Ibrahim Xan Efsar - Wikipedia
İbrahim xan (XVII əsr, Xorasan və ya صفویلر – 1738) — Nadir şah Əfşarın qardaşı. Adı Məhəmməd İbrahim olan bu qardaşı mənbələrdə və tarixi ədəbiyyatda daha çox sadəcə İbrahim xan kimi xatırlanır. “Aləm Ara-ye Naderi”də onun doğulması barədə kiçik bir qeyd vardır. Amma onun doğulduğu tarix göstərilməmişdir.[1]
İbrahim xan Əfşar | |
---|---|
Məhəmməd İbrahim xan Qırxlı Əfşar Zəhirəddövlə | |
| |
1732 – ? | |
1732 – 1736 | |
1736 – 1738 | |
Əvvəlki | Əfşarlar dövləti tərəfindən təsis edilib |
Sonrakı | Əmiraslan xan Qırxlı-Avşar |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XVII əsr |
Doğum yeri | |
Vəfat tarixi | 1738 |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | İmamqulu bəy |
Uşaqları | Əliqulu xan, Məhəmmədəli bəy, Hüseyn bəy, Kazım bəy. |
Dini | Şiə İslam |
Həyatı
redaktəHər halda bu mənbəyə görə, İbrahim Nadirin kiçik qardaşı idi. O, uşaq yaşlarında Nadirdən fərqli keyfiyyətlərə malik idi. Nadir daha çevik, fiziki hərəkətlərə və vərdişlərə daha çox meylli idisə, İbrahimdə bu keyfiyyətlər özünü elə də büruzə vermirdi və buna görə də tez-tez atasının qınaqlarına məruz qalırdı.[2]
İbrahimin uşaqlıq və gəncliyi mənbə müəlliflərinin diqqətini cəlb etməmişdir. Nəzərə alınsa ki, İbrahim də gəncliyində Nadirin dəstəsinin üzvü olmuşdur, onda belə bir qənaətə gəlmək olar ki, o da gəncliyində at minməyi və qılınc tutmağı öyrənmişdi.
İbrahimin adının “Aləm Ara-ye Naderi”də çəkilməsi tarix etibarilə XVIII əsrin 20-ci illərinə təsadüf edir. Mənbədə göstərilir ki, Nadir öz dəstəsinin bir hissəsini qardaşı İbrahimin rəhbərliyi altında Qorqan qalasında saxladı və özü isə Əlieli tərəkəmələrinin itaət altına gətirilməsinə yollandı. Elə oradaca Nadirə qarşı itaətsizlik və xəyanət yolu tutmuş Aşur xanın bağışlanması üçün İbrahimim qardaşından xahiş etdiyi göstərilir. Əvvəlcə Nadirlə yaxşı münasibətdə olub, sonra təkrar-təkrar ona xəyanət yolu tutan Aşur xanı növbəti dəfə bağışlamasından ehtimal etmək olar ki, Nadir hələ cavanlığında qardaşı İbrahimi çox istəyirdi.[3] Həqiqətdə də belə idi. Nadir şah bütün həyatı boyu qardaşı İbrahimi və onun övladlarını çox istəyirdi və onları özünə arxa-dayaq hesab edirdi. Onlar da Nadir şahın himayəsi və qayğısı altında böyümüşdülər. Mənbələrin məlumatlarından da görmək mümkündür ki, Nadir şah Əliqulu xanı öz övladları qədər sevirdi və ona çox etibar edirdi.[4]
II Şah Təhmasib ilə birləşməsi ərəfəsində Nadir qardaşı İbrahimi evləndirdi. O, əfşar əyanlarından olan Tohid xan Soltanın qızını qardaşına istədi və tezliklə onların nikahını bağlatdırdı. İbrahimin böyük oğlu Əliqulu da məhz bu nikahdan dünyaya gəldi.
Hərbi fəaliyyəti
redaktəƏbdali əfqanlarını zərərsizləşdirəndən və 1727-ci ilin sonlarında Heratı nəzarət altına alandan sonra Nadir Məşhədə qayıdıb ölkənin qərbində döyüşlər aparılması üçün hazırlıq işlərinə başladı. Bu vaxt Nadir Xəbuşan ətrafında yaşayan kürdlərin qiyam qaldırmaları və itaətsizlik göstərmələri barədə məlumat aldı. Nadir və onun ətrafındakılar belə bir qənaətə gəldilər ki, kürdlərin qiyamının cavabsız buraxılması bölgədə yaşayan digər tayfaları da itaətsizliyə təhrik edə bilər. Nadir qərara gəldi ki, Xəbuşana qoşun dəstəsi göndərsin və həmin qoşun dəstəsinə rəhbərlik mənbədə artıq xan kimi təqdim olunan İbrahim xana həvalə olundu. Onun ixtiyarına verilən qoşun dəstəsinin tərkibi 10 min nəfərdən ibarət idi. Bu tapşırıq İbrahim xan tərəfindən müstəqil şəkildə və böyük qoşun dəstəsinin iştirakı ilə keçirilən ilk böyük və ciddi tapşırıq idi. Bu, eyni zamanda onu göstərirdi ki, həmin vaxt İbrahim xan artıq 10 min nəfərlik qoşun dəstəsinə rəhbərlik təcrübəsi əldə etmişdi. İbrahim xan tapşırığın icrasına yollanarkən Dərgəzdə mənzil saldı və qoşun dəstəsinə bir müddət istirahət verdi. Dərgəzin əyanları və sərkərdələri bir daha itaətlərini bəyan etdilər və yerli əhali arasında səfərbərlik aparıb kiçik bir dəstə təşkil etdilər və onu da İbrahim xanın dəstəsinə qatdılar.[5][6]
İbrahim xan topladığı məlumatlar əsasında müəyyənləşdirdi ki, bölgədəki kürd qiyamına Nəcəf Soltan Qaracurlu adlı birisi rəhbərlik edir və bu qiyam bölgənin bir sıra məntəqələri tərəfindən dəstəklənir. İbrahim xanın qoşun dəstəsi ilə bu qiyamın yatırılmasına gəlməsi xəbərini eşidəndən sonra kürd əyanları və sərkərdələri ətrafdakı bütün məntəqələrə adamlar göndərdilər və İbrahim xana daha yaxşı müqavimət göstərilməsi üçün əlavə silahlı dəstələr istədilər. Ətraf məntəqələrdə dərhal belə hazırlıq işləri aparıldı və qısa müddətdən sonra İbrahim xanın dəstəsinə qarşı 20 min nəfərlik kürd dəstəsi formalaşdırıldı. Gərmxan adlanan məntəqədə İbrahim xanın dəstəsi Nəcəf Soltanın dəstəsi ilə üz-üzə gəldi.[7] Qızğın gedən döyüşlərin sonunda İbrahim xan geri çəkilməyə məcbur oldu və Kərimxan qalasına çəkildi. İbrahim xan dəstək üçün Nadirin yanına çapar göndərdi. İbrahim xanın vəziyyətindən xəbər tutan Nadir xan tezlikə İbrahimə dəstəyə gəldi. Qeyd etmək lazımdır ki, bu döyüş Nadir üçün də xeyli ağır keçdi. Kürdlərin əlverişli mövqelər tutması onların gücünü daha da artırırdı. Üç gün davam edən döyüş Nadirin dəstəsinin müqavimət gücünü zəiflətdi və yalnız başqa tapşırığın icrası üçün göndərilmiş Mərv dəstəsinin yetişməsi Nadirin dəstəsini ağır vəziyyətdən xilas etdi. Amma kürdlərin yeni-yeni dəstələrinin döyüşə qatılması döyüş təşəbbüsünün yenidən onlar tərəfə meyllənməsinə səbəb oldu. Belə olanda Nadir qardaşı İbrahim xana xəbər göndərdi ki, mühasirəni yarıb artilleriyası ilə onun köməyinə gəlsin. Yalnız İbrahim xanın gətirdiyi topların köməyi ilə Xəbuşan kürdlərinə qarşı başlanan döyüşü qələbə ilə başa çatdırmaq mümkün oldu.[8]
