Yusif Meddah - Wikipedia
Yusif Məddah (az.-əski. یوسف مداح) — Azərbaycan şairi. O, "Vərqa və Gülşa" əsəri ilə məşhurdur. Onun həyatı haqqında çox az şey məlumdur, lakin onun XIV əsrin əvvəllərində yaşadığı təxmin edilir. Məddah yaxşı təhsil almış, Azərbaycan, ərəb və fars dillərini mükəmməl bilirdi.
Yusif Məddah | |
---|---|
Doğum tarixi | XIV əsr |
Fəaliyyəti | şair |
Tanınmış əsərləri |
Onun ən məşhur əsəri ərəb xalq nağılı əsasında yazılmış, 1,700-ə yaxın beytdən ibarət və əruz vəznində olan "Vərqa və Gülşa" məsnəvisidir. Məddahın "Vərqa və Gülşa"dan başqa "Xamuşnamə", "Dastan-ı İblis əleyhüllanə" və "Məqtəl-i Hüseyn" kimi əsərləri var.
Adı
redaktəŞair əsasən Yusif Məddah təxəllüsündən istifadə etmişdir. Buna baxmayaraq, onun digər təxəllüsləri arasında "Yusifi" və "Yusuf-i Məddah" da var.[1][2] Türk alim İ. Hikmət onun adını Yusifi Məddah kimi təqdim edir. Bu düşüncənin səbəbi müəllifin həm "Vərqa və Gülşa" həm də Xamuşnamə məsnəvilərində adını Yusifi kimi yazmasıdır. Lakin müəllifin öz adını vəznə uyğunlaşdırmaq üçün bu formada istifadə etdiyi düşünülür. Çünki "Xamuşnamə"nin sonrakı beytlərində müəllifin adı Yusifi deyil Yusif kimi qarşımıza çıxır. Professor Yaqub Babayev ehtimal edir ki, şairin əsl adı Yusifdir, "Məddah "isə onun təxəllüsüdür. ''Məddah'' sözünün bir mənası Allahı, peyğəmbəri və başqa müqəddəs şəxsiyyətləri öyən, mədh edən deməkdir. Türk alim İ. Uzunçarşılı və Qreys Martiin Smit də Məddah sözünün şairin təxəllüsü olduğu qənaətindədir. İ. Hikmət isə "Məddah"ın ləqəb olduğu fikrini irəli sürür.[3]
Həyatı
redaktəYusif Məddahın həyatı haqqında çox az şey məlumdur. Onun doğum tarixi və yeri məlum deyil. Buna baxmayaraq, onun XIV əsrin əvvəllərində yaşadığı təxmin edilir.[1][2] O, Azərbaycan dilini mükəmməl bilirdi və Azərbaycan ədəbiyyatının ilkin inkişaf dövrünün əsas nümayəndələrindən biri hesab olunur.[4]
Onun adı sadəcə Şeyxoğlunun "Kənzül Kübəra və Məhəkkül-Uləma" adlı əsərində çəkilir.[5] Müəllif həmçinin əsərinə "Vərqa və Gülşa" məsnəvisindən aşağıdakı beyti daxil edib:
"Sənligün gedər hicab olmuş sənə
Sən onun üzünə onsuz baxsana"
İ. Hikmət şairi daha çox Azərbaycan ərazisində xalq arasında dolaşan və öz əsərlərini xalq kütlələrinə oxuyan bir dərviş hesab edir.[6] Bu mülahizəni söyləyərkən о, əsasən, Yusif Məddahın fars dilində yazdığı ''Xamuşnamə'' məsnəvisindəki fikirlərə əsaslanır. Çünki burada ötəri də olsa, bu barədə məlumat verilmişdir. Sənətkar ''Vərqa və Gülşa'' poemasının sonunda öz adını işlədərək yazır:
Yusifi Məddahi-biçarə anun,
Еşqi yolunda fəda eylə canun
