Yunis Nuri - Wikipedia
Yunis Nuri və ya Yunus Nuri[1][2] (tam adı: Yunis Hacı Süleyman oğlu Süleymanov; 23 yanvar 1878, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 5 yanvar 1950, İrəvan, Ermənistan SSR, SSRİ) — Azərbaycan aktyoru, Ermənistan SSR əməkdar artisti (1935).[3][4] İrəvanda Azərbaycan teatrının yaradıcılarındandır.[5]
Yunis Nuri | |
---|---|
Yunis Hacı Süleyman oğlu Süleymanov | |
Təxəllüsü | Yunis Nuri |
Doğum tarixi | 23 yanvar 1878 |
Doğum yeri | |
Vəfat tarixi | 5 yanvar 1950 (71 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Uşağı | |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1896-cı ildən |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəYunis Nuri 1878-ci il yanvarın 23-də İrəvanın Şəhər məhəlləsində, Hacı Novruzəli məscidinin yanındakı ata-baba evində şəhərin mötəbər şəxslərindən olan Hacı Süleymanın ailəsində anadan olmuşdur. Y. Nurinin ulu babaları Ağrı vadisində yerləşən Qəmərli rayonunun (indiki Artaşat) Sabunçu kəndindən imişlər. İstər əcdadı, istərsə özləri, bu kəndlə bağlı olan qohumlar ya qohum olmayan azərbaycanlıların hamısı orada yaşayıb-yaşamalarından asılı olmayaraq özlərini sabunçulu adlandırmışlar. Hacı Süleyman da, Y. Nuri də İrəvanda doğulub böyümələrinə baxmayaraq özlərini daima iftixarla sabunçulu hesab edərmişlər.[6]
Yunis Nuri hələ beş yaşında ikən atası vəfat etdi. Yunisin təlim-tərbiyəsi ilə anası Leyla xanım məşğul oldu. Maddi çətinlik içərisində yaşasa da oğlunu molla məktəbinə qoydu. Yunis burada cəmi altı il oxudu, öz fitri istedadı, səyi və çalışqanlığı sayəsində Azərbaycan dili ilə yanaşı fars və ərəb dillərini də öyrəndi. Şərq ədəbiyyatı ilə tanış oldu. O, bir tərəfdən Sədinin "Gülüstan"ını, digər tərəfdən Quranı yaxşı bilir, Azərbaycan dilinə tərcümə edirdi. Maddi çətinlikdən 14 yaşlı yeniyetmə Yunis təhsilini buraxıb fəhləlik etməyə məcbur qalır.[7]
Aktyorluğa 1896-cı ildə İrəvanda başlamış, ömrünün sonunadək İrəvan Azərbaycan Teatrında fəaliyyət göstərmişdir. Rolları: Hacı Qara ("Hacı Qara", M. F. Axundov), Soltan bəy ("Arşın mal alan", Ü. Hacıbəyov), təbib ("Zorən təbib", Molyer), Atakişi, Allahverdi ("Sevil", "1905-ci ildə", C. Cabbarlı), Giko ("Pepo", Q. Sundukyan), Şeyx Nəsrullah ("Ölülər", C. Məmmədquluzadə) və b. Kinosa çəkilmişdir ("Zəngəzur", "Sevan balıqalrı", "Anahid" və s.).[5]
Ömrü boyunca İrəvanda yaşayan və yaradan Yunis Nuri 1950-ci il yanvarın 5-də 72 yaşında vəfat edib.
Fəaliyyəti
redaktə1880-ci illərdən etibarən İrəvanda maarif-mədəniyyət qığılcımları alovlanmağa başlayır, azərbaycanlılar arasında ziyalıların, kitab və mətbuatla maraqlananların sayı artırdı. İrəvanın qabaqcıl azərbaycanlı ziyalıları əsasən şəhərdə yeganə gimnaziyanın sayca az müəllimlərindən ibarət idi. Onların arasında Qori seminariyasının məzunu, 1885-ci ildən burada işləyən Firidun bəy Köçərli də var idi. Xalqı maarifləndirməyə, mədəniyyətə çağırmağa can atan şəhər müəllimlərinin, xüsusən F. Köçərlini son illərdə Bakıda, Naxçıvanda, Şuşada və s. yerlərdə Azərbaycan dilində göstərilən teatr tamaşaları çox sevindirir və nəhayət onlar bu sahəfə öz qüvvələrini sınamağa qərar verirlər. İrəvanda "Müsyo Jordan və dərviş Məstəli şah" komediyasının ilk[8] tamaşasının təşkilində və sonralar təkrarən göstərilməsində F. Köçərliyə Eynəli bəy Sultanov və "fars Abbas" kimi tanınan Mirzə Abbas Məhəmmədzadə kimi açıqfikirli yerli ziyalılar yaxından kömək göstərmişdir.[9]
1896-cı il dekabr ayının 8-də İrəvanda "Müsyo Jordan və dərviş Məstəli şah" komediyası yenidən tamaşaya qoyuldu. Erməni dramaturqu Emin Ter-Qriqoryan ermənicə "Nor dar" qəzetində dərc etdirdiyi "İrəvanda türkcə ilk tamaşa" adlı məqaləsində yazmışdı[10]:
Dekabrın 8-ni türklərin teatr tamaşasının və ümumi xeyriyyə işinin başlanğıcı hesab etmək olar.
