrində baş verən kəndli üsyanları çoxalmaqda idi. Feodalların əksəriyyəti hollandların sadiq nökərləri idi. Yalnız müstəsna hal olaraq öz keçmiş müstəqilliyinin bəzi qaydalarını saxlamış olan Surakarta və Cokyakarta knyazlıqlarında zadəganlar hollandlara qarşı daha barışmaz əhvali-ruhiyyədə idilər. Çünki hollandlar onları bir çox imtiyazlardan məhrum etmiş və malikanələrinin müəyyən hissəsini əllərindən almışdı. Ona görə də belə regionlarda üsyan üçün daha əlverişli zəmin hazırlanmışdı. Hollandların və digər Avropa dövlətlərinin İndoneziyada müstəmləkəçilik siyasəti yerli xalqda avropalılara qarşı pataloji nifrət formalaşdırmışdı. Bu səbəbdən uzun müddət idi ki, xalq bu mübarizəyə hazırlaşırdı.
Yava müharibəsi
redaktəUzun müddət idi ki, İndoneziyada xalq daxili və xarici zülümkarlara qarşı mübarizəyə hazırlaşırdı. Nəhayət gözlənilən üsyan 1825-ci ilin iyulunda baş verdi. Üsyanın başında, Cokyakartadan şahzadə Dipaneqara (1785–1855) dururdu. Dipaneqara vəliəhd idi, lakin hollandlar onu hər cür imtiyazlardan mərhum etmişdilər. Dipaneqara istismarçı sinfin nümayəndəsi olsa da xalqını sevirdi. Hollandlar onun torpaqlarını əlindən almış, bütün imtiyazlarını ləğv etmişdilər. Odur ki, Dipaneqara sarayı tərk edərək dağlara çəkilmişdi. Ölkənin və xalqın istismar edilməsini görərək, o, Hollandiya əsarətinə son qoymaq qərarına gəlmişdi. Xalq içərisində onun şöhrəti gündən-günə artırdı. Onu, Yavanın qədim əfsanələrində, zühur edəcəyi irəlicədən xəbər verilən xilaskar-knyaz hesab edirdilər. Hollandlar Dipaneqaranı ələ keçirmək üçün bir neçə dəfə cəhd göstərdilər, amma hollandların cəhdi uğursuz oldu. Bu da üsyana səbəb oldu və üsyan Yavanın mərkəz hissəsini, eləcə də cənub hissəsinin bir qismini bürüdü. Üsyanın hərəkətverici qüvvəsi hər tərəfdən axışıb Dipaneqaranın yanına gələn kəndli dəstələri idi. Bəzi feodallar da üsyana kömək edirdi. Kəndlilər mənfur holland məmurlarını, sələmçiləri, iltizamçıları öldürür, gömrükxanaları və anbarları yandırırdılar. Kəndli ordusu Cokyakarta knyazlığının paytaxtını da tutaraq daha da genişlənməkdə davam edirdi. Dipaneqara adi müharibə qaydası ilə vuruşmaqdan çəkinirdi, çünki sayca üstün olan və xeyli yaxşı silahlanan hollandlar belə vuruşmalarda onu məğlub edə bilərdilər. Dipaneqara özünü partizan müharibəsi ustası kimi göstərdi. O, sürətlə hərəkət edə bilən çevik qruplar yaratdı ki, bu qrupların bəzilərində isə min nəfərə qədər adam var idi. Üsyançılara qarşı mübarizə aparmaq üçün hollandlar bütün arxipelaqdan əskər toplayır, üsyandan qorxuya düşən feodalları müxtəlif vədlərlə və rüşvətlə öz tərəfinə çəkir, Yavaya başqa adalardan qarnizonlar gətirir, Hollandiyadan köməyə əlavə qüvvə göndərirdilər. Hollandlar onların tabeliyində olan rayonların zadəganlarını, həmçinin Surakarta və Madura feodallarını Dipaneqaraya qarşı qaldırmağa müvəffəq oldular. Üsyançıların öz cəbhəsində də satqın feodallar xəyanət etməyə başladılar. Hollandlar 1827-ci ildən etibarən üsyançıları bir-birilə birləşdirilmiş istehkamlar