Covdarliqda Ucurumdan Qoruyan - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
"Çovdarlıqda uçurumdan qoruyan" (ing. The Catcher in the Rye) — ABŞ yazıçısı Cerom Selincer tərəfindən 1951-ci ildə yazılmış roman. Əsərdə on altı yaşlı Holden adlı gənc tərəfindən çox açıq şəkildə Amerika həqiqətlərinin kəskin dərk edilməsindən və müasir cəmiyyətin ümumi qayda və əxlaqının qəbul edilməməsindən söhbət açılır. Roman, əsasən, cavanlar arasında böyük populyarlıq qazanıb və XX əsrin ikinci yarısında dünya mədəniyyətinə əhəmiyyətli təsir göstərib.
Çovdarlıqda uçurumdan qoruyan | |
---|---|
ing. Catcher in the rye | |
Müəllif | Cerom Selincer |
Janr | realizm |
Orijinalın dili | ingilis dili |
Ölkə | |
Orijinalın nəşr ili | 16 iyul 1951 |
Nəşriyyat | Little, Brown and Co.[d] |
Elektron versiya | |
Vikianbarda əlaqəli mediafayllar |
Selincer "Çovdarlıqda uçurumdan qoruyan" romanı üzərində doqquz il işləyib. Müəllifin 1951-ci ildə yazılmış yeganə romanı "Çovdarlıqda uçurumdan qoruyan" olub. Əsər dünyada qısa müddətdə 60 milyon nüsxə ilə satılıb.
Mövzusu
redaktəRomanda əsas qəhrəman yeniyetmə Holdenin dili ilə müəllif öz dövrünün Amerikasında, geniş mənada bütün dünyada gedən proseslərə öz fikrini bildirir. Əsərdə açıq formada XX əsrin ortalarındakı amerikan həqiqətlərinin kəskin tənqidi, insanların ikiüzlülüyü, dinin lazımsız steorotipləri tənqid olunur. Maraqlı olan da budur ki, müəllif bütün bunları 16 yaşlı bir yeniyetmənin dilində mükəmməlliklə ifadə edə bilir. Əsərdə istifadə olunan geniş vulqarizmə, insanlardakı "mənfi" təsirinə görə əsər uzun müddət qadağan edilməsinə baxmayaraq, dünyada ən çox oxunan kitablardan biri ola bilmişdir. Roman nəşr edildiyi gündən əksər amerikan gənclərinin sevimli kitabına çevrilmişdir. Hətta əsərin təsirindən intihar edən bir neçə gəncə belə rast gəlinmişdir. ABŞ Prezidenti Ronald Reyqana sui-qəsd etmiş Con Hinklin sui-qəsddən əvvəl bu romanı oxumuşdur. Con Lennonnun qatili Mark Çepmenin də üzərindən Cerom Selincerin bu romanı tapılmışdır.
Əsas obrazlar
redaktə- Holden Kolfild: Hekayəni danışan yeniyetmə oğlan. 17 yaşındadır.
- Fibi Kolfild: Holdenin kiçik bacısı. Bəzən Fibi də Holdenə hirslənir, ancaq Holden bacısının hələ də məsumiyyətini itirmədiyinə görə onu heç vaxt günahlandırmır və çox sevir.
- Elli Kolfild: Holdenin ölən qardaşıdır. Leykamiyadan ölmüşdür. Onun ölümü Holdenin yaşadığı vəhşi yeniyetməlik dövrünə təkan verən önəmli amillərdəndir.
- Robert Ekli: Kolfildin dostudur. Sızanaqlı üzü var və xarakter cəhətdən də qıcıqlandırıcı tipə malikdir.
- Ceyn Gallager: Kitabda heç yerdə görünmür. Ancaq o, Holdenin həqiqətən varlığını hiss etdiyi tək-tük insanlardandır.
- Stredleyter: Holdenin yaraşıqlı otaq yoldaşıdır.
- Cənab Spenser: Holdenin Pensi məktəbindəki tarix müəllimidir.
Zaman
redaktəHadisələr 1940-cı illərin sonu-1950-ci illərin əvvəllərində baş verir. Kitab da elə bu ərəfədə yazılmışdır. Holdenin qardaşı Ellinin ölüm tarixi 18 iyul 1946-cı il olaraq göstərilir və həmin vaxt Holdenin 13 yaşı vardır. Kitabın sonunda hadisələr 1950-ci ilin yayında baş verir. Əgər Milad bayramının bazar günü olduğunu ehtimal etsək, hadisələrin böyük qisminin dekabrın 18–19-u olduğu ortaya çıxır.