Dünən türk teatr həvaskarlarının kiçik bir dəstəsi birinci dəfə olaraq öz ilk tamaşasını verdi. Tamaşa, əlbəttə, türk dilində idi və özlərinin həyatından alınmışdı. Onu, din ayrıseçkiliyi qoymadan yerli gimnaziyanın şagirdlərinin xeyrinə oynadılar. Tamaşaya gəlincə deməliyik ki, ilk təcrübə olduğuna görə, onu pis hesab etmək olmazdı. Qadınların rollarını da yoğun bığlı gənclər ifa edirdilər; bu rolları səsləri qadın səsinə daha müvafiq gələn cavan oğlanlara vermək barəsində düşünməmişdilər... İfaçılardan Şəhrəbanu xanım rolunda çıxış edən çox yaxşı idi, bu rolu bir məlahətli türk gənci ifa edirdi. Onda səhnə qığılcımı özünü göstərirdi... |
Özündə "səhnə qığılcımı" büruzə verən "məlahətli türk gənc", gələcəyin görkəmli aktyoru Yunis Nuri idi. 18 yaşlı gənc böyük yaradıcılıq həyatının ilk xoşbəxt anını yaşamışdı. Təsadüfi deyildir ki, o özünə "Nuri" təxəllüsünü qəbul etmişdir. Cəhalətin qaranlıqlarını qovan bir nura çevrirən insanların qəlbinə və zehninə hərarət, işıq səpən teatrın fədaisi idi. 1896-cı il tamaşasından sonra İrəvan teatr həvəskarları daha sıx birləşdilər. Məhz o zamandan etibarən Yunis Nuri İrəvan teatrının ən fəal xadiminə və rəhbərinə çevrilmişdir.[11]
1903-cü ilin əvvələrində İrəvanın mötəbər adamlarından olan Pənah xan Makinski Yunis Nuriyə bir tamaşa hazırlamağı tapşırmışdı. Vasaq Mədətovun (Nəzmi) "Qırt-qırt" vodevilini oynamağa icazə alındı. Bu vodevil o illərdə Azərbaycan səhnəsində şöhrət qazanmış və tez-tez tamaşaya qoyulan əsərlərdən idi. Yunis Nuri ifaçıları tapmaq üçün yorulmaq bilmədən bütün şəhəri dolaşır, tamaşada iştirak etmək üçün gimnaziyanın şagirdləri ilə razılığa gəlirdi. Tamaşa səs-küy saldı, xana yaxın adamlar onun yenidən göstərilməsini xahiş etdilər. Buna görə də "Qırt-qırt" Pənah xanın imarətində bir neçə dəfə təkrar oynandı.[12]
Ailəsi
redaktəYazıçı və ədəbiyyatşünas Əkbər Yerevanlının və yazıçı və dramaturq Əziz Süleymnovun atası, rejissor Yunis Süleymanovun babası, çex politoloq Emil Aslanın ulu babasıdır.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Hrayr Hovakimyan. Yunus Nuri (erməni). Yerevan: Ermənistan teatr cəmiyyəti. 1962.
- ↑ Sabir Rizayev, Əkbər Yerevanlı. Yunus Nuri (rus). Yerevan: Ermənistan teatr cəmiyyəti. 1982.
- ↑ "Ermənistanda fəxri ad almış azərbaycanlılar - SİYAHI - FOTO". Milli.az. 14 iyul 2014. 2017-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-15.
- ↑ Ermənistan Azərbaycanlılarının tarixi coğrafiyası. Bakı: Gənclik. 1995. səh. 441. ISBN 5-8020-0852-0.
- ↑ 1 2 ЈУНИС НУРИ // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: Италија—Куба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 180.
- ↑ Rizayev, Yerevanlı, 1980. səh. 5–6
- ↑ Rizayev, Yerevanlı, 1980. səh. 7
- ↑ İsrafil Məmmədovun araşdırmaları göstərir ki, İrəvanda Azərbaycan dilində ilk teatrın əsası 1881-ci ilin ikinci yarısında Vasaq Mədətov Nəzminin "Tamahkarlıq düşmən qazanır" tamaşası ilə qoyulmuşdur (bax: "Psak" ("Çələng") qəzeti, 10 aprel 1882-ci il, № 7)
- ↑ Rizayev, Yerevanlı, 1980. səh. 9–10
- ↑ "Nor dar" qəzeti, 1896, 19 dekabr, № 223
- ↑ Rizayev, Yerevanlı, 1980. səh. 15–16
- ↑ Rizayev, Yerevanlı, 1980. səh. 17–18
Ədəbiyyat
redaktə- Հրայր Հովակիմյան. Յունուս Նուրի. Երևան: Հայկական թատերական ընկերություն. 1962.
- Sabir Rizayev, Əkbər Yerevanlı. Yunis Nuri. Yerevan: Ermənistan teatr cəmiyyəti. 1980.
- Сабир Ризаев, Акпер Ереванлы. Юнус Нури. Ереван: Армянское театральное общество. 1982.
- İsrafil Məmmədov. İrəvan dəftəri III. Teatr tariximizdən səhifələr. Deportasiya, qaçqınlıq, mənəvi soyqırımı tarixindən. Bakı: Qismət. 2009.