Yuxu Qrup - Wikipedia
Yuxu — Azərbaycan rok qrupu. 1987-ci ildə Sumqayıt şəhərində yaradılmışdır. Qrupun yaradıcısı bas-gitarada ifa edən İbrahim Emin idi, zərb alətlərində Çingiz Eyvazov, gitarada Namiq Nağdəliyev ifa edirdi.
Yuxu | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub | |
Fəaliyyət illəri | 1987—2001 |
Ölkə | |
Şəhər | |
Dil | Azərbaycan dili |
Leybl |
|
Keçmiş üzvlər |
|
Qrupun müxtəlif vaxtlarda üç vokalçısı olub: Cəsur Nemətov, Sərxan Civələk və Zaur Abdullayev. Qrupun ilk mahnısı "Xəzərin sahilində" olub. "Yuxu" Azərbaycanda yaransa da, fəaliyyətinin əsas hissəsini 1991–2001-ci illərdə Türkiyədə göstərib. Həm Azərbaycanda, həm də Türkiyədə bir neçə festivalda iştirak edib. Fəaliyyət göstərdiyi illər ərzində qrup 3 albom buraxıb: "Xəzərin sahilində" (1993), "Sumqayıt" (1994) və "Ölümə çarə yox" (2001). Qrupun bütün mahnıları Azərbaycan dilində idi. 1999-cu ildə İstanbulda baş vermiş güclü zəlzələ musiqi sənayesinə də mənfi təsir göstərib və "Yuxu" qrupu 2001-ci ildə fəaliyyətini dayandırıb.
Tarixi
redaktəYaranması (1986–1988)
redaktə1980-ci illərdə Sumqayıt üsyankar və kasıb əhalisi ilə tanınırdı, burada rokun canlanması üçün əlverişli şərait yaranmışdı.[1] 1980-ci illərin sonlarında gitaraçı İbrahim Emin rok qrupu yaratmağı düşünürdü və qonşusu Çingiz Eyvazovla birgə 1986-cı ildə birgə çalışmağa başlayıblar. Bir müddət sonra Namiq Nağdəliyev hərbi xidmətdən qayıdıb və o da İbrahim və Çingizlə birgə işləməyə başlayıb. Son olaraq qrupa Cəsur Nemətov qoşulub. Zərb alətlərində Çingiz Eyvazov, gitarada Namiq Nağdəliyev, bas-gitarada İbrahim Emin ifa edirdi, vokalda isə Cəsur Nemətov idi.[2] Beləliklə, onlar məşqlərə başlayırlar və qrup yaratmağa nail olurlar. Bir müddət sonra "Dostluq" klubunun (hazırkı "Dostluq" Mədəniyyət Evi) tərkibində fəaliyyət göstəriblər.
İlk çıxışlarını 1987-ci ildə Sumqayıt şəhərindəki Kimyaçı Mədəniyyət Sarayında və daha sonra Səməd Vurğun adına Mədəniyyət evində ediblər.[3][4] Bir müddət fəaliyyət göstərdikdən sonra 1988-ci ildən "Yuxu" adı ilə fəaliyyətə başlayıblar.[5][6] Qrupun adını İbrahim Emin seçmişdi. Adın ikinci mənası "Sən kimsən?" (ing. You who?) deməkdir.[7][8] "Yuxu"nu həmin dövrdə tamaşaçılara sevdirən həm də onların digər qruplardan fərqli olaraq Azərbaycan dilində oxuması idi.
