Xeyri Emirzade - Wikipedia
Xeyri Osman oğlu Əmirzadə (d. 5 oktyabr 1893, Krım vilayəti, Yalta şəhəri, Dərəgöy kəndi - ö. 17 fevral, 1958, Bakı) — aktyor.
Xeyri Əmirzadə | |
---|---|
Xeyri Osman oğlu Əmirzadə | |
Doğum tarixi | |
Doğum yeri | Krım vilayəti, Yalta şəhəri, Dərəgöy kəndi |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | Bakı |
Milliyyəti | krım tatarı |
Fəaliyyəti | Aktyor |
Fəaliyyət illəri | 1921-? |
IMDb | ID1181146 |
Həyatı
redaktəAzərbaycan kino sahəsində özünəməxsus yeri olan Xeyri Osman oğlu Əmirzadə 5 oktyabr 1893-cü ildə Krım vilayətinin Yalta şəhərinin Dərəgöy kəndində baqqal Qara Osmanın ailəsində anadan olub. Milliyyətcə türkdür. Xeyri böyüdükcə onun rəssamlığa meyli görsənirdi. Atasının kənddə kiçik bir dükanı vardı. Ailəsini bu dükandan götürdüyü gəlirlə dolandırırdı. Həm də o, dindar idi. Oğlunun şəkil çəkdiyini görəndə hər dəfə aləmi bir-birinə qatır, əlindəkiləri alıb cırır, “kafir oğlu, kafir” deyib onu döyürdü.[1]
Günlərin birində Xeyri yenə də bir tərəfə çəkilib rəsm çəkərkən tanımadığı şəxs ona yaxınlaşaraq əl işlərini nəzərdən keçirir və deyir: “Mən rəssam Mirsayadovam. Bu yerlərə istirahətə gəlmişəm. Səni tez-tez şəkil çəkən görürəm. Çəkdiyin şəkillər xoşuma gəlir. Sən oxumalısan. Yaxşı oxusan, səndən yaxşı rəssam çıxar”. Xeyri rəssamın məsləhəti ilə Peterburqa gedir, orada rəssamlıq məktəbinə daxil olur. Rəssamlıq sənəti gəncin qarşısında yeni bir aləm açır. Təhsil aldığı birinci il anası Zəhra xanım vəfat edir. Bu acı xəbərdən sarsılan Xeyri evlərinə yola düşür və ağır həyat şəraiti üzündən Peterburqa qayıda bilmir. Təhsili yarımçıq qalır.[1]
Az keçməmiş Xeyri həyatın daha bir ağır zərbəsini qəbul etməli olur, bu dəfə atası vəfat edir. Onsuz da çətin şəraitdə yaşayan ailənin ağırlığı Xeyrinin üzərinə düşür. Vəziyyət bir qədər də ağırlaşır. Xeyri bacı və qardaşını dolandırmaq üçün dükanı satır. Bu da yaraya məlhəm olmur.[1]
Vəziyyətin düzəlməyəcəyini görüb Xarkov şəhərinə getməyi qərarlaşdırır. Orada avtomobil sürücülüyü məktəbində oxuyur. Bir ildən sonra əlində avtomobil sürücüsü vəsiqəsi ilə doğma Krıma qayıdır. Tanışları gənci Buxara əmirinin yanında işə düzəldirlər. Xeyri Əmirin şəxsi sürücüsü olur. Əmir bu gəncə diribaş, zirək olduğu üçün xoş münasibət bəsləyir. Bunun müqabilində, daha doğrusu, əmirin şərəfinə Xeyri özünə Əmirzadə soyadını götürür.[1]
1917-ci ildə Rusiyada Oktyabr inqilabı qələbə çalandan sonra Xeyri Yaltada ilk avtomobil məktəbini təşkil edir. O, burada təkcə Krım tatarlarına deyil, ruslara, ukraynalılara, yunanlara maşın sürməyi öyrədir.[1]
Böyük Vətən Müharibəsinin ağır illərində Krım tatarları doğma yurdlarından çıxarılıb Orta Asiyaya sürgün edilirlər. Belə bir vaxtda Krım tatarı olduğu üçün X.Əmirzadəni də kinostudiyadan çıxarırlar. İşsiz qalan aktyor nə edəcəyini, hara gedəcəyini bilmir.[1]
Günlərin birində Xeyri Bakıda bir çəkmə ustası ilə tanış olur. Bu tanışlıq sanki onun ailə həyatına bir işıq salır. Çox qısa müddətdə ustadan bu sənətin sirlərini öyrənən Xeyri çəkmə tikməyə başlayır. Xeyri Bakıda Mirzə Fətəli küçəsindəki 7 nömrəli evdə, 10 kvadrat metr sahəsi olan köhnə bir daxmada yaşayırdı. Onun tikdiyi ayaqqabılar əsasən qadın tufliləri olurdu. O, ayaqqabı üzlərini özü biçir, ayaqqabı dabanlarını kəsib düzəldirdi. Lakin sovet dövründə fərdi qaydada çəkməçilik də özəl biznes sayılırdı və dövlət tərəfindən qadağan olunmuşdu. Odur ki, bu vəziyyət uzun müddət davam edə bilməzdi. Gec-tez məsələnin üstü açıla bilərdi. Buna görə də o, Yaltaya qayıtmağı qərara alır...[1]
