Yaglevend Obasi - Wikipedia
Yağlıvənd obası – Cavanşir-Dizaq mahalının yaşayış məntəqələrindən biri. Xanlıq dönəmində məaf sayılırdı.
Cavanşir-Dizaq mahalı ərazisində yaşayan obaların əksəriyyəti Cavanşir soylu olduqlarından xanlıq dönəmində heç bir vergi ödəmirdilər. İki Qarabağ xanının vəziri olmuş, tarixçi və hüquqçu Mirzə Camal Cavanşir Qarabaği el-obaların vergi ödəməsi xüsusunda yazır: "Qarabağın bütün elləri adları dəftər və siyahıda yazılmış atlı qoşundan ibarət idi… Qarabağ ellərindən tövcü pulu və məhsuldan malcəhət alınmazdı".[1]
Mehdiqulu xan Cavanşirin yanında Yağlıvənd obasından Xələf ağa Şirin Kələntər oğlu Havsalı, Alı ağa Abbasqulu ağa oğlu Havsalı, Hüseyn və başqaları xidmət edirdilər. Divanxanada fərraş kimi Əliverdi Şirin Kələntər oğlu Havsalı, Dünyamalı Mehdixan oğlu Havsalı fəaliyyət göstərirdilər. Bayramqulu Mustafa oğlu göstərdiyi hərbi rəşadətə görə məaf ünvanı almışdı. Ailəsi ilə birlikdə Şuşa şəhərində yaşayırdı. Cəfər bəy Yağlıvənd İbrahimxəlil xanın arvadı Cəvahir xanımın keşikçisi idi. Məşədi İbrahim Əsəd bəyə xidmət edirdi.
1823-cü ildə Yağlıvənd obasını siyahıya alan polkovnik Yermolov və mülki müşavir Mogilyevski bildirirlər ki, obanın yüzbaşısı Səfiqulu bəydir. Onun ailəsi 1 tüstü və rəncbəri 1 tüstü biçimində qeyd olunub. Bundan başqa obanın vergi ödəməyən kəndxudası 2 tüstü, mollası 1 tüstü, dəlləyi 1 tüstü, çavuşu və yaxud onbaşısı 1 tüstü, yüzbaşının qardaşı Şərəfxan bəy 1 tüstü, Ağakişi bəy 2 tüstü, kasıb və dullar 14 tüstü. Vergi ödəyənlər isə 52 tüstüdən ibarət imiş. Onlardan başqa Şuşa şəhərində yaşayanlar da varmış. Şuşada yaşayanlar: oba ilə bərabər vergi ödəyənlər 1 tüstü, məaf 1 tüstü, Şəmşinin övladları 2 tüstü, divanxanada fərraş kimi xidmət edənlər 2 tüstü, 1 ailə Məşhədi İbrahiminki, Əsəd bəyin yanında yaşayır, ancaq ona təliqəsi yoxdur, xəzinəyə mənsub olmalıdır, şəhər qeydiyyatındadır.[2]
1825-ci ildə Yağlıvənd obası İrana köçürülmüşdü. İran tarixçiləri yazırlar: "Şuşa qalasından geri oturulmaq və Naibüssəltənənin hiylə ilə Şuşanın mühasirəsindən əl götürülməsi xəbəri yayıldı. O, dərhal Mehdiqulu xan Cavanşirə elatı köçürmək üçün tapşırıq verdi ki, dayanmadan Həmin elatı Qaracadağa göndərsin. Naibüssəltənənin özü isə Gəncəyə tərəf yollandı.
Abbas mirzə Qovanlı-Qacarin göstərişi ilə Mehdiqulu xan Cavanşir Qarabağ elindən altı min ailəni toplayıb, baş vermiş məğlubiyyətdən sonra Araz çayı sahilində onları Naibüssəltənəyə təqdim etdi. Abbas mirzənin göstərişi ilə onların hamısını Muğan düzü və Qaracadağa göndərib, onları lazımi şeylərlə təmin etdi".
1827-ci ildə Yağlıvənd obasının yarısı İrandan doğma yurdlarına qayıtdı. Yarısı isə Qaradağda qalıb, gün-güzəran keçirməyə başladı.