Əsrin 30-cu illərinin əvvəllərində Nadir döyüşlər aparmaq üçün ölkənin qərbinə yollananda İbrahim xanı Xorasan hakimi təyin etdi. İbrahim xan Nadirin bu tapşırığının öhdəsindən gələ bilmədi. Vilayətin idarəçiliyinə onun diqqətinin zəifləməsi Herat əfqanlarını Xorasanın yenidən işğalına sövq etdi. Herat əfqanları Zülfüqar xanın rəhbərliyi altında qiyam qaldırıb Nadir tərəfdən ora hakim təyin edilmiş Allahyar xanı devirdilər. Onda Allahyar xan kömək üçün İbrahim xanın yanına gəldi. İbrahim xan da məsləhət üçün Nadirə məktub göndərdi. Nadir ona Herat üzərinə qoşun çəkməyə icazə vermədi. Onun nəzərincə bu, ağır nəticələrə gətirə bilərdi. Osmanlı qoşunları ilə döyüşləri başa çatdırdıqdan sonra Nadir özü yenidən Herata qoşun çəkmək niyyətində olduğunu bildirdi.[9]
Amma Heratda qiyam qaldırmış qüvvələr yalnız Herat qalasını tutmaqla kifayətlənməyib Məşhəd üzərinə də hücum çəkdilər. İbrahim xan əfqanlara müqavimət göstərmək üçün tələsik hazırlıq gördü və 10 min nəfərlik bir dəstə hazırladı. O, artilleriyanın müşayiəti ilə dəstəsini Məşhəddən çıxardı və əfqanları qaladan kənarda qarşılamağı qərarlaşdırdı. 1730-cu ildə baş verən bu döyüş əfqanların üstünlüyü şəraitində keçdi. Belə olanda İbrahim xan qala daxilinə çəkildi və bir neçə gün qala daxilində müdafiə olundu. İbrahim xan qala xaricində əfqanlara yenidən müqavimət göstərmək istəsə də buna nail ola bilmədi və o, bütün qüvvələri ilə qala daxilində müdafiəyə çəkildi. Bir neçə günlük döyüşlər nəticəsində İbrahim xan çoxlu sayda itki verdi. Əfqanların mühasirəsi güclənəndə İbrahim xan yeganə çıxış yolunu yenidən Nadirdən kömək istəməkdə gördü. Bu məqsədlə Azərbaycanda olan Nadirin yanına çaparlar göndərdi. Çaparların göndərilməsindən təxminən 10 gün sonra əfqan sərkərdələri toplanıb vəziyyəti müzakirə etdilər. Qalanın mühasirəsinin uzanmasının və Nadirdən yardım gəlməsinin onların xeyrinə olmayacağı qənaətinə gəlib ələ keçirdikləri çoxlu qənimətlərlə geri çəkildilər.[10]
35 gündən sonra Nadir dəstəsi ilə Nişapura yetişdi və oradan İbrahim xana məktub göndərdi. Nadir Məşhəddə baş verənlərdə onu da təqsirkar saydı və tələb etdi ki, onun gözünə görünməsin və onlar Məşhədə yetişənə kimi şəhəri tərk edib Əbivərdə yollansın. İbrahim xanın bu əmri yerinə yetirməkdən başqa çarəsi yox idi. Qəzəblənmiş qardaşının gözünə görünməmək üçün o, şəhəri tərk edib Əbivərdə yollandı.[11]
