Yosmut - Wikipedia
Yoşmut — Elxani imperiyasında fəaliyyət göstərmiş şahzadələrdən və Hülakü xanın ən böyük oğlanlarından biri. Dai Matsui[1] və Daniel Kinqə[2] görə onun adı xristian uyğarlar ilə əlaqəlidir və ilkin qaynağını soqdcadakı "ʿywšmbt" sözündən almışdır. Bu söz düşənbə, yəni həftənin birinci günü sözü ilə eyni kökdən gəlməkdədir.
Yoşmut | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1234-cü ildən sonra |
Doğum yeri | Monqolustan |
Vəfat tarixi | |
Vəfat yeri | Elxani imperiyası |
Uşaqları |
Qara Noqay Cumudar Canbu Soqay |
Atası | Hülakü xan |
Anası | Noqaçin Ağaçi |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Elxani ordusu |
Qoşun növü | Süvari |
Xidmət illəri | 1253-1271 |
Döyüşlər |
Mayyafaraqin döyüşü (1259) Mardin Döyüşü Ağsu çayı sahilində döyüş (1265) Çağatay Baraq ilə döyüşlər (1270) |
Həyatı
redaktəYoşmut Hülakü xan ilə onun kənizi Noqaçin Ağaçinin ailəsində dünyaya gəlmişdir. Noqaçin Xitan kökənli idi və Qutuy xatunun Monqolustandakı düşərgəsindən gəlmişdi. Hülakü xanın ən böyük 3 oğlundan biri olan yoşmut onu Abaqa ilə birlikdə 1253-cü ildə İran İsmaililəri üzərinə təşkil edilmiş yürüşdə müşayiət etmişdi.[3]
Hülakü xanın hakimiyyəti dövründə
redaktəOna verilmiş ilk tapşırıq Hülakü xanın 1259-cu ildə Diyarbəkiri ələ keçirməsindən sonra oldu. Bu ildə Hülakü xan ona Sontay Noyon və İlqa Noyon Cəlairi ilə birlikdə Mayyafaraqini ələ keçirmək tapşırığı verdi. Bölgənin Əyyəbi əmiri əl-Kamil Məhəmməd Mosuldakı hakim Bədrəddin Luludan da yardım alaraq uzun müddət monqollara qarşı müqavimət göstərdi. Bu qədər gecikmənin yaşanması Hülakü xanın qəzəblənməsinə və 10 aydan sonra Yoşmutu geri çağırmasına yol açdı.[3] Şəhər isə yalnız 1260-cı ildə aprel ayında əl-Kamilin nəhayət Elxanilərə təslim olmaq barədə qərar verməsindən sonra ələ keçirildi. Hülakü xanın Tell Bəşirdəki düşərgəsinə gətirilən əl-Kamil burada öz ətini yeməyə məcbur edildi. Mayyafaraqinin ələ keçirilməsindən sonra Yoşmut Mardinə göndərildi. Bu şəhər Artuqlu bəyi Nəcməddin Qazi tərəfindən idarə edilməkdə idi. Mardin şəhəri Nəcməddin Qazinin ölümünə qədər, yəni 8 ay müddətinə müqavimət göstərdi. Yeni bəy olan Qara Arslan şəhəri Yoşmuta təslim etdi və Elxani ağalığını qəbul etdi. Lakin yenə də ordunun şəhəri ələ keçirməkdə göstərdiyi bacarıqsızlıq Hülakü xanın Yoşmutu danlamasına yol açdı. Eyni zamanda orduda iştirak etməkdən qadağan edilən Yoşmut 1262-ci ildə Qızıl Orda ilə döyüş üçün yola çıxan orduya daxil edilmədi. Bütün bunlara rəğmən, 1265-ci ildəki ölümündən əvvəl Hülakü xan Abaqa xanı Xorasana hakim təyin edərkən, Yoşmutu da Azərbaycanın, Aranın, Şirvanın və ümumilikdə Dərbəndə qədərki bölgənin hakimi təyin etdi. Yoşmut 16 fevral 1265-ci ildə Dərbəndə gəldi. Bu zaman Hülakü xan artıq bir həftə idi ki, vəfat etmişdi.[4][5]