Yaqub Babayev yazır ki, ilk vaxtlar belə bir məna ifadə edən sözün məna çaları sonralar bir qədər genişlənmiş və ümumiləşmişdir. Belə ki, sonralar ''məddah'', ümumiyyətlə, başqa şəxsləri tərif və vəsf еdən tərənnümçüyə dеyilmişdir. ''Məddah'' sözünün digər bir mənası da yazılı ədəbiyyat, xüsusilə xalq ədəbiyyatı bilicisi, onu məclislərdə, xalq arasında danışan ravi, mərsiyəxan, dərviş anlamındadır.[7] İ. Hikmət adın məhz bu ikinci mənasını əsas götürərək ''məddah'' sözünü ərəblərin ''qass və qəssas'', farsların ''qissəxan''ı ilə uyğun mənalı söz hеsab еdir və göstərir ki, şair ''məsnəvixan''dır, bir əlinə kəşkül, bir əlinə təbər alaraq daha çox Azərbaycan ərazisində xalq arasında dolaşan və öz əsərlərini xalq kütlələrinə oxuyan bir dərvişdir.[3]
Yusif Məddahın həyatı ilə bağlı məlumatlar olduqca azdır. Şairin harada yaşayıb, yaradıcılıqla məşğul olması həmçinin ölüm yeri və tarixi haqqında məlumat yoxdur. R. Dankoff "Vərqa və Gülşa" əsərinin nüsxələrindən birində olan
Çün səkkiz yüz altı il oldu tamam
Dünyadan nəql eylədi fəhrul-ənam
beytindəki ifadələrdən müəllifin ölüm tarixinin 1403–1404-cü il olduğunu fikrini irəli sürür. Başqa bir tədqiqatçı Kənan Çelik isə beytdəki "fəhru’l-ənam" və "bir il oldu" ifadələrinə istinad edərək, verilən tarixin Peyğəmbərin vəfatından sonrakı dövrə aid olması ehtimalı olduğunu söyləyir. Müəllif Peyğəmbər 11/632-ci ildə vəfat etdiyi üçün beytinin yazıldığı il 817/1414-cü il olduğunu bildirir.[8]
Bəzi tədqiqatçılar tərəfindən Yusif Məddah məddahlıq statusuna görə həyatını müxtəlif yerləri gəzərək, camaat qarşısında şeirlərini oxuyaraq yaşamış biri hesab edilir. Şair "Xamuşnamə "məsnəvisində gənc vaxtlarında Azərbaycanda başına gələn bir hadisədən bəhs edir. Bu baxımdan şairin gəncliyini Azərbaycanda keçirib, sonradan Konyaya gəldiyinin və Məvləvilərə qoşulduğunu söyləyirlər. Ümumiyyətlə şairin Azərbaycanda doğulub, yaşaması əksər tarixçilər tərəfindən qəbul edilən faktlardandır. Yenə Xamuşnamə məsnəvisində Konyada baş verən Cimri hadisəsini qələmə alması və Mövlanəyə olan rəğbətinə görə şairin Konya və ətrafında yaşadığı fikrini irəli sürürlər. Lakin Cahangir Qəhrəmanov və Z. Hacıyeva bu fikrin məntiqi əsasa söykənmədiyi bildirirlər.[9] Onlara görə bir şəxsin Mövlanaya bağlı olması üçün Konyada doğulub yaşaması mütləq deyil. Qəhrəmanov- Hacıyeva yazır:
"Əgər söhbət yalnız Mövlanənin, təsəvvüf ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan XIII əsr türk şairi Cəlaləddin Ruminin adının keçirilməsindən gedirsə, Azərbaycan şairi Şeyx Mahmud Şəbüstəri də Cəlaləddin Rumini hörmətlə yad etmiş, hətta ölməz Füzuli Ruminin Məsnəvisinə baxmayaraq özünün "Yeddi Cam" adlı fəsləfi əsərini qələmə almışdır. Bəs, onda bu şairləri hansı xalqa mənsub edək? "[10]
Türk ədəbiyyatşünas Kənan Çelik də alimlərin bu fikrinə qoşulur və bildirir ki, Mövlanəyə rəğbət göstərib Türkiyədə doğulmamış hətta yaşamamış bir çox şair örnəyi var.[11] "Vərqa və Gülşa" məsnəvisinin günümüzə çatan nüsxələrinin birində əsərin 743-cü ildə Sivas şəhərində tamamlandığı ilə bağlı beyt var. Türk tədqiqatçılar daha qədim bir nüsxə əldə olmadığı üçün müəllifin ömrünün heç olmasa bir dövründə Sivasda yaşadığı fikrini müdafiə edirlər.
