Zengilan Tarix Diyarsunasliq Muzeyi - Wikipedia
Zəngilan Tarix-Diyarşünaslıq Muzeyi - 1980-ci ildə Zəngilan rayonun tərkibində yaradılmış muzey. 1993-cü ilin oktyabr ayında erməni işğalçıları tərəfindən rayon işğal olunduğu üçün Zəngilan rayon Tarix Diyarşünaslıq muzeyinin fəaliyyəti dayandırılmışdır.
Zəngilan Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Əsası qoyulub | 1982 |
Mövzu | Tarix |
Yerləşir | Zəngilan rayonunun Horadiz şəhəri |
Kolleksiyası | 6000 eksponat |
Muzeyin tarixi
redaktə1980-ci ildə fəaliyyətə başlayan Zəngilan rayon Tarix-Diyarşünaslıq Muzeyi rayonun mərkəzində, "Oktyabr" küçəsində yerləşirdi. Muzeyin eksponatlarından ibarət buklet şap olunmuşdur. Zəngilan rayonunda tarix-diyarşünaslıq muzeyi Azərbaycan KP MK Bürosunun 4 yanvar 1980-ci tarixli "Zəhmətkeşlərin kommunist tərbiyəsində muzey işi haqqında" qərarının icrası ilə əlaqədar yaradılmışdır. Muzeyin açılışı ilə bağlı Zəngilan rayonunda nəşr olunan "Kənd həyatı" qəzetinin 12 may 1980-ci il tarixli sayında dərc edilən məqalədə qeyd olunurdu ki, "rayonda muzeyin açılması üçün geniş hazırlıq işləri həyata keçirilir. Muzey şəhərin görkəmli yerində, əvvəllər mərkəzi kitabxananın yerləşdiyi binada yaradılacaqdır…". Binada əsaslı təmir işləri görülüb və paralel olaraq eksponatların toplanışına start verilib deyə qəzetdə qeyd olunmuşdur.[1]
Muzeyin bölmələri
redaktəİşğaldan əvvəl həmin dövrdə bütün muzeylər standart olaraq üç əsas bölmədə fəaliyyət göstərirdi. Birinci bölmə rayonun təbii sərvətlərini, flora və faunasını, ikinci bölmə qədim zamanlardan 1920-ci ilədək olan dövrü əhatə edirdi. Üçüncü bölmə isə Sovet hakimiyyəti illərində rayonda aparılan abadlıq-quruculuq işlərinə həsr olunurdu. Muzeyin ilk direktoru Alməmməd Kərimov olub. 1987–1993-cü illər ərzində Dilarə İsmayılova, 1993–2005-ci illərdə isə Natiq Rzayev muzeyin direktoru vəzifəsində çalışıblar. 2005–2012-ci illər ərzində muzeyin fəaliyyəti dayandırıb. Muzey 2013-cü ildən etibarən Abşeron rayonu Masazır qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün salınan şəhərcikdə fəaliyyətini bərpa edib. 2013-cü ildən muzeyin direktoru vəzifəsinə Göyçək Rəhimova təyin edilib. Muzey sahəsi 160 m². təşkil edir. 4 otaqdan ibarətdir. Ekspozisiya zalı, fond və inzibati otaqlar mövcuddur. Muzeyin fondu 412 ədəd eksponat təşkil edir.[2]
Yaranması
redaktə2004-cü il tarixli 298 saylı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşqulluğunun artırılması üzrə Dövlət Proqramı"na, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il və 2011-ci il tarixli sərəncamları ilə təsdiq edilən əlavələrin müvafiq bəndlərinə uyğun olaraq Masazır qəsəbəsində əsasən Zəngilan rayonundan olan məcburi köçkün ailələr üçün yeni salınmış yaşayış sahəsində Zəngilan rayon Tarix Diyarşünaslıq muzeyi 2013-cü ildə istifadəyə verilmişdir. Zəngilan rayonunda işğaldan əvvəl üç muzey — Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyi, Xalqlar Dostluğu Muzeyi, Daş Heykəllər Muzeyi fəaliyyət göstərirdi. KP MK siyasi Bürosunun 4 yanvar 1980 tarixli qərarının icrası ilə Zəngilan Rayon Tarix Diyarşünaslıq Muzeyi rayonun mərkəzində "OKTYABR’’ küçəsində yaradılmışdı. Muzeyin fondunda 6000-ə yaxın eksponat toplanmışdı. Zəngilan rayonun işğalı zamanı muzey və eksponatlar da qarət edilmişdir.
Muzey eksponatları
redaktəXVII–XX əsrlərə aid vaxtilə Zəngilan rayonundan gətirilmiş eksponatlar muzeydə qorunur. Orada 6000-ə yaxın eksponat qorunub saxlanılırdı. Eksponatların bir çoxu Zəngilan rayonunun əhalisinin həyat və məişət tərzini əks etdirən əşyalardan ibarətdir. Muzeyimizdə ümumilikdə 454 eksponat toplanmışdır. Bunlardan 236 eksponat daimi, 161 eksponat müvəqqəti, 57 köməkçi kitaba salınmış eksponatlardır. Muzeydə mühafizə olunan eksponatlar içində gümüş qədimi pullar, şəhər və kənd əhalisinin ev məişətində işlənən qablar, qədimi qılınclar, qiymətli bəzək əşyaları, arxeoloji qazıntılar nəticəsində tapılmış qızıl tərkibli daşlar, qədimi silahlar, gümüş xəncərlər, qədimi ov tüfəngləri yer alır. Zəngilanın müxtəlif bölgələrində xalçalar, kilimlər, palazlar, sandıq, tikiş maşını, cəhrələr, nehrələr, yundaraqları, toxunmuş əl işləri, qədimi kəlağayılar muzeydə Qarabağ xalçaçılıq mərkəzinin tərkib hissəsində toplanmışdır. Muzeydə Azərbaycan milli musiqi alətləri — saz, zurna, balaban, nağara, dəf (qaval), bunlarla yanaşı milli geyimlərdə qorunub saxlanılır.[3] Qədim tarixə malik Zəngilan rayonunun qədimliyini əks etdirəm xalçalar, gümüş kəmərlər, 70-ci illərdə rayonda aparılan qazıntı zamanı aşkarlanan orta əsrlərə aid sikkələr, daha qədim dövrü əhatə edən mis qab-qacaq və silahlar, eləcə də qızıl yataqlarımızdan götürülmüş nümunələr ziyarətçilərin böyük maraqlarına səbəb olmuşdur.
İstinadlar
redaktə- ↑ "Kənd həyatı" qəzetinin 12 may 1980-ci il tarixli sayında dərc edilən məqalə
- ↑ "Erməni işğalında qalan muzeylərimiz". 2020-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-08.
- ↑ "Azərbaycan muzeyləri". 2021-04-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-06.