Nadir Məşhəd ətrafında baş verənlərdə qardaşını ittihamlandırsa da, ona olan qardaşlıq məhəbbəti heç də azalmadı. Onunla görüşməyə bir fürsət axtardı və tezliklə belə bir fürsətin yaranmasına çox sevindi. Ona xəbər verildi ki, Ərsari, Təkə, Yəmut tayfaları 10 min nəfərlik bir dəstə təşkil edib Tecən və Sarıqamışa toplayıblar və oradan vaxtaşırı Əbivərdə hücum edirlər. Baxmayaraq ki, Nadir Məşhədə hücum etmiş və Heratda qiyam qaldırmış əfqanları tezliklə cəzalandırmaq istəyirdi, bununla belə ilkin olaraq Əbivərdə yolandı. Nadir orada həm qardaşı İbrahim xanla görüşmək istəyirdi, həm də doğulduğu yurda baş çəkmək. Buna görə də dərhal dəstəsi ilə Əbivərdə yola düşdü. Nadirin Əbivərdə gəlməsi xəbərini eşidəndə İbrahim xan onun görüşünə getdi. Bu qarşılaşma zamanı Nadir bir tərəfdən qardaş məhəbbətini nümayiş etdirmək istəyirdisə, bir tərəfdən də sərkərdə və rəhbər prinsipiallığını əldən vermək istəmirdi. Əyanları və sərkərdələri qarşısında İbrahim xanın yol verdiyi laqeydliyə və biganəliyə münasibət bildirməməsinin digərlərinə pis nümunə olacağından ehtiyatlanan Nadir, əlini qamçıya atdı. Şahidlərin ifadəsinə görə, Nadir onu əhatə edənlərin qarşısında İbrahim xana 22 qamçı vurdu və dedi: "Ey itdən pis olan namərd. Nə səbəb oldu ki, mənim dəyərli qazilərimin və bahadırlarımın çoxunu tələf etdin, əfqanların əli ilə öldürdün?” [12] Nadir hətta əlini qılıncına atdı ki, İbrahimin üstünə əl qaldırsın. Ona yaxınlaşanda isə qılıncının ağzını çevirdi və tiyəsinin arxası ilə atının yanından vurdu. Bundan sonra əlini dayandırıb öz istirahət yerinə yollandı. Belə bir görüşü gözləməyən əyanlar İbrahim xana yaxınlaşıb ona ürək-dirək verdilər, onu Nadirdən inciməməyə çağırdılar.[13]
Gecədən keçəndən sonra Nadir qardaşının yanına gəldi. Əlini onu boynuna salıb üzündən öpdü və dedi: “ Can qardaşım, sən böyük qəflətə yol verdin.... Xorasanın yerli hakimlərinin hər biri bir eldən, qəbilədən və camaatdandır. Onların biri oğlunu, biri qardaşını itirib. Əgər onların qarşısında səndən tələb etməsəm, sonra təqsiri olan sərkərdələrdən də heç nə tələb edə bilmərəm” [14].
Nadir qardaşı ilə oturub xeyli söhbət etdi və aralarındakı inciklik yox olandan sonra Nadir yenə öz çadırına döndü. Nadir dəstəsi ilə əvvəlcə Tecən və Sarıqamışda toplaşan dəstələri əzdi, sonra isə İbrahim xanı və oğlu Rzaqulunu Məşhədə göndərdi.[15]
II Şah Təhmasibin Osmanlı qüvvələri ilə uğursuz döyüşünün nəticələrini araşdırmaq üçün İsfahana yollananda Nadir yenidən İbrahim xanı Xorasan hakimi elan etdi və onu Məşhəddə saxladı. Məlumdur ki, Nadir, Şah Təhmasibi taxtdan salandan sonra yenidən ölkənin qərbində döyüşlərə başladı. Bu müddət ərzində İbrahim xan Xorasanın hakimi olaraq qalmaqda idi. İbrahim xan Nadirin taxta çıxdığı vaxta qədər bu vəzifəni icra etdi. Muğan düzündə keçirilən tacqoyma mərasimində İbrahim xan da iştirak etdi. Mərasimdən sonra Nadir şah İbrahim xanı Azərbaycan bəylərbəyi və Azərbaycan qorçubaşısı elan etdi. Bütün Cənubi Qafqaz və İran Azərbaycanı onun hakimiyyəti altına verildi. Azərbaycan bəylərbəyliyi həm Rusiya ilə, həm də Osmanlı dövləti ilə sərhəd olduğundan bu bölgə Nadir şah üçün strateji əhəmiyyət kəsb edirdi. Ona görə bu böyük bölgənin idarə edilməsini etibarlı bir şəxs kimi İbrahim xana həvalə etdi.[15]