"Qızıl payız" festivalı və məşhurlaşması (1989–1991)
redaktəQrupun ilk uğuru 1989-cu ildə "Qızıl Payız" musiqi festivalında olub. Həmin festivalda Sumqayıtı təmsil edən yeganə qrup "Yuxu" idi. Qrupun festivalda iştirak etmək üçün imkanları yox idi. İbrahim Emin "Dostluq" klubunun direktoru Aslan Fətullayeva kömək üçün müraciət edir və müsbət cavab alır. Bakıda Lenin Sarayında keçirilən Festivalın ilk günü iki mahnı ilə çıxış edən qrup yarımfinala vəsiqə qazanır. "Xəzərin sahilində" mahnısı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanır.[9] "Yuxu" qrupu bu festivalda 28 qrup arasında Bakıdan "Razum" (sonralar "Dərviş" qrupu) ilə birgə finala yüksəliblər. Münsiflər heyəti yekunda heç bir qrupa birinci yeri verməyiblər, hər iki qrup ikinci yeri tutub və diplomla mükafatlandırılıblar.[5][10] Konsertin yekununda Fransadan xanım menecer Paskal qrupa Fransaya getməyi və orada fəaliyyət göstərməyi təklif edir, lakin bu, müəyyən səbəblərə görə baş tutmur.
"Qızıl Payız"dan sonra onlar Solntsevo küçəsində studiyaya yollandılar və burada biri instrumental olmaqla, 5 mahnını demo lentə yazdırdılar. Qrupun uzun müddət bu lentdən başqa qeydi olmamışdı.[11]
1990-cı ilin avqustunda, beynəlxalq "Odlar Yurdu – 90" festivalına hazırlıq işləri aparılarkən Azər Əliyev (o zamankı Leninçi Kommunist Gənclər İttifaqı təbliğat şöbəsinin müdiri, sonralar Respublika Sarayının direktor müavini) Almaniya Federativ Respublikasına getdi və öz nəzərinə əsasən üç ən yaxşı qrupun — "Tac", "Dərviş" və "Yuxu"nun səsyazmalarını özü ilə apardı. Alman prodüserlərini ən çox "Yuxu" qrupu cəlb etdi və onların "Ana" mahnısı[a] 1990-cı ilin payızında çıxan "Maynz Rok 90" illik musiqi toplusuna daxil edildi.[11][12] Val Bakıda satışa çıxarılmadı və qısa zamanda Azərbaycanda nadir alboma çevrildi. Bundan əlavə, qrupun adı albomun üzərində almanlar tərəfindən rus hərfləri ilə "ЮХУ" yazılışına uyğun olaraq "10XY" ("on iks iqrek") kimi qeyd olunmuşdu.[13] Qrup üzvləri bu val barədə mətbuatdan öyrənmişdilər.[9]
Daha sonra Cəsur Nemətovun solo müğənni kimi qatıldığı "Odlar Yurdu – 90" festivalı baş tutdu. "Odlar Yurdu"dan sonra qrupun fəaliyyətində bir müddətlik səssizlik oldu.[11] Qısa müddət sonra Cəsur Nemətov rəqqasə Xana Qalsanova ilə birlikdə "Odlar Yurdu – 90" festivalında çıxış etmiş "Tac" qrupunun tərkibinə daxil olur.[14] Buna baxmayaraq qrup 1991-ci ilin sentyabrında Yaşıl Teatrda keçirilən ilk "RokOko" festivalında tam heyət ilə yenidən meydana çıxdı. Konsertdə qrupun "Ala gözlü yar" adlı yeni mahnısı da ifa edildi.[11]
Festivaldan qısa müddət sonra Rafiq Babayevin studiyasında "Yuxu" qrupunun daha bir neçə kompozisiyasının səsyazması baş tutdu. Qrupun yeni mahnıları 1990-cı ildə yazılan mahnılara nisbətən daha yumşaq səsə malik olmaqla həm musiqi, həm də mahnı sözləri cəhətdən pop musiqi üslubuna yaxın idi.[11]
1991-ci ilin payızında "Yuxu" qrupu Yaşar Baxışın vasitəsilə həmin dövrdə "RokOko" jurnalının redaktoru, sonralar isə ANS Televiziyasının prezidenti olan Vahid Mustafayevlə tanış olub. Vahid Mustafayevin rejisorluğu ilə "Xəzərin sahilində" mahnısına Sumqayıtda çəkilmişdi və ilk dəfə ANS-də yayımlanmışdı. Həmin ifa və klip Azərbaycan tamaşaçıları tərəfindən çox böyük maraqla qarşılanmışdı. Bu, azərbaycanlı musiqisevərlər üçün yenilik idi.[15] Klip Türkiyə telekanallarında da yayımlanırdı.[5] "Yuxu"nun bundan sonra heç bir mahnısına klip çəkilmədi.
