Caxmaqli Dusergesi - Wikipedia
Çaxmaqlı düşərgəsi - Azərbaycanda mustye mədəniyyəti dövrünə aid abidə. Çaxmaqlı düşərgəsi Kiçik Qafqazın aşağı dağlıq ətəyində, İncəsu-Təvədöy çayı hövzələri arasında II Şıxlı kəndindən 7 km cənubda yerləşir. Məmulat yayılan sahə 60x40 m ölçüdədir. Daş məmulatı arasında 365 əşya vardır. Bundan 58-i nüvə, 153-ü alət, 30-u qəlpə və tullantılardır. Düşərgədə boz çaxmaqdaşından istifadə olunmuşdur.
Alətlər aşağıdakı tiplərdən: belli qaşovlar 10, iri, hündür qaşovlar 6, batıq qaşovlar 10, narın dişəkli qaşov 4, tutacaqlı bıçaqlar 5, gəzli alətlər 10, dişlilər 25, uc qaşovları 39 ədəddən ibarət olmuşdur. Uc qaşovları tip dəyişkənliyi, kamil işlənmələri və aydın seriyaları ilə seçilir.
Uclu qaşovların tipləri: yuxarı ucda olanlar – 15, qaşov ağızlı yanlarla birləşənlər – 4, hündür tiplər – 6, buruncuqlu – 2,iki başlı, dimdik çıxıntılı – 6, vurma səthi üstdə olan – 1. Başqa alət növləri: iskənşəkilli – 6, yarpaqşəkilli itiuclu, iti ucu küncdə olan – 7,deşici – 5, qısa iti çıxıntılar (şiplər) -11, dimdikşəkilli alət – 19, çoxvəzifəli alətlər – 3 və kəsərdən ibarətdir.
Alətlərin hazırlanmasında fərqləndirici xüsusiyyətlər
redaktəNüvələrin abidədə çox işlənməsi ümumən xarakterik xüsusiyyətdir. Digər fərqləndirici cəhət axıradək işlənmiş nüvələrin qaşov, iskənə, uc qaşovu kimi yenidən istifadəyə gətirilməsidir. Nukleusların əksəri qəlpələmə üçün xüsusi hazırlanmış, arxa üzləri yastılanmışdır. Onlar levallua (9) və qeyri-levallua (39) növlərinə ayrılır. Sonuncu qrup nüvələrdə - disşəkilli (20), yarımdisk (3), bir, iki və üç vurma səthli üçbucaq, dördbucaq formalı bir üzü işlənənlər (13), şarşəkilli (2), prizma formalı (4) tiplərə ayrılırlar.
Çaxmaqlı düşərgəsinin xarakter əlamətləri
redaktə- Böyük miqdarda ikinci işlənməyə məruz qalmış daş məmulatının mövcudluğu;
- Alətlərin ara-sıra dişəklənməsi, bəzən müxtəlif ölçülü dişəklənmə, ikinci dişəklənmənin gah alt, gah da üst üzə keçməsi mütləq çoxluq, düzgün, aramsız pullu dişəklənmə və çox azlığı təşkil edir;
- Tam tipik mustye alətlərin (qaşov, itiuclu) təmsil olunmaması;
- Bütün alət tiplərində xüsusi və ya təbii tutacaqlı varlığı;
- Hazırlıqların küncündə işlənmələrlə xüsusi iş (iti uc, dimdik, biz, sıyırma, kəsmə və s.) elementlərinin ayrılması;
- İkili və dəyişkən formaların, xüsusilə uclu qaşovun iti uclu çıxıntısı ilə birləşməsi, iti çıxıntının kəsərlə, dişli dimdik və s. birgə çıxış etmələri;
- İskənəşəkilli alətlərin açıq-aydın mənimsənilməsidir.
Alət tərkibinin yüksək faizi, çoxnövlüyü, cürbəcür əlavə iş elementləri ilə yüklənməsi sakinlərin burada uzun müddət çoxsahəli fəaliyyət göstərdiklərini bildirir.
Mənbə
redaktə- Azərbaycan arxeologiyası. Daş dövrü. I cild, Bakı,2008.
- Baxşəliyev V.B. Azərbaycan arxeologiyası( Ali məktəb tələbələri üçün vəsait). –Bakı: Elm, 2007,
- Bünyadov T.Ə. Azərbaycan arxeologiyası oçerkləri. Bakı, 1960.
- Hüseynov M.M. "Azərbaycan arxeologiyası" Bakı,1975.
- Hüseynov M.M. Uzaq daş dövrü. Bakı,1973.