Azərbaycan bəylərbəyliyi kifayət qədər narahat bir bölgə idi. Bir tərəfdən Dağıstan xalqları və Osmanlı sərhədində olan kürdlər mütəmadi olaraq qiyamlar qaldırırdılar. Bir tərəfdən də Rusiyanın və Osmanlı dövlətinin müdaxilə təhlükəsi qalmaqda idi. Azərbaycan bəylərbəyi kimi Nadir şah tərəfindən ona verilən ilk tapşırıq da elə Osmanlı sərhədlərində yerləşən Yəzdi kürdlərinin qiyamının yatırılması ilə bağlı idi. Nadir şah onun ixtiyarına 12 min nəfərlik qoşun dəstəsi verib Yəzdi kürdlərinin qiyamını yatırmağa göndərdi. Bu yürüşdə Nəsrulla Mirzə də onu müşayiət edirdi. İbrahim xan bölgəyə yetişən kimi qısa müddət ərzində ona verilən tapşırığı yerinə yetirdi. Yəzdi kürdlərinin qiyamı yatırıldıqdan sonra o, Təbrizə döndü. Azərbaycan bəylərbəyliyinin mərkəzi bura idi.[16]
İbrahim xan Məşhəddən Rzaqulu Mirzənin Bəlxi tutması və Qərşi qalası ətrafında Əbülfəz xanla uğurlu döyüşlər aparması haqqında məlumat aldı. Mirzə Kazım Mərvinin yazdığına görə, İbrahim xan oğlu yerində olan Rzaqulu Mirzənin hərbi uğurlarını eşidəndə özü də fatehlik xəyalına düşdü və fikirləşdi ki, Rzaqulu xan uşaq olduğu halda bu işləri görə bilirsə, onda o da gedib Dağıstanı tuta bilər. Mərvi öz əsərində İbra him xanın bu düşünülməmiş qərarını bəyənmədiyini açıqca bildirir və yazır ki, bu xam xəyallarla o, Azərbaycan məntəqələrinə əmr göndərib yerli hakimləri qoşun dəstələri ilə birlikdə yanına tələb etdi. Bu əmri alan kimi Urmiya, Marağa, Soyuqbulaq, Bərgüşad, Qaradağ və başqa məntəqələrin qoşun dəstələri Təbrizə axışdı. Dərhal da qoşunlar toplar və zənburəklərin müşayiəti ilə Qarabağa hərəkətə başladılar. Bura yetişəndə Şirvan, Gəncə, İrəvan, Gürcüstan və Qarabağ vilayətlərinin də qoşun dəstələri İbrahim xana qoşuldular. İbrahim xan 32 minlik bir qoşun dəstəsi toplaya bildi. Onların təchizat səviyyəsi də İbrahim xanı razı saldı.[17]
Usmiyə məktub göndərdi və ondan tələb etdi ki, itaət göstərmək istəyirsə qoşunlar üçün zəruri olan ərzaqla birlikdə düşərgəyə gəlsin. Əgər Qax və Qanıx hakimi bu tələbi yerinə yetirsəydi, İbrahim xanın qayğısı ilə qarşılaşmalı idi. Ləzgi Usmi bu təklifi qəbul etdi və bir sıra ağsaqqallarla birlikdə İbrahim xanın düşərgəsinə gəldi. İbrahim xanın tələbi ilə o, Dağıstan tayfalarının hakimləri olan Böyük Usmiyə, Əhməd xana, Şamxala, Molla Şabana və Surxay oğlu Murtuzəliyə məktub yazdı və onları da İbrahim xana itaət göstərməyə çağırdı. Tayfa başçıları bu məktubda yazılanları qəbul etmədilər və onlar hamisi İbrahim xanla döyüşə hazırlaşmağa başladılar.[18][19]
