Catalcali Hesen Pasa - Wikipedia
Çatalcalı Həsən Paşa (v. 1 avqust 1631, Yenişəhər, Osmanlı imperiyası) — I Əhməd, I Mustafa və IV Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi.[1][2]
Çatalcalı Həsən Paşa | |
---|---|
13 iyul 1626 – 20 oktyabr 1630 | |
Əvvəlki | Topal Rəcəb Paşa |
Sonrakı | Canpoladzadə Mustafa Paşa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 1 avqust 1631 |
Vəfat yeri | |
Həyat yoldaşı |
Həyatı
redaktəDoğum tarixi bilinməsə də, Çatalcalı bir yeniçəri ağasının oğlu olduğu məlumdur. Əndərunda yetişdikdən sonra saray mətbəxində xidmət etməyə başladı. Bu vəzifədə ikən hərəm ağalarından Hacı Mustafa ağanın himayəsinə girdi və çavuşbaşı, 1615-ci ildə qapıçıbaşı, ardından baş miraxur vəzifələrinə gətirildi.
1626-cı ildə bəylərbəyi rütbəsi alaraq kaptan-ı dərya təyin olundu. Həmin il Sultan Əhmədin qızlarından Fatma Sultanla nigahlandı. 1627-ci ildə Qara dəniz sahillərini talan edən və İstanbula qədər irəliləyən kazak quldurlarına qarşı səfərə çıxdı. Bu səfəri əsnasında Özi qalasını bərpa etdirən Həsən Paşa 7-8 min əsirlə İstanbula qayıtdı və paytaxtda şənliklərlə qarşılandı.
1628-ci ildə Krım xanı təyin edilən Canıbəy Gərayın Krıma təhlükəsiz bir şəkildə göndərilməsiylə vəzifələndirilən Həsən Paşa, dövrün bir digər yüksələn saray əyanı Rəcəb Paşa tərəfindən qısqanılırdı. Belə ki, Rəcəb Paşa da Osmanlı sarayının kürəkəni idi və bu yolla qısa zamanda yüksəlmişdi. Özi qalasının mühafizəsiylə vəzifələndirilən Murtaza Paşa və öz kəndxudası Əbdülfəttah ağanın da müxalif cəbhəyə keçməsiylə Həsən Paşa gözdən düşdü. Sədrəzəm Qazi Hüsrəv Paşaya haqqında şikayət məktubları göndərildi və nəticədə 20 oktyabr 1630-cu ildə vəzifədən alındı.
Çox keçmədən bağışlandı və Budin bəylərbəyliyinə təyin olundu. Ancaq hələ yolda ikən əsgər toplaması əmr edildi və bu səbəblə bir müddət Rumelidə qaldı. Məhz burada ikən Yenişəhər yaxınlığında anidən vəfat etdi (1 avqust 1631). Bəzi mənbələrdə onun ani ölümünün arxasında bacanağı və siyasi rəqibi olan Topal Rəcəb Paşanın olduğu qeyd olunur. Cənazəsi İstanbula gətirilərək Gədikpaşa məhəlləsində (Fateh rayonu) inşa etdirdiyi məktəbin həyətinə dəfn edildi.
Mənbə
redaktə- Peirce , Leslie P. (1993) Imperial Harem : Women and Sovereignty in the Ottoman Empire 1993, Oxford University Press, ISBN 0-19-508677-5.
- Mehmed b. Mehmed, Târih, Süleymaniye Ktp., Lala İsmâil, nr. 300, vr. 40a-b.
- Peçuylu İbrâhim, Târih, II, 152.
- Kâtib Çelebi, Fezleke, II, 103, 125, 134.
- Naîmâ, Târih, II, 429; III, 41-42, 67, 70-73.
- Sefînetü’l-vüzerâ, s. 28-29.
- Hammer (Atâ Bey), IX, 131-132.
- Dâyezâde Mehmed Bahâeddin, Eser-i Bahâî, TTK Ktp., TY, nr. 38, vr. 24a-b.
- Sicill-i Osmânî, II, 132.
- Uzunçarşılı, Osmanlı Tarihi, III/2, s. 11.
- Danişmend, Kronoloji2, V, 188.
- Uluçay, Padişahların Kadınları, s. 51.
- C. Orhonlu, “Ḥasan Pas̲h̲a”, EI2 (İng.), III, 252.