Yanos Hunyadi - Wikipedia
Yanoş Hunyadi (mac. János Hunyadi , 1407- 11 avqust 1456) – Orta əsrlərdə Macarıstanda hərbi və siyasi xadimi
Yanoş Hunyadi | |
---|---|
Hunyadi János | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Transilvaniya |
Vəfat tarixi | |
Vəfat yeri | Zemun, Macarıstan krallığı (indiki Serbiya) |
Vəfat səbəbi | taun |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Erzsébet Szilágyi |
Uşaqları |
Ladislaus Hunyadi Matthias Corvinus |
Atası | Voyk |
Anası | Elizabeth Morsina |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Macarıstan krallığı |
Xidmət illəri | 1428–1456 |
Rütbəsi | Transilvaniya voyevodası |
Döyüşlər | Vazaq döyüşü, İzaldi döyüşü, Varna döyüşü, II Kosova döyüşü |
Vikianbarda əlaqəli mediafayllar |
Ailəsi
redaktəXV əsrin əvvəllərində Transilvaniyada fermer ailəsində anadan olmuşdur. Macar kralı Siqismund tərəfindən 1409-cu ildə Hunyad qalası dərəbəyliyi atası Voyka verildiyi üçün sinifi təbəqələri yüksəldi. Bu hadisədən sonra ailəsi Hunyad soyadını qəbul edir. 1429-cu ildə soylu bir ailənin qızı olan Elizabet Szilaqi ilə evlənir. Həmin il Macar Kralı Siqismundun sarayında xidmətə başlayır. Soylu bir qadınla evlənməsi və Serb şahzadəsi Lazareviçin dəstəyi ilə krallıq nəzdində tanınmış bir şəxsə çevrilir. Hərbi səfərlər zamanı əldə etdiyi müvəffəqiyyətlər, reformist Yan Qusun edamı ilə əlaqədar çıxan çaxnaşmaların yatırdılmasındakı rolu onun məşhur bir döyüşçü kimi tanınmasına səbəb olur.
Hərbi karyerası
redaktə1431-ci ildə Macar kralı Siqismundun əmri ilə Milan Hersoqu Flippo Mariya Viskontinin dəstəsinə qoşulur. Burada 2 il xidmət göstərir. 5 il müddətində Hunyadiyə qulluq edən Andreas Pannionius yazır ki, ”gələcəyin komandiri özünü həm istiyə həm soyuğa dözəcək şəkildə tərbiyə etmişdi”. 1433-cü ildə yenidən Siqismundun sarayına qayıdan Hunyadi sarayda “Məhkəmə cəngavəri “ olaraq çalışmağa başlayır. 1437-ci ildə kral Siqismundun ölümü çaxnaşmaya yol açır. Çünki kralın oğlu yox idi. Onun yerinə II Albert qısa müddətlik taxta çıxır. Bu ərəfədə Serbiya torpaqlarının böyük bir hissəsi Osmanlı ordusu tərəfindən işğal olunmuşdu. Eyni il Valaxiya şahzadəsi Vlad II Drakul tərəfindən dəstəklənən Osmanlı ordusu Transilvaniya və ətrafı şəhərləri ələ keçirmişdi. 1439-cu ilin iyununda Serblərin ən əhəmiyyətli müdaifə qalalarından olan Səməndir qalasının tutulması ilə Serb şahzadəsi hərbi yardım almaq üçün Macarıstana qaçır. Kral II Albert osmanlılara qarşı hərbi səfərbərlik elan etsə də , sadəcə Titel bölgəsindəki bir neçə feodal onun bu çağırışına qoşulur. Bu ərəfələrdə Osmanlılara qarşı Hunyadinin verdiyi hərbi dəstək diqqətə layiq idi. Çox keçmədən kral II Albert Hunyadini Macar ordusunun komandiri vəzifəsinə təyin edir. Hunyadi qardaşlarına “krallığın əsl baronları” rütbəsi verilir. Artıq avqust ayında Səməndir qalası Osmanlı ordusu tərəfindən tutulur.