Türkiyədə ilk illəri (1991–1994)
redaktəQrup üzvləri həmin dövrdə Türkiyəyə getməyi və orada kaset buraxmağı planlaşdırırdılar. Onların əlində "Xəzərin sahilində" kasetinin yazılmış qeydləri var idi. 1991-ci ilin sonlarında qrupun üç üzvü — İbrahim, Namiq və Çingiz Türkiyəyə gedirlər.[16] Qrupun Türkiyədə ilk çıxışı elə orada, hazırda Riddim adlanan "TUAL" barında olub və dinləyicilər tərəfindən xoş qarşılanıb.[17] Türkiyəyə onlar ilk olaraq "TUAL" adlı barda ifa edirdilər. Onlar həm instrumental, həm də "Midas" qrupundan vokalçı Sərxan Civələk (türk. Serkan Civelek) ilə birlikdə səhnəyə çıxırdılar. Həmin ərəfədə "Qızıl Payız" festivalının dinləyiciləri arasında olan fransız xanım menecer Paskal və qrup üzvləri Türkiyədə yenidən görüşüb Fransaya getmək barədə yenidən müzakirə aparmağı qərara alırlar, lakin bu baş tutmur. Vokalçısız fəaliyyətin çətin olduğunu görən qrup üzvləri həmin vaxt Moskvada oxuyan Cəsur Nemətovu İstanbula dəvət edirlər. "TUAL" barında tanış olduqları Tevfik Yılmaz onların əlində hazır qeydlərin olduğunu öyrənir və "Uzelli" şirkəti ilə tanış edir və beləliklə, qrup "Uzelli" şirkəti ilə əməkdaşlığa başlayır və 11 oktyabr 1993-cü ildə ilk albomlarını — "Xəzərin sahilində" albomunu buraxırlar. Bundan sonra Paskal yenidən qrup üzvləri ilə İstanbulda görüşür və onları yenidən Fransaya dəvət edir. Fransada müvəqqəti yaşamaq üçün lazımi sənədləri əldə edə bilmədiklərinə görə səfər baş tutmur. Beləliklə, "Yuxu" qrupu elə Türkiyədə fəaliyyət göstərməyə qərar verir.[3][18] Həmin dövrlərdə "Yuxu" İstanbulun "Karavan" və "Kemancı" rok barlarında da çıxış edirdi. Qrup ən uğurlu çıxışları bu barlarda baş tutmuşdu.[16]
"Yuxu" qrupu 1993-cü ilin əvvəlində sonuncu dəfə Bakı səhnəsində görünür. Belə ki, onlar yanvarın 31-də Zabitlər Evində keçirilən ikinci "RokOko" festivalında çıxış edirlər. Qrup Cəsur Nemətovsuz Bakıya gəlmişdi və tamamilə instrumental ifa edirdi. Ümumiyyətlə, konsertdə baş verən texniki problemlər, güclü qar və külək səbəbindən digər qruplar kimi "Yuxu"nun da çıxışı həvəssiz görünürdü və elə də uğurlu alınmamışdı. Festivalın yekununda ikinci yerə çıxan qrup konsertin sponsoru "ANS" teleradio şirkəti tərəfindən mükafatlara layiq görülür.[19]
1993-сü ildə baş tutan ikinci və sonuncu "RokOko" festivalından sonra qrup yenidən Türkiyəyə qayıdır və təqribən yarım ildən sonra Türkiyə hit-paradlarının ilk pillələrində qərarlaşır.[20]
"Yuxu" qrupu Türkiyədə Kanal D televiziyasının açılış mərasimində iştirak edib. 1993-cü ilin sentyabrın 17-də Türkiyənin TRT 1 kanalında Barış Mançonun aparıcısı olduğu verilişdəki çıxışları böyük maraqla qarşılanmışdı. Həmin verilişdə onlar "Ana" və "Xəzərin sahilində" mahnısını ifa etmişdilər.[7][11] 14 oktyabr 1993-cü ildə "Yuxu" qrupu "Atom Sentralına Qarşı Türkcə Rok Festivalı"nda iştirak edib.
