Ziyayi Qafqaziyye - Wikipedia
"Ziya" (az.-əski. ضیاء), daha sonra "Ziyayi-Qafqaziyyə" qəzeti (az.-əski. ضیاء قافقاسیه) — XIX əsrdə Tiflisdə nəşr olunmuş həftəlik ədəbi, ictimai, siyasi qəzet.[1][2] 1879–1880-ci illərdə "Ziya" (Tiflis, 76 nömrə),[3] sonrakı 1880–1884-cü illərdə "Ziyayi-Qafqaziyyə" adı ilə (Tiflis və Şamaxı, 107 nömrə)[4] çıxmışdır. Qəzetdə Ünsizadə qardaşları, S. Ə. Şirvani, N. Vəzirov, S. Vəlibəyov, A. Çernyayevski və başqalarının mütərəqqi ruhlu məqalələri ilə yanaşı, islam dinini təbliğ edən yazılar da dərc olunmuşdur. Redaktoru və naşiri Səid Ünsizadə idi.[1][5][6]
Ziyayi-Qafqaziyyə | |
---|---|
az.-əski. ضیاء قافقاسیه | |
| |
Sahibi | Səid Ünsizadə |
Təsisçi | |
Baş redaktor | |
Yazıçılar |
Səid Ünsizadə Seyid Əzim Şirvani Nəcəf bəy Vəzirov Səfərəli bəy Vəlibəyov Aleksandr Çernyayevski və b. |
Yaranma tarixi | yanvar 1879 |
Dil | Azərbaycan dili, ərəb dili |
Nəşrini dayandırıb | 26 iyun (8 iyul) 1884 |
Baş ofis | |
Ünvan | Tiflis, Voronsov küçəsi, Ağa Əli Əsgərin 35 nömrəli evi |
Ölkə |
Qəzetin nəşrinə qədərki dövr
redaktəMilli mətbuatdakı boşluğu "Əkinçi"nin bağlanmasından iki il sonra Səid Ünsizadə "Ziya" qəzeti ilə aradan qaldırdı. XIX əsrin sonu Azərbaycan milli mətbuatı tarixinə Həsən bəy Zərdabinin "Əkinçi"sindən sonra "Ziya" qəzeti öz möhürünü vurdu.[7] "Əkinçi" bağlandıqdan sonra bir müddət Zaqafqaziyada Azərbaycan dilində qəzet çıxmamışdır. Düzdür, Bakıdakı real məktəbinin müəllimi Mirzə Məhəmmədbəy "Camcahannüma və ayineyi-bədənnüma" adlı bir qəzet çıxarmaq istəmişdir. Lakin o, öz məqsədinə nail ola bilməmişdir. Qəzetin nəşrinə icazə verməmişlər. Digər tərəfdən, Bakıda rus dilində nəşr edilən qəzetlər də Azərbaycan şöbəsi yaratmaq istəmişlər. Bakıda rus dilində çıxan qəzetlərin Azərbaycan şöbəsi açmaq təşəbbüsləri "Əkinçi" qəzetindən əvvəl də olmuşdur (məsələn, "Bakinski listok" qəzeti). 1886-cı ildə isə "Kaspi"nin redaktoru V. Kuzmin qəzetə əlavə şəklində "Çıraq" adlı vərəq buraxmağa səy göstərmişdir. Senzura komitəsi buna icazə verməmişdir.[6]
Qəzetin nəşri üçün icazə
redaktə1876-cı ildə Hacı Səid Tiflisə köçmüş, 1884-cü ilin əvvəllərinədək orada ruhani idarəsində işləmişdir. Qafqaz canişinliyi baş idarəsinin təqdimatı ilə 1877-ci ildə Zaqafqaziya Ruhani İdarəsinə ezam olunan Səid Ünsizadə iki aya yaxın orada çalışır. Tiflisin ədəbi-mədəni mühiti onun arzusunda olduğu qəzet nəşri və mətbəə yaratmaq kimi dövrün ən mütərəqqi ideyasını həyata keçirməyə imkan yaradır. Tiflis mühitində Hacı Səid əfəndi çoxdan nəzərdə tutduğu qəzet çıxarmaq işinə başlayır.[6] "Ziyayi-Qafqaziyyə" qəzetinin 1881-ci ildə nəşr olunan 16-cı sayında bu istək lakonik şəkildə təsvir edilib:
Neçə vaxt idi ki, mətbəə və mətbuat işini əmələ gətirmək arzusunda idik ki, mətbəəmiz Bərgunə şəhərdə olsun ki, orada cümlə əsbab mühəyya olsun. Aşkardır ki, Qafqazda Tiflisdən başqa bu mətalibin pinerəftinə şayistə yer yoxdur. |
Səid Ünsizadə 1878-ci il dekabr ayının 4-də qəzetin nəşrinə icazə almaq üçün Qafqaz Senzura Komitəsinə ərizə ilə müraciət edir. O, öz müraciətində yazırdı ki, şərqlilər də qərblilər qədər işığa və həqiqətə can atırlar, onları bir-birlərinə düşmən edən cəhalətdir. Səid əfəndi "Ziya" qəzetinin məram və məqsədini açıqlayır və bildirirdi ki, nəşr öz qarşısına ölkənin daxilində, xarici ölkələrdə baş verən yenilikləri oxuculara çatdırmaqla onların inkişafına kömək etmək istəyir.[6] Səid əfəndi tərəfindən təqdim olunan sənədləri təftiş edən Senzura Komitəsi Qafqaz Canişinliyinin baş idarəsinə belə bir məzmunda təqdimat göndərmişdi:
Senzura Komitəsi mətbuat haqqında qanuna əsasən Hacı Səid əfəndi Ünsizadənin ərizəsini, habelə "Ziya" qəzetinin məramnaməsini nəzərdən keçirib, belə qərara gəlir ki, onun xahişi senzura əsasnaməsində tələb olunan bütün şərtlərə uyğundur. Bu səbəbdən qəzetin tatar (Azərbaycan) dilində nəşri xüsusi fayda verə bilər. Məhz buna görədir ki, Hacı Səid Ünsizadənin arzusunun yerinə yetirilməsini Siz zati-alilərindən xahiş edir. |
Onun səyləri nəhayət 1878-ci ilin axırlarında baş tutdu. Beləliklə, qəzetin 1879-cu il yanvar ayının 1-dən etibarən nəşrinə icazə verildi. Senzura Komitəsi "Ziya"nın nəşrinə icazə verərkən qəzetin siyasətinin Qafqazdakı müsəlmanlar arasında geniş təbliğ olunmasına, yerli hakimiyyət orqanlarına, çinovniklərə dəstək olacağına bel bağlayır, ümid edirdi. Təbii ki, qərarın qəbulunda Səid Ünsizadənin ruhani zümrəsinə mənsubluğu, keçib-gəldiyi yol və fəaliyyəti, çar siyasətinə zidd mövqe tutmaması nəzərə alınmışdır. Nəşrinin ilk vaxtlarında "Ziya"ya yaxşı münasibət göstərilməsinin başlıca səbəbləri də bu idi. "Ziya"nın nəşrinə icazə alındıqdan sonra Səid Ünsizadə çap və yaradıcılıq prosesinin normal şəkildə aparılması üçün hazırlıqlara başlamış, kiçik qardaşı Cəlalı, övladları Əbdürrəhman və Ağanı, bacısı uşaqlarını bu işə cəlb etmişdi.