Beləcə illər gəlib gedir, “millətlər atası” Stalin vəfat edəndən sonra ölkədə bir qədər “mülayimləşmə” dövrü başlanır. İnsanlar bir qədər asudə nəfəs almağa başlayırlar. Belə bir vaxtda 1957-ci ildə vaxtilə verilmiş qadağalar ləğv olunduğu üçün X.Əmirzadə yenidən Bakı kinostudiyasına çağırılır.[1]
Bakı kinostudiyasının köhnə binası onun üçün nə qədər doğma olsa da o, burada əvvəlki kimi özünü sərbəst, qayğısız, xoşbəxt hesab edə bilmirdi. Çünki ötən illərin vurduğu ağır zərbələr tədricən öz işini görməkdə idi. Bu pəhləvan cüssəli aktyorun sağlamlığını əlindən almışdı. Artıq işləmək üçün onda nə taqət qalmışdı, nə də həvəs. Az bir vaxt ərzində Xeyri yatağa düşür, 1958-ci il fevralın 17-də 65 yaşında vəfat edir.[1] Bakıda vəfat edən aktyorun dəfn olunduğu yer məlum deyil.
2007-ci ildə Xeyri Əmirzadənin şəxsi arxivini qardaşı oğlu Simferopol kino arxivinə təhvil verib, aktyorun şəxsi arxivi Azərbaycana Film Fondunun müraciəti ilə göndərilib.
Fəaliyyəti
redaktəXeyri Əmirzadə keşməkeşli həyat sürmüş, istedadı, zəhməti sayəsində Krım vilayətində, Azərbaycanda və Ukraynada bir sıra filmlərə çəkilərək dövrünün kino ulduzu kimi populyar olmuşdur. 1921-1924-cü illərdə Krım Tatar Dövlət Teatrının aktyoru kimi çalışıb. İlk Krım tatar teatrının yaradıcılarından biri olub. Teatrda “Arşın mal alan”da Soltan bəy, “Tahir və Zöhrə”də Tahir, “Evlənmə”də Podkolyozin və s. rolları ifa edib, Krım tatarlarına həsr olunmuş ilk filmlərdə - “Daş üzərində mahnı” (1924, Xəlil), “Alim” (1925, Alim), “Möhtəşəm günəş” (1928, Əli) və digər kinolentlərdə çəkilib.[1]
X.Əmirzadə Moskva, Odessa kinostudiyalarında da işləyib və bir sıra filmlərə çəkilib. “Həbs üçün order” (1926, Sergey), “Sement” (1927. Qleb Çumalov), “Məkkədən gəlmiş qonaq” (1928, Faiz Məmməd), “Qaçağanlar” (1930, fəhlə) və digər filmlərdə müxtəlif xarakterli rollar ifa edib.[1]
30-cu illərin əvvəllərindən “Azərfilm” kinostudiyasına dəvət alan Xeyri Əmirzadə burada bir sıra səsli və səssiz filmlərdə-"Qız Qalası", "26 komissar", "Dostlar", "İsmət", "Almaz", "Kəndlilər", "Səbuhi", "Bəxtiyar" və başqa filmlərdə rol alıb. "Almaz" filminin çəkiliş zamanı o bədii şuraya üzv seçilmişdi.
Ad
redaktəFilmoqrafiya
redaktə- Qız qalası əfsanəsi (film, 1923)(tammetrajlı bədii film)
- 26 komissar (film, 1932)(tammetrajlı bədii film)(rol: komissar)
- Dostlar (film, 1934)(qısametrajlı bədii film)(rol: traktorçu)
- İsmət (film, 1934)(tammetrajlı bədii film)(rol: Səməd)
- Almaz (film, 1936)(tammetrajlı bədii film) (rol: Kərim)
- Kəndlilər (film, 1939)(tammetrajlı bədii film)(rol: Mehmandar bəy)
- Səbuhi (film, 1941)(tammetrajlı bədii film)(rol: Rəcəb)
- Bəxtiyar (film, 1942)(qısametrajlı bədii film)
- Bakının işıqları (film, 1950)(tammetrajlı bədii film)
- Bəxtiyar (film, 1955)(rol: kontrabas çalan)
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 Aydın Kazımzadə. "Həyatın nəşəsi yaradıcılıqdır". Mədəniyyət (az.). [anl.az ANL]. 25 yanvar 2012. 2012-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-10.
- ↑ "Хайри Эмир-заде" (rus). Кино-Театр.ру. 2017-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-10.
Mənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.