Zamin Huseynov - Wikipedia
Zamin Mirəli oğlu Hüseynov (12 noyabr 1938, Boladı, Lənkəran rayonu – 12 mart 2000, Sumqayıt) — neft-kimya sənayesi üzrə sovet-Azərbaycan mütəxəssisi.
Zamin Hüseynov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Boladı, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (61 yaşında) |
Vəfat yeri | Sumqayıt, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Uşağı | |
Təhsili | |
Mükafatları |
|
Həyatı
redaktəZamin Mirəli oğlu Hüseynov 1938-ci il noyabr ayının 12-də Lənkəran rayonunun Boladı kəndində kolxozçu ailəsində anadan olmuşdur. O, 1946-cı ildə Boladı kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1956-cı ildə həmin orta məktəbin 10-cu sinfini bitirmişdir.
Zamin Hüseynov 1956-cı ildə Azərbaycan Sənaye İnstitutunun neft-kimya fakültəsinə daxil olmuş və 1961-ci ildə mühəndis-mexanik ixtisası üzrə bitirmişdir. Zamin Hüseynov institutu bitirdikdən sonra təyinatla Sumqayıt şəhərindəki "Sintetik-kauçuk" zavoduna göndərilmiş və bu müəssisədə texniki avadanlıqların təmiri sexində usta və qurğu mexaniki vəzifəsində işləmişdir.
1963-cü ilin noyabr ayında Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının qərarı ilə Sumqayıt "Superfosfat" zavodunun dənəvər superfosfat sexinə mexanik göndərilmiş və 1965-ci ildə həmin sexin rəisi təyin olunmuşdur. 1967-ci ildə "Superfosfat" zavodunun partiya üzvlərinin yekdil səsverməsi nəticəsində zavod partiya təşkilatının katibi seçilmişdir.
1968-ci ildə Azərbaycan SSR Sənaye-Tikinti Materialları Nazirliyi tərəfindən Sumqayıt Polimer-Tikinti Materialları Kombinatının baş mühəndisi vəzifəsinə irəli çəkilmişdir. 1971-ci ilin sentyabr ayında isə keçmiş SSRİ Kimya Sənayesi Nazirliyinin qərarı ilə Sumqayıt "Superfosfat" zavoduna direktor təyin edilmişdir.
Təşkilatçılığını, bacarığını və idarəetmə təcrübəsini nəzərə alan SSRİ Kimya Sənayesi Nazirliyi 1974-cü ildə onu "Sumqayıtkimyasənaye" İstehsalat Birliyinin baş direktorunun birinci müavini təyin etmişdir. Bu, 36 yaşlı cavan kadr üçün həmin vaxtı çox böyük vəzifə sayılırdı. Zamin Hüseynov SSRİ Nazirlər Sovetinin yanında Xalq Təsərrüfatı Akademiyasında təhsil aldığı dövrdə ona Azərbaycan SSR Dövlət mükafatı təqdim edilir. SSRİ Nazirlər Sovetinin yanında Xalq Təsərrüfatı Akademiyasınin "Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı" fakültəsini əla qiymətlərlə bitirən Zamin Hüseynov 1980-ci ildə doğma vətənə qayıdır. Heydər Əliyev onu Sumqayıt "Sintetik kauçik" zavodunun rəhbəri təyin edir.
Zamin Hüseynov "Sintetik kauçuk" zavoduna direktor təyin ediləndən az sonra həmin zavodun bazasında "Sintezkauçuk" İstehsalat Birliyi yaradılır və o, baş direktor kimi 1994-cü ilədək bu müəssisəyə rəhbərlik edir. 7 səmərələşdirici təklifin, 5 elmi ixtiranın müəllifidir. Həmin ixtiralar da kimya istehsalatında tətbiq olunub.[1] Sumqayıt şəhər Partiya Komitəsinin üzvü və dəfələrlə Sumqayıt şəhərinin deputatı seçilib. O, SSRİ neft-kimya sənayesinin direktorlar şurasının sədri seçilir. Son illərdə "Azərkimya" Dövlət Şirkətinin aparatında məsul vəzifədə çalışırdı.
1964-cü ildən partiya sıralarında olan Zamin Hüseynov 1967-ci ildə Sumqayıt şəhər Partiya Komitəsinin plenum üzvü olmuş; 1974-cü ildə Azərbaycan KP-nin plenum üzvülüyünə namizəd seçilmişdir. 1969–1995-ci illərdə Sumqayıt şəhər XDC-nin deputatı, Kimya və neft-kimya sənayesi işləri Pespublika Həmkarlar Komitəsi Rəyasət Heyətinin üzvü seçilmişdir.[2]
Zamin Hüseynov 62 yaşında ikən vəfat etmişdir.
Təltif və mükafatları
redaktə- Azərbaycan SSR Dövlət mükafatı — 1978
- "Qırmızı əmək bayrağı" ordeni
- "Şərəf nişanı" ordeni
- Azərbaycan Respublikasının Prezidentinin fəxri fərmanı.
Ailəsi
redaktəHəyat yoldaşı Südabə xanımdır. Harvard Universitetinin məzunu olan oğlu Emin Hüseynov Azərbaycan Respublikası I vitse-prezidenti Mehriban Əliyevanın köməkçisidir. Zamin Hüseynovun 4 övladı var.
İstinadlar
redaktə- ↑ "Sumqayıt Kimya Sənayesinin qurucularından biri Zamin Hüseynov - 80". 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-02.
- ↑ Yaddaşlarda davam edən ömür və ya yeni sumqayıtlı nazir müavinini daha yaxından tanıyaq Arxivləşdirilib 2020-01-30 at the Wayback Machine. xeberle.com, 02.07.2016