Qəzetin nəşrə başlaması
redaktə"Ziya" qəzetinin bizə məlum olan ilk nömrəsinin (8 fevral 1879, № 3) başlığının — "Ziya" sözünün altında qəzetin islam təqvimi ilə 1296-cı ildə çıxdığı göstərilir. Yuxarıda ayrıca sətirdə bu tarixin miladi tarixlə 8 fevral 1879-cu ilə aid olması yazılmışdır. Qəzetin sonrakı nömrələrin çoxu pəncşənbə (yəni cümə axşamı) günləri çıxmışdır: № 4 (15 fevral), № 5 (22 fevral), № 6 (1 mart), № 7 (8 mart), № 8 (15 mart) və s.[8] Bundan əvvəlki pəncşənbə günləri 1879-cu ilin yanvar ayının 4, 11, 18 və 25-nə düşür. Bu ardıcıllığı nəzərə alsaq, "Ziya"nın ilk nömrəsi 25 yanvar 1879-cu ilə aiddir.[4] Bəzi tədqiqatcılar ilk nömrənin tarixini 14 yanvar 1879-cu ildən hesablamışlar.[9] "Ziya"nın nömrələrini nəşrə hazırlayan professor Müştəba Əliyev yanlışlıqla qəzetin ilk nömrəsinin 6 dekabr 1879-cu il olduğunu qeyd edib.[10] Halbuki bu həmin qəzetin 47-ci nömrəsidir (qəzetin islam təqvimi ilə ikinci ilinin ilk nömrəsidir).[3] Sonuncu 76-cı (ikinci ilin 30-cu) nömrəsi 1880-ci ilin iyunun 26-da çıxmışdır. Qəzet həftədə bir dəfə, daşbasma üsulu ilə nəşr edilirdi. 7 şöbədən ibarət olan "Ziya"da aşağıdakı şöbələr fəaliyyət göstərirdi:
- Dövlət sərəncamları
- Beynəlxalq agentliklərin elanları
- Xarici xəbərlər
- Daxili xəbərlər
- Yerli xəbərlər
- Məlumat göstəricisi və elanlar
- Felyetonlar. Ümumiyyətlə rus dilindən tərcüməsi veriləcəkdir.
Səid Ünsizadə "Ziya"nın nəşri üçün xüsusi mətbəə yaratmışdı. Bu barədə "Ziyayi-Qafqaziyyə"nin 1881-ci il 2-ci nömrəsində deyilir:[6]
Necə bir lazıməli əhvalatlara nəzərən basmaxana büsatın Tiflisdə açmağa qərar verdik. Və basmaxana əsbabının cümləsini mühəyya söylədik. Və ruzbəruz təkmilinə səy edəcəyik. Və nobəno baqaidə kitablar dəxi çıxaracayıq. Amma aşkardır ki, bununla iş irəli getməz. Məsəldir ki, bir ev bir eli tikə bilməz, bəlkə bir el bir evi tikə bilər. Bəlkə bu barədə hər bir tərəfdən həmiyyət və iltifat göstərmək lazımdır. Və hər kəs basmaxana və qəzetimizi özünün hesab etməlidir. |
Azərbaycan mətbuatı tarixində ilk şəxsi mətbəə olan "Ziya" Tiflisdə Zailov soyadlı şəxsin mülkündə yerləşirdi. Mətbəə bir qədər sonra, 1879-cu ilin iyun ayının 21-dən Voronsov küçəsindəki 35 saylı evə — Ağa Ələsgər Məşədi İsmayıl oğlunun evinə köçürüldü. Bir müddət sonra Səid Ünsizadə mülk alır və mətbəəni daimi olaraq öz evinə köçürür.