Lakin tezliklə II Albertin ölümü ilə yenidən hakimiyyət uğrunda mübarizələr başlayır. Bu zaman Hunyadi də daxil olmaqla yuxarı təbəqənin dəstəklədiyi Vladislav Polşa və Macarıstan kralı seçilir. Bu ərəfədə Hunyadi Valaxiyada Osmanlı imperiyasına qarşı vuruşurdu. Vladislav xidmətlərinə görə Hunyadi ailəsinə Transilvaniya əyaləti ilə yanaşı 5 bölgənin idarəsini vermişdi. Bundan başqa Yanoş Hunyadiyə sərhəd bölgələrinin müdafiəsi tapşırılmışdı. Hunyadi ilk olaraq güclü bir müdafiə xətti yaradır və Osmanlı ordusuna qarşı hücuma başlayır. 1442-cü ilin əvvəllərində sayca az olan macar ordusunun Osmanlı axınçı dəstələri üzərində qələbəsi Valaxiyada Osmanlı hökmranlığına son qoyur. Valaxiya Macarıstanın tərkibinə qatılır. Təxminən 6 ay sonra, məğıub edilən Osmanlı ordusu yenidən Tuna şəhəri ətrafında toplanır. Düşmənin nizamsız düzülüşünü yaxşı qiymətləndirən Hunyadi Osmanlı ordusu üzərində 2-ci dəfə qələbə qazanır. Bu iki qələbə ona xristian dünyasında böyük bir nüfuz qazandırır. [1]
Varna döyüşü
redaktəKral Vladislav və Hunyadinin komandirliyi ilə Papa IV Yevgeni 30 minlik yeni bir xaçlı ordusu yaradır. 1443-cü ildə bu ordu Tuna çayını keçərək Balkanlarda irəliləməyə başlayır. Moraviya, Niş, İzladi, Yalvac, Vazaq mövqelərində Osmanlı orduları məğlub edilir. II Murad serb despotu Brankoviç vasitəsilə sülh tələb edir. Kral Vladislav şiddətli qara görə bu sülhü qəbul etmək məcburiyyətində qalır. Lakin çox keçmədən həm papanın müharibə etmək barədə tələbləri , həm də osmanlı taxtında 13 yaşlı bir sultanın oturması sülhün pozulmasına gətirib çıxardı. 1444-cü ildə Varna döyüşündə Hunyadi sağ qanaddan hücuma rəhbərlik edirdi. Lakin kral Vladislavın plansız davranıb şaha hücum etməsi nəticəsində macar ordusu dağılır , kral öldürülür. Hunyadi vəziyəti başa düşüb “ Biz kral üçün yox , dinimiz üçün savaşırıq” deyə orduya müraciət etsə də, bu addım bir nəticə vermir.[2]
II Kosovo döyüşü
redaktəVladislavın ölümündən sonra taxta II Albertin kiçik oğlu keçir. Döyüşdə öldürülən Kral I. Vladislavın yerinə Macar Kralı seçilən V. Lazlo uşaq olduğu üçün, Yanoş Hunyadi 1446-cı ilin iyun ayının 6-da "taxt naibi" titulu ilə Macarıstan hakimi olur. O 1446-1453 illəri arasında bu vəzifəni yerinə yetirmişdir. Varna məğlubiyyətinin sədaları bütün ölkəni bürümüşdü. Bu səbəbdən Hunyadi vəziyyəti Macarıstanın lehinə çevirmək üçün 90 min nəfərlik yeni ordu yaratmağa başlayır. Eyni zamanda Valaxiya voyevodası Vlad Drakulu öldürür. Valaxiya hakimliyinə öz namizədini gətirir və 1448-ci ildə 2-ci dəfə Balkan üzərinə hücuma keçir. 1448-ci ildə Osmanlı qoşunu ilə Macar qoşunu yenidən qarşı-qarşıya gəldi. Döyüşdən əvvəl II Muradın sülh təklifini rədd edən Hunyadi Varna döyüşünün intiqamını almağa çan atırdı. Lakin Kosova yaxınlığındakı döyüşdə macar ordusu yenidən məğlub edilir. Yanoş Hunyadi bir neçə əsgər ilə döyüş meydanını tərk edir.[3]
Belqradın müdafiəsi
redaktə1456-cı ilin yazında Osmanlı əsgərləri Belqradı ikinci dəfə mühasirəyə alırlar. Mühasirənin başlamasından 7 gün sonra, türk birlikləri qəfil bir hücumla şəhərə daxil olur. Bu zaman köməyə Yanoş Hunyadi gəlir və Osmanlı ordusunun üzərinəhücum edərək nizamlarını pozur. Bundan sonra Osmanlı əsgərləri geri çəkilməyə məcbur olurlar və qısa müddət sonra mühasirə aradan qalxır. Bu hadisə Yanoş Hunyadini bütün Macar xalqının gözündə tarixi bir qəhrəmana çevirir.
Ölümü
redaktəŞəhərdə Belqrad zəfəri qeyd edilsə də, bu ab-hava yeni bir epidemiyanın yayılmasıyla pozulur. Vəba xəstəliyi bütün şəhəri bürüyür. O dövrdə müalicəsi olmayan bir xəstəlik kimi bilənən vəbanın aldığı canlardan biri də Yanoş Hunyadi olmuşdur. o avqustun 11-i 1456-cı ildə Zarna yaxınlığında vəfat edir. Məzarı hal-hazırda Ruminyada Alba Yuliya şəhərindəki Müqəddəs Maykl kilsəsindədir. Hunyadinin ölüm yatağındakı son sözləri diqqətə layiqdir : “Macarıstanı düşməndən qoruyun.”
İstinadlar
redaktə- ↑ "János Hunyadi". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-31.
- ↑ Uzunçarşılı, İsmail Hakkı. Osmanlı Tarihi I cilt. Türk Tarih Kurumu Yayınları. 2003.
- ↑ "II Kosovo döyüşü". 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-31.