Qrup 3 mart 1994-cü ildə Flash TV-nin Bursadakı studiyasında canlı yayım vasitəsilə baş tutan və Sibel Gökçenin də iştirak etdiyi "Rokoko" verilişində tamaşaçıların qarşısına çıxaraq 7 mahnı ifa etdi.[21]
1994-cü ildə "Uzelli" şirkəti ilə növbəti "Sumqayıt" albomunu çıxardıqdan sonra vokalçı Cəsur Nemətov qrupdan ayrılaraq Moskvaya köçür.
"Ölümə çarə yox" və dağılması (1995–2001)
redaktəQrup üzvləri yenidən Moskvaya qayıdan Cəsur Nemətovu əvəzləmək üçün qrup üzvləri bir neçə vokalçı yoxlayırlar. Onlar həmin müddətdə instrumental da ifa edirdilər. 1998-ci ildə İbrahim Emin və Namiq Nəğdəliyev yeni albomun səsyazma işləri üçün yenidən Bakıya qayıdır və burada vokalçı Zaur Abdullayev ilə fəaliyyət göstərməyə başlayır və studiyasında albomlarını yazdırırlar.[5][22] Qrup "Uzelli" şirkətindən sonra "Midas Light Sound" musiqi şirkəti ilə müqavilə bağlayır.[10][23] 1999-cu ilin 16 avqustunda İstanbul yaxınlığında baş vermiş güclü zəlzələ Türkiyədə musiqi sahəsinə də mənfi təsir edir. Şirkətlə albom çıxarmaq mümkün olmur və Bülent Forta onları "ADA Müzik" şirkəti ilə tanış edir. "Yuxu"nun "Ölümə çarə yox" adlı üçüncü albomu 27 aprel 2001-ci ildə "ADA Müzik" etiketiylə buraxılır və bu, qrupun sonuncu albomu olur.[16] Albomdan sonra "Yuxu" qrupu fəaliyyət göstərə bilmir və 2001-ci ildə fəaliyyətlərini dayandırırlar. Qrup üzvləri fəaliyyətlərinin dayanmasını zəlzələnin yaratdığı böhrandan başqa, həm də yorğunluqla əlaqələndirirlər.[15] Bundan sonra qrup üzvləri müxtəlif sahələrə yönəlirlər.[7][10]
2016-cı ilin sonlarında "Uzelli" şirkətinin arxivindən götürülərək rəqəmsal platformarlarda nümayiş olunan 14 mahnıdan ibarət "Türkçe Rock Vol. 1" albomunda "Yuxu" qrupunun "Xəyalpərəst" və "Şər" mahnıları da yer alıb.[24] 2020-ci ilin payızında "Uzelli" "Yuxu"nun ilk albomunu olan "Xəzərin sahilində"ni plastinka formatında yenidən satışa çıxarıb.[25]
Qrup üzvlərinin sonrakı fəaliyyəti
redaktəQrup şəklində fəaliyyətlərini dayandırdıqdan sonra Namiq Nəğdəliyev Türkiyədə musiqi sahəsində fəaliyyətini davam etdirir. Namiq orada Barış Akarsu, Kıraç, Funda Arar, Haluk Levent və digər rokçularla işləyir. Cəsur Nemətov Moskvaya köçüb. İbrahim Emin Azərbaycanda rok musiqisinin inkişafı üçün çalışırdı. 2004-cü ildə Sumqayıtda "Sirr" qrupunu yaratmışdı. İbrahim 2019-cu ildə vəfat edib. Çingiz Eyvazov isə əvvəl Türkiyədə, indi isə Azərbaycanda döymə sənəti ilə məşğul olur.[5][15]
Tərz
