Ibn Abbas - Wikipedia
Abdullah ibn Abbas ibn Əbdülmüttəlib (ərəb. عبدالله بن عباس; təq. 619[1][2], Məkkə[4] – təq. 687[3], Taif, Məkkə bölgəsi[d][4]) — Məhəmməd peyğəmbərin tanınmış səhabəsi, İslam alimi və fəqihi.[5] Məhəmməd peyğəmbərin əmisi Abbasın oğlu idi.
Abdullah ibn Abbas | |
---|---|
ərəb. عبد الله بن عبَّاس | |
Doğum tarixi | təq. 619[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | təq. 687[3] |
Vəfat yeri |
|
Atası | Abbas ibn Əbdülmütəllib |
Anası | Lübabə binti Haris |
Fəaliyyəti | müfəssir, tarixçi, fəqih, mühəddis, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Peyğəmbərin Mədinəyə hicrət etməsinə üç il qalmış Məkkədə doğulmuşdur. Məhəmməd peyğəmbərin yanında böyümüş, gənc yaşlarında ondan İslam dinin əsaslarını öyrənmişdir. Hicrətin səkkizinci ilinə qədər, Abdullah ibn Abbas öz ailəsi ilə Məkkədə yaşamışdır[5]. Ancaq, şəhərin müsəlmanların əlinə keçməsindən az öncə, onlar da Mədinəyə hicrət etmişdirlər. O, Hüneyn və Taif döyüşlərində, eləcə də, Məkkənin alınmasında iştirak etmişdir. Abdullah ibn Abbas Raşidi xəlifələr dövründə xəlifələrə yaxın olmuş, müsəlmanların Şimali Afrika və Təbəristana yürüşlərində iştirak etmişdir[6].
Xəlifə Osmanın vəfatından sonra Abdullah ibn Abbas Əli ibn Əbu Talibi xəlifə kimi tanıyıb, ona dövlət işlərində yaxından köməklik göstərmişdir. Əli onu idarəçilik qabiliyyəti səbəbi ilə Bəsrə şəhərinin başçısı təyin etmişdir. Bu vəzifədə olarkən o, xaricilərin üsyanını yatıra bilsə də, sonra dövlət işlərindən uzaqlaşmış, həyatının sonuna kimi Məkkədə yaşayaraq, elmlə məşğul olmuşdur. Xəlifə Müaviyə öldükdən sonra Abdullah ibn Abbas, Hüseyn ibn Əlini xəlifə Yezidə qarşı çıxmış kufəlilərin çağırışına uymamağa dəvət etmiş, onun oraya getməsinin məqsədəuyğun olmadığını qeyd etmişdir. Buna baxmayaraq, Hüseyn Kufəyə yollanmış və orada şəhid olmuşdur[6].
Abdullah ibn Abbas fiqh elminin ən mahir bilicisi idi. Hər hansı hökmü verdikdə o, ilk olaraq Qurana müraciət edirdi. Orada problemin həllini tapmayanda isə o zaman Məhəmməd peyğəmbərin həyat yoluna, daha sonra onun səhabələrinin həyat nümunələrinə istinad edərək problemləri həll edirdi. Bundan başqa, Abdullah ibn Abbas Quran təfsirçisi kimi də tanınırdı[6].
Abdullah ibn Abbasın elmini, mədəniyyətini və bacarığını müsəlmanların düşmənləri də dəyərləndirmişlər. O, elçi kimi müsəlman ordusunun rəhbərliyi adından Bizansın Şimali Afrika bölgələrinin başçısı Georgiusun yanına göndərilmiş, orada elmi mübahisələrdə iştirak etmişdir. Onu dinləmiş Georgius, Abdullah ibn Abbası ən bilikli ərəb adlandırmışdır. Abdullah ibn Abbas 687-ci ildə 70 yaşında ikən Taifdə vəfat etmişdir[6].
İstinadlar
redaktə- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 ʿAbd Allāh ibn ʿAbbās Ibn ʿAbbās // AlKindi.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118925857 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 3 4 Али-заде А. Абдуллах ибн Аббас (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007. С. 12.
- ↑ 1 2 Aydın Əlizadə, Elsevər Səmədov. İslam: Tarix, Fəlsəfə və Hüquq. Ensiklopedik Lüğət. Bakı: "3 saylı Bakı Mətbəəsi" ASC, 2016, səh. 6. (az.)
- ↑ 1 2 3 4 Aydın Əlizadə, Elsevər Səmədov. İslam: Tarix, Fəlsəfə və Hüquq. Ensiklopedik Lüğət. Bakı: "3 saylı Bakı Mətbəəsi" ASC, 2016, səh. 7. (az.)
Ədəbiyyat
redaktə- ""Ümmətin alimi" ləqəbli səhabə - Abdullah ibn Abbas". islam.az (az.). 2021-05-17. İstifadə tarixi: 2023-12-21.