sistemi ilə mühasirəyə almaq taktikası tətbiq etməyə başladılar. Beləliklə, hollandlar mühasirə halqasını tədricən daraltmaqla və ən mənfur taktika tətbiq etməklə milli azadlıq hərəkatını boğmağa çalışırdılar. Hollandlar Dipaneqaranı bir neçə dəfə danışıq aparmağa dəvət etmişdilər ki, onu aldadıb tutsunlar, amma buna nail ola bilməmişdilər. Nəhayət, 1830-cu il martın 28-də danışıq aparıldığı zaman hollandlar Dipaneqaranı xəyanət nəticəsində ələ keçirə bildilər. Dipaneqara Sulavesidə1 həbs edilərək Makassara sürgün edildi və ömrünün sonunadək ağır şəraitdə həbsdə qaldı və 1855-ci ildə orada vəfat etdi. Bir az sonra üsyanın son ocaqları da söndürüldü və bu üsyan Yava xalqlarının müstəmləkəçilərə qarşı ən güclü çıxışlarından və müstəmləkələrdə baş verən ən böyük üsyanlardan biri idi. Hollandlar üsyanı yatırdıqdan sonra Surakarta və Cokyakarta knyazlıqları ərazisinin xeyli hissəsini öz torpaqlarına qatdılar. Bu knyazlıqların kiçildilmiş sərhədləri daxilində Pakualam və Manqkuneqara adlı iki oyuncaq knyazlıq yaratdılar. Bu knyazlıqların rəhbərləri də hollandların əlaltıları idilər.
Holland hökmranlığı
redaktəİndoneziya uğrunda İngiltərə-Hollandiya rəqabəti 1824-cü il müqaviləsilə nəticələnsə də, bu müqavilə İngiltərənin bundan sonra da arxipelaqa soxulması təhlükəsini aradan qaldırmadı. İngilislər Şimali Kalimantanda1 daha çevik taktika işlədərək böyük müvəffəqiyyət qazandılar. Burada fırıldaqçı Con Bruk, Bruney sultanlığını tamamilə özünə tabe edə bildi və 1841-ci ildə Saravak ərazisini sultandan aldı. Bruk 1846-cı ildə Labuan adasını da ingilis hökuməti üçün satın aldı və bu ada Cənub-Şərqi Asiyada İngiltərənin mühüm strateji bazasına çevrildi. Bu illərdə amerikanlar da İndoneziya sularında sərbəst hərəkət edir, müstəmləkəçilik uğrunda qızğın fəaliyyət göstərirdilər. Nəhayət, 1847-ci ildə ABŞ da Bruney ilə müqavilə bağladı, ABŞ-nin Bruneydəki baş konsulu Torri isə 1867-ci ildə sultandan çoxlu ərazi aldı.
Bu illərdə İndoneziya uğrunda rəqabət daha da canlanır, xammala ehtiyacları təmin etmək məqsədilə heç bir beynəlxalq etika gözlənilmirdi. Ən başlıcası isə hansı yollarla olursa-olsun varlanmağı əsas götürürdülər. Odur ki, Hollandiya hökuməti öz səylərini Xarici malikanələrdə mövqeyini möhkəmlətməyə yönəldirdi və buna hələlik nail olmuşdu. Bundan başqa Hollandiyanın buxarla işləyən donanması üçün arxipelaqda kömür axtarıb tapmaq zərurəti meydana çıxmışdı. Bu məqsədlə hollandlar Kalimantanın qərb sahillərinə hərbi ekspedisiya göndərdilər, burada güclü və yarımmüstəqil çinli icmaları var idi. Bu icmalar gizli cəmiyyətlə ("Triada" və başqa cəmiyyətlərlə) əlaqə saxlayırdı. Ekspedisiya 1855-ci ildə həmin icmaların da tamamilə tabe edilməsinə nail oldu. XIX əsrin 60-cı illərində ölkədə silahlı münaqişələr baş verdi və Kalimantandan Bancermasinin sultanı ilə müharibə 1860-cı ildə sultanlığın qəti surətdə Hollandiyanın müstəmləkə torpaqlarına ilhaq edilməsilə nəticələndi, lakin daha bir neçə il ərzində burada müqavimət hərəkatı və mübarizə davam etdi. Sulavesidə buqlarla baş verən müharibə 1860-cı ildə ölkənin bu hissəsinin də tabe edilməsilə qurtardı. 