redaktə"Yuxu"nun təsirləndiyi qruplar arasında "Deep Purple", "Led Zeppelin", "Rolling Stones", "Beatles", "Sweet", "Scorpions"u qeyd etmək olar.[22] 1990-cı illərdə "Yuxu" qrupu ABŞ-nin "Metallica" qrupuna bənzədilirdi.[7] Mahnılarının əsas mövzusunu ədalət, bərabərlik idi. "Yuxu" "Coldünya" qrupunun yaranmasına təkan verib.[26] "Yuxu"nun Türkiyədə rokun inkişafında da böyük rolu olduğu hesab edilir.[25]
Qrupun məşqlərindən birində iştirak edən fransız jurnalist Paskalın fikrincə, qrupun gitaraçısı Namiq Nağdəliyev Azərbaycan muğamını Avropa səviyyəsində uğurla sintez etmişdi.[19] Namiqin ifası isveçli gitaraçı İnqvi Malmstinə[ing.] bənzədilirdi.[25]
"Yuxu"nun üzvləri xarici görünüşünə görə digər rokçulardan fərqlənirdi. Onların döymələri yox idi və saçları qısa idi.[25]
Üzvləri
redaktə- İbrahim Emin — bass gitara (1987–2001)
- Çingiz Eyvazov — zərb alətləri (1987–2001)
- Namiq Nağdəliyev — gitara (1987–2001)
- Cəsur Nemətov — vokal (1988–1991; 1993–1995)
- Sərxan Civələk — vokal (1992–1993)
- Zaur Abdullayev — vokal (1998–2001)
Albomları
redaktə- Xəzərin sahilində (1993)
- Sumqayıt (1994)
- Ölümə çarə yox (2001)
Qeydlər
redaktə- ↑ "Məni sənsən düşündürən" mahnısının ilk adı "Ana" olmuşdur.
İstinadlar
redaktə- ↑ Hüseynova, Aida. Music of Azerbaijan. From mugham to opera (İngiliscə). Bluminqton, İndiana: İndiana Universitet Nəşriyyatı. 2016. səh. 199. 24.07.2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.07.2019.
- ↑ Cavid Osmanov. "Вечный «сон» Ибрагима Эмина. Покойся с миром, невероятно добрый человек... - ВИДЕО". Media.az (Rusca). 09.05.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.05.2020.
- ↑ 1 2 "Əfsanəvi rok qrupu "Yuxu" haqqında bilmədiklərimiz. Qrupun yaradıcısı İbrahim Eminlə söhbət". Youtube. Azərtac. 28.11.2014. 2022-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21.07.2019.
- ↑ Günay Muradlı. "Yenə də Sumqayıt…". Publika.az. Sumqayitxeber.com. 03.05.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.05.2020.
- ↑ 1 2 3 4 5 Rəhimli, Şəhanə. "Bir vaxtların məşhur "Yuxu"su..." Aqreqator.az. 03.07.2019. 2019-07-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24.07.2019.
- ↑ ""CANLI" - "YUXU" qrupu". Youtube. ASAN Radio. 25.04.2017. İstifadə tarixi: 21.07.2019.
- ↑ 1 2 3 4 Aqşin. "SSRİ-ni silkələyən, zəlzələnin dağıtdığı "Yuxu"". Axar.az. 04.07.2019. 21.07.2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21.07.2019.