Abaqa xanın hakimiyyəti dövründə
redaktəAtasının ölümünü eşitdikdən sonra Yoşmut qısa müddətə paytaxta yollandı. Burada o, yeni xanın seçiləcəyi qurultayda özünə tərəfdarlar toplamağa çalışsa da, bu məsələdə uğursuz oldu və iki gündən sonra Dərbəndə geri döndü. Bunun qarşılığında Abaqa xan onu Dərbənd hakimi olaraq tanıdı. Bu hadisə 19 iyun 1265-ci ildə, yəni Abaqa xanın tacqoyma mərasimində baş verdi. Abaqa xanın taxta çıxmasından sonra Qızıl Orda Elxanilər üzərinə yeni yürüşə başladı. Yoşmut 1265-ci il iyulun 19-20-də Şirvanda Ağsu çayının sahilində Qızıl Orda komandiri Noqayla vuruşdu və şiddətli döyüşdən sonra onun gözünə güllə vura bildi və onu geri çəkilməyə məcbur etdi. Bundan sonra Abaqa xan Noqayın ordusunu tamamilə darmadağın etmək üçün Kür boyunca izləsə də, Berkenin əlaqə qüvvələrlə gəlməsindən sonra geri çəkilməyə məcbur oldu.[6]
Yoşmut 10 min döyüşçüsü ilə birlikdə Abaqa xanın 1270-ci ildə Çağatay xanı Baraqa qarşı başlatdığı yürüşdə də iştirak etmişdi. Baraq tez-tez Elxanilərin sərhəd bölgəsindəki yerlərə hücumlar təşkil edirdi. Abaqa xan qərbdə Çağatay şahzadəsi Təkudar ilə döyüşərkən, Yoşmut da Baraq ilə döyüşməkdə, tez-tez də məğlub olmaqda idi. Abaqa Herat ətrafına gəldikdən sonra onun tabeliyində olan Arqun Ağa, Yəzdli Atabəq Yusifşah, Müzəffərəddin Həccac, Sontai Noyan, Buriltay Noyan, Şiktur Noyan və Abdullah Aqa ilə birlikdə sol cinah komandanlığı ona verildi. 22 iyul 1270-ci ildə baş vermiş döyüş nəticəsində Elxani ordusu qələbə qazandı və Baraq canını qaçmaqla qurtara bildi.[7]
Ölümü
redaktəYoşmut 18 iyul 1271-ci ildə vəfat etmişdir.[8] O, özünün isti xasiyyəti və ordu daxilində sevilməməsi ilə seçilməkdə idi. Onun soyundan gələnlərdən biri olan İlyas Elxanilər imperiyasına Çobani ailəsi nəzərat edərkən Süleyman xan adı ilə kukla hökmdar olmuşdur.[9]
Ailəsi
redaktəOnun ən azı dörd oğlu olduğu məlumdur:
- Qara Noqay — Novruz ağa Oyrotun üsyanına qatılmış, 7 oktyabr 1289-cu ildə Damğanda övladları ilə birlikdə Arqun xan tərəfindən edam edilmişdir.
- Soqay — 1296-cı ildə Sulamışın Anadoludakı başlatdığı üsyana qatıldığı üçün Qazan xan tərəfindən edam edilmişdir.[a]
- Yusifşah
- İlyas 1339-cu ildə Çobani Kiçik Həsən tərəfindən kukla hökmdar kimi taxta çıxarılmış və Satıbəy ilə evləndirilmişdir. Kiçik Həsənin ölümündən sonra Məlik Əşrəf tərəfindən taxtdan endirilmiş və yerinə Ənuşirvan xan çıxarılmışdır.[b]
- Yusifşah
- Canbu — 31 dekabr 1291-ci ildə on Cağatu ovalığında vəfat etmişdir.