1839–1869-cu illərdə Bali adasının knyazları tabe edildi və adanın bir hissəsi Hollandiya torpaqları ilə birləşdirirldi. Lombok feodallarının torpaqları da işğal edilərək müstəmləkə ərazisinə qatıldı, amma Sumatrada gedən antiholland mübarizəsi uzun sürdü. Burada hollandlar batakların torpaqlarının bir hissəsini, adanın cənubunda olan bəzi əyalətləri də tutdular. Riy arxipelaqında baş verən üsyanı yatırdılar. Sumatranın qərb sahillərində minankabau əleyhinə mübarizə 1824-cü ildən 1837-ci ilədək davam etdi və bu münaqişə hollandlara böyük tələfat bahasına başa gəldi. Sumatrada Hollandiyanın başlıca düşməni Açe sultanlığı idi. Hollandlar tədricən sultanlığın sərhədlərinin lap yaxınlığına çataraq sultanlığı işğal etməyə hazırlaşdılar və bu ərazi də hollandlar tərəfindən işğal edildi. Beləliklə, XIX əsrin 70-ci illərində arxipelaqın xeyli hissəsi Niderlandın bilavasitə hakimiyyəti altına düşdü. Nəticədə İndoneziya avropalıların, xüsusilə Niderlandın müstəmləkəsinə çevrildi.
Ən yeni dövr
redaktəXX əsr
redaktəİkinci dünya müharibəsinin gedişində 1941–1942-ci illərdə İndoneziyanı Yaponiya işğal etdi. 17 avqust 1945 ildə Sukarno İndoneziyanın müstəqilliyini elan edir. Unitar İndoneziya Respublikası elan olunur.[1]. İngilislər bu məsələdə Hollandiyanı dəstəkləyir. Buna səbəb isə bu zaman İndoneziyada çoxlu sayda ingilis qüvvələri mövcud idi. Üstəlik adalarda yaponlar əsirlər mövcud olmurdu ki, onları ölkələrinə göndərilməli idilər. 29 sentyabr ingilis qüvvələri Bataviya şəhərinə qoşun çıxarırlar. Burada pnlar bir sıra cətinliklərlə rastlaşırlar: Nəqliyyatın olmaması, yerli əhali tərəfindən xoş qarşılanmama və onlara qarşı vuruşan hərbi birləşmələr. Bu birliklər öz aralarında belə mübarizə aparırdılar. Belə vəziyyətdə ingilis qüvvələrinin komandanı Kristinson müharibəyə girişmək istəmir və de-fakto yeni yaranan dövləti tanıyır. Bununla belə 4 oktyabrda Bataviya şəhərinə hollandlar qoşu yeridirlər. Onların hədəfi İndoneziyanı Hollandiyaya birləşdirmək olur. Bundan sonra hərbi toqquşmalar artır. Hollandlar yerli birləşmələrin məhvinə başlayırlar. Sumatrada vətəndaş müharibəsi başlayır. Sonradan döyüşlər Yava adasındada başlayır. 10 oktyabrda Böyük Britaniyaya məxsus olan patrul helikoperi partladılır. Ardında indoneziyalıların nəzarətində olan Smaranq şəhərinə desad çıxarılır. 15 oktyabrda şəhər ələ keçirilir. 25 oktyabrda Surabaya şəhərinə ingilis quru qüvvələri çıxarılır. Onlar duradada dirənişlə qarşılaşırlar. 28 oktyabrda şəhərə holland qüvvələri daxil olur. 9 noyabrda Hindistandan bura ingilis və hollandlar üçün qüvvələr gətirilir. 10 noyabr dənizdən şəhərin küçələri artilleriya atəşi məruz qalır. Bundan sonra qüçlü hücum başlanır. 25 noyabrda indoneziya qüvvələri cəngəlikklərə çəkilir. 3 mart 1946 ildə müttəfiqlər Bali adasına desand çıxarırlar. Bundan sonra ingilislər güvvələrini toplayaraq adanı tərk edirlər.