- ↑ "Yuxu: "Sən kimsən?"". Youtube. Azadlıq Radiosu. 17.12.2014. 2020-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21.07.2019.
- ↑ 1 2 "группа "Yuxu (Юху)"" (Rusca). Gruppasssr.ru. 03.07.2019. 2019-07-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 05.03.2020.
- ↑ 1 2 3 Nurlan Babazadə, Ləman Səfərli. "Azərbaycan rokunun "Yuxu"su indi haradadır?". BBC.com. BBC. 08.07.2016. 21.07.2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21.07.2019.
- ↑ 1 2 3 4 5 6 "Статья о группе "Юху" (из газеты "Тропою Грома")". rockzone.az (rus). 20.06.2009. 31.07.2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31.07.2019.
- ↑ "Various – Mayence Rock '90". Discogs.com. 09.05.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.05.2020.
- ↑ "Впервые на европейской земле (о группах "Юху" и "Дервиш")". rockzone.az (rus). 20 iyun 2009. 16 may 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2020.
- ↑ Шампанское для "папы Джека" // Ежедневные новости . № 13 (rus). № 13. 15 dekabr 1995.
- ↑ 1 2 3 Şəhanə Rəhimli; Nuron Məmmədov. "Cem Yılmaza `tatu` çəkən azərbaycanlı roker". Azvision. 18.12.2014. 03.05.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.05.2020.
- ↑ 1 2 3 "İbrahim Emin / Yuhu İbo" (Türkcə). Cerezzine.com. 17.07.2019. 03.05.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.05.2020.
- ↑ "50 yaşlı məşhur azərbaycanlı roker: 'Ona görə evlənmirəm ki...'". Azxeber.com. 2020-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 01.07.2013.
- ↑ "İbrahim Emin: ""YUXU"nun ən böyük üstünlüyü onda idi ki, doğma dildə oxuyurdu"". Sumqayitxeber.com. 21.07.2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21.07.2019.
- ↑ 1 2 Гусейнова, М.. "Записки сумасшедшего или записки о фесте "Рококо-2"". rockzone.az (rus). 1993. 31.07.2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.05.2020.
- ↑ Гусейова, Н. "В ожидании звезд". Огонёк. №19. 13.05.1996: 1. 16 may 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2020.
- ↑ Azeri rock grubu Yuhu // Cumhuriyyet gazetesi (türk). 3 mart 1994. 5.
- ↑ 1 2 Vlada Kamayeva. "Экскурс в прошлое: Ибрагим Эмин и группа Yuxu". Urban.az (Rusca). 04.07.2019. 2020-05-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 05.10.2020.
- ↑ Xanım Nağıyeva. "İbrahim Emin: "Əfsanəvi "Yuxu" qrupu zəlzələ nəticəsində dağıldı" - MÜSAHİBƏ". apa.az. APA. 19.03.2013. 2019-07-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21.07.2019.
- ↑ "Karışık Kaset: "Türkçe Rock Vol 1" Dijital Platformlarda Yerini Aldı". Turkgitar.net (Türkcə). 28.12.2016. 2020-05-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11.05.2020.
- ↑ 1 2 3 4 Serpil Kurtay. "Müzik efsanelerinin hüzünlü hikâyesi: Yuhu". Gazeteduvar.com.tr (Türkcə). 09.10.2020. 07.11.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.12.2020.
- ↑ "Teymur Nadir: "Şükür Allaha ki, Azərbaycanda rok musiqi kütləvi janr deyil"". Palitra: 12. 16.10.2012. 03.05.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.05.2020.
Xarici keçidlər
redaktə- Yuxu dinlə
- Yuxu adamusic profili (türk.)
- Yuxu discogs profili (ing.)
- Yuxu qrupu Azərtacın reportajı (az.)
- Yuxu qrupu Azadlıq Radiosunun reportajı (az.)