İbrahim xan azərbaycanlı döyüşçülərin 2 minlik dəstəsinə göstəriş verdi ki, Car camaatı yaşayan məntəqəyə yollansın və orada qarşılarına çıxan olarsa onları qılıncdan keçirsin. Azərbaycanlı döyüşçülər carlıların yaşayış məskənində çox az adamla rastlaşdılar. Onları da əsir edib geri qayıtdılar. Bu kiçik tapşırığın icrasından sonra İbrahim xanın qüvvələri daha ciddi bir uğur qazana bildilər.[20] Car camaatının elə də böyük olmayan silahlı dəstələri müxtəlif istiqamətlərdə görünüb döyüşə qoşuldular. Sıldırım qayaların və qalın meşələrin müdafiə imkanlarından məharətlə istifadə edən carlılar İbrahim xanın dəstəsinə qarşı təzyiqi getdikcə daha da artırdılar. Şirvan və Dünbüli dəstələrini irəli atmaqla və Xorasan cəzayirçilərinin atəş qüdrətindən istifadə etməklə yerli dəstələrin fəallığının qarşısının alınması üçün göstərilən cəhdlər bir nəticə vermədi.Belə olanda İbrahim xanın itkiləri də çoxaldı. Sərkərdələr geri çəkilmək təklif etsələrdə İbrahim xan bunu qəbul etmirdi.[21]
Ölümü
redaktə1738-ci ildə ləzgilərlə gedən döyüşlərdə İbrahim xanın qüvvələri çətin vəziyyətə düşmüşdülər. Belə bir vaxtda Gəncə hakimi Ziyadoğlu Uğurlu xan İbrahim xana yaxınlaşıb ona döyüş meydanından uzaqlaşmağı və təhlükəsiz yerə çəkilməyi məsləhət bildi. İbrahim xan döyüş meydanından uzaqlaşmağı özü üçün təhqir hesab etdi və Uğurlu xanın təklifini qəbul etmədi. Bu arada Uğurlu xan qarşı tərəfdən atılan tüfəng güllərindən birinə tuş gəldi. Ölüm ayağında olan Uğurlu xan qardaşı Həsən xandan da xahiş etdi ki, İbrahim xanı təhlükəli zonadan uzaqlaşdırsın. Uğurlu xan onu da əlavə etdi ki, əgər İbrahim xana bir hadisə üz verərsə Nadir şahın qəzəbindən bütün Azərbaycan od tutub yana bilər. Uğurlu xan bu sözləri deyib qurtarmağa macal tapmamış Həsən xan da tüfəng gülləsinə tuş gəldi. Təşəbbüsü ələ almış yerli qüvvələr müxtəlif istiqamətlərdən İbrahim xanın dəstəsini güclü atəşə tutdular. Vəziyyətin getdikcə daha da ağırlaşdığını görəndə digər sərkərdələr də İbrahim xana döyüş meydanını tərk etməyi məsləhət gördülər. Amma o buna daha fürsət tapmadı. Car döyüşçülərini gülləsi onu da tapdı. İbrahim xan həyatının son dəqiqələrində yaxınlıqdakı ağaclardan birinə dayaqlanıb içməyə su istədi. Minbaşı Əlixan bəyin verdiyi suyu içən kimi o, gözünü dünyaya qapadı.[22]
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Mehman Süleymanov, Nadir şah. səh.645
- ↑ Aləm Ara-ye Naderi. C.I, ... s.10
- ↑ Aləm Ara-ye Naderi. C.I, ... s.54
- ↑ Mehman Süleymanov, Nadir şah, səh.646
- ↑ Aləm Ara-ye Naderi. C.I, ... s.103
- ↑ Mehman Süleymanov, Nadir şah. səh.646
- ↑ Aləm Ara-ye Naderi. C.I, ... s.105
- ↑ Aləm Ara-ye Naderi. C.I, ... s.105-106
- ↑ Mehman Süleymanov, Nadir şah. səh.648
- ↑ Aləm Ara-ye Naderi. C.I, ... s.157
- ↑ Aləm Ara-ye Naderi. C.I, s.160
- ↑ Mehman Süleymanov, Nadir şah. səh.649
- ↑ Aləm Ara-ye Naderi. C.I, ... s.161
- ↑ Aləm Ara-ye Naderi. C.I, ... s.162
- ↑ 1 2 Mehman Süleymanov, Nadir şah. səh.650
- ↑ Mehman Süleymanov, Nadir şah. səh.650-651
- ↑ Aləm Ara-ye Naderi. C.II, ... s.666-667
- ↑ Aləm Ara-ye Naderi. C.II, ... s.669
- ↑ Mehman Süleymanov, Nadir şah. səh.652
- ↑ Mehman Süleymanov, Nadir şah. səh.653
- ↑ Mehman Süleymanov, Nadir şah. səh.654
- ↑ Aləm Ara-ye Naderi. C.II, ... s. 675-676