1842-ci ilə bağlı kameral siyahının Yağlıvənd obasına aid hissədə bir qeyd var. Həmin qeyd belədir: "Bu obanın əhalisi Araz yaxasında qışlayır. Alaqarğı torpağında heyvandarlıqla məşğul olur, taxıl əkir, qayda-qanunla dolanır. Arazboyu sərhəd zolağında çapar kimi xidmət edir, xəzinəyə heç bir vergi ödəmir".
1727-ci ildə 4 oymaqdan ibarət olan (Seyidəhmədli və Gecəgözlüdən başqa) Yağlıvənddə 87 vergi ödəyən kişi vardı.
Xanlıq dönəmində oba-oymaqda nə qədər əhalinin olduğu haqda məlumat yoxdur. Yağlıvənd obasının əhalisi 1823-cü ildə dövlət tərəfindən qeydə alınıb. Həmin qeydiyyat belədir:
Yağlıvənd obası — 52 tüstü vergi ödəyirdi. 24 tüstü vergidən azad olunmuşdu. Vergi ödəməyənlər: Səfiqulu yüzbaşı 1 tüstü, onun rəncbəri 1 tüstü, kəndxuda 2 tüstü, molla 1 tüstü, dəllək 1 tüstü, çavuş 1 tüstü, yüzbaşının qardaşı Şərəfxan 1 tüstü, Ağakişinin uşaqları 2 tüstü, kasıb, dul və yetimlər 14 tüstü. Məşədi İbrahim Əsəd bəyin yanında yaşayırdı. Şəmşinin iki oğlu Şuşa qalasında idi. Qalada olan bir neçə divanxana fərraşı oba ilə birlikdə vergi ödəyirdi. 1823-cü ildə Yağlıvənd obası 110 tüstü ilə qeydiyata düşüb.
- 1827-ci ildə Yağlıvənd obası 65 tüstüdən ibarət idi.
- 1830-cu ildə Yağlıvənd obasında 56 tüstü qeydə alınmışdı.
- 1831-ci ildə Yağlıvənd obasında 75 tüstü, 164 kişi güzəran keçirirdi.
- 1832-ci ildə Yağlıvənd obasında 57 tüstü qeydə alınıb.
- 1833-cü ildə Yağlıvənd obası 57 tüstü halında qışlağa gəlmişdi.
- 1842-ci ildə Yağlıvənd obasında 78 tüstü qərar tuturdu.
- 1849-cu ildə Yağlıvənd obasında 104 tüstü yaşayırdı.
- 1863-cü ildə Yağlıvənd obasında 117 tüstü dövran sürürdü.
- 1873-cü ildə Yağlıvənd obasında 130 tüstü vardı.
- 1886-cı ildə Yağlıvənd obasında 162 tüstü köç-düşlə məşğul idi.
- 1892-ci ildə ümumi sayı 1043 (578 kişi, 465 qadın) nəfərdən ibarət olan Yağlıvənd kənd dairəsi möcud idi.
Yağləvənd obası bir neçə böyük tayfaya və tirəyə ayrılır. Əsas tayfalar: Kovxalı (muradxanlı, səfiqulubəyli, ağakişibəyli, şərəfxanlı, azmanlı), Havsalı (xələfli, pəricahanlı, məhərrəmuşağı, kəlbiyəlilər, niyarlı), Külədərli (abbasqulular, əmirmuradlı, mirzəli, rüstəmli, ibalı, həsənli, kazımlı, ismayıllı, qırdılı, alıhüseynli, qaralılar, qasımalılar), Fərhadlı (muradxanlı), Qədirli (adıgözəlli, əsədli, eminalılar), İrənşəlli, Lələli (məşədiqulular, möhnətli, rəsullu), Hümbətalılar, Aşırlı, Alısəfərli (bayramlı, nəbili), Ciyəli (baxışlı), Aslanalılar, Teymurlu, Məmmədli.
İstinadlar
redaktəMənbə
redaktə- Ənvər Çingizoğlu. Cavanşir eli: Yağləvəndlilər. Bakı: Mütərcim, 2016.