1960-cı illərin əvvəllərində İndoneziya iqtisadiyyatı ağır böhran keçirirdi. Çinlilərin, hollandların ölkədən qovulması, xarici iqtisadi əlaqələrin pozulması, korrupsiya və oğurluğun yayılması ticarət və nəqliyyat sisteminin işinin pozulmasına gətirib çıxardı. Müxtəlif siyasi qüvvələrin prezidentin siyasətindən narazılığı İndoneziyada daxili siyasi gərginliyə və qarşıdurma gətirib çıxardı ki, bu da çevrilişlə bitdi. Sukarno hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra ev dustağı edilmişdi. Bundan sonra onda ürək xəstəliyi kəskinləşdi, daha da tez-tez ürək tutmaları olurdu. 1970-ci ilin yayında onun vəziyyəti get-gedə ağırlaşdı və iyulun 21-də səhər saatlarında vəfat etdi. Hakimiyyətdə olmamasına baxmayaraq, milyonlarla insan onun dəfn mərasiminə toplaşmışdı. Onun vəfatının doqquzuncu ildönümü təmtəraqlı təşkil edildi və xatirəsinə ucaldılmış abidənin təntənəli şəkildə açılışı oldu.
XXI əsr
redaktəƏdəbiyyat
redaktə- Nuruzadə Şubay Cavad oğlu. Asiya və Afrika ölkələrinin yeni tarixi. (XVII əsrin I yarısı və XIX əsrin 70-ci illəri). Sumqayıt, "Azəri" nəşriyyatı, 2017, 440 səhifə
- Brown, Colin. A Short History of Indonesia. Crows Nest, New South Wales: Allen & Unwin. 2003.
- Drakeley, Steven. The History Of Indonesia (2005) online
- Friend, T. Indonesian Destinies. Harvard University Press. 2003. ISBN 0-674-01137-6.
- Gouda, Frances. American Visions of the Netherlands East Indies/Indonesia: US Foreign Policy and Indonesian Nationalism, 1920–1949 (Amsterdam University Press, 2002) online; another copy online
- Kahin, George McTurnan. Nationalism and Revolution in Indonesia. Ithaca, NY: Cornell University Press. 1952.
- Melvin, Jess. The Army and the Indonesian Genocide: Mechanics of Mass Murder. Routledge. 2018. ISBN 978-1138574694.
- Ricklefs, M. C. A History of Modern Indonesia Since c. 1300 (2nd). London: MacMillan. 1993. ISBN 978-0-333-57689-2.
- Reid, Anthony. The Indonesian National Revolution 1945–1950. Melbourne: Longman Pty Ltd. 1974. ISBN 0-582-71046-4.
- Robinson, Geoffrey B. The Killing Season: A History of the Indonesian Massacres, 1965-66. Princeton University Press. 2018. ISBN 9781400888863.
- Taylor, Jean Gelman. Indonesia. New Haven and London: Yale University Press. 2003. ISBN 0-300-10518-5.
- Vickers, Adrian. A History of Modern Indonesia. Cambridge University Press. 2005. ISBN 0-521-54262-6.
- Whitten, T.; Soeriaatmadja, R. E.; Suraya, A. A. The Ecology of Java and Bali. Hong Kong: Periplus Editions. 1996.
- Witton, Patrick. Indonesia. Melbourne: Lonely Planet. 2003. ISBN 1-74059-154-2.
İstinadlar
redaktəXarici keçidlər
redaktə- ↑ "Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik M.J.MANAFOVA, N.T.ƏFƏNDİYEVA və S.A.ŞAHHÜSEYNOVANIN ümumi redaktəsilə. Bakı: Sabah nəşriyyatı (2008), 2010, 876 səh. İSBN 5-86106-104-1" (PDF). 2012-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-11-27.