Mütəxəssislər onun əsərlərindən belə qənaətə gəlmişdir ki ki, o, savadlı idi, ərəb və fars dillərini mükəmməl bildiirdi, dinşünaslıq sahəsində də məlumatlı olmuşdur.
Yaradıcılığı
redaktəYusif Məddah ana dili olan türkcəni çox yaxşı bilirdi. O, dövrünün divan ədəbiyyatına bələd olmuş, şeirlərini beytlər, hədislər, atalar sözləri və idiomalar ilə zənginləşdirmişdir. Yusif Məddah əruz vəzni sahəsində məlumatlı olmuş, ədəbi sənəti də əhatə edən əsərlərində xalq deyimlərindən və ifadələrindən istifadə etmişdir.[1]
Məddahın "Vərqa və Gülşa"dan başqa diqqətəlayiq əsərləri də var.
- Xamuşnamə — Yusif Məddahın didaktik əsəri ilə bağlı ilk məlumatı İ. Hikmət vermişdir. Məsnəvi şəklində yazılan əsər fars dilindədir və 10 hekayədən ibarətdir. Şairin bu əsəri istəmədən dediyi bir sözün başqaları tərəfindən dostlarına çatdırılması və dostları ilə aralarında soyuqluq yaranması səbəbindən yazdığı düşünülür. Məsnəvi bir şəxsin dilinə hakim olmasının fəziləti haqqındadır. Əsər şairin digər əsərlərindən fərqli bir qəliblə — məfailun, məfailun, failun ölçüsündə yazılıb.[12]
- Dastan-ı İblis Aleyillanə — Əsər haqqında ilk məlumatı yenə İ. Hikmət Ərtaylan vermişdir. Dini-didaktik mahiyyətli əsər əruz vəznindədir və ölçüsü failatun failatun failun-dur. Amil Çələbioğlu əsərin hekayəsinin İbni Abbasın rəvayətinə əsaslandığını söyləyir. Ərtaylan isə əsərin 200 beytdən ibarət olduğunu bildirir. Əsərin mövzusu şeytanın Allahın əmri ilə Məhəmməd peyğəmbərin yanına gəlməsi və peyğəmbərin onun suallarına verdiyi cavablardır. Məsnəvinin sonunda şair tövbə etməyi, təkəbbürü tərk etməyi, ibadət və mal-dövlətə güvənməməyi tövsiyə edir. Mövlana və Peyğəmbərin xatirinə doğru yolda olanların, onun sözlərinə qulaq asanların diləklərini Allahdan nəsib etməsi üçün dua edir.
