Imperator Hakimiyyetine Komek Assosiasiyasi - Wikipedia
İmperator Hakimiyyətinə Kömək Assosiasiyası (大政翼贊會, Taysey Yokusankay?) – 1940–1945-ci illərdə Yaponiyada mövcud olmuş siyasi təşkilat. Təşkilatın məqsədi şintayseni təbliğ etmək idi.
İmperator Hakimiyyətinə Kömək Assosiasiyası | |
---|---|
Qurucu | |
Quruluş tarixi | 12 oktyabr 1940 |
Dağılma tarixi | 13 iyun 1945 |
Birləşən | Könüllü Döyüş Korpusu[d] |
Baş qərargah | |
İdeologiya | yapon milliyyətçiliyi, imperializm, faşizm |
İdeoloji spektr | ifrat sağçılıq |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəİmperator Hakimiyyətinə Kömək Assosiasiyası baş nazir Fumimaro Konoenin təşəbbüsü ilə 12 oktyabr 1940-cı ildə yaradılmışdır. Təşkilatın məqsədi Yaponiyanın hökumət sistemində islahatlar aparmaq və kütlələri siyasətə cəlb edərək milli siyasətə qarşı olan şəxslərin qarşısını kəsmək idi. Hər bir Yaponiya vətəndaşı təşkilatın üzvü olmalı idi.[1]
Kone bütün siyasi partiyaları ortadan qaldıracaq totalitar siyasi sistem yaratmağı planlaşdırırdı. O, təşkilatı yaratmaq üçün 1940-cı ilin yayında 37 nəfərdən ibarət Yeni Siyasi Nizamın Yaradılması üçün Hazırlıq Kommisyasını təşkil etsə də,[2] kommisya üzvləri öz aralarında konsensus əldə edə bilməmiş, nəticədə, reformist yox, ənənəvi qruplardan ibarət strukturu olan təşkilat kimi yaradılmışdır.[1] Belə ki, kommisyanın yaponçu üzvləri totalitar siyasi sisteminin Tokuqava dövründə şoqunların etdiyi kimi imperator hakimiyyəti zəiflədəcəyini düşünürdülər. Bir çoxu partiya təklifinin nasist və kommunist partiyalarının modelinə oxşadığı üçün tənqid etmişdir.[3]
Fəaliyyəti
redaktəİmperator Hakimiyyətinə Kömək Assosiasiyasının rəhbərliyi altında köhnə siyasi partiyalar ləğv olunmuşdur. Təşkilat Tokioda yerləşən 5 büro və 23 diviziya tərəfindən idarə olunurdu, hər bir prefekturada yerli şöbələr fəaliyyət göstərirdi.[1] Ordu İmperatorun Hərbi Rezervistləri Assosiasiyası vasitəsilə təşkilatın təyinatlarına təsir etməyə çalışsa da, Daxili İşlər Nazirliyi yerli şöbələrə nəzarət sistemi yaradaraq bu cəhdin qarşısını almışdır.[3]
Təşkilatın yaradılmasından bir neçə həftə sonra baş verənləri görən Konoe islahatçı təşkilat yaratmaq səylərini dayandırmış və təşkilatın yuxarı vəzifələrinə bir çox qeyri-islahatçını təyin etmişdir.[1] O, Akira Kazami və Eyci Yasui kimi islahatçıları Heysuke Yanaqava və Hiranuma Kiiçiro kimi yaponçularda əvəzləmişdir.[2] Nəticədə, təşkilatın əsas fəaliyyəti müharibə vaxtı agentliklərdən istifadə edərək xalqın milli şüurunu qorumaq olmuşdur: müharibəyə maraq oyatmaq, istehsala təşviq etmək, qənaətciliyə həvəsləndirmək və mülki müdafiəni gücləndirmək. Təşkilat 13 iyun 1945-ci ildə ləğv olunmuşdur.[1] Müttəfiqlər təşkilatı Almaniyadakı Nasist Partiyasının analoqu hesab etdikləri üçün müharibədən sonra minlərlə şəxsi təşkilatdakı fəaliyyətinə görə təmizləmişdir.[2]
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Huffman, James. Modern Japan: An Encyclopedia of History, Culture, and Nationalism (ingilis). Nyu-York: Routledge. 2013. səh. 91. ISBN 978-0-815-32525-3. İstifadə tarixi: 24 avqust 2024.
- Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild (G–I). Tokio: Kodansha. 1983. səh. 280-281. ISBN 0-87011-623-1. İstifadə tarixi: 24 avqust 2024.