Qəzetin adının dəyişdirilməsi
redaktəAzərbaycan dilini bilən mütəxəssislərin, mətbəə işçilərinin olmaması "Ziya"nın nəşrini çətinləşdirirdi. 6 aylıq mətbəə hazırlığı ilə əlaqədar olaraq bir neçə ay "Ziya" oxucuların görüşünə gəlməyib. "Ziya" 6 aydan sonra "Ziyayi-Qafqaziyyə" adı ilə — təzə qiyafədə meydana çıxıb. 9 dekabr 1880-ci ildə "Ziyayi-Qafqaziyyə"nin birinci nömrəsi çıxır. İkinci nömrə 13 günlük fasilədən sonra — dekabrın 22-də nəşr olunur.[4] "Ziyayi-Qafqaziyyə" adı altında qəzetin cəmi 107 sayı işıq üzü gördü. "Ziya"nın başlığının dəyişdirilməsi yeni və fərqli məna güdməmiş, yalnız texniki məqsəd daşımışdır. Səid Ünsizadə bu məsələyə aydınlıq gətirərək "Ziyayi-Qafqaziyyə"nin birinci nömrəsində bu barədə yazmışdı:[6]
Litoqrafiyamız üçün təzə gətirdiyimiz həkkak və nəqqaş ustalarımız "Ziya"dan ötrü nəqş və nikar eylədikləri "Ziyayi-Qafqaziyyə" sərlövhəsini rədd eləməyi rəva görmədiyimizdən, beş aydan bəri qiyami-ətalətlə məsdur qalan "Ziya" qəzetimizi məzkur sərlövhə altında nəşr etməyə meyl olundu. |
Səid Ünsizadə "beş aydan bəri qiyami ətalətlə məsdər qalan" dedikdə heç də "Ziya"nın senzura tərəfindən bağlanmasını işarə etmirdi. Bəhs edilən məsələ Səid əfəndinin 1880-ci ilin ortalarında yeni çap maşını alması ilə bağlı idi. Belə ki, yeni maşının alınması, quraşdırılması və işə salınması bir neçə ay çəkmişdi ki, Səid əfəndi "beş ay" dedikdə bunu nəzərdə tuturdu. Yeni mətbəənin quraşdırılması müddətində qəzetin nəşri redaktor tərəfindən müvəqqəti olaraq dayandırılmışdı. Səid Ünsizadə Bakı əyalətinə qazı təyin edildiyi səbəbindən 1883-cü ilin yanvarın 22-də Tiflisi tərk edərək Şamaxıya qayıtdı. Naşir Şamaxıya köçdükdən sonra "Ziyayi-Qafqaziyyə" bir müddət Tiflisdə çap olundu. Bu işi onun oğlu Ağa əfəndinin həyata keçirilməsi barəsində də məlumatlar var. Həmçinin bu işdə Ağa əfəndiyə Ünsizadələrin yaxın qohumları İsmayıl bəy və Əbdürrəhim ağa köməklik göstərmişlər. 1883-cü ildə "Ziyayi-Qafqaziyyə" mətbəəsi və qəzet redaksiyası Şamaxıya köçürüldü, qəzetin "Şamaxı dövrü" başlandı. Ümumiyyətlə, qəzetin 183 nömrəsi çıxmışdır.
Qəzetin fəaliyyətinin dayandırılması
redaktəAxırıncı 11 nömrə Şamaxıda buraxılmışdır və bununla da "Ziyayi-Qafqaziyyə" qəzeti bağlanır. Qafqaz Senzura Komitəsinin 1885-ci il hesabatında nəşri dayandırılmış qəzetlərdən bəhs edilərkən "Ziyayi-Qafqaziyyə"nin sonuncu nömrəsinin 1884-cü il iyun ayında çıxdığı yazılır. Qəzetin fəaliyyətinin dayandırılması səbəbi Bakı qubernatoruna göndərilən məktubda bəlli olur. Məktubda qeyd olunur ki, qəzetin çapı redaktor-naşirin maddi vəsaitinin olmaması səbəbindən dayandırılır. Səid Ünsizadənin özü də maddi vəziyyətinin ağırlığından dönə-dönə "Ziyayi-Qafqaziyyə"də bəhs etmişdi. Qəzetin bağlanmasından bir neçə il keçdikdən sonra Səid Ünsizadə "Ziyayi-Qafqaziyyə"ni bərpa etməyə çalışmış, 1900-cü ildə bu istəklə Bakı qubernatoruna ərizə vermişdi. Lakin Bakı qubernatoru Səid əfəndinin xahişini rəsmi cavabla rədd edib.