- Hekayəti Qız-i Cüdud — Əsər haqqında ilk məlumatı türk alim Amil Çələbioğlu vermişdir. Alim əsərin 200 beytdən çox olduğunu bildirir. Şairin adının çəkildiyi beyt belədir . "Mövlanənin üzü suyu hörmətinə Yusif-i Məddah sən tutma qəti". Məsnəvinin məzmunu belədir: Şam şəhərində çox varlı və İslam düşməni bir yəhudi varimiş. Onun qonşuluğunda isə kasıb bir müsəlman yaşayırmış. Kasıb ailənin hər kəsin aşiq olduğu gözəl bir qızı var. Bu ailə üç gün ac-susuz qalır. Vəziyyəti öyrənən yəhudi təklif edir ki, dinini qəbul etsələr malının yarısını onlara verər və qızları ilə evlənər. Qızın anası bu təklifi qəbul etmir. Qız bu vəziyyətdən çıxmaq üçün ailəsindən onu qul kimi satmağı xahiş edir. Qızı qul kimi alan şəxs yuxusunda Məhəmməd peyğəmbəri görür. Peyğəmbər kişidən qızı azad etməyi xahiş edir və onun möcüzəsi ilə kişinin kor gözlərindən biri açılır. Yuxudan ayılanda qızdan həyatını soruşur və bununla da onun əslində qul olmadığını öyrənir. Kişi qıza yüz qızıl verib ailəsinin yanına göndərir. Qızın valideynləri buna çox sevinir və Allaha şükür edir. [13]
- Məqtəl-i Hüseyn — Əbu Mihənfdən tərcümədir. Əsər 1361-ci ildə Candaroğluları hökm-darlarından Kötürüm Bəyazidə həsr olunmuşdur. Əsərin Yusif Məddaha aidliyi ilə bağlı fikir ayrılıqları mövcuddur. Y. Babayev, İ. Hikmət, İ. Uzunçarşılı əsəri Yusif Məddaha aid edirlər.[13]
- Vərqa və Gülşa — ərəb əfsanəsi olan hekayə türk ədəbiyyatında ilk dəfə 1368–1369-cu ildə Yusif Məddah tərəfindən işlənilib. Şairin ən məşhur əsəridir. Vərqa və Gülşa məsnəvisi barədə elm aləminə ilk dəfə M. Fuad Körpülü məlumat vermişdir.[14]Daha sonra İsmayıl Hikmət Ərtaylan əsərə yığcam giriş yazıb, sözlük tərtib etmiş, habelə Vərqa və Gülşa poemasının Türkiyədə qorunub saxlanılan hər iki nüsxəsinin fotofaksimilesini vermişdir. Bundan sonra abidə bir müddət unudulmuşdur.[15] 1976-cı ldə Greys Martin Smit "Yusuf-ı Meddah, Varqa ve Gülşah A Fourteenth Century Anatolian Turkish Mesnevi" adlı məqaləsində adı çəkilən məsnəvinin tədqiqinə dair əhəmiyyətli məlumatlar vermişdir.[16] 1977-ci ildə ədəbiyyatşünas alim Əliyar Səfərli Məshinin "Vərqa və Gülşa" poemasını tərtib edərkən əsərə yazdığı ön sözdə XIV əsrdə qələmə alınan bu məsnəvidən də söz edir və hər iki əsəri sənətkarlıq və bədii cəhətdən müqayisə edir.[15] Poemanın dili üzərində geniş elmi araşdırma aparan C. Qəhrəmanov və Z. Hacıyeva da əsərin Azərbaycan türkcəsində yazıldığını ibarədə sübutlar təqdim etmiş, həmçinin onun əldə olan tam mətnini 1988-ci ildə geniş sözlə birlikdə Bakıda tərtib və nəşr etdirmişlər.[17]Yusif Məddahın ''Vərqa və Gülşah'' pоeması əruz vəzninin rəməl bəhrindədir. Dil və üslub xüsusiyyətlərinə görə Şərqi oğuz ləhcəsindədir.
