Zakir Sadatli - Wikipedia
Zakir Sadatlı (Zakir Əmin oğlu Aslanov) — yazıçı-telejurnalist, şair, ssenarist publisist. 2005-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2004-cü ildən Avropa Yazıçılar Birliyinin üzvü.
Zakir Sadatlı | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Sadatlı, Cəlilabad |
Vəfat tarixi | (51 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Əsərlərinin dili | azərbaycanca |
Həyatı
redaktəZakir Sadatlı 1961-ci ildə qədim Həməşərinin (indiki Cəlilabad şəhəri) Sadat yurdunda (Sadatlı kəndi) dünyaya gəlmişdir. 1978-ci ildə qonşuluqda olan Privolni kənd orta məktəbini bitirmişdir.
1979-1981-ci illərdə ordu sıralarında olarkən hərbi xidməti borcunu Əfqanıstanda yerinə yetirmişdir.
1982-1987-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil almışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk illərində (1990-1993-cü illərdə) Qarabağda ön cəbhədə olmuşdur. 1993-2010-cu illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-də “Hərbi vətənpərvərlik və salnamə” redaksiyasının redaktoru, böyük redaktoru, sonralar Azərbaycan Radiosunun “Gənclik və idman” redaksiyasında baş redaktor müavini vəzifələrində işləmişdir. 2010-2013-cü illərdə Azərbaycan Dövlət Radiosunda çalışmışdır.
20-dən artıq sənədli filmin, hərbi-vətənpərvərlik mövzusunda yüzlərlə filmin və radioverilişlərin ssenari müəllifi olub. Televiziyada bir sıra verilişlərin, o cümlədən “Gündoğandan-günbatana”, "Aydınlıq" layihələrinin rəhbəri olmuşdur.
Yaradıcılığı
redaktəZ.Sadatlı 1983-cü ildən ədəbi-bədii yazıları ilə respublika mətbuatında çıxış etmişdir. İlk mətbu şeirləri -“Karvan”, “Kamillik məsafəsi”, “Dəşti” Cəlilabad rayon qəzeti “Yeni gün”də dərc olunmuşdur. Dövri mətbuatda şeir və onlarla publisitik məqalələri vaxtaşırı çap edilmişdir.
2008-ci ildə Z.Sadatlının “Salam, baça” hekayəsi Mahmud Kaşğarinin doğumunun 1000 illiyi çərçivəsində YUNESKO-nun 24 türkdilli ölkənin yazarı arasında keçirdiyi ədəbiyyat müsabiqəsində 1574 əsər içində üç qalibdən biri olub. Əsər Azərbaycan üzrə 1-ci, Türk dünyası üzrə 3-cü yeri tutmuşdur. Bu əsər alman, ərəb, qazax, rus, tatar, türk dillərinə tərcümə edilərək nəşr edilmiş, Azərbaycanda isə 2012-ci ildə nəşr olunan “İraq olsun” sənədli povestinin tərkibində nəşr edilərək, oxuculara təqdim edilmişdir.
“Əfqanıstan uçurumu” (xatirə-roman), “İraq olsun” (sənədli povest), “Salam, baça” (hekayə) və başqa dəyərli əsərləri ilə oxucuların rəğbətini qazanmışdır.
Zakir Sadatli Azərbaycan Xalq Cümhuriyyəti dövrünün görkəmli araçdırmaçı-tədqiqatçılarından olmaqla yanaşı, Cümhuriyyət dövrü fədailərindən bəhs edən onlarla tədqiqat-məqalənin müəllifidir.
O həm də Azərbaycan Cümhuriyyəti fədailərindən biri olan, ömür boyu mühacirətdə yaşamış Əziz Alpoudun “Həyatımın hekayətləri” adlı tarixi memuarını Türkiyə türkcəsindən Azərbaycan dilinə çevirərək çap etdirmişdir. Bu tarixi əsər Azərbaycan və Türkiyədə böyük əks-səda doğurmuş və yenidən Türkiyə türkcəsinə çevrilərək təkrar nəşr olunmuşdur.
2013-cü ilin yanvar ayında Z.Sadatlının “Əfqanıstan uçurumu” adlı xatirə-romanı nəşr edilmişdir. Bu əsər Azərbaycan ədəbiyyatı sahəsində ən böyük ədəbi-bədii layihə olan “Milli Kitab Mükafatı”nın qalibi olmuşdur. Belə ki, 28 avqust 2012-ci il tarixindən start götürən və 5 iyun 2013-cü ildə yekunlaşan müsabiqəyə 241 əsər daxil edilmiş, sonda ədəbi mükafatın qalibi Zakir Sadatlının “Əfqanıstan uçurumu” xatirə-romanı elan edilmişdir.
Zakir Sadatlı həmçinin Xanlar Bayramovla birlikdə yazılmış “Onu Gəncə böyütmüşdür” kitabının həmmüəllifidir. Əsər görkəmli ictimi-siyasi xadim Tofiq Bağırovun həyat və ictimai-siyasi fəaliyyətindən bəhs edir.
2015-ci ildə Zakir Sadatlının şeirlərindən ibarət “Mən varam dünyada” adlı şeirlər kitabı nəşr edilmişdir.
Əfqanıstan və Qarabağ müharibəsi veteranı olan Zakir Sadatlı Azərbaycan Yazıçılar Birliyinin və Avropa Yazıçılar Birliyinin üzvü olmuşdur. Yazarın adıçəkilən əsərləri və şeirləri respublika mətbuatında, o cümlədən “Azərbaycan”, “Ulduz”, “Füyuzat” jurnallarında, eləcə də Türkiyədə nəşr olunan “Kardeş qələmlər”, “Türk ocağı”, İraqda “Kardeşlik” dərgilərində, “Hürriyyət” qəzetində işıq üzü görmüşdür.
Əsərləri rus, türk, ərəb, alman və tatar dillərinə tərcümə olunaraq dünyanın bir çox ölkəsində nəşr edilmişdir.
Zakir Sadatlı 2013-cü ilin 5 fevralında 51 yaşında vəfat etmişdir. Məzarı Cəlilalabad rayonunun Sadatlı kəndindədir.
Mənbələr
redaktə- “Füyuzat” jurnalı, № 6, 2011
- “Füyuzat” jurnalı, № 6, 2012
- “Füyuzat” jurnalı, № 1, 2013
- Zakir Sadatlı, “İraq olsun”
- Zakir Sadatlı, “Əfqanıstan uçurumu”
İstinadlar
redaktə Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |