Ziya Kurmakayev - Wikipedia
Ziya Əhmədcanoviç Kurmakayev (15 fevral 1911, Tatar Şmalak[d], Saratov quberniyası[d] – 9 may 1981, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Dövlət Əmək Komitəsinin sədri (1976–1980), Azərbaycan SSR Nazirlər Soveti Dövlət Əmək Ehtiyatlarından İstifadə Komitəsinin sədri (1967–1976), Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1950–1953), Azərbaycan SSR xalq sovxozlar komissarı (1940–1941).
Ziya Kurmakayev | |
---|---|
5 noyabr 1976 – 20 dekabr 1980 | |
Əvvəlki | komitənin adı dəyişdirilib |
Sonrakı | Əli Kərimov |
5 aprel 1967 – 5 noyabr 1976 | |
Əvvəlki | komitə yaradılıb |
Sonrakı | komitənin adı dəyişdirilib |
5 may 1950 – 20 yanvar 1953 | |
Əvvəlki | Qriqori Yegizarov |
Sonrakı | Hüseyn İsgəndərov |
1940 – 1941 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 fevral 1911 |
Doğum yeri |
|
Vəfat tarixi | 9 may 1981 (70 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Təhsili |
|
Rütbəsi | polkovnik-leytenant |
|
|
Təltifləri |
Həyatı
redaktəZiya Əhmədcanoviç Kurmakayev 1911-ci ildə Saratov quberniyasının Kuznets qəzasının Şumalak kəndində anadan olmuşdur. Kiçik yaşlarından Bakıya köçmüş, burada "Gənc mədənçi" neft məktəbini bitirərək Budyonnı adına mexaniki zavodda işləmişdir.[1]
Ziya Kurmakayev 1930-cu ilin sonlarından komsomol işində olmuşdur.[2] 1933-cü ildə Sovet Ordusu sıralarına çağrılaraq Tiflis şəhərində avtomobil, zirehli maşın və tank hissəsində hərbi xidmət keçmişdir. Orduda komsomol və partiya işinə seçilmiş, tərxis edildikdən sonra komsomolda müxtəlif vəzifələrdə işləmişdir. Ziya Kurmakayev 1937-ci ildə Bakı Şəhəri Lenin (hazırkı Sabunçu) Rayon Zəhmətkeş Deputatları Soveti sədrinin müavini vəzifəsinə irəli çəkilmiş və həmin il Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsinə keçirilmişdir.[1]
1939-cu ilin dekabr ayından Ziya Kurmakayev Azərbaycan SSR xalq torpaq komissarının müavini, sonra isə Azərbaycan SSR xalq sovxozlar komissarı olmuşdur. Böyük Vətən müharibəsi illərində Sovet Ordusunun müxtəlif hissələrində siyasi işdə çalışmış, 1942-ci ilin yayından isə Qərb cəbhəsində diviziyanın siyasi şöbə rəisi olmuşdur. Sonralar mərkəzi, birinci, ikinci və üçüncü Belorusiya cəbhələrində müxtəlif komanda-siyasi vəzifələrə göndərilmişdir.[1]
Ordudan tərxis olunduqdan sonra Ziya Kurmakayev Azərbaycan KP MK-nın kənd təsərrüfatı və sənaye şöbələrində rəhbər vəzifələrdə işləmiş, 1946-cı ildən 1949-cu ilədək ÜİK(b)P Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbində[rus.] oxumuşdur. Azərbaycan SSR avtomobil nəqliyyatı naziri, sonra isə yenidən Azərbaycan KP MK kənd təsərrüfatı şöbəsinin müdiri olmuşdur.[1] 1967-ci ilin aprel ayından Azərbaycan SSR Nazirlər Soveti Dövlət Əmək Ehtiyatlarından İstifadə Komitəsinin sədri, 1976-cı ilin noyabr ayında qurumun yenidən təşkil edilməsindən sonra isə Azərbaycan SSR Dövlət Əmək Komitəsin sədri vəzifələrində işləmişdir.[3] O, 1980-ci ilin dekabr ayında təqaüdə çıxmışdır.[4]
Ziya Kurmakayev 1930-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, dəfələrlə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilmişdir. 1-ci və 5-ci çağırış Azərbaycan SSR Ali Sovetinin, eləcə də Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı olmuşdur. Müharibə cəbhələrində iştirakında və təsərrüfat quruculuğunda fərqləndiyinə görə 1-ci və 2-ci dərəcəli "Vətən müharibəsi" ordenləri, iki "Qırmızı əmək bayrağı" ordeni, "Qırmızı ulduz" ordeni və bir sıra medallarla təltif edilmişdir. İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.[2]
Ziya Kurmakayev 1981-ci il mayın 9-da vəfat etmişdir.[2] II Fəxri Xiyabanda dəfn olunmuşdur.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Зија Әһмәдҹанович Курмакајев // Азәрбајҹан ССР Али Совети депутатларынын тәрҹүмеји-һаллары. Бешинҹи чағырыш: 15 март 1959-ҹу ил. Бакы. 1960. С. 328.
- ↑ 1 2 3 З. Ә. Курмакајев // Коммунист. № 112 (17746). 12 мај 1981-ҹи ил. С. 3.
- ↑ Kurmakaev, Ziia Akhmedzhanovich // Who's Who in the Socialist Countries (ingilis). New York: Saur. 1978. səh. 336. ISBN 0-89664-011-6.
- ↑ Who's who in the Soviet Union (ingilis). München; New York; London; Paris: Saur. 1984. səh. 423. ISBN 3-598-10467-7.
Xarici keçidlər
redaktə- "Курмакаев Зия Ахмеджанович" (rus). Память народа. İstifadə tarixi: 1 iyul 2022.
- "Курмакаев Зия Ахмеджанович" (rus). Подвиг народа. İstifadə tarixi: 1 iyul 2022.