- Qadı və Uğru dastanı — Əsər haqqında ilk məlumatı Amil Çələbioğlu vermişdir. Alim əsərin 200–250 beyt olduğunu bildirir. Əsər əruz vəznindədir və ölçüsü failatun failatun failun -dur. Əsərin mövzusu Harun Ər-rəşidin dövründə Məhəmməd ibn Müqatil adlı bir hakimlə oğru arasında baş verən hadisələrə əsaslanır. Oğru daha bilikli olduğu üçün qarşılıqlı söhbətlər və hadisələr nəticəsində hakimə qalib gəlir. Hekayə elm və hikmətin tərənnümü, şairin adının çəkilməsi, Mövlanaya sığınıb Peyğəmbərə salavat diləməklə bitir.[18]
- Qreys Martin Smit Yusif Məddahın "Pəndnamə" və "Qazavatnamə" adlı başqa iki məsnəvisi olduğundan bəhs edir. "Pəndnamə" məsnəvisi "Vərqa və Gülşa" əsəri ilə eyni vəzndədir. 13 misradan ibarətdir və insanları yaxşılığa təşviq etmək barədədir. Qazavatnamə isə Qoyunoğlu kitabxanası 11930 nömrədə saxlanılır, məsnəvi şəklindədir hər səhifədə 21 misra var. Əsərin mövzusu Hz Əlinin comərdliyi, məşhur qılıncı və atı barədədir. Smitə görə "Qazavatnamə" və "Vərqa və Gülşa" məsnəviləri bir birinə bənzəyir.[19]
İrsi
redaktəMəddahın poeziyası Azərbaycan ədəbi dilinin formalaşmasında mühüm rol oynamışdır.[20] O, Şərqi Anadolunun Azərbaycan ədəbiyyatının mərkəzi olduğu bir dövrdə yaşamış və yazmışdır, onun bu vilayətin bu istiqamətdə formalaşmasında xidmətləri böyük olmuşdur.[21]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 Aksoy, 2013
- ↑ 1 2 Eren, 2014
- ↑ 1 2 Ertaylan, 1945. səh. 4
- ↑ Babayev, 2008. səh. 115
- ↑ Köktekin, 2007. səh. 5
- ↑ Ertaylan, 1945. səh. 5
- ↑ Babayev, 2008. səh. 116
- ↑ Çelik, 2008. səh. 10
- ↑ Qəhrəmanov-Hacıyeva, 1988. səh. 10
- ↑ Qəhrəmanov-Hacıyeva, 1988. səh. 11
- ↑ Çelik, 2008. səh. 13
- ↑ Sedghi, 2015. səh. 27
- ↑ 1 2 Sedghi, 2015. səh. 28
- ↑ Körpülü, 1934. səh. 990
- ↑ 1 2 Qəhrəmanov-Hacıyeva, 1988. səh. 5
- ↑ Smith, 1976. səh. 3
- ↑ Babayev, 2008. səh. 117
- ↑ Sedghi, 2015. səh. 29
- ↑ Sedghi, 2015. səh. 31
- ↑ Mustafayev, 2013. səh. 335
- ↑ Mustafayev, 2013. səh. 337
Ədəbiyyat
redaktə- Tolu, Orhan Aytuğ. "Yûsuf-i Meddâh'ın Varka ve Gülşah Mesnevisinin Roman Tekniği Bakımından İncelenmesi". Hars Akademi Uluslararası Hakemli Kültür Sanat Mimarlık Dergisi (türk). 4 (8). 31 December 2021: 571–603. ISSN 2636-8730.
- Eren, Hulusi. "YÛSUF-I MEDDÂH, YÛSUFÎ, ŞÂZÎ". Türk Edebiyatı İsimler Sözlüğü (türk). Ahmet Yesevi University. 2014.
- Babayev Y. M. Ana dilli Azərbaycan ədəbiyyatının təşəkkülü və еpik şеirin inkişafı (XIII-XIV əsrlər). Bakı: ADPU. 2008. səh. 128.
- Mustafayev, Shahin. Ethnolinguistic Processes in the Turkic Milieu of Anatolia and Azerbaijan (14th–15th Centuries) // Lascu, Stoica; Fetisleam, Melek (redaktorlar ). Contemporary Research in Turkology and Eurasian Studies: A Festschrift in Honor of Professor Tasin Gemil on the Occasion of His 70th Birthday. Cluj-Napoca: Cluj University Press. 2013. 333–346. ISBN 978-973-595-622-6.
- Qəhrəmanov C., Hacıyeva Z. "Yusif Məddah. Vərqa və Gülşah (XIV əsr Azərbaycan yazılı abidəsi. Mətn və qrammatik oçerk)". Bakı: Elm. 1988. səh. 184.
- E. N. Sedghi. Ayyuki ile Yusuf-ı Meddah'ın Varka ve Gülşah mesnevilerinin karşılaştırılması. Yüksek lisans tezi. Bursa: Uludağ Üniversitesi Sosyal Bilimler Enstitüsü. 2015. səh. XIII+547.