Türk qaynaqlarında Yoşmutun bir başqa oğlu olduğu iddia edilən Cumudar (Osmanlı türkcəsi: جمود, transliterasiya: Cumudâr) adlı bir başqa şəxs də vardır.[12] Cumudar 1296-cı ildə, yəni Qazan xanın hakimiyyəti dövründə ölmüşdür.[13][14] Onun mumyalanmış cəsədi Amasyada tapılmış və hal-hazırda da Amasya Muzeyində sərgilənməkdədir.[15]
Qeydlər
redaktə- ↑ Soqayın üsyanının digər səbəbləri olsa da, həm o, həm də onu dəstəkləyən Əmir Barola kimi sərkərdələr üsyana səbəb kimi din dəyişdirməyə məcbur edilmələrini də göstərirdilər. Üsyançılar Qazan xanın bu siyasətini Novruz ağa ilə əlaqələndirirdilər. Soqayın üsyanının yatırılması digər üsyanların meydana çıxması ilə nəticələndi.[10]
- ↑ [11]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Dai, 2016. səh. 29–77
- ↑ King, 2018
- ↑ 1 2 Hope, 2016. səh. 113-114
- ↑ Jackson, 2017. səh. 130
- ↑ Mīr, 1994. səh. 56
- ↑ Howorth, 1876. səh. 1012
- ↑ Cosmo, 2001. səh. 191–196
- ↑ Ṭabīb, 1999. səh. 535
- ↑ al-Ahrǐ, 1954. səh. 68
- ↑ Hautala, 2018. səh. 143
- ↑ Jackson, 2016. səh. 143
- ↑ Yasar, 1910. səh. 437
- ↑ Efe, 2014. səh. 279–292
- ↑ Анхбаяр, 2014
- ↑ Ekinci, 2016
Mənbə
redaktə- Dai Matsui; Yudong Bai. フフホト白塔のウイグル語題記銘文" [Old Uigjur Inscriptions of the White Pagoda, Hohhot]. 内陸アジア言語の研究. 31. 2016. 29–77. ISBN 1341-5670.
- King, Daniel. The Syriac World. Routledge. 2018. ISBN 978-1-317-48211-6.
- Hope, Michael. Power, Politics, and Tradition in the Mongol Empire and the Īlkhānate of Iran. Oxford University Press. 2016. ISBN 978-0-19-108108-8.
- Jackson, Peter. The Mongols and the Islamic World: From Conquest to Conversion. Yale University Press. 2017. ISBN 978-0-300-22728-4.
- Mīr, Ghiyās̲ al-Dīn ibn Humām al-Dīn Khvānd. Habibü's-siyer: The reign of the Mongol and the Turk. Tome three. Department of Near Eastern Languages and Civilizations, Harvard University. 1994.
- Henry Hoyle Howorth. History of the Mongols. 1876.
- Cosmo, Nicola Di. Warfare in Inner Asian History (500-1800). BRILL. 2001. ISBN 978-90-04-39178-9.
- Ṭabīb, Rashīd al-Dīn. Compendium of Chronicles. Harvard University, Department of Near Eastern Languages and Civilizations. Translated by Thackston, Wheeler McIntosh. 1999.
- Yasar, Hüseyin Hüsameddin. Amasya tarihi (in Arabic). Vol. 2. Istanbul: Matbaa-i İslamiyesi. 1910.
- Efe, Zehra. The History and Present Status of Mummies in Turkish Museums and Shrines. SDU Faculty of Arts and Sciences Journal of Social Sciences. 2014.
- Анхбаяр, Д.; Батхишиг, Б. Монголын Ил хант улсын түүх соёлтой холбоотой Турк дахь зарим газар, дурсгалт зүйлс [Some places and monuments in Turkey related to the history and culture of the Mongolian Ilkhanate]. Ankara. 2014.
- Ekinci, Ekrem Buğra. Mummies of Anatolia still a matter of interest. Daily Sabah. 2016.
- Abū Bakr al-Qutbī al-Ahrǐ. Ta'rikh-i Shaikh Uwais (History of Shaikh Uwais); an important source for the history of Adharbaijan in the fourteenth century. 'S-Gravenhage: Mouton & Co. 1954. ISBN 83888707.
- Peter Jackson. SOLAYMĀN. Encyclopædia Iranica. 2016.
- Roman Hautala. Comparing the Islamisation of the Jochid and Hülegüid Uluses: Muslim and Christian Perspectives. Revue des mondes musulmans et de la Méditerranée. 2018.