Redaktorun dini görüşü
redaktəDini dünyagörüşünə malik olan və qəzetin ideya istiqamətində islamçılığı başlıca qayə kimi götürən Hacı Səid əfəndi dövrünün ziyalıları, tanınmış xadimləri tərəfindən birmənalı şəkildə müsbət mənada qəbul olunmurdu.[6] Hacı Səid Əfəndinin işi təkcə senzorlarla deyil, özünün də mənsub olduğu ruhani zümrəsinin təhdid və təzyiqlərini dəf etmək idi. 1879-cu ilin zilhiccə ayının 10-da Tiflisdə Qurban bayramı münasibətilə keçirilən mərasim barədə "Qurban bayramı" başlıqlı məqalə dərc edən "Ziya"nın ruhanilərlə uzun bir çəkişməsi başlayır. Mərasimdə xütbə oxuyan Əhməd əfəndi barəsində məqalədə əksini tapmış "pis, xoşagəlməz səsə malik olub, özünü "xoş avaz sayan" ifadəsi kəskin etiraz doğurur. Ən böyük təşvişə düşən, məqalə barəsində etiraz edən isə şübhəsiz ki, Əhməd əfəndi və onun baş üzvü olduğu müfti idarəsi idi. Özünü təhqir olunmuş hesab edən Əhməd əfəndi müfti Hüseyn əfəndi Qayıbova şikayət etməklə kifayətlənməmiş, Qafqaz canişinliyinin ruhani idarələri üzrə nəzarətçisi knyaz Çordcadzeyə də ərizə verib, tədbir görülməsini xahiş etmişdi. Əhməd əfəndi "Qurban bayramı" məqaləsini rus dilinə çevirib şikayət ərizəsinə əlavə etmişdir. Təhqir olunduğunu iddia edən Əhməd əfəndi özünün sonrakı danoslarında qeyd etdiyi kimi ruhani idarələri üzrə nəzarətçi onun şikayətinə laqeyd yanaşmış, Səid Ünsizadə cəzasız buraxılmışdı. Azərbaycanın sovetləşməsi dönəmində mətbuat və ədəbiyyat tariximizin araşdırıcıları ideoloji nöqteyi-nəzərdən yanaşaraq "Ziya" ("Ziyayi-Qafqaziyyə") qəzetlərinin ideya-siyasi istiqamətlərini obyektiv şəkildə təhlil etməyərək, bu mətbu orqanı yalnız islam ideologiyasını və xurafatı təbliğ etdiyini iddia edirdilər. Hətta qəzetin ciddi senzuraya məruz qalmadığını "qara xidmətlə" bağlayırdılar. Son araşdırmalar nəticəsində əldə olunan faktlar bu deyilənlərin tam əksini ortaya qoyur. "Ziya" ("Ziyayi-Qafqaziyyə") qəzetinin çox ağır şəraitdə, ciddi senzor basqıları ilə nəşr olunduğu faktlarla aydınlaşır. Qafqaz Senzura Komitəsinin "Şərq və yerli dillər" üzrə baş senzoru V. Bezabrazov "Ziya"nın yaradıcılıq mühitinə ciddi mənfi təsir göstərmiş, Azərbaycan dilində mətbuatın və nəşriyyat işinin "dövrü çatmadığını" iddia etmiş, Səid Ünsizadə kimi ziyalıların əməyini "izafi iş" adlandırmışdı.
"Ziyayi-Qafqaziyyə" qəzetinin transliterasiya
redaktəNizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsi əməkdaşlarının səyləri nəticəsində XIX əsrin axırları və XX əsrin əvvəlləri Azərbaycan mətbuatı nümunələrinin ərəb qrafikasından, əski əlifbadan müasir latın əlifbasına çevrilərək kitab halında yenidən nəşr edilməsinə vüsusi diqqət yetirilir. 2023-cü ildə şöbəsində hazırlanan "Ziyayi-Qafqaziyyə" (1880–1884) qəzeti transliterasiya edilərək ilk dəfə kitab halında çap olunub. "Ziyayi-Qafqaziyyə"nin bütün nömrələri şöbənin mərhum əməkdaşı Müştəba Əliyev (1954–2017) tərəfindən transfoneliterasiya edilərək, lüğət, izah və şərhlərlə kitab halına salınıb. Müştəba Əliyev Qulam Məmmədli məktəbinin ənənələrinə sadiq qalaraq, latın qrafikasına çevirdiyi mətnlərin dəqiqləyinə, nöqtə-vergülünə xüsusi diqqət göstərmiş, mətnlərdəki ərəb-fars sözlərinin lüğətini vermişdir. Kitab Ədəbiyyat İnstitutunun Elmi şurasının 8 fevral 2023-cü il tarixli 1 saylı qərarı ilə nəşr edilib. Nəşri çapa hazırlayan və redaktor Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməddir. Rəyçiləri akademik Teymur Kərimli, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli və filologiya elmləri doktoru Elçin Mehrəliyevdir.[11]
Həmçinin bax
redaktəƏdəbiyyat siyahısı
redaktə- "Ziyayi-Qafqaziyyə", 1880, № 1;
- "Kəşkül" qəzeti, 1886, № 32;
- Respublika Əlyazmalar İnstitutu, arxiv 3, Q-2 (13);
- "Zakavkazye" qəzeti, 1 yanvar 1906-cı il;
- Respublika Əlyazmalar İnstitutu, arxiv 6, Q-6(577), səh. 24;
- "Ziyayi-Qafqaziyyə", 1883, № 18;
- S. Ə. Şirvani. Əsərləri, II cild, Bakı, 1969, səh. 65;
- Ə. Mirəhmədov. "Azərbaycan kitabı" biblioqrafiyasına müqəddimə, Bakı, 1963, səh. XXXVII;
- Nizami adına Azərbaycan Dövlət Ədəbiyyat Muzeyinin əsərləri. 1968, № 3.
Mənbə
redaktə- Aşırlı, Akif. Azərbaycan mətbuat tarixi (1875–1920). Bakı: Elm və Təhsil, 2009;
- Zeynalov, N. Azərbaycan mətbuatı tarixi. I hissə. Bakı. 1973;
- Azərbaycan mətbuatının xronologiyası — Ziya (materialları transliterasiya edən və nəşrə hazırlayan Müştəba Əliyev). Bakı: Qanun. 2013.
İstinadlar
redaktə- ↑ 1 2 Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və terminlərin şərhi. Bakı: Maarif. 1993. səh. 93–94.
- ↑ Azərbaycan mətbuatının xronologiyası — Ziya. Bakı: Qanun nəşriyyatı. 2013.
- ↑ 1 2 Nazim Nəsrəddinov. "Türkdilli mətbuatımızın "Ziya"lı səhifələri" (PDF). "Kredo" qəzeti. 4 yanvar 2019: S. 16.
- ↑ 1 2 3 Nazim Nəsrəddinov. "Ziya" qəzeti-135 və yaxud türk dünyasının Tiflisdən boylanan günəşi". davam.az. 2023-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-20.
- ↑ "Nizami Məmmədzadə, Mahmud Kamaloğlu, "Gürcüstanın azərbaycanlı jurnalistləri", Tiflis, 2015, 124 səh" (PDF). 2020-05-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-06-22.
- ↑ 1 2 3 4 5 6 7 "Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006 - 248 səh" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-22.
- ↑ "Niyaz Niftiyev, "Mətbuatda multikulturalizm", Bakı, 2017, səh.19" (PDF). 2020-05-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-22.
- ↑ Nazim Nəsrəddinov. "Türkdilli mətbuatımızın "Ziya"lı səhifələri" (PDF). "Kredo" qəzeti. 11 yanvar 2019: S. 11.
- ↑ Nəsrəddinov, Nazim. "Ədəbi dilimizin zənginləşməsində "Ziya" qəzetinin rolu". tehsiljurnali.az. 2017-10-13. 2024-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-11.
- ↑ "Ziya" kitabının tərtibçisi Müştəba Əliyev İctimai TV-nin "Yeni gün" səhər proqramında (11.11.2014 )". 2021-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-25.
- ↑ ""Ziyayi-Qafqaziyyə" qəzeti transliterasiya edilərək kitab halında çap olunub". AMEA. 